525.Az

Xan Altay ucalığı - Fotoreportaj


 

Xan Altay ucalığı - <b style="color:red">Fotoreportaj</b>

Altay, yəni Qızıl dağlar, özünü türk sayan hər bir kəsin ömrü boyu heç olmazsa bircə dəfə görmək istədiyi, ziyarətinə can atdığı sirli, qutsal bir yerdir. Türk ruhundakı enerjinin köklərini duymaq istəyənlərin, tarixlə, mifologiya ilə, türk dilləri və folkloru ilə maraqlananların dəli sevdasıdır. Əfsanədir, nağıldır... Qədim türklər dağları canlı sayırdılar, buna görə də onlara sevgiylə, ehtiramla XAN deyirdilər: Xan Tenqri, Xan Altay...

Geniş yayılmış elmi yanaşmaya görə türk, monqol, fin-uqor, tunqus-mancur, kore və yapon dillərinin qohumluğu var, hamısının kökü Altaya bağlıdır; buna görə də bu dilləri Altay dil ailəsi adlandırırlar. Yəni Avroasiya genişliyinə sahib olan əsas güclərin beşiyi, ana yurdu Altaydır. Fərqli düşünən, yəni türklərin birmənalı şəkildə yalnız Doğudan Batıya hərəkəti haqqında az qala aksioma çevrilmiş bu fikri qəbul etməyən, türklərin Ana yurdunun Urmiyə gölünün çevrəsi, Güney Azərbaycan və Qoşaçayarası (Mesapotomiya) olduğu fikrini deyənlər və türk dillərinin ayrıca bir ailə olduğunu irəli sürənlər də vardır. “...Türkdilli xalqların, o cümlədən, azərbaycanlıların ulu babalarının beşik yurdlarını təkcə Şərqdə axtarmaq doğru deyildir. Protoazərbaycan, prototürk nüvəsinin çox qədim izlərinin- yəni qayaüstü yazı və damğaların oxunuşu sahəsində atılan ilk addımlar, dil və mədəniyyətimizin şumer, akkad, hett, asur, pelask-etrusk mədəniyyətləri ilə çeşidli şəkildə üzə çıxan bağlılığı fikrimizi bir daha təsdiq edir... Buna görə də bəzi Azərbaycan və dünya alimləri türk soylarını Qafqazın və bitişik ərazilərin ən qədim etnosları sayırlar... Yəni türklərin ulu babaları çox qədim zamanlardan- hələ Şumer, Babilistan dövründən Kiçik Asiyadan, Balkanlardan tutmuş Uzaq Şərqə qədər geniş bir ərazidə yayılmışlar və onların sonrakı məlum yürüşləri özlərinə məxsus bir dünyanın daxilində baş vermişdir”. Bu da mənim fikrimdir. Otuz il əvvəl yazmışdım.

Lakin bu fərqli yanaşmalar Altayın qədim türk yurdu, daha doğrusu, türklərin ilk beşiklərindən biri olması fikrini inkar etmir. Altay həm də bütövlükdə insanlığın ilk uyğarlıqlarının doğulduğu yerlərdən, öz bioloji və mənəvi enerjisi ilə Yer kürəsinin tarazlığını qoruyan mərkəzlərdən biridir.

Arxeologiya tapıntılarına görə, bu ərazilərdə insanlar təxminən bir milyon beşyüz min il öncədən yaşamağa başlamışlar.

Qayaüstü rəsmlər, kurqanlar, kurqanlardan tapılmış əşyalar və mumiyalar, günümüzədək gəlib çatan balballlar, daş babalar, daş nənələr, Pazırık xalçası! Hamısı min illər öncə yaşamış və heç sübhəsiz, bugünkü türklərin əcdadı olan insanların yadigarlarıdır.

Tarix saxtakarları Avropada türk izlərini silməyə çalışmaları yetərli deyilmiş kimi, buralara da əl uzadır, qədim Asiyanın mərkəzindəki bu mədəniyyəti də Avropa adına çıxmağa çalışırlar; amma Hun- Skif -Türk silsiləsi bir etnik kökdən gəldiyi kimi, müxtəlif mədəniyyət qatları arasında da qırılmaz bir varislik var. Skif, Hun imperatorlarından sonra Türk adının önə çıxdığı dövrdə - 545-ci ildə qurulmuş Türk xaqanlığının mərkəz bölgələrindən biri də Altay olmuşdur. Təsadüfi deyil ki, məhz Altay respublikasının təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Moskvada ilk Türk xaqanlığının 1450 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.

Altay uzun müddət Kalmık-Cunqar əsarətində qalmış, 250 il öncə Rusiyaya qatılmışdır. Hər nə qədər könüllü desələr də bu, bir işğal idi. 80-ci illərə qədər yazılan tarix kitablarımızda bizim alimlər də tariximizi bu cür saxtalaşdıraraq, xalqımızın qəhrəmanlıq mübarizəsini, müqavimətini unutduraraq Rusiyaya könüllü birləşdiyimizi iddia edirdilər. Birləşmədən sonra qədim Tanrıçılıq və Şamanizm diyarına provaslavlığı qəbul etdirməyə başlamışlar. 1 iyun 1922-ci ildə Altay diyarı nəzdində mərkəzi Ulala olan (bugünkü Qorno-Altaysk) Altay Respublikası 1933-cü ildə Oyrot Muxtar vilayətinə çevrilmişdi. Yeri gəlmişkən deyim ki, Azərbaycanın Masallı, Lerik rayonlarının meşə ərazilərində monqollarla gəlmiş oratlılar hələ də yaşayırlar. Altaylılara görə oytarlı və oratlı meşə adamı deməkdir.

3 iyun 1991-ci ildə bölgənin statusu yüksəldilir və öncə Dağlıq Altay respublikası, 1993-cü ildən isə Altay Respublika adlandırılır. Öz Ana Yasası, bayrağı, gerbi var. Ali qanunverici orqanı- El Qurultayıdır. Altay Respublikası Qazaxıstan, Çin , Monqolustan dövlətləri ilə, Tuva və Xakas respublikaları, Altay diyarı və Kemerova vilayəti ilə sərhədlənir.

Altay Avroasiyanın göbəyində bir neçə ölkə arasında bölünsə də, tarixi, ruhu, havası və suyu etibarilə bölünməz, bütöv bir tamdır. Tarixin, yolların və ruhun yanında dövlət sərhədləri, siyasi bölgülər boş, mənasız və qısa ömürlü bir şeydir. Yolun ömrü dövlətlərin ömründən uzundur. İpək yolunu ot bassa da unudulmur, yüzillər keçir, dəvə karvanlarını maşın karvanları əvəz edir. Yol-yenidən işlək hala gətirilir, ancaq onun üstündəki neçə-neçə ölkə əbədilik tarixə qovuşur.

“Altay - Avroasiya materikinin mərkəzidir” fikrinin çoxlu təsdiqləri var. Onlardan biri üç tərəfə axan, Şimal Buzlu, Sakit və Hind okeanlarina tökülən iri çayların məhz Altaydan başlanmasıdır.

Hündürlüyü bizim Şahdağ, Savalan qədər olan Üç Sümer (Beluxa) dağından dünya okeanlarına qədər olan məsafə eynidir. Üç zirvəsinin üçü də əbədi buzlarla örtülmüş bu dağ haqqında çoxlu əfsanə var. Bu dağ Altayın ən böyük aşiqlərindən və araşdırıcılarından olan məşhur N.K. Rerixin və Dağlıq Altayın dünyaca ünlü rəssamı, maarifpərvəri, ictimai-siyasi xadimi Q.İ.Çoros-Qurkinin ölməz tablolarına mövzu olmuşdur. Təxminən 2000 km. uzunluğu olan Altay silsilələrini Ob, İrtış və Yenisey çayları kəsib keçir. Güney-Doğuya doğru Monqol Altayları və Qobu Altayları uzanır. Altay üç böyük dinin-İslamın, Buddizmin və Xaçpərəstliyin qovuşuq nöqtəsidir. Üstəlik Altay həm də Tanrıçılığın və Şamanizmin mərkəzlərindəndir.

