525.Az

Gənc Tamaşaçılar Teatrının mühüm yaradıcılıq yenilikləri - Fotoreportaj


 

Gənc Tamaşaçılar Teatrının mühüm yaradıcılıq yenilikləri - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabr ayının 1-də növbəti məzuniyyəti başa vuraraq yeni - 88-ci teatr mövsümünün  açılışına start verib. Teatrın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bununla əlaqədar direktor Mübariz Həmidov kollektivin geniş toplantısında teatr əməkdaşlarını salamlayıb, yeni mövsümə başlanılması münasibətilə onları təbrik edib, ilin sonunadək görüləcək işlər barədə ətraflı məlumat verib.
 
Teatrın rəhbəri qeyd edib ki, sentyabr ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı  öz qapılarını sevimli tamaşaçılarına açacaq. Həmin gün saat 12.00-da H.K.Andersenin “Çirkin ördək balası”, saat 19.00-da U.Şekspirin “Romeo və Culyetta” tamaşaları göstəriləcək.

Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada rolları Əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edirlər. 

Ikihissəli məhəbbət faciəsi olan “Romeo və Culyetta” tamaşasının  quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu Rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsus tamaşada rolların ifaçıları Günel Məmmədova, Elnur Kərimov, Əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Şövqi Hüseynov, Nicat Kazımov, Kəmalə Hüseynova, Qurban İsmayılov, Nəsibə Eldarova, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqalarıdır.

Sentyabrın 20-də saat 19.00-da Teatrda yazıçı–dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Miras” tamaşası nümayiş etdiriləcək. Benefis-tamaşa teatrın qocaman aktyoru, Əməkdar artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr edilir. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində obrazları Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Teatrda 88-ci mövsümdə Əjdər Olun “Biri vardı, biri yox”, Sevinc Elsəvərin “Ürəyində arzu tut” pyesi əsasında “Arzu və Murad” və hər il olduğu kimi uşaqların yeni il tətili üçün uşaq tamaşaları hazırlanacaq. Yeni səhnə əsərlərinin ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur. 

Gənc Tamaşaçılar Teatrının B.Basanqov adına Kalmık Milli Dram Teatrı ilə yaradıcılıq əlaqələri davam edəcək. Bununla bağlı müqaviləyə əsasən, Kalmık Milli Dram Teatrının yaradıcı heyəti oktyabr ayının əvvəllərində A.S.Puşkinin “Qızıl balıq” və Ə.Əmirlinin “Sevən qadın” tamaşaları ilə çıxış edəcək.

“Sevən qadın” tamaşasına Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Kalmık Milli Dram Teatrında ötən mövsümdə quruluş verib.

Oktyabrın 26-30-da isə Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfərində olacaq. Səfər çərçivəsində teatrın yaradıcı heyəti repertuarında olan iki maraqlı tamaşa ilə sözügedən teatrın səhnəsində çıxış edəcək.

Dövlət Gənc Tamaşaçılar Teatrında ötən – 87-ci teatr mövsümündə hazırlanmış “Xortdanın cəhənnəm məktubları” tamaşası böyük əks-sədaya səbəb olub.

Iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı povesti əsasında hazırladığı tamaşa yerli mətbuatla yanaşı, xarici mətbuatda da yetərincə səs sala bilib.

Ölkəmizdə fəaliyyət göstərən bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində kifayət qədər işıqlandırılan səhnə əsəri haqqında Kalmıkiyanın “Калмыtsкаya правда” qəzetində bu barədə yazı dərc olunub. 

Yazıda  iki ölkə teatrı arasında imzalanmış qarşılıqla yaradıcılıq müqaviləsi, müqaviləyə uyğun olaraq həyata keçirilən qastrol səfərləri, qarşılıqlı rejissor mübadiləsi, eləcə də tamaşanın müvəfəqiyyəti, aktyorların peşəkar ifaları haqqında geniş məlumat verilib.

Uşaqlıqdan bir yerdə böyüyən Gövhərtac və Fərmanın bir-birinə olan saf və təmənnasız məhəbbəti, valideynlərin bu hisslərə laqeyd münasibəti, var-dövləti daha üstün bilmələri, İblisin öz adına layiq hərəkətləri, cəhənnəmə gedən yolda baş verən hadisələr yazarın yozumunda öz maraqlı həllini tapıb.

 





03.09.2015    çap et  çap et