525.Az

Gözlə bizi, Las Veqas


 

Gözlə bizi, Las Veqas<b style="color:red"></b>

Sentyabrın 7-də ABŞ-ın Las Veqas şəhərində güləş üzrə növbəti dünya çempionatı start götürür. Rio de Janeyro yay Olimpiya Oyunlarının ilk iştirakçılarını müəyyənləşdirəcək bu mundial  gərgin mübarizə vəd edir. 6 gün ərzində keçiriləcək turnirdə yunan-Roma, qadın və kişilər arasında sərbəst güləş yarışlarında ümumilikdə 24 çəki üzrə qalib və mükafatçıların adına aydınlıq gələcək. Bu çəkilərdən  hər növ üzrə ikisi olmaqla, 6 çəki dərəcəsi qeyri-olimpiya çəkisi hesab olunur. Qalan 18 çəkidə isə ilk beş yeri tutan idmançılar olimpiadaya vəsiqəni təmin edəcək.

Adalet.az mundial öncəsi hazırladığı təhlil xarakterli yazını təqdim edir.

İlk olaraq mübarizəyə klassiklər qoşulacaq. Cəmşid Xeyrəbadinin rəhbərlik etdiyi məşqçilər korpusu mötəbər turnir üçün optimal heyət müəyyənləşdirib. 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində ölkəmizi müvafiq olaraq Rövşən Bayramov, Həsən Əliyev, Rəsul Çunayev, Elvin Mürsəliyev, Rafiq Hüseynov, Saman Təhmasibi, Orxan Nuriyev və Sabah Şəriəti təmsil edəcək ki, onların da hər biri ən azından ilk beşliyə düşmək üçün kifayət qədər güclü potensiala malikdir.

İkiqat vitse-olimpiya, ikiqat Avropa və dünya çempionu Rövşən Bayramov uzun müddət sonra ciddi sınaq qarşısına çıxacaq. London Olimpiadasından bu yana nəzərə çarpmayan 28 yaşlı məşhur pəhləvanımız üç illik susqunluğu ən azından medalla poza bilər. Olduqca gərgin rəqabət mövcud olan ən yüngül çəkidə məşqçilərin etimadını qazanması Bayramovun yüksək formada olmasını söyləməyə əsas verir. Hər halda Xeyrəbadi onun nüfuzundan çəkinəcək və ya digər səbəbləri nəzərə alacaq qədər ambisiyasız məşqçi deyil.

Dünya və Avropa çempionu Həsən Əliyev özünü təsdiq etmək həsrəti ilə alışıb yanır. İyunda paytaxtımızda keçirilən I Avropa Oyunlarında məlum uğursuzluqla üzləşən 26 yaşlı güləşçimiz dünya çempionatına yüksək motivasiya ilə yollanıb. Ən azından lisenziyanı hədəfləyən Əliyevin daha yüksək nəticə göstərəcəyinə ümidlər böyükdür.

Qeyri-olimpiya çəkisində mübarizə aparan Rəsul Çunayev Avropa Oyunlarındakı birincilikdən sonra mundialda da yüksək nəticə əldə edərək ili major notlarla başa vurmaq niyyətindədir. 24 yaşlı Qusar pəhləvanının minimum mükafatçılar sırasında yer alacağı o qədər də şübhə doğurmur.

Rəsuldan sonra Avropa Oyunlarında ölkəmizə ikinci qızıl medalı qazandıran Elvin Mürsəliyev də nailiyyətə iddialıdır. Qarşısına ilk vəzifə olaraq lisenziya qazanmağı qoyan təmsilçimiz məhz bundan sonra medal və ya çempionluq haqqında düşünəcəyini deyir. Ötən il Daşkənddə keçirilən analoji turnirdə üçüncü olan Elvinin çəki dərəcəsi gərgin mübarizə vəd edir. Rusiya və ermənistanlı dünya və Avropa çempionları Roman Vlasov və Arsen Julfalakyanla yanaşı gürcüstanlı Zurabi Datunaşvili və danimarkalı Mark Madsen çəkinin rəqabətini daha da artırır.