“Altay təkcə Sibirin incisi deyil, həm də Asiyanın incisidir. Bu görkəmli yerin taleyinə böyük gələcək yazılıb”. Bu sözlər də N. K. Rerixə aiddir.

Altayın Monqolustan və Çin, daha doğrusu Doğu Türküstan ərazilərinə düşən hissələrini qismən gəzsəm də, Rusiyanın tərkibindəki Altay diyarını, Dağlıq Altay respublikasını görmək qismət olmamışdi. Hər dəfə bir iş çıxırdı. Ötən il hətta bilet də almışdım, Dağlıq Altaydakı dostlarım məni ənənəvi El-Oyun bayramında gözləyirdilər; lakin qəfildən pasportum yoxa çıxdı, bileti qaytarası oldum... Yəqin Altay ötən il məni qəbul etmək istəmirmiş, bu yayı gözləməyim gərəkirmiş...

El-Oyun altaylıların ümumxalq bayramıdır, dağlarda iki ildənbir keçirilir, bu il oyunları izləyə bilməyəcəkdim, buna baxmayaraq getdim; bugündən sabaha etibar yoxdur.

Altay dağları məni yalnız gözəlliyinə və ya türk tarixindəki yerinə görə çəkmirdi, bu, həm də idman marağına bənzər bir iş idi; dünyadakı bütün türk ellərini gəzib-görmək arzumun son mərhələrindən biri olacaqdi.

lll

Dağlıq Altayla ilk canlı tanışlığım ədəbiyyat və şairlər üzərindən olmuşdu. 1982-ci ildə Asiya və Afrika gənc şairlərinin Qırğızıstanda keçirilən 4-cü konfransında Dağlıq Altaydan gəlmiş Dimanla (İvan İtuloviç Belekov) dostlaşmışdıq və bu dostluq bu günədək davam edir... O vaxt Diman Moskvanın M. Qorki adına Ədəbiyyat İnstitutunu yeni bitirmişdi. İndi Qazaxıstanın və Qırğızıstanın Xalq şairi olan Muxtar Şaxanovla da onda yaxınlaşmışdıq, Çingiz Aytmatovla da o zaman tanış olmuşduq. Konfransda iştirak edənlərin bir çoxu indi ərəb ölkələrində, Hindistanda, Afrikada tanınmış qələm sahibləridir, mühüm vəzifələr daşıyırlar. Dimanın gözəl səsi vardı və görüşlərdə biz şeir oxuyanda, “icazə verin, sizə Altay mahnısı oxuyum!” deyirdi və gitarayla oxudugu qəmli mahnılarıyla bizi sehirləyirdi. Bu mahnıların bir çoxunun müəllifi o özü idi. Nədənsə, məşhur qırğız yazıçı və rejissorları da o boyda qonaqların içindən bizim ikimizi qonaq çağırırdılar və axırıncı axşam az qala səhərə qədər evdən evə keçib məşhur qopuzçalanları dinləmişdik... O vaxt Dimana bir şeir yazmışdım...

QOPUZ SƏSİ, ŞAMAN DUASI 

Dağlıq Altay şairi Diman Belekova 

Oxuduğun bu mahnı
Tanrı nəfəsitək yaxındı mənə,
Anamın səsitək yaxındı mənə. 

Yaxındı, doğmadı öz adın kimi.
Bu Qızıl dağları, Savalanları,
Bu Xantenqriləri, bu Şahdağları
birlik karvanına qoşub aparan
qədim bir sevginin fəryadı kimi. 

Yaxındı ruhuma ölməzlik verən
bir dilin min illər altından gələn
Duyğu bünövrəsi, söz qatı kimi.
Bu Ana yerlərə, Ata göylərə
toxum bərəkəti, göz işığıyla,
şaman duasıyla, qopuz səsiylə
qarışan ürəyim, həyatım kimi!.. 

Oxuduğun bu mahnı
ömür dediyimiz yalqız limanın
sakit sahilindən qoparır məni.
Keçmişdən boylanan solğun ay kimi
çəkib şüa-şüa aparır məni. 

Qanımda hayqıran vuruş eşqinin,
Gündoğan eşqinin, yürüş eşqinin
sədası bu qədim mahnından gəlir.
Ulu bir ulusun beşiyi olmuş
o ana qoxulu, o süd qoxulu
dağların ruhundan, ahından gəlir! 

Mənə qardaş deyib oxudun sonra,
Mahnın qardaşlığın himninə bənzər,
Balaca yurdunun böyük dünyaya
səpilən sevinci, qəminə bənzər...

Uzaqdan iki yurd çəkirdi bizi,
dilimiz ayrıla bilmirdi ancaq...
Min illər dalında baş-başa yatan,
ölümüz ayrıla bilmirdi ancaq.

Ehey! Duman qardaş, zirvəndən enmə!
Yurdunun gücüdür - mahnındakı qəm.
Gündoğan beşikdən işıqla axan
Şaman duasıtək, qopuz səsitək
Səhralar üstündən, dağlar üstündən,
Mən səni həmişə eşidəcəyəm!..

Oktyabr, 1982
Bişkek 

İndi Diman Altay respublikası El Kurultayının, yəni parlamentinin sədridir. Telefonda səsimi eşidən kimi “Nə doğma səs! Gəl, səni respublikamızın sərhəddində gözləyəcəyik!” demiş, sonra əlavə eləmişdi: “Lazımsa Novosibirsk təyyarə meydanına maşın göndərim”. “Ehtiyac yoxdur, orda tanışlar, qohumlar var, biri gətirər...”- demişdim.

lll

İyulun 16-da Novosibirskdə təyyarədən endim. Balaca qardaşım Faiq və əmiuşaqlarından Müşfiq də mənimləydilər. Təyyarə meydanında Müşfiqin on yeddi ildən bəri Novosibirsk vilayətində yaşayıb-işləyən qardaşları Xaqani və Elçin iki maşınla bizi qarşıladılar. Maşınların biri, vaxt itirmədən, bizi Altaya aparacaqdı.

Lakin hələ hava açılmayıb, gənclər çay içməmiş yola çıxmaq istəmirlər. Öncə hava alanından təxminən otuz-otuz beş km. aralıda, Altay yolunun üstündəki Berdsk şəhərinə - Elçinin evinə getdik... Uzaq Sibirdə doğma bir evə... Çünki Elçinin xanımı da qohumlarımızdandır, gəlinlərimizdən birinin bacısıdır.

Xaqani, Müşfiq, Elçin... Biri-birindən dəyərli, zirək, çörəklərini daşdan çıxarmağı bacaran gənclərdir. Xaqani atalarını itələyib, dayanıb yerində. Ataları Səfixan bizim tayfanın qədim adlarından birini daşıyırdı, məndən bir neçə yaş böyük olsa da, uşaqlıq dostlarımdan idi. Kəndimizdə ədəbiyyat müəllimiydi, sakit təbiətli, öz həyatını yaşayan adamdı. Xətrini çox istəyirdik. Bircə anam evdəki kitabxanamdan bəzi kitabları aparıb qaytarmadığına görə hərdən hirslənirdi ona. Mən gülürdüm, “ay ana, aparıb-aparıb da, dünya dağılmayacaq ki, yenilərini gətirərəm!” Anam razılaşmırdı: “Ay bala, müəllimlər tez-tez gəlib aparırlar kitablarını, bir söz demirəm, ancaq qaytarmaq istəmirlər. Sən nə əziyyətlə gətirirsən onları Bakıdan. Özünə lazım olur...” Anamın kitabxanamı qoruması mənə ləzzət verirdi, lakin müəllimlərimizin kitabxanamla maraqlanmasına da sevinirdim, mənim gətirdiyim kənd kitabxanasında olmayan, yeni əsərlərdir, qoy ədəbiyyat müəllimlərimiz müasir ədəbiyyatı izləyə bilsinlər. Səfixan müəllim qəzaya düşüb dünyadan köçəndə də ən çox yananlardan biri anamdı... Yəqin onun ölməməsi, yaşaması üçün onlarla belə kitabxananın qurban getməsini istərdi. İndi budur nəslimizdən olan üç gənc bu uzaq diyarda bizə xoş olsun deyə, əldən-ayaqdan gedirlər. Səhər yeməyindən və beş-on dəqiqə dincələndən sonra Xaqaninin maşınını götürüb yola çıxırıq. Yuxusuz olmasına baxmayaraq maşını Müşfiq sürür. O da əvvəllər Novosibirskdə işləyib,yolları yaxşı tanıyır... Buralar mənim təsəvvür etdiyimdən fərqli, düzəngah və bərəkətli torpaqları olan yerlərdir. Sonra Altay diyarı başlanır. Yollar rahatdır, ətraf meşə zolaqlarıyla bölünmüş ucsuz-bucaqsız əkin-biçin sahələridir: zəmilər, günəbaxan tarlaları doğmalıq saçır. Ancaq narahatam, gecəni yatmayan Müşfiq 450 kilometrlik yolda maşın sürməlidir. Arada birtəhər dilə tutub ona dinclik verirəm, ancaq hiss edirəm ki, mən də yorğunam və maşını rahat sürə bilmirəm. Bəlkə elə bunun nəticəsiydi, Dağlıq Altaya dönmək əvəzinə gedib Barneula çıxmışdıq. 40-50 km. artıq yol getdik, əvəzində diyarın paytaxtını da görmüş olduq.

