525.Az

Meksikanın Azərbaycandakı ilk səfiri: “Azərbaycan dilini öyrənməyə başlamışam”


 

“AZƏRBAYCANA GƏLMƏZDƏN ÖNCƏ “ƏLİ VƏ NİNO” ƏSƏRİ HAQQINDA MƏLUMATLI İDİM”

Meksikanın Azərbaycandakı ilk səfiri: “Azərbaycan dilini öyrənməyə başlamışam”<b style="color:red"></b>

Bir neçə ay bundan əvvəl Bakıda Meksika Birləşmiş Ştatlarının səfirliyi fəaliyyətə başlayıb. Diplomatik nümayəndəlik iki ölkə arasında əlaqələrin daha da inkişafı və  genişlənməsinə töhfə vermək niyyətindədir. Müsahibimiz Meksikanın Azərbaycandakı ilk səfiri Xuan Rodrigo Labardini Floresdir.

- Cənab səfir, Azərbaycanla Meksika arasında əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Meksikanın ölkəmizdə diplomatik missiyasının fəaliyyətə başlaması əməkdaşlığın inkişafında nə kimi rol oynayacaq?

- Bundan əvvəl Meksikanın Nikaraquada səfiri kimi fəaliyyət göstərmişəm. Əvvəlcə demək istərdim ki, hələ Azərbaycana gəlməzdən öncə onun tarixi, mədəniyyəti haqqında bəzi məlumatlara malik idim. Məsələn, bilirdim ki, Azərbaycan “Odlar diyarı” adlandırılır, Qərblə Şərqin kəsişməsində yerləşir, “Əli və Nino” əsəri haqqında da məlumata malik idim. Ümumiyyətlə, mən öyrənməyə çox meylli insanam. Ona görə ki, müxtəlif mədəniyyət, adət və dillərlə tanış olmaq, öyrənmək mənim üçün maraqlıdır. Bakıya gəldikdən sonra Azərbaycan dilini də öyrənməyə başlamışam. Doğrudur, çətindir, lakin mən buna cəhd edirəm. Çünki növbəti dəfə sizə müsahibəni Azərbaycan dilində verməliyəm. Mən hətta səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edəndə Azərbaycan dilində danışdım. Prezidentlə görüşdə də bunları söylədim: “Mən Azərbaycan dilini öyrənirəm və inanıram ki, başqa xalqları öyrənmənin, qarşılıqlı anlayışın əsas vasitəsi dildir”.

Qafqazın ən böyük ölkəsində səfirlik açmaq bizim üçün önəmlidir. Hesab edirəm ki, Azərbaycanla Meksika arasında münasibətlərin çox böyük potensialı var. Biz istəyirik ki, ən tez bir zamanda Azərbaycanla Meksika arasında olan ikitərəfli münasibətləri inkişaf etdirək. Bu inkişaf prosesi artıq bir sıra sahələr üzrə gedir. Amma elə məsələlər var ki, onlar hər iki ölkə üçün daha vacibdir. Götürək, neft-qaz sahəsini. Çünki Azərbaycan və Meksikanın hər ikisi də neft ölkələridir. Meksika öz təcrübəsini Azərbaycanla bölüşə, həmçinin Azərbaycanın təcrübəsini öyrənə bilər. Biz bilirik ki, dünyada ilk neft buruğu 1848-ci ildə Azərbaycanda qazılıb. Azərbaycan kimi Meksika da mədəni müxtəlifliyə malik ölkədir. Meksikada 120 milyon əhali yaşayır və əlbəttə ki, onların arasında başqa millətlərin nümayəndələri də var . Onlar müxtəlif dillərdə danışmaqla fərqli mədəniyyətlərə malikdirlər.

- Səfirliyin fəaliyyətə başlamasına mədəni tədbirlərlə start verdiniz. Bunlara əsasən demək olarmı ki, ölkələrimizin əməkdaşlıq perspektivlərində mədəni əlaqələr də prioritet olacaq?

- Mədəni əməkdaşlığımız da əlaqələrin inkişafı üçün mühümdür. Mən inanıram ki, mədəniyyət bəşəriyyəti birləşdirəcək qüvvədir. Ölkələrimiz arasında mədəni əlaqələr mövcuddur və biz onları inkişaf etdirmək niyyətindəyik. Mədəniyyətlər təcrübələrin xalqlar arasında paylaşılması yolu ilə öyrənilir. Ona görə də, bu gün mədəni sahələr üzrə Meksika rəssamlarını, musiqiçilərini Azərbaycana gətiririk. Sentyabrın 15-də Meksikanın Müstəqillik Günü ilə bağlı Bakıda keçirəcəyimiz bayram tədbirində də bu əlaqələrin şahidi ola biləcəksiniz. Bu münasibətilə Bakıda milli yeməklərimizin təqdimatını da keçirəcəyik. Əgər araşdırsaq, mətbəxlərimiz arasında da oxşarlıq var: bizim tortillamız sizin lavaşa bənzəyir. Bundan başqa, tərxun (estragon) bizim mətbəxdə də istifadə olunur. Lakin bizdən fərqli olaraq sizdə həm də tərxun limonadı var. Biz öz mətbəximizdə qarışıq yeməklərdən istifadə edirik. Ümumiyyətlə, Meksikada çox dadlı yeməklər var. Meksika aşpazları da Bakıya gələcəklər. Sonra isə restoranlarda Meksika mətbəxini təqdim edəcəyik. Bu həm də Bakıda ilk “Meksika həftəsi” olacaq.

