525.Az

“Qocaldıqca həyat daha şirin olur...”


 

“...BİR AN DA OLSA, ARTIQ YAŞAMAQ İSTƏYİRSƏN”

“Qocaldıqca həyat daha şirin olur...”<b style="color:red"></b>

Prezident İlham Əliyev tərəfındən “Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə  “Şərəf” ordeni ilə təltif edilən Azərbaycanın ünlü şairi, Yazıçılar Birliyinin sədr müavini Fikrət  Qocanın səksən yaşına girdiyi bugünlərdə ondan nələr hiss etdiyini soruşdum.

Sualı soruşduğum an onun çox sevdiyim dörd misrası ürəyimdən keçdi:

“Biz səkkiz uşağıq, böyüdüb bizi.
Bu da asan deyil, çox çətin işdir.
Bunu ata olub bilmişəm, düzü,
Atam onu bizə heç deməmişdi -”

Bu sadə anlatımla özünün ata olmasından, atasına duyduğu sevgidən, onunla bağlı xatirələrindən, ona duyduğu sayğıdan nə də gözəl söz açır.  Əslində öz atasının timsalında bütün ataları təsvir edir.

Dörd cümləylə oxucunu keçmişə (Yaşanmış hadisələrə!) aparıb, iki cümləylə indiki zamana döndərir.  

“Ömür zamanla uçacaq yanaşı,
Min illərlə ölçüləcək insanın yaşı”.

Fikrət Qocanın bu özünəməxsus və çox təsirləndirici şeirlərində hər zaman önəmli mesajlarla qarşılaşırıq. Qısaca dörd misraya bütün dünyanı sığışdırır. Çox rahatlıqla...

“Cəsarət təqaüdə çıxmaz
Sən onu öz övladının gözlərində görəcəksən.
Yuxularına girəcək
qarşısında diz çöküb hönkürəcəksən”.

“Fikrət Qoca poeziyasında da... bəzən misra gülür, bəzən beyt, bəzən də bənd gülür. Amma bir az diqqət kəsiləndə görürsən ki, bütövlükdə şair gülmür, onun hər  bir əsərində dərd, kədər, qüssə var; həyatda  olduğu kimi, insanın insan olduğunu unutmayacaq qədər... Elə buna görə şair olmağa, Fikrət Qoca ömrü yaşamağa dəyərmiş...” sözləriylə Arif Əmrahoğlu, şairin iç dünyasını çox gözəl təsvir edir.

“Bir oğlum var, üç qızım var.
Yeddi nəvə ulduzum var.
Az vaxtım var, çox arzum var,
Allahdan möhlət istəyirəm”.

Fikrət Qocanın “Payız gəldi”, “Gəl ey səhər”, “Anama məktub”,”Gecə yaman uzundur”, “Küləklər “, “Əlvida”... kimi bir-birindən gözəl şeirlərinə bəstələr qoşulub Azərbaycanda.

Türkiyədə də onun yazdığı “Gəl ey səhər” mahnısı çox sevilərək dinlənilir.

Diləyim budur ki, Azərbaycanda bəstələnmiş mahnılarının hamısına  yaxın zamanda Türkiyədə də qulaq asmaq olsun.

- Fikrət bəy, səksən yaşınız olur, doğrumu?

- Mən də inanmırdım, deyirdim bu qədər yaşamaq olarmı? Amma olurmuş. Səksən yaşım olur.

- Sizə hədiyyələr edəcəklər, bəs özünüz özünüzə səksən yaşda hansı hədiyyəni edirsiniz?

- Bu yaxınlarda ürəyim mənə bir infakt hədiyyə etdi. Təslim olmadım. Yəni özümü sınağa çəkdim. Deyəsən, bu təyyarədən qaldım... Seçilmiş əsərlərimin səkkiz cildliyi çapdan çıxdı. Cildləri hazırlayarkən arxivimə nəzər saldım, çap olunmamış xeyli əsərlərimi tapdım. Bəzinin varlığı tamamən yadımdan çıxmışdı. İndi onları bir daha gözdən keçirib nizama salacağam, dərgilərə təqdim  edəcəyəm.

- Yubileyinizi təntənəli qeyd etmək istəyirsinizmi? Nə zaman? Harada?

- Mənə qalsa, istərdim ki, səksən yaşımın olduğunu heç bilməsinlər. Amma bilirlər. Havalar istidi. Qarşıdan sərin, sakit payız ayları gəlir. Dostlarla, doğmalarla toplaşarıq, bir gün keçirərik. Yaşlılarla xatirələrə qayıdarıq. Cavanlarla görüşərik, onları görərik, özümüzü göstərərik. Zatən mənim işim budur.

- Gələcək planlarınızdan danışa bilərsinizmi? Əlinizdə yarımçıq işiniz varmı?

- Nə qədər ki yaşayıram, deməli, yarımçıq işim var. Öləndə də ən azı bir yarımçıq işim qalacaq. Gələcək planlara qalanda mənim yaşımda gələcəyə planlar qurmaq qocalığın ağılsızlığıdır. Bu yaşıma kimi özümdə acgözlük hiss etməmişdim. Amma indi hiss edirəm ki, həyatdan doymamışam. Yaşamaq istəyirəm. İndi məndə yaşamaq acgözlüyü var. Qocaldıqca həyat daha şirin olur. Hətta bir an da olsa, artıq yaşamaq istəyirsən.

- Gənclərə nə demək istərdiniz?

- Mən indi bilirəm ki, heç nə bilmirəm. Öyrənmək istəyirəm, uşaqdan da, gəncdən də, böyüklərdən də öyrənmək istəyirəm. Bir də belə gözəl dünya əlimə düşəcək, düşməyəcək - nə bilim. Hər halda dünyaya gəldiyimə, hətta əzablarını, işgəncələrini gördüyümə görə Allahıma şükür edirəm, ondan çox razıyam. Həyatın şirinliyini mənə yaşadığım ağrılar - acılar öyrətdi. Mən əsasən çox yaxşı yaşamışam bəxtim gətirib. Çəkdiyim ağrılara, acılara görə də Allahıma şükürlər deyirəm.

- İntervüyə görə çox sağ olun, söz verin ki, 85-də söhbəti davam etdirəcəyik.

- Ya qismət! Sizə, canım Türkiyəyə qulaq dincliyi, əmin-amanlıq arzu edirəm.

Ataköy qəzeti, İstanbul, 3 sentyabr 2015

 





07.09.2015    çap et  çap et