lll

Düzənlk Altay bitir, Dağlıq Altay başlanır. Telefon rabitəmiz qırılmır. Bizi Altay respublikasının sərhəddində gözləyirlər. Burda 2006-cı ildə bir abidə ucaldılmışdır. Bu, Tatarıstan Respublikasının Altay respublikasına hədiyyəsidir. O vaxt Tatarstan Respublikasının prezidenti Mintimer Şaymiyev yazırdı: “Əziz altaylılar! Altay torpağı bir çox xalqın beşiyi olmuşdur - burda çox qədim zamanlardan hindavropa, türk və monqol etnik birləşmələri yaşamışlar. Lakin Altay türklər üçün xüsusi əhəmiyyət daşıyır- qədim türk sivilizasiyası məhz burda doğulmuş, onun daşıyıcıları burdan bütün Avroasiyaya geniş şəkildə yayılmış və özləriylə bərabər əsrlər uzunu işlənib kamilləşmiş Altay dəyərlərini aparmışlar. Ən mühüm tarixi hadisələrdən biri VI əsrdə burda- Mancuriyadan Dunaya qədər olan əraziləri sərhədləri içinə alan Türk xaqanlığının yaranması olmuşdur...”

Qədim alaçığı xatırladan abidədə Orxon -Yenisey türk əlifbasıyla və rusca yazılmışdır: “ Biz bu xatirə-abidəsini Dağlıq Altayda - dünya yaradılışının mərkəzində ucaltdıq; o yerdə ki, qədim tayfalar öz dövlət işlərini həll etmək üçün toplanardılar; igidlər arqamaklara minib dünyanın dörd tərəfinə akın edərdilər, xalq ünlü günlər şərəfinə bayram və yarışlar keçirərdi. Türk sivilizasiyası başlanğıcını burdan alır. Ey gələcək nəsillərimiz, öz kökünüzü anın, ulularınızın yaratdıqlarından qürur duyun və adınızı uca tutun! Qoy Göy Tanrı sonsuzadək üstünüzdə nur saçsın!”

Bu sətirləri həyəcansız oxumaq olmur. Və sənə elə gəlir ki, bu abidənin yanından keçib Altay adlı bir ölkəyə deyil, bir evə, bir  ziyarətgaha qədəm qoyursan. Bol sulu, coşqun Katun (Qadın) çayına “Günaydın!” deyib, sahilində şəkil çəkdirəndən sonra göndərilmiş maşına minirəm. Tanış oluruq. Diman Belekovun köməkçisi Ejer və sürücü Sergey. Altay Respublikasında olduğum bütün günlərdə onlar məndən ayrılmayacaqdılar.

Yeri gəlmişkən deyim ki, əslində Altayın indiki inzibati bölgüsü doğru deyil, torpaqlarımızı ermənilərə verməklə bizi yaylaqsız qoymaq siyasətinə bənzəyir. Dağlı-düzlü Altay, Çin, Monqolusan Altayı hamısı bir bütövdür və onun bu cür bölünməsi Avroasiyanın bu nəhəng güc və bioenerji mənbəyini zəiflədir. Bugünkü Dağlıq Altayın əkin-biçin yerlərinin böyük bir hissəsi, qışlaqları düzən Altayda qalıb. Ziyanını hər iki tərəf çəkir...

lll

Dağlıq Altay başlanan kimi gəldiyim yollar, yuxusuzluq, dünyanın qeylü-qalları yaddan çıxır. Məni qarşılayanlarla söhbət etsəm də fikrim keçdiyimiz yollarda, ətraf dağlarda, meşələrdə, dünyanın heç yerində görmədiyim gözəlliklərdədir. Bəlkə qanımı qaynadan uzaq bağlılıqlardır hər şeyi gözümdə doğmalaşdıran? Bilmirəm! Ancaq içimdə uzaq səfərdən doğma ocağa qayıdan bir insanın duyduqlarına bənzər bir fikir burulğanı var. Bu çəkici gücün sirrini anlamağa çalışıram və düşünürəm ki, bu sirlərdən biri təbiətdəki bakirəlik, ilkinlik və ucalıqdırsa, biri də- bir vaxtlar yazdığım kimi, tarixlərin də unutduğunu unutmayan Qan Yaddaşıdır. Altay dağlarına qalxmaq dünyanın damına, başının üstünə çıxmaq kimi görünür və mənə elə gəlir ki, nə vaxtsa tərk etdiyim uşaqlıq dünyama, doğma ocağıma qayıdıram. Telefonda balaca bir qeyd edirəm: “Dağlıq Altay elinə bütün Altay diyarını gəzərək gəldim. Ucsuz-bucaqsız çölləri bərəkətləndirən taxıl zəmiləri və günəbaxan tarlaları, yüz kilometrlərlə uzanan ağcaqayın meşələri, Altay dağlarının donub qalmış, dalğalı dənizi xatırladan və ilğıma bürümüş zirvələri, adama boy verməyən çəmənlər, gur çaylar, yay mövsümündə minlərlə insanı çəkib gətirən dupduru göllər-müqəddəs kitablardakı cənnət tərifinə çox yaxındır. Türk xalqlarının dünyaya Altaydan yayılması haqqında nəzəriyyənin məntiqsizliyini bir daha düşündüm. Bura gəlmək olar, burdan getmək olmaz. Bu gözəlliyin övladları başqa harda buraya azacıq da olsa bənzəyən yer tapa bilərlər ki, bir daha geri dönməsinlər? Deyirlər, türklər Altaydan çıxıb. İnsan cənnətdən niyə çıxmalıdır ki? Burdan daha gözəl yer tapa bilərmi, getsin?!”

Bütün qitələrini, onlarla ölkəsini gördüyüm dünyanın bənzərsiz və cənnət guşələrindən birindəyəm.

Respublikanın paytaxtı Qorno-Altaysk Altay diyarı ilə sərhəddə yaxın, neçə vadiylə şırımlanmış bir dağ ətəyinə səpələnmişdir. Evləri yaşıllıqlar arasında itib. Əhalisi çox olmasa da sahəsi genişdir; rahat və sakit bir şəhərdir. Cəmi iki gün öncə istifadəyə verilmiş bir oteldə yerləşirik. Bir neçə saat dincəlmək lazımdır. Gənc səfər yoldaşlarımın tələbi belədir...

