525.Az

Vaqif Bəhmənlinin 60 yaşına yubiley töhfələri


 

Vaqif Bəhmənlinin 60 yaşına yubiley töhfələri<b style="color:red"></b>

Tanınmış şair, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə heyətinin üzvü Vaqif Bəhmənlinin 60 illik yubileyi qeyd olunur.

Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və rolu olan Vaqif Bəhmənli universiteti bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), “Həyat” qəzetində baş redaktor (1992-1994), “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə müdiri (1995-1997), “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI - Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisinin baş redaktorunun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetində redaktor (2004) vəzifələrində çalışıb. 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiridir.

Vaqif Bəhmənlinin şeir və məqalələrdən ibarət 35-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq ədəbiyyat və kitab festivalında iştirak edib. AYB-nin, Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Avrasiya Yazarlar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, türk, ukrayna, alman, özbək, türkmən, gürcü dillərinə çevrilib. Prezident İlham Əliyevin mədəniyyətin inkişafındakı rolundan bəhs edən “Vətənin İlhamı - ömürdən reportaj”, mərhum prezident Heydər Əliyevdən söz açılan “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu məsələlərə yeni nəzər nöqtəsindən baxmağa çalışıb. Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə elmi məqaləsi dərc edilib.

1986-cı ildə Respublika Komsomol mükafatına, 1989-cu ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına, 2004-də İsa İsmayılzadə adına “İlin ən yaxşı şeiri” mükafatına, Türk dünyası poeziyasına xidmətlərinə görə Şahmar Əkbərzadə adına mükafata (2003), Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına, “Yaddaş” Milli mükafatına, Rəsul Rza adına beynəlxalq mükafata, Əli Kərim adına ən yaxşı poeziya mükafatına layiq görülüb. Moskvada, Ankarada, İstanbulda keçirilən poeziya festivallarının mükafatlarını alıb.

Bugünlərdə Bəhmənlinin daha bir kitabı işıq üzü görüb. “Artırma” adlı şeirlər kitabı “Şərq-Qərb” nəşriyyatında çap edilib. 480 səhifə, 500 tirajla çap olunan kitaba şairin qırx il ərzində yazdığı şeirlərdən seçmələr daxil edilib. Bu toplunu dərin fəlsəfi, düşündürücü poeziya və bənzərsiz ahəngin vəhdəti kimi də dəyərləndirmək olar.

Toplu, Fərid Hüseynlə Vaqif Bəhmənlinin “Hətta böyük sevinclərin də əsl adı ağrıdır” söhbətinin mətni ilə açılır. Söhbətdə “Bütün mövzular yazılıb” fikrinə münasibət bildirən Vaqif Bəhmənli qeyd edir ki, bizim xalq nağıllarında deyildiyi kimi “qırxıncı qapı” həmişə var. Pəhləvanın elə qırxıncı fəndi var ki, o fəndi şagirdinə öyrətmir, elə o fəndlə də qələbə qazanır. Biz pəhləvan deyilik və güləşmirik. Yazıçı yazı prosesində situasiyalar haqqında düşünmür. Əsl yazıçının, şairin işi janrları, situasiyaları hesablamaq yox, yazdığı əsəri peşəkarlıqla yazmaq olmalıdır. “Leyli və Məcnun” mövzusu dəfələrlə işlənib. Ancaq Füzulidən fərqli yaza bilsən, o mövzu yenə təzədir. Şairin fikrincə, “əgər insan ömrü boyu oxusaydı, heç nə yazmazdı. Çünki dərindən oxuyanda görürük ki, hər şey deyilib. Elə bizim xoşbəxliyimiz də ondadır ki, ömrümüz azdır, bütün yazılanları oxuya bilmirik... Əsl yenilik insanlara yeni görünə biləcək mövzuları aşkarlayanda alınır. Ədəbi təzahürlər isə dövrə görə dəyişir”.

Kitab 5 bölmə, proloq və epiloqdan ibarətdir. Proloqda insanı insan edən nəsnənin gözəllik, düzlük, yaxşılıq olduğu nəzərə çatdırılır. Qeyd olunur ki, nə baş verməsindən asılı olmayaraq pozitivizmi qorumaq lazımdır:

“Yazıq havalanıb” - deməyin, gülsəm,
Gülər kimdə olsa bu təndə sərvət.
Əgər günü bu gün yıxılıb ölsəm,
Qaşım düyünlənsə, atama lənət! 

Kitabda bundan başqa şairin bir çox sevilən şeirləri yer alıb:

Söz də bir nemətdi, yeyilsin gərək,
Fikrin ağ ununda boz kəpək yoxdu.
Bir var halal çörək, var haram çörək -
Vallah bu dünyada pis çörək yoxdu.

Toplu epiloq əvəzi kimi verilən “Allah” şeirilə bitir:

Baxma qayçılayır il ömürləri,
Niqab ömürləri, tül ömürləri...
Kitab arasında gül ömürləri,
Qurumuş çiçəktək saxlayır Allah.

“Artırma” ilə yanaşı şairin həyat və yaradıcılıq yoluna işıq tutan, oxuculara şair qəlbini, Vaqif Bəhmənli şəxsiyyətini açmaqda açar rolunu oynayan “Bir məktub, dörd söhbət” adlı ədəbi düşüncələr toplusu da işıq üzü görüb. “Renessans- A” nəşriyyatında çap edilən kitab şairin 60 illik yubileyi münasibəti ilə nəşr edilib. Nəşrə görkəmli ədəbiyyatşünas alim Nizami Cəfərovun Vaqif Bəhmənlinin yaradıcılığı haqqında düşüncələri, Emin Piri, Fərid Hüseyn, Sərvaz Hüseynoğlu və İntiqam Qasımzadənin şairlə söhbətləri daxil edilib.