Digər qeyri-olimpiya çəkisi olan 80 kiloqramda təmsil olunacağımız Rafiq Hüseynov da ən azı Avropa Oyunlarındakı nailiyyəti(gümüş medal) təkrarlamaq niyyətindədir. Çempionluğa da iddialı olan Rafiqin bu yolda əsas rəqibi isə şübhəsiz ki, Rusiya təmsilçisi Yevgeni Saleyevdir.
Diqqətə çatdıraq ki, təmsilçimiz "Bakı-2015"-in həlledici görüşündə yenildiyi Rusiya pəhləvanını martda Tehranda təşkil olunan Dünya Kuboku turnirində məğlub etməyi bacarıb.
Avropa Oyunlarında ümidləri doğrultmayan Saman Təhmasibinin uğursuzluğu unutdurmaq üçün sözün yumşaq mənasında dəridən qabıqdan çıxacağı gözlənilir. Perspektivli İslam Abbasovla rəqabətdə həmyerlisinin etimadını qazanan iranlı legioner ən azından lisenziya qazanmalıdır. Əks təqdirdə 30 yaşlı güləşçinin əsas yığmadakı yerini itirməsi qaçılmazdır.

Şalva Qadabadzenin sıradan çıxmasından sonra əsas yığmada möhkəmlənən Orxan Nuriyev özünü təsdiq etmək üçün yaxşı imkan qazanıb. Orxanın Dünya Kuboku və Avropa Oyunlarındakı qənaətbəxş çıxışı ona olan ümidləri artırır.

Avropa Oyunlarında ölkəmizə ikinci gümüş medalı qazandıran Sabah Şəriətidən minimum lisenziya gözləməyə dəyər. "Bakı- 2015"-də yalnız təcrübəli Türkiyə güləşçisi Rza Kayaalpa məğlub olan İran əsilli pəhləvanımızın əsas rəqibləri kubalı Mijain Lopez və Estoniya təmsilçisi Heiki Nabi olacaq.

***

Saypulla Apsaidov və Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu da olduqca güclü heyəti çətin sınağa cəlb edib. 57, 61, 65, 70, 74, 86, 97 və 1285 kiloqram çəki dərəcələrində yığma komandamız müvafiq olaraq Mahir Əmiraslanov, Hacı Əliyev, Toğrul Əsgərov, Ruslan Dibirhacıyev, Cəbrayıl Həsənov, Məhəmmədhacı Xatiyev, Xetaq Qazyumov və Cəmaləddin Məhəmmədovla təmsil olunacaq.

Ötən ay gənclərin dünya birinciliyinin qalibi olmaqla adından söz etdirən Mahir Əmiraslanov rəqabətin zəif olduğu ekstra-yüngül çəkidə özünü sübut etməyə çalışacaq. Onun lisenziya qazanacağı təqdirdə əsas heyətdə yerini möhkəmləndirəcəyini söyləmək olar.

Dünya və Avropa çempionu Hacı Əliyev Avropa Oyunlarındakı uğursuzluğu unutdurmaq niyyətindədir. Qeyri-olimpiya çəkisi olan 61 kiloqramda Hacı çəkisinin reytinq favoriti hesab olunur.

Olimpiya çempionumuz Toğrul Əsgərov Avropa Oyunlarındakı uğurun ardını gətirməyə iddialıdır. 23 yaşlı Gəncə pəhəvanının Bakıda müşahidə etdiyimiz yüksək forması onu heç olmasa mükafatçılar sırasında görəcəyimizə böyük inam yaradır.

Digər qeyri-olimpiya çəkisində mübarizə aparan Ruslan Dibirhacıyev son vaxtlar uğurlu çıxışla diqqəti cəlb edir. Ötən il Vantaada keçirilən Avropa çempionatının qalibi olan dağıstanlı legioner Avropa Oyunlarında ilk görüşdə məğlub olmasına baxmayaraq yüksək əzmkarlıq göstərərək mükafatçılar sırasında düşə bilmişdi. Perspektivli güləşçinin uğurlu çıxış edəcəyinə ümidlər böyükdür.

Bakı 2015-də istədiyi nəticəni əldə edə bilməyən Cəbrayıl Həsənov da ən yüksək nəticəyə iddialıdır. Dörd ildir dünya və Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə həsrət qalan ikiqat qitə çempionumuz Las Veqasa böyük iddialarla yollanıb. Onun əsas rəqibləri isə Rusiya, Türkiyə və İran güləşçiləri olacaq.

Tez-tez yerdəyişmə aparılan 86 kiloqramda etimadı doğrultmaq üçün bu dəfə Məhəmmədhacı Xatiyevə şans verilib. O qədər də ciddi nailiyyətlə yadda qalmayan legioner haqqında konkret fikir bildirmək bir qədər qəlizdir.