Diman Belekov dağlarda görüşdədir, iki gün sonra qayıdacaq. Günümüzün qalan hissəsi boş keçmir, Qorno-Altaysk şəhərindən o qədər də uzaq olmayan bir gölün sahilindən başlanan kanat yoluyla göz önündə dağ zirvələrinin, adamın ruhunu yerindən oynadan mənzərələrini açan ucalığa qalxırıq. Sanki dalğalı bir dənizin ortasındasan. Uzaq üfüqlərə qədər hər tərəfdə sıralanmış dağ silsilələri bir-birini qovan dalğalara bənzəyir. Kanat yolunun bağlanmasına az qalsa da, vaxt itirmədən dağın sırtındakı kiçik tikililəri, hədiyyə satılan yerləri gəzir və ağac kümələrin birində şamanlara bənzər birisiylə rastlaşırıq. Xaçpərəstlik rəmzləri satır əslində, lakin özünü bütün dinlərdən xəbəri olan və özəlliklə Altay ruhunu bilən mütəxəssis kimi aparır. Söhbətimiz tutur, ancaq artıq son yolçuları kanata dəvət edirlər. Mən zarafatla “qoy bağlasınlar, piyada düşərik” deyirəm. Bu, Babadağdan enmək kimi çətin bir iş olardı...

Gecəni Qorno-Altaysk şəhərində qaldıq, səhəri bura kimi mənə yoldaşlıq etmiş Faiq və Müşfiqlə vidalaşdım, onlar Novosibirskə qayıdacaqlar... Ejerlə Sergey məni şəhərdən 70 km. aralıda Katın  çayı sahilindəki Tursib adlı istirahət mərkəzinə gətirdilər. Əlimdə yazım var və coşqun dağ çayının sahilində, ağac evdə bir an tez təklənmək istəyirəm. Bilirəm ki, Diman rayonlardan qayıdandan sonra burda oturmaq olmayacaq.

lll

Bura Çemal aymağının ərazisidir və Rusiyanın hər tərəfindən turistlərin axdığı bir yerdir. Adama boy verməyən, güllü-çiçəkli, yayın ortasında da yamyaşıl olan belə otlaqları, belə ucaboylu şam və sidr ağaclarını başqa yerdə görmək mümkün deyil. Meşələr Böyük Qafqazın quzey yamaclarını, Tiberdanı xatırladır.

Görünür müşayiətçilərim Dimandan özəl tapşırıq alıblar. Ejer: “Sabah bazar günüdür, sizi əlavə narahat eləmək istəmirik, dincələrsiniz, məsləhət görülən bir-iki yer var, yorulmamısınızsa bu gün baxaq!” deyir. Otağa girməyimizlə çıxmağımız bir olur. Katın çayı boyu yuxarı-Çemala, aymağ mərkəzinə doğru qalxırıq. Düşünürəm ki, doğrudan da, bu gözəllikləri görmədən otağa qapanıb qalmaq düz olmazmış. Kəndlərdən, istirahət yerlərinin yanından keçirik. Katun boyu meşələr-Kemerovadan (kömür sözündəndir), Buryanskdan, Novosibirskdən, hətta Moskvadan gəlmə turistlərlə doludur. Eləcə çadırlarını qurub yaşayırlar. Yol boyu yarmarkada, xırda alış-veriş yerlərində satılan Altay nemətləridir: daşlardan düzəldilmiş hədiyyələr, onlarla növü olan dağ otları-yerli çaylar, Altay balı, maral buynuzundan düzəldilən dərmanlar, milli geyimlər və s.

Öncə Çemaldan yuxarıda çayın ortasındakı Patmaz (Batmaz) adlı adada yerləşən məbədə baxmağa gedirik. Burda Katun genişlənib gölə çevrilmişdir. Sahillər hündür qayalıqlardır. Adaya suyun 10-15 metr hündürlüyündə yellənən asma körpüylə keçməlisən. Deyilənə görə, bu məbəd və ada tək deyil. Aralıq dənizində eyni adlı adada bu məbədin bənzəri var. Əslində isə bu balaca monastr proslav missionerləri tərəfindən 1848-ci ildə ağacdan tikilmişdir, dəfələrlə yandırılsa da 2000-ci ildə yenidən tikilmişdir. Proslav kilsəsi buranı müqəddəs elan etmişdir. Məncə müqəddəslik bu təbiətin, bu guruldayan dağ çayının, ağ, mərmər qayaların, ucalan dağların özündədir. Şənbə günü olduğuna görə turistlərin arası kəsilmir. Körpünün ağzında uzun bir növbə var. “Burda dayanmağa dəyməz!” deyərək ev sahiblərini növbəsiz keçmək minnətindən xilas edirəm.

Monastrdan sonra A.K. Bardinin muzeyinə getdik. Həyətin sakitliyində, səliqə-sahmanında bir canlılıq var, ilk dəfə gəldiyini və buranın muzey olduğunu unudursan. Bizi Bardinin xanımı qarşılayır. Müəllim işləyib, ziyalıdır, Altayın tarixini və altaylıların taleyini yaxşı bilir. Həyətdə ev-ağacdan tikilmiş üç, altaylılar demiş ayıl (aul) var. Böyüyünü Bardin öz əliylə muzey üçün tikib. Burda bütün türk dünyasından nişanələr, Altay dünyasının əbədiyaşar rəngləri toplanıb. Muzeydə Altayın böyük oğlu, maarifpərvər ziyalı, rəssam, ictimai-siyasi xadim, sonda repressiya qurbanı Q. Çoros-Qurkinin həyatı və sənətindən geniş bilgi verilir. Xatirə kitabında qeydlərimi yazıb çıxıram. Yol boyu Coros-Qurkinin şəxsində tək bir adamın öz milləti üçün nə qədər böyük işlər görə biləcəyi haqqında düşünürəm. İlk rəssamlıq işləri, Tomskda fərdi sərgisini açması, orda Rusiyanın böyük mənzərə rəssamı I. İ. Şişkinlə tanış olması, Peterburqda onun emalatxanasında qala-qala Rəssamlıq Akademiyasında oxuması, Sibirin ilk peşəkar rəssamı olması, Altayda maarifçilik hərəkatına başçılıq eləməsi, daşıdığı böyük vəzifələr, Altay dağlarının muzeyləri bəzəyən son dərəcə gözəl, bəzən sehirli mənzərələrini yaratması... Üstəlik rəngləri qədər parlaq və əlvan yazıları. Cümlələrin hər biri şeir misrası kimi səslənir:

“Mən sanki dünya yaranışının ilk gününü görürəm. Uzun əsrlərin zülmətindən sonra sən, Xan Altay, ilk dəfə doğan günəşdən işıqlanarkən möcüzəli qayaların necə işıq saçır, zümrüd buzlaqların necə parıldayırdı! Ətrafda hər şey cana gəlir, hər şey çiçəkləyir və bir bütöv, aramsız musiqiyə qoşulur, sonu olmayan bir misilsiz akkorda dönür, təbiət bayram edirdi.

Gözə görünməyən zərif tellərdən qopan ilahi mahnılar sənin qoynunu təbiətin musiqisi, şəlalələrin harayı və coşqun çayların gurultusu ilə doldururdu. O musiqi dağlardan və gədiklərdən, çiçək açan və ətir saçan vadilərdən axıb gedirdi. Öz köpüklü sularını daşlara çarpa-çarpa gözəl, burulğanlı Katun keçib gedirdi”.

Çoros-Qurkin bir müdət respublika Dumasına başçılıq edərək Altayın özünü idarəetməsi ugrunda çalışmışdı.

Bütün bunların “mükafatı” ağır olmuşdu və böyük rəssam 1937 fəlakətindən qoruna bilməmişdi.

