Ruhiyyə MƏMMƏDOVA
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun kiçik elmi işçisi
Biz həyatı içimizdə öldürən insanlarıq. Bizim təbiətdən qazancımız həyat deyil, qanunlardır deyəsən. Həyatı qanunların gözü ilə görən düşüncə insanı yalnız seyrçiyə, müşahidəçiyə çevirmək imkanındadır. Müşahidəçiyə çevrilən insan həyata əlvida deyir. Yaxşı və ya pis olmasından asılı olmayaraq o, tədqiqatçıya çevrilir. Tədqiqatçının ruhu həyatın özündə deyil, onun qalıqları arasında dolaşaraq azır. Həyatın qalıqları altında əzilən insan hələ də həyatı bu qalıqların altından tapmaq ümidi ilə yaşayır. Dəfələrlə həyat həqiqətini tapdığını düşünsə də, hər dəfə ya yanıldığını, ya da bu həqiqəti yaşatma imkansızlığını dərk edir. Beləcə, həyatın qapıları yavaş-yavaş üzünə bağlandıqca, bu həyatın canlı ünsürlərindən üz çevirməyə başlayır. Həyatı axtaran insan həyatın özündə itir. Həyatın içində ola-ola “yaşamaq” və “yaşatmaq” sadəcə arzuya çevrilir.
Anlayırsan ki, yaşamaq sadəcə insanların sevincini, kədərini görmək deyil, onları həm də duyaraq öz hissinə çevirə bilmək, yaşatmaqdır. Həyat öz “mən”inlə başqaları arasında hasara çevrilən düşüncələrə itaətdə deyil, “mən” və “o”, “biz” və “onlar”ı yaradan düşüncələrdən imtinadadır. Yaşamaq həyatın ümumiliyinin, bütövlüyünün dərkidir. Bu bütövlüyün içində sevinc və kədər fərdiləşir, özəlləşir. Hisslərimiz, düşüncələrimiz fərdiləşdikcə bir-birimizi anlamaqdan, duymaqdan yan keçirik. Ölçülərimiz, dəyərlərimiz, həqiqətlərimiz fərqləndikcə günahlarımız ümumiləşir. Beləcə, ümumi olan həyatda fərdiləşən duyğuların, düşüncələrin boğulacağını deyil, onların ümumi olan həyatı boğacağını anlayırıq. Sadəcə anlayırıq. Yaşamaq isə sadəcə anlamaq deyil, o, həm də itaətdir. Ruhunu əsirə, özünü isə bütə çevirən insanlara, onların yaratdıqlarına deyil, yoxdan var edərək Varlığı qoruyan Haqqa itaətdir. Haqqa itaət edən insan isə “mən”im və “o”nun daşlaşmış düşüncələrindən azaddır.Bu azadlığın ünvanı isə zaman və məkan daxilində deyil, onun sınırlarından kənarda olan, ruhumuzu göndərə bilmədiyimiz əbədiyyətdədir. Azadlığı və itaəti zaman-məkan daxilində görən insan əqlin sərhədlərini aşmaq gücünü əldə etməyərək Varlığın yarımçıqlığına-onun duymadan dərkinə nail olur. Və yarımçıq, təhrif olunmuş Varlıq həyatımızın əsasına çevrilir. Əslində əql bizə müəyyən məkan və zaman daxilində həddə çatmaq və həddi aşmamaq üçün Allah tərəfindən verilən idraki xüsusiyyətdir.
Bu zamanı və məkanı aşmaq əqlə xas olmadığından o, bizi əbədiliklə birləşdirmək gücünü özündə tapan həlqə ola bilməz. Bizi əbədiyyətin yolçusu edən Haqqın bizə əmanət olaraq verdiyi və bizim Haqqa qaytarmalı olduğumuz, zamanın və məkanın özümüz yaratdığımız çirkabından əqlimizin gücü ilə qoruya biləcəyimiz müqəddəs hisslərimizdir. Bu hisslərdən rastlaşdığımız hər kəsə – öz dəyərimizə və hamının dəyərinə uyğun olaraq pay düşür. Pay özlüyündə nə qədər dəyərli olsa da, paylaşa bilmə xüsusiyyətimiz onu qoruya da bilər, təhrif edə də. Biz onu bir fərddə, bir toplumda qapamaqla –ötəri və bitəri olanla məhdudlaşdırmaqla hisslərimiz müqəddəsliyini itirərək nəfsimizin çirkabına bulaşmaq və yaxud,donaraq həyati gücünü itirmək imkanını əldə etmiş olur. Düşündüm ki, dünyanı Haqdan uzaqlaşdıran da müqəddəslikdən keçərək, nəfsindən keçə bilməyən biz insanlarıq. Əslində müqəddəs hisslər elə əbədi olan həqiqətlərdir. Bu hisslər isə paylaşılaraq artar və artdıqca genişlənərək Allaha çata bilər. Bir fərdlə, bir toplumla qapanan hisslər bitər, hərəkət gücünü itirər və insanı da, toplumu da özünün sönmüş ocağında külə çevirər. Hisslərimiz, istəklərimiz keçmiş və bu günün sərhəddindən o yana olan eyni hisslər, eyni istəklərdir: ”Yanan ocağımız heç zaman sönməsin!” Hər birimizin seyrçilikdən imtina edərək ocaqda yanmağı bacarıb, ocağı sönməyə qoymadığımız andan isə Haqqın nuru ilə “böyümək” imkanını əldə edə bilərik.
çap et