Eyni zamanda müasir Meksika filmlərini burada təqdim etmək, yazıçı və heykəltəraşları da dəvət etmək istəyirəm. Mədəni əlaqələrimizi Azərbaycanın Meksikadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirmək mümkündür. Biz Bakı ilə Meksika şəhərlərini yaxınlaşdırmağa çalışırıq.

- Ölkələrimiz arasında turizm əlaqələrinin perspektivlərini necə görürsünüz? Meksika Azərbaycan turistlərinə hansı turizm növlərini təklif edə bilər?

- Mən bu sahədə çox böyük əməkdaşlıq imkanlarını görürəm. Meksika dünyanın ən çox səfər edilən ölkələrindən biridir. Bu vasitə ilə biz həm də öz bilgilərimizi paylaşırıq. Meksikada əsrarəngiz, cəlbedici şəhərlər var. Eyni zamanda sizin də zəngin mədəniyyətiniz var. Bu baxımdan turizm əlaqələrimizin genişləndirilməsini və inkişaf etdirilməsini istəyirəm. Mən hələ Bakıya gəlməzdən öncə Meksikanın bir neçə ştatında oldum və onlara dedim ki, Azərbaycan neftlə zəngin, qədim mədəniyyətə malik ölkədir. Bununla da onlarda əməkdaşlıq üçün maraq oyatdım. Meksika azərbaycanlı turistlərə turizmin üç növünü təklif edə bilər: çimərlik turizmi, mədəni turizm və biznes turizmi. Məsələn, Kankun şəhərinin çimərlik turizmi bütün dünyada məşhurdur. Kankun qədim Maya sivilizasiyasının bir hissəsidir və hələ də Maya dünyasına bir qapı hesab edilir. İnanılmaz dərəcədə gözəl olan ərazidə qumsallıq, təbii gözəllik, təmiz hava turistlərin diqqətini cəlb edir. Mədəni turizmə gəlincə, Meksikada tarixi gözəlliyi olan şəhərlər var ki, turistlərin marağına səbəb olur. Qədim tikililəri görmək, mariaçi musiqisini dinləmək, mədəniyyət mərkəzlərini gəzmək çox zövqvericidir. Bu həm də biznes turizmi deməkdir. Məsələn, azərbaycanlılar mədəni turizm çərçivəsində Meksikanın müxtəlif şəhərlərinə səfər etdikdə, biznes sahəsində də danışıqlar apara, müqavilələr imzalaya bilərlər. Meksika hazırda iqtisadi imkanlarına görə dünyanın 14-cü ölkəsidir. Əlbəttə, biz Azərbaycanı da öyrənmək istəyirik. Hər il xeyli turisti ölkəyə qəbul etmək heç də asan deyil, bunun üçün digər ölkələrin təcrübələrindən də yararlanmaq lazımdır. Bu baxımdan elə turizm sahəsində də Azərbaycanla bölüşəcəyimiz, paylaşacağımız məqamlar var.

- Turizmdən, mədəniyyətdən, tariximizdən söz düşmüşkən, Azərbaycanda olduğunuz bu qısa müddətdə hansı görməli yerlərə səfər etmisiniz?

- Bir neçə aydır ki, Bakıdayam. Buna baxmayaraq elə ilk həftəsonunda dənizkənarı bulvarda oldum. Bundan başqa, Qobustanda, Yanardağda, Atəşgahda olmuşam. Novxanıya da getmək imkanım olub, bu həftə isə Altıağaca gedəcəyəm. Boş vaxtlarımda mədəniyyət tədbirlərində də iştirak etməyə çalışıram. Məsələn, Bakıda caz konsertinə getdim. Mən özüm də gitarada, saksafonda, pianoda ifa edirəm. Özümlə həmişə qeyd kitabçası daşıyıram və gördüklərim, müşahidə etdiklərimlə bağlı qeydlər aparıram. Sonra həmin qeydlərdən istifadə edərək hekayələr yazıram. Bu günə qədər iki kitabım nəşr olunub. Bakıda keçirilən Avropa Oyunları haqqında da qeydlər aparmışam. Hətta Bakıda olduğum qısa müddətdə milli mətbəxinizdən də dadmaq imkanım olub. Dolma, lüləkabab, tərxundan istifadə olunmuş salatlarınız, tərəvəzləriniz çox dadlıdır.

- Cənab Flores, Meksika dünyada həm də qədim Maya mədəniyyəti ilə tanınır. Maraqlıdır, UNESCO-nun irs siyahısına hansı abidələriniz daxil olub?

- Bu siyahıya 30-dan çox maddi, həm də qeyri-maddi irs nümunələri daxildir. Bu gün Meksika ərazisində Mayya, Astek dövrünə aid ən müxtəlif abidələr, xüsusilə də piramidalar qalmaqdadır. Onlar turistlərin böyük marağına səbəb olur. Misirdə piramidalar fironların dəfni üçün inşa edilib, Meksikada isə onlar yalnız dua etmək məqsədilə tikilib. Hətta bir dəfə metro xətti çəkilən zaman yeri qazanda orada da piramidalar aşkarlanıb. Bundan başqa, bu irs siyahısına musiqilərimiz, bayaq qeyd etdiyiniz mariaçi də daxildir. Həmçinin, bu sırada mətbəx nümunəmiz - miçokan da yer alıb. Bir sözlə, Meksika mədəniyyəti ilə zəngin, gəzməli-görməli bir ölkədir.

PƏRVANƏ

 





05.09.2015    çap et  çap et