Beləliklə, bir insan ucalıb Üç Sumer dağının zirvələrindən birinə, Kadın-Bacı ilə yanaşı ucalan zirvəyə çevrilir... Əgər Tursibə qayıdan yoldan sola dönüb, Katun çayını adlayaraq, Ayrıdaş dərəsi boyu irəliləsəniz Askat və Anos kəndlərinə çatacaqsınız.Tarixi bir körpüdən keçəcəksiniz. Katun çayının üstündə 11 belə körpü var. Şalbandan tikilib və bircə mıxdan da istifadə olunmayıb... İlk qarşınıza xalq sənətkarları, xalq teatrı, buddist məbədi ilə məşhur olan Askat kəndi çıxacaq. Qriqori Çoros-Qurkin ordan 6 km. aralıda yerləşən Anos (on çay yatağı) kəndində anadan olub. Bu balaca kənddə indi böyük rəssamın ev-muzeyi, rəssamlar üçün emalatxana, Altayın bütün guşələrindən gətirilmə ağacların əkildiyi dendrari var.

lll 

Həftə başlanan kimi Qorno-Altayska qayıdası oldum. Köhnə dostumu El Kurultayında-iş yerində ziyarət etdim. Gözlədiyimin tərsinə Diman heç dəyişilməyib, sanki elə səksəninci illərdə tanış olduğum cavan oğlandır. Son vaxtlarda yüngül rahatsızlığı var, lakin buna görə halını pozmur, mən də təsəlli verirəm. O vaxt - Qırğızıstanda tanış olduğmuz gənclərin sonrakı taleyindən, yaradıcılıq işlərimizdən, Rusiyanın çətin şəraitdə də tədricən dirçəldiyindən danışırıq. Bu illər ərzində Dimanla cəmi bir dəfə Bakıda görüşmək qismət olub. Onun həm qələm sahibi, həm də ictimai-siyasi xadim kimi yüksəlişinə sevinirəm. Moskvada təhsil alandan sonra qəzetdə əməkdaş, sonra redaktor olub, ictimai Elmlər Akademiyasını bitirib, namizədlik dissertasiyası müdafiə edib, respublikanın Mədəniyyət və Kino naziri vəzifələrini daşıyıb, Rusiyanın Əməkdar mədəniyyət işçisidir. Təkcə Altayın yox, Rusiya Federasiyasının tanınmış ictimai-siyasi xadimlərindən biridir. Semipalatinskdə atom sınaqlarına qarşı çıxıb. Bir dəfə deputat mandatından imtina edib, “Gənclik rüzgarları”, “Nəğməkar sidr ağacları”, “Ortam üçün mahnılar”, “Bulaqda ulduzlar” “Katun-mənim dənizim”, “Bay-Terekə qayıdış” (altayca, rusca) və “Altay zirvələri” (rusca) şeir və publisistika kitablarının müəllifidir. Bir sözlə bütün ömrünü xalqının, respublikasının gəlişməsinə, yüksəlişinə həsr edib...

Diman Belekov 1953-cü ildə Onduqay aymağının Selcar kəndində anadan olub və təbii ki, Altayda görmək istədiyim yerlərdən biri də Selcar idi... Xəritəyə baxa-baxa mənə respublikanın on aymağının hər birinin ayrı bir özəlliyi olduğundan danışır və hiss edirəm ki, ona qalsa mənə bu aymaqların hər birini göstərmək istər. Ancaq vaxt azdır və cəmi iki bölgəyə gedə bilərəm...

Dağlıq Altayın məşhur şairlərindən Arjan Adarov onun haqqında yazır: “Mən Diman Belekovun şeirlərini oxuyanda- Yaloman təpələrini, firuzəyi Katunu, sərt qayalı dağları, əfsanəvi Yaylaquşunu, əlçatmaz Kadrini, daş yarğanlardan şütüyən işıq şırnaqlı çayları, Yalomanın çiçəklənən bağlarını görürəm... Belekov poeziyası öz mənbəyini hardan alır? Niyə onun poeziyası bu qədər təmiz, şəffaf və melodikdir?

... Mən Diman Belekovun valideynlərini tanıyırdım. Sadə zəhmət adamları, ...heyrətamiz dərəcədə xeyirxah, gözəl insanlardı... Atası İtul Belekov tökməbədən, güclü, torpağa bağlı bir adam, çoban və ovçuydu. Anası bəstəboy, irigözlü, gözəl qadındı. Qədim evdə ocaq başında ağ rəngli araqdan qurtumlaya-qurtumlaya biz öz doğma Altay mahnılarımızı oxuyurduq. Bu mahnılar Katunun, göy qayalı dağların üstündə qanadlanırdı.

Gecə. Alov dillərində tonqalın
- Altay lalələrinin allığı,
Ağ simlərdən Altay arqımaklarının iti qaçışı səpilir qaranlığa;
Zəhmli musiqiylə axır qızıl ilxılar dərənin zülmətinə
Dərdə, qəmə, zülmətə sinə gərir
bir yerdə
Ellər- bahadır kimi...

Belekovun poeziyası hissiyyatlı, romantik və düşündürücüdür...

Azərbaycan-Altay əlaqələri, bu işdə yazıçıların, millət vəkillərinin görə biləcəyi işlər barədə xeyli söhbət edəndən sonra respublika muzeyini görmək istədiyimi bildirirəm. Bərabər gedirik. Muzeyin direktoru özü məlumat verir, lakin bu, Dimanı qane etmir, tez-tez özü qarışır söhbətə. Hansı muzey işçisi Dağlıq Altay tarixini, arxeologiyasını, mifologiyası və mədəniyyətini Dimandan yaxşı biləcək! Dağlıq Altay muzeyinin ekspozisiyası unikal və zəngindir. Məni ən çox arxeoloji tapıntılar və qədim dövr maraqlandırır. İki min beş yüz il öncə yaşamış gənc xanımın mumiyası da bu muzeydə saxlanılır. Altay kurqanları yüz illər boyu nə qədər talansa da hələ çox sirlərini gizlədir. Muzeydə xanımın tapıldığı kurqanın bənzəri də yaradılmışdır. Bəlli olur ki, 25 yaşlı xanım arabası və arabaya qoşulan altı atıyla, bütün geyım-keçim və sərvətiylə birgə dəfn olunub. Başında öz saçı deyil, parik olub. Misirdə fironların mumiyalarına baxmağa peşman olmuşdum. İndi də gənc xanımım 25 əsr sonrakı halına gözucu baxıb keçirəm. Əbədi olan dağlardır və muzeydə Altayın ölməz gözəlliklərinin əksi olan xeyli dəyərli rəssamlıq əsəri, Altay xalqının böyük istedadının nişanəsi olan sənət nümunələri var. Onlara tamaşa edirik..

Sonra muzeyin qapalı həyətində Altayın ən məşhur qayçı -musiqiçilərindən birinin, Rusiyanın Əməkdar artisti Noron Şumarovun ifasını dinləyirik. Muzeyin qədim eksponatlarıyla dinlədiyimiz musiqi arasında qeyri-adi bir ahəng, səsləşmə var. Noron Altayın çox məşhur ifaçılarından biridir və vaxtilə Dimanla birgə Bakıda da olub. Altay qayçı sənəti bizim aşıq sənətinə bənzəyir. Ancaq onlardan da çox manasçıları xatırladırlar. Bizdə dastan demək ənənəsi getdikcə zəifləyir. Altayda isə Qayçılar 5-6 gün ara vermədən qaylarını, yəni qoşqularını və oxumalarını davam etdirə bilərlər. Sonrakı günlərdə bunun şahidi oldum. Hər rayonda məni qarşılayanlar arasında bir nəfər də qayçı olurdu. O, bədahətən və özəl olaraq qonağın (burda konkret mənim) həmin bölgəyə gəlişi şərəfinə qoşub-oxuyur. XXI yüzil çox şeyi dəyişsə də Altayın qədim ənənələrini silə bilməmişdir. Min illərin maddi yadigarlarının qorunduğu bir yerdə minillərin üstündən adlayan ölməz havaları dinləyirdik. Balaca aulların və böyük dağların böyük sahiblərinin havalarını...

lll

Aul demişkən, bir məsələni yazmadan ötə bilmərəm. Altayda olduğum günlərdə Moskva televiziyalarının birində Gənc və Hazırcavablar Klublarının (KVN) yarışı keçirilirdi. Əsasən Rusiya komandalarıydı, aralarında Bakı klubu da vardı. Görünür, KVN dövrü də arxada qalıb, çünki çıxışlar Qusmanların, Anar Məmmədxanlının komandaları ilə müqayisədə çox solğun idi. İnsafən, yenə Bakı komandası seçilirdi aralarında. Ancaq bizim bəzi filmlərimizdəki yanlışlıq burda da davam etdirilirdi: Aul, cigit və sair. Bu, Dağıstan üçün, Şimali Qafqaz üçün düzdür. Ancaq Azərbaycanda aul yox- oba, cigit yox- igid var. Niyə özümüzü başqasına bənzətmək xəstəliyindən əl çəkə bilmirik?