Kitab Nizami Cəfərovun açıq məktubuyla başlayır. Açıq məktubda tanınmış ədəbiyyatşünas şairin yaradıcılığında bəyəndiyi yönlərdən danışır, şeirlərdəki alt qatlara enməyə çalışır:

“... Sən elə şairsən ki, yaradıcılığının mükəmməlliyini, ideya-bədii qüdrətini göstərmək üçün kitabdan müvafiq şeirlər, yaxud şeirərindən müvafiq misralar seçməyə, inan ki, ehtiyac görmədim... “Hamı”dakı istənilən şeiri, yaxud istənilən şeirin istənilən misralarını nümunə gətirmək və sənin şair qüdrətini sübut eləmək olar.

Və sənin şeirlərində yalnız şeiriyyət - sözdən şair kimi istifadə eləmək, sözə “ehya vermək” qabiliyyəti yox, həm də zəngin ovqat, fikir - təfəkkür materialı var... Başlıcası isə odur ki, bu materialla, əksər hallarda poza yaratmırsan, “baxın, mən bu obrazın müəllifiyəm” demirsən, bütün bunları ürəyinin (və həyatının!) yaşantıları kimi xatırlayıb keçirsən...” “... Və heç kəs şübhə eləməsin ki, sən də “sözü qudurdub başımıza çıxardan”lardansan...”

Topluda ilk söhbət Emin Piri ilə olan “Çalışmaq yaşamaq deməkdir” başlığı altında verilib. Vaqif Bəhmənliyə mane olmağa çalışanlar barədə sualı şair belə cavablandırır:

Əgər istedad təbiidirsə və qələm sahibi o istedadın xidmətində qul kimi dayanıbsa, ona bir kimsə mane ola bilməz. Belə baxıram ki, mənə az-çox mane olan özüm olmuşam. Ona görə vaxtında can qoyub yetə bilmədiyim ucalıqlar bu gün məni dara çəkir...”

Şairin dediyinə görə, onu şeirə gətirən işıq hamıdan gələn işıqdı, onunla əkiz doğulan işıqdı, o işığın yeri nə irəlidə, nə geridə, nə sağda, nə soldadır, onun öz içindədir.

Vaqif Bəhmənli söhbət zamanı ədəbi tənqidin bugünkü durumundan, bədii mətnə olan münasibətindən narazı olduğunu da gizlətmir:

“Ədəbi tənqidin ümumən ədəbiyyatımıza münasibətindən narazıyam. Bəsit təfəkkür, əsassız tərifnamələr, şablon yanaşma, hələ bu azmış kimi qeyri-obyektivlik, dostbazlıq, otuz ildən bəri sətir yazmayan adamları gündəmdə saxlamaq cəhdi... bütün bunlar müsbət anlamda heç nə vəd etmir”.

Sərvaz Hüseynoğlu ilə söhbət “Sənətkarın vəzifəsi fəlsəfənin obrazını, düşüncənin bədii kodunu yaratmaqdır” adlanır. Müsahibədə fərdi üslub məsələsinə münasibət bildirən V.Bəhmənli hesab edir ki, sənətkar üslubunu başlıca olaraq iki amil müəyyənləşdirir - Allah vergisi olan istedad və təcrübə. Məsələn, Markesin bədii informasiyanı çatdırmaq üçün qurduğu özünəməxsus sehri, tutumu və ifadə tərzi onun yaratmaq qüdrətini bütün parlaqlığı ilə ortaya qoyur... Məncə, bənzərsiz üslub yaratmaq üçün ilk növbədə yaradıcı insanın böyük təfəkkürü olmalıdır. Üslub özbaşına yaranmır, gərək onun üzərində işləyəsən, onu cilalayasan, təcrübələrə öz əlavələrini edəsən...”

V.Bəhmənlinin fikrincə, şeir həyatın can titrəyişlərinin hiss edilməsidir, şeir ruhdur, şeir ürək döyüntüsünün izahıdır, şeir insanın ən ülvi arzusudur, amma elə-beləyə qalanda şeir ədəbi janrlardan biridir.

Şair bu qənaətdədir ki, qələm adamı kitab-kitab boy atır. Hər dəfə kitab çap etdirəndə daha çox püxtələşir.

Fərid Hüseynlə “Hətta böyük sevinclərin də əsl adı ağrıdır” adlı söhbət barədə bir qədər əvvəldə söz açdıq. Kitabdakı sonuncu söhbət isə İntiqam Qasımzadə ilə gerçəkləşib. “Doğulduğu günü xatırlayan adam” başlıqlı söhbətdə Vaqif Bəhmənli poeziya, ümumilikdə ədəbiyyat barədə düşüncələrini sərgiləyir, sözün, şeirin nəyə qadir olduğunu göstərməyə çalışır.

Bütün bunlardan əlavə, Vaqif Bəhmənlinin yubileyi ilə əlaqədar “Bəyaz Gecələr” yaradıcılıq mərkəzində şairin öz səsilə müxtəlif şeirləri səsləndirilərək “Artırma” adı ilə kompakt diskə köçürülüb. Layihənin rəhbəri və musiqi tərtibçisi Səyyad Əlizadə, səs rejissoru Birhan Birer, təşkilatçı isə Ələddin Əsədzadədir.

Cavid QƏDİR

 





05.09.2015    çap et  çap et