Olimpiya çempionu Şərif Şərifovla gərgin rəqabətdə qalib gələrək dünya çempionatında iştirak etmək imkanı qazanan Xetaq Qazyumov son iki mundialda qazandığı gümüşü qızıla dəyişmək niyyətindədir. 32 yaşlı osetin əsilli ünlü pəhləvanımıza bu yolda Rusiya, İran və ABŞ güləşçilərini əsas rəqib kimi göstərmək olar. Avropa Oyunlarında sərgilədiyi "master-klas" onu qızıl medala əsas namizədlərdən biri kimi göstərməyə əsas verir.

Cəmaləddin Məhəmmədov isə ən azından Avropa Oyunlarındakı uğuru təkrarlamaq haqqında düşünür. Bakıda fəxri kürsünün üçüncü pilləsinə çıxan 25 yaşlı superağır çəkili pəhləvan dörd il əvvəl İstanbulda qazandığı mundial bürüncünün əyarını artırmaq haqqında da düşünə bilər.

***

Qadın güləşi yarışlarında isə ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Nadya Muşka (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. Zərif güclülərimiz mundialda baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında çıxış edəcək.

Azərbaycan güləşinin əfsanələşmiş simalarından olan Mariya Stadnik Avropa Oyunlarında göstərdiyi çıxışı təkrar etsə, böyük ehtimalla ikinci dəfə dünyanın ən güclüsü olacaq. Yüksək formada olan yığmamızın lideri Las Veqasa maksimum vəzifəni yerinə yetirmək üçün yola düşüb. Bu yolda ona yalnız Yaponiya güləşçisinin maneə törədə biləcəyi inandırıcı görünür.

"Şöhrət" ordenli iki qadın güləşçimizdən biri Anjela Doroqan da ilə damğasını vurmaq niyyətindədir. 23 yaşadək qızlar arasında Avropa çempionatının və Avropa Oyunlarının qalibi olan moldovan əsilli təmsilçimizin iddiası heç də Mariyadan az deyil.

Bakı 2015-in bürünc mükafatçısı Nataliya Sinişinin hansı nəticəni göstərəcəyi böyük maraq doğurur. Qeyri olimpiya çəkisi olduğundan o qədər də gərgin rəqabət vəd etməyən çəkidə gənc güləşçimizin mükafatçılar sırasına düşəcəyi inandırıcı görünür.

Dünya çempionumuz Yuliya Ratkeviç ötən ilki mundialdan bəri ciddi nailiyyətlə yadda qalmayıb. Avropa Oyunlarında da uğursuzluqla üzləşən qadın güləşçimiz bir illik susqunluğu pozmaq niyyətindədir. Onun əsas rəqibləri isə Yaponiya, Rusiya və İsveç təmsilçiləridir.

Avropa çempionatının və Kazan Universiadasının gümüş mükafatçısı olan İrina Netreba ikinci qeyri-olimpiya çəkisi olan 60 kiloqramda millimizin mükafat sayını artırmağa çalışacaq. Buna nə dərəcədə nail olacağı isə böyük maraq doğurur.

Beş il əvvəl ölkəmizdə keçirilən Avropa çempionatının qalibi, bir il sonra isə Dortmundda təşkil olunmuş analoji turnirin gümüş mükafatçısı olmaqla adından söz etdirən Nadya Muşka(Sementsova) uzun müddətdir ki, ciddi nailiyyətlə yadda qalmır. O, ən azından lisenziya qazanmayacağı təqdirdə çox güman yığmadakı yerini itirəcək.

Yığmamıza yeni cəlb olunan bolqarıstanlı legioner Elis Manolova üçün isə Las Veqas döşəyi əsl sınaq meydanı olacaq.

Göründüyü kimi, yığma komandamız "Yeni dünya"ya ən optimal heyət və çox yüksək əhval ruhiyyə ilə yola düşüb. Avropa Oyunlarında əldə etdikləri nəticələrlə bizləri sevindirən pəhləvanlarımızın bunun ardını mundialda da gətirəcəyinə, ölkəmizə çoxlu sayda medal və lisenziya qazandıracaqlarına inanırıq.

Xatırladaq ki, çempionat ərəfəsi yüksək hazırlıq keçən millilərimiz bir neçə ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışlarında da iştirak edib.

 





04.09.2015    çap et  çap et