Bakıdan zəng vuranda tanıdığım Altay yazarları iıə görüşmək istədiyimi də bildirmişdim. Günorta yeməyinə onlar da dəvət olunub: Pasley Samık və Brontay Bedyurov.  Brontay mənim Altayda olduğumu eşidincə Moskvadan uçub gəlib. Altayın məşhur şairlərindən olan Pasley Samıkı Azərbaycanda tanıyanlar çoxdur. Vaxtilə Moskvada bizim Fikrət Qoca ilə oxuyub, onu Altaya-öz yurduna aparıb. Fikrət Sadığı da tanıyırlar. Burda keçirilən ədəbiyyat günlərində iştirak edib və Altay haqqında şeirlər yazıb.

Məclisimiz uzanır, Noqanın komuzu möcüzələr yaradır, restoran dağ şəlalərinin gurultusu, meşələrin xışıltısı, at ilxılarının sel kimi axışı və tənha yolçunun yorğun ayaq səsləri ilə dolur. Pasley Samık öz yeni şeirlərini oxuyur. Razılaşırıq ki, Dimanın işi çox olduğuna görə rayonlara, dağlara Brontoyla birgə gedək.

lll

Altay Respublikasının cəmi on aymağı var. Səfər üçün Onduqay və Ust-Kan seçilir.. Bunun mənasını sonra anlayacağam. Bəlli olacaq ki, bu aymaqlar həm də respublikanın qədim mədəniyyət mərkəzlərindəndir, Dimanla Borontayın ata yurdları da burdadır... Axşam yenidən Tursibə qayıdıram. Səfərimiz sabah başlanacaq.

...İşçi qızlar xahişimlə balaca yazı masasını gətirib eyvana qoyublar. Dopdolu ay da sanki məni gözləyirmiş, düz gəlib dayanıb həyətdə ucalan şam ağaclarının başında. Onun işığının sehri Katun çayının səsinə qarışır və ürəyini izahı olmayan bir rahatlıqla, güclə doldurur; elə bilirsən beləcə oturub səhəri-axşamı hiss etmədən, yorulmadan çalışa, ürəyini boşalda bilərsən...

lll

Həftənin ikinci günü, iyulun 21-də səhər tezdən Altay respublikasının Xalq yazıçısı və Elbaşı, yəni əcnəbiləşmiş dillə desək xalq lideri, Rusiya Federasiyası Yazarlar Birliyinin katibi Brontoy Bedyurov başda olmaqla yol yoldaşlarım- Ejer və Sergey gəldilər. Ejer hüquqşünasdır, El Kurultayında belə gənclərin olmasına sevinirəm, hazırlıqlı, yüksək mədəniyyətli, əsl türk tərbiyəsi görmüş, böyük-kiçik yeri bilən, Altayın bir kəndindən, sadə bir ailədən çıxsa da artıq öz ayağı üstündə duran istedadlı bir gəncdir. “Altayın gələcəyi sizin əlinizdədir!- deyirəm,- bu gün köməkçisən, sabah deputat, Kurultayın sədri...”

Katunun sol sahilinə keçir və iç aymaqlara doğru irəliləyirik; getdikcə mənzərələr də dəyişilir. Meşəli dağlarla sıldırım qayalıqlar bir-birini əvəz edir. Ancaq iyulun axırına yaxın bu qədər yaşıllığa gözümüz öyrəşməyib, hələ ot çalını başlanmayıb və torpağın bütün gül-çiçək sərgiləri göz önündədir.

Ədəbiyyat söhbətləri, köhnə dostlarla bağlı xatirələr, dünyanın ümumi durumundan doğan əndişələr yola körpü salır. Ancaq Altay yolları o qədər gözəlliklərdən keçib gedir ki, körpü və ya yolun qısalması haqqında düşünmürsən...

Söhbətin şirin yerində Tümendən köhnə dostum, jurnalist- yazar Knyaz zəng vurur: “Rusiyanın “Kino” jurnalını göndərdim, aldınmı?” “Almamışam. Bakıda deyiləm! Altaydayam!” “Ooo! Nə gözəl! Orda mənim bir dostum var. Görüşüb tanış olsanız yaxşı olar. Gözəl insandır, Dağlıq Altayın ən tanınan yazarlarından biridir...” “Tanış olaram,-deyirəm.- kimdir o?” “Brontoy Bedyurov!..” Məni gülmək tutur: “Brontoy yanımdadır! Verim telefonu, danışın!”. Bu da insan münasibətlərinin sirli bir səhifəsidir. İnsanları bir-birinə bağlayan gözəgörünməz bağlardan biridir...

Dağlıq Altayda böyük dağ aşırımlarında yay yarmarkaları təşkil olunur. Burda hər cür dağ neməti tapa bilərsən: müalicəvi otlardan tutmuş, növbənöv xalq sənəti ürünlərinədək. Bəzi yarmarkalarda Monqolustandan gətirilmiş əşyalar da var. Ancaq altaylılar üçün bu, əsas deyil, əksinə yarmarkaların aşırımların qutsal havasını pozmasına əsəbiləşirlər. Çünki aşırımlarda qonaqlar qarşılanır, bizim ocaqlarda olduğu kimi ağaclara parşa bağlanır, qayçılar çalıb-oxuyur.

Onquday aymağı ərazisinə girərkən Semi aşırımında (altaylılar Semibaşı deyir) bizi icraiyyə komitəsinin sədri Eduard Tekenov başda olmaqla bir heyət qarışlayır. Qımızla, üstünə əyirdək, qurud və sair yerli bərəkətlərin düzüldüyü süfrəylə və ən əsası şeir və musiqi ilə... Açıq havada bir xanım bizi salamlayır, gəlişimizə məmnuniyyət duyğusuyla yazılmış bir şeir oxuyur. Elə danışır ki, sanki məni çoxdan tanıyır. Bu, əlbəttə Dimanın işləridir. Belə rəsmiyyət və təmtəraq məni sıxır, lakin adət-ənənəyə və göstərilən diqqətə minnətdar olmaqdan, cavab verməkdən başqa yol yoxdur. Gənc qayçı qopuzunu dilləndirir və bu rəsmi qarşılanma havasına musiqinin əbədi nəfəsi qatışır. Qarşılayanların arasında rayon qəzetinin redaktoru, Mədəniyyət evinin müdiri, bizi kımıza, Dağlıq Altay nemətlərinə qonaq edən milli geyimli xanımlar var.

 Dəniz səviyyəsindən 1717 metr hündürlükdə olan aşırımdan Sarilik dağlarının gözəl mənzərəsi açılır. Burda Dağlıq Altayın Rusiya tərkibinə qatılmasının ildönümü münasibətilə abidə qoyulub. Onun yanından keçib Sidr meşəsinə girir və parça bağlanmış ağacların birini seçib biz də ağ lentləri budaqlara bağlayırıq...

 Niyə Sidr ağacı belə əziz tutulur? Bu barədə altaylarda maraqlı bir əfsanə var. Bir dəfə tayqada yorulub əldən düşmüş bir ovçu dincəlmək istəyir və təbii ki, bu məqsədlə meşənin ən böyük, qocaman ağacının altını seçir. Ağacın budaqları yerə kimi əyilib, çadıra dönüb. İllər uzunu gövdəsinin mamırı tökülüb və altında qalın və yumşaq bir dişəyə dönüb. Elə rahatdır ki, ovçu uzanan kimi dərin yuxuya gedir. Ertəsi gün tam dincəlmiş halda oyananda qəribə bir söhbət eşidir. Qulaq verib görür ki, danışan altında yatdığı sidr ağacıdır, sızıldaya-sızıldaya qocaldığından, daha dayana bilmədiyindən gileylənir. Cavan ağac niyə yıxılmırsan, axı sən dünən də belə ağrıyır və şikayətlənirdin deyir. Qocaman sidr ağacı necə yıxılım, yıxıla bilmirəm, axı altımda insan yatıb deyir. Ovçu qalxıb qocaman ağaca bərk-bərk sarılıb ona minnətdarlığını bildirir. O kənara çəkilən kimi ağac dərindən köks ötürüb torpağa sərilir...

