525.Az

Faiq Hüseynbəylinin şeirləri


 

Faiq Hüseynbəylinin <b style="color:red">şeirləri</b>

ADAM YERİNƏ

Hələ çox təzadlar sözə dönəcək,
Necə də xoşbəxtəm, şadam yerinə...
Hələ çox alışıb közə dönəcək,
Söz ağrım yerinə, qadam yerinə.

Bir eşqi Allahdan sirr eləmisən,
Məbəd eləmisən, pir eləmisən.
Niyə yersizlərə yer eləmisən,
Məni qoymuşdunsa müdam yerinə?

Hanı o minillik sədaqət, hanı,
Tanıya əbədi dostu-düşmanı...
Belə sevməmişdi İnsan İnsanı,
Ağactək qurudum, matam yerinə.

Şair, demə hədər yaşayacağam,
Beləcə birtəhər yaşayacağam.
Torpaq sanı qədər yaşayacağam,
Mən anam yerinə, atam yerinə.

Bacara bilmədim qaragüruhla,
Ömrünü-gününü ağrıya rahla...
Didərgin düşmüşəm bu can, bu ruhla,
Özgəyəm Göyünə, yadam Yerinə.

Yu apar doluyla, yağışla məni,
Sevən ürəklərə naxışla məni.
Bağışla, İlahi, bağışla məni,
Sən məni qoymadın adam yerinə.

SÖZ ALƏMİNDƏ

Mən qəmə aşiqəm, dərd ilə şadam,
Özümə özgəyəm, özümə yadam -
Boğulur şeirin içində adam...
Hərə bir adamdı öz aləmində.

Sözə can verən də, alan da eşqdi,
Çiçəyi açan da, solan da eşqdi.
Həqiqət də eşqdi, yalan da eşqdi,
Oğru aləmində, düz aləmində.

Bu şair ömrümü günə sərmişəm,
Həsrətə, hicrana könül vermişəm.
Bir az divanəyəm, bir az dərvişəm,
Sərgərdan gəzirəm söz aləmində.

ALLAH, MƏNİ BAĞIŞLA!

Qəminə ağladığın,
Bu bəxtikəm nəyindi?
Sən deyən olmadım mən,
Nə əvvəllər, nə indi.

Nəyimi sevdin mənim,
Layiqəmmi sevginə?
Get bir az da özünü,
Özgələri sevginən.

Solmayaydı çiçəklər,
Yağmayaydı yağışlar.
Sən deyən olmadım mən,
Allah, məni bağışla!

SALAM, AY DİVAR!

Xoş gördük, axşamın xeyirli olsun,
Necəsən bu axşam?...
Salam, ay divar!..
Gəl bir az dərdləşək, şeir oxuyum,
Atam-anam divar, balam ay divar.

Dirilik şərbəti içib gəlmişəm,
Ömrümü boyuma biçib gəlmişəm.
Bəsirət gözümü açıb gəlmişəm,
Həqiqət önündə lalam, ay divar!

Sözümə ayaq ver, yeni nəfəs ver,
Bu ilham pərimə yenə həvəs ver.
Min ildi susursan, səsimə səs ver,
Min ildi bir sözə qulam, ay divar.

Kiməsə asandı çətin işlərim,
Bu sağır işlərim, yetim işlərim...
Divara dirənir bütün işlərim,
Səccadəm, məbədim, qalam, ay divar.

Sən məndən inciyib küsə bilməzsən,
Sən ki, daş-divarsan, nəsə bilməzsən.
Çəkil, qənşərimi kəsə bilməzsən,
Mən haqqa yüyürən yolam, ay divar.

Gəl bir az dərdləşək, şeir oxuyum,
Necəsən bu axşam?..
Salam, ay divar!

Faiq HÜSEYNBƏYLİ

 





31.08.2015    çap et  çap et