525.Az

Ağdamda “Milli - mənəvi dəyərlərimiz və müasir çağırışlar” - Fotolar


 

Ağdamda “Milli - mənəvi dəyərlərimiz və müasir çağırışlar”  - <b style="color:red">Fotolar</b>

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli - mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini Ağdamda keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun milli - mənəvi dəyərləri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır.
 
Onun sözlərinə görə, bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir:

“Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünə bənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, tarixdən bəllidir, milli kimliyinə sahib olmayan millətlərin adı ancaq tarixdə qalır.

O bildirib ki, milli adət və ənənələrinə sadiq olan millət yad düşüncələrin qurbanına heç vaxt çevrilmir:

“Bu gün Qarabağın işğaldan azad olunmasının yollarından biri də mənəvi dəyərlərimizə hər bir ölkə vətəndaşının sahib olmasından keçir. Azərbaycan bu gün dünyaya təkcə neft deyil, eyni zamanda xalqımızın ali dəyərlərindən olan tolerantlıq ixrac edir”.

Qeyd edək ki, Ağdam Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Xanım Əliyeva və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Tədbirdə çoxlu sayda ziyalılar və Qarabağ qaziləri, eləcə də  şəhid ailələri iştirak ediblər.

 





31.08.2015    çap et  çap et