                        lll

 Günorta yeməyi üçün geniş vadinin ortasında, İpək yolu adlanan yolüstü bir restorana dönürük. Bizi restoranın sahibi qarşılayır. Sizin yerlinizdir deyirlər. Həsən çoxdan çıxmışam Bakıdan, Azərbaycanla əlaqələrim üzülüb. Ancaq təsadüfən atam da burdadır. O sizi daha yaxşı tanıyır. Gəlişinizi deyəndə, "o xalq adamıdır, şairimizdir, ona yaxşı qulluq elə!" - dedi. "Sağ olsun-dedim,-salamımı çatdır. Bura sənindirmi?" "Hə özüm tikmişəm!" "Lap yaxşı. Qulluq elə, həm də mənim hesabıma!" Etiraz edir: "Elə şey olar! Bu mənim qonaqlığımdır, sizin şərəfinizə!. Bunlara da demişəm!" Sonra öz saldığı bağı, çay qırağında tikdiyi kotecləri göstərib, nə vaxt dincəlmək istəsəniz, buyurun, burda hər şəraitim var!" deyir. Taleyimiz belədir. Bu uzaq yollarda da Vətən bizimlədir...

Dağların arasında hava çox istidir. Getdiyimiz yol da hər yerdə dərin dərələrdən keçir..

Bu bölgənin özəlliklərindən biri arxeoloji abidələrin, kurqanların bolluğudur. Öncə Çar kurqana və ya başqa adla Başadar kurqanına baxırıq. Azərbaycandakı torpaq kurqanlardan fərqli olaraq burda dəfn edilənlərin üstünü daşlarla örtüblər. Çar kurqanı çoxdan araşdırılıb. Bizimlə bərabər kurqana turistlər də baxır. Brontay nəyə görəsə onlardan biriylə mübahisə edir. Sonra məlum olur ki, mübahisə etdiyi tarixçi alimdir və Bolqarıstandan gəlib. Brontay kurqanların türklərə məxsusluğu, skiflərin türklüyü və indiki slavyan bolqarların kökünün türklərə bağlı olması ilə bağlı tarixçi alimə ağıllı-başlı bir "dərs" verir. Sonda bolqar xristian olduğunu boynuna almır, mən tanrıçıyam deyir. Əlaqə saxlayacağımız barədə vədələşib ayrılırıq... Kurqandan azca aralıda bir daş sırası, yaxın dağların ətəklərinə kimi uzanan bir daş sıralaması, balbal karvanı var.  Eynilə Tunyuquk abidəsinin yanında, Monqolustanda belə bir daş sırası görmüşdüm. Orda bu daşların Tunyuqukun öz qardaşının intiqamını almaq üçün öldürdüyü düşmənlərin sayını bildirmək üçün qoyulduğunu yazmışdım. Bəs burda? Bu daşlar nəyin əlamətidir. Yoxsa təbiətin öz düzgüsüdür?

Altay kurqanlarının tapıntıları ümumi skif mədəniyyəti adına Ermitajda nümayiş etdirilir. Dünyada məşhur oan, daha doğrusu bugünədək gəlib çatmış ən qədim xalça da Pazırık kurqanlardan tapılıb. Persiya adıyla təqdim olunsa da onun bir türk-Azərbaycan xalçası olması şəksizdir. Çünki o vaxt İran-Persiya ərazisində  bu tipli xalçalar yalnız Azərbaycanda toxuna bilərdi...

Pazırık tuvimlərin dilində kurqan deməkdir və bütövlükdə kurqan mədəniyyətini ifadə edən bir sözdür.

lll

Həmin gün çox sərt yolu olan, qayaların ovcunda yuvaya bənzər Çike-Taman adlı bir aşırımda da dayandıq, çay içdik. Brontay çayxananın adını göstərdi: Turan! Bəli Turan torpağında olduğumuz hər addımda hiss olunur. Çayxana adları bu gün var, sabah yoxdur, amma bu yerin-göyün, dağın-daşın, çayların, göllərin, yolların və mənzillərin adı əbədidir. Altay xalqının özü kimi...

Onduqay aymağına gəlməyimizin bir səbəbi də buranın Brontayın, Diman Belekovun vətəni olmalarıdır. Yolüstü Brontay doğulduğu doğma Kuladı kəndini göstərir.

Sonra Dimanın alma, ərik bağları  və sanki dünyadan qopub dağlar arasında təklənməsi ilə yadımda qalan kəndlərindən də keçib getdik. Həmin gün 450 kilometrdən artıq yol keçdik. Gördüyümüz yerlər biri-birindən maraqlıydı. Ən unudulmaz mənzərələrdən biri Katunla Çuy çaylarının birləşdiyi yerdi. Eynilə Arazla Kürün birləşdiyi kimi Çuyun ağ-bulanıq suları Katının içində bir xeyli qarışmadan axır, sonra onun da rəngini dəyişir, ancaq yollar boyu Katun o qədər göz yaşı kimi dupduru suyu olan çayları qoynuna alır ki, bu bulanıqlıqdan əsər-əlamət qalmır. Dağlıq Altayda dağ çayı var və onun da çoxu Katuna qarışır...

 Bizi müşayiət edən tarixçi Çuy çayının o üzünü göstərir. Qarşı yaxada bir silsilə, sonra daha uca, qayalı və sərt bir silsilə:

"O arxa dağların arasında mağaralar var. Türkün qorunduğu yer oradır. Ötükeni, yəni türk soyunun sonuncu fərdini Qurd nənəmizin-Asinanın qoruyub çoxaltdığı yeri Monqolustanda axtarırlar, tapa bilmirlər. Tapa bilməzlər də! Türkün beşiyini monqol düzlərində axtarmaq əbəsdir. O burdadır, Altay dağlarının qoynunda, əlçatmazlığında!"-deyir.

Çuyla Katunun birləşdiyi yerdə, bələdçinin göstərdiyi dağın ətəyiylə yol çəkilir. "Bəlkə gedək!" deyirəm. "Vaxtımız olsa gedərdik! Amma yolu çətindir". Gülə-gülə: "Mən köhnə dağçıyam!-deyirəm.

İki çayın birləşdiyi yerdə, Katunun sol sahilindəki yastanda nəhəng bir bayraq abidəsinin ucaldılması nəzərdə tutulur. Yol da ona görə çəkilir. Həmin bayraq türklərin bu dağların bağrından qopduğunun rəmzi olacaq. Bu yerlər mağaraları, kurqanları, qayaüstü yazıları ilə məşhurdur. Bunların hamısı, Altay boğaz səsi və qayları-mahnılarıyla bərabər, Diman Belekovun təşəbbüsü ilə YUNESKO-nun qorunan dəyərlər siyahısına salınmışdır.

Dağlıq Altayın ən böyük mənəvi xəzinələrindən biri qayaüstü yazılardır: Biçiktu (yazılı qaya), Kalpakdaş və s. Həmin gün biz Kalpakdaşa baxa bildik. Böyük ərazini tutan yastı qayalardakı yazıların əsatirlərlə, qədim inanc və kosmik düşüncəylə yozula bilən görüntülərini bir gəlişdə gəzib-görüb yadda saxlamaq çətindir. İstidə qızmış qayaların həniri adamı vurur. Buna baxmayaraq bizi qarşılayan dəstənin içində gəlmiş tarixçi gənclə iki saat boyu, bir qayadan başqasına adlayır, bu açıq qalereyaya baxır və onların yozumunu dinləyirəm...

Ancaq bu qayaüstü yazıları hər yerdə bir vəhşilik və düşmənçilik izləyir. Hər yerdə yazıların, rəsmlərin ən qiymətlilərinin və qədimlərinin üstündən nadan əlləriylə adlar cızılıb. Qayanın içinə işləyən qalın hərflərlə: Nataşa, Nikolay, Vasya və s. Məncə, bu təsadüfi deyil və cahillikdən, kefli başla edilmir, bu vəhşilik də deyil; bu qəsd və düşmənçilikdir.

Kalpak daşın ətrafındakı seyrək meşəli, qayalı dağlar bizim Böyük Qafqazı xatırladır. Burda vadi genişdir. Yamaclar nəhəng terraslar kimi doğram-doğramdır. Bəzi yerlərdə qədim arx yerləri və bələdçimizin dediyi kimi "türk qalaları"nın qalıqları görünür.

Arada Altayın qüruru və rəmzi olan Üç Sumer zirvələrini salamlamağa imkan da tapırıq.

Bu qədər uzun yol gedəndən, qayaüstü yazılara baxandan sonra yorğun-arğın, nisbətən balaca bir çayın Katuna töküldüyü yerdə salınmış istirahət zonasına gəldik. Brontay "Ədəbiyyat günlərində qonaqlara burda, eləcə açıq havada, çəmənlərin üstündə yemək vermişdik, ətrafda heç bir tikili, aul yox idi. Bu düşərgə sonralar, Dimanla mənim ideyamla tikildi"-deyir. Niyə məhz buranı seçmisiniz?"- soruşuram. İzah edir ki, bu çay qovşağının xüsusi bir mikroiqlimi var, həm də tarixi yerdir, ətrafı gözəldir. Katuna qovuşan çayın üstündəki asma körpüdən adlayıb bizim üçün ayrılmış yurdda yerləşirik. Birinci Eduard, vaxtilə milli güləş üzrə respublika çempionu olmuş iri cüssəli ev sahibi girir çaya və məni də dəvət edir: "Soyuq olmağına baxma, sonra çıxmaq istəməyəcəksən!"-deyir. Gurultuyla axan, bir az ehtiyatsızlıq eləsən səni də alıb apara bilən bumbuz dağ çayı bir anda yorğunluğu yudu. Bundan sonra aclığımız yada düşdü. Qayaların altındakı köşkdə gecə saat 2-yə kimi oturduq. Kimsə yatmaq istəmir. Sibir türklərinin tarixi və taleyindən, əlaqələrimizi möhkəmlətmək yollarından, türk tarixindən danışdıq. Eduardın Azərbaycan haqqında da xatirələri var. Gəncədə, Goranda, Mingəçevirdə əsgər olub. Dağlıq Altay, tuva, xakas milli güləşinin tarixindən maraqlı söhbət edir. Bu barədə kitab yazıb.

Güləş yarışları yenə keçirilir. Monqollar da qonaq gəlir.

Altay dili ərəb, fars, Avropa sözlərinin qarışmadığı təmiz dildir. Ara-sıra bizim arxaik sayıb işlətmədiyimiz sözlər bir-birimizi daha yaxşı anlamağımıza kömək edir.

 Bütün gecə söhbətlərimizin bir musiqi müşaiyətçisi var. Altay mahnılarının coxu süjetlidir. Təbiət, at, it bu mahnıların iştirakçısıdır. At ayaqlarının səsi, qartalların qıyıltısı...Qayçı azalıbmış, indi gənclərdə xalq musiqisinə maraq artır. Qayçı gecə boyu bir neçə musiqi alətində çalır. Oxuyur, mahnının içində gülməli dialoqlar aparır. İkitelli kopuz təbiətin bütün səslərini canlandıra bilir.

Brontayın da, Eduardın da arzusu budur ki, türklər bu diyara tez-tez gəlib getsinlər, onsuz da turist axını ildən-ilə artır, belə getsə təbiətin ilkin gözəlliyini qorumaq çətin olacaq. "Qoy Altay yenə türklüyün mərkəzi olsun; bir qoruş yerinə, bütün türk xalqlarının tarix yaddaşı yerinə, milli varlıqlarını qutlama yerinə, bir türk ocağına çevrilsin. Qorunsun. Bu axşam Brontay bəyin Sibir türklərinin ümumi tarixi və mədəniyyəti haqda geniş ensiklopedik bilik sahibi olmasına sevindim. Onun və Sergeyin Sakaninin inkişafı ilə bağlı söhbətləri bu bölgədə türklüyün yeni intibahından xəbər verir.

...Köhnə vərdişlə yuxudan tez oyanmışam. Bu dəfə Eduardı gözləmədən çaya baş vurdum. Soyuq su adamın bədənini dağların dözümü və enerjisiylə doldurur.

Sabah erkəndən yenə iri qazan ocağın üstündədir. Altaylılar səhərlərini də ətlə açırlar. Əti iri parçalar halında, sümükləri qırmadan qazana atıb bişirirlər. Çörək az yeyirlər. Daha çox qızardılmış xırda çörək parçaları, mantı qoyurlar süfrəyə. Uyğurlarda görüb bəyəndiyim samza və bal da əskik olmur.

Eduard səhər yeməyi zamanı torpaqlarının azlığından, qışlaqlarının Altay diyarında qaldığına görə mal-qara, qoyun və maral sürülərini qış aylarında saxlamağa yerin çatışmadığından, Altay xalqının halal torpaqlarının əllərindən çıxdığından gileylənir. Başımı qaldırıb ətəyində oturduğumuz qayalıqlara baxıram. Ətəyində yox, altında deməliyəm, çünki qayalar qanad kimi üstümüzə gərilib, azca çırpılsa nəhəng daş yığınlarının altında qalarıq.

Eduardla vidalaşıb Ust-Kan aymağına üz tutduq.

lll

Aymaqlarda keçirdiyimiz günlərin hər birinin öz gözəlliyi və unudulmaz yönləri vardı.

Yenə yolda gözləyirlər bizi. Ust Kan (Qan ağzı) rayon icra hakimiyyəti başçısı Qriqori Nikolayeviç Pilkin, adı çaşdırmasın, tərtəmiz altaylıdır; yüksək mədəniyyətli, təcrübəli, söhbətcil bir adamdır. Köhnə dost kimi qarşıladı məni.

Yenə qonağa həsr olunmuş şeir səslənir: 

"Göz yetməyən uzaqlıqdan gəldiniz,
əziz qonaq.
Atla çatmaq olmayan yerdən gəldiniz,
əziz qonaq.       
Yolunuz açıq olsun. Göydən gələn
Tanrı nemətlərinə qonaq olun,
əziz qonaq.
Bizim ağartışdan yeyin ki,
bərəkətimiz artıq olsun..."

Altayın həyatını bir il öncə dəyişmiş məşhur qayçıçı Aleksey Kalkinin oğlu da qarşılayanlar arasındadır. Atasının yolunu o davam etdirir.

Yenə aşırımda ağaclara lent bağlayırıq. Sonra göz önündə seyrək meşəli, bol otlu geniş bir vadi açılır. Burda vaxtilə Altayın ən böyük qoyunçuluq təsərrüfatı olub, 90 min qoyun saxlayıblar.

 Öncə Ust Kan muzeyinə baş çəkirik. Muzey böyük olmasa da altaylıların qədim mədəniyyəti, yaşayış tərzi, geyim-keçimi, məişəti haqqında təsəvvür yaradır... Muzeyin maraqlı yönlərindən biri burda tez-tez məktəblilərin rəsm sərgilərinin, bəzən də ayrıca bir gənc rəssamın sərgisinin keçirilməsidir. Belə sərgilərə maraq böyükdür və uşaqları muzeyə cəlb edir. Burda Altayda çox rast gəlinən və bir-birini təkrar etməyə daşbaba örnəkləri də var. Yadıma Ağdamda Şahbulağ altındakı daşbaba düşür. İndi yəqin ki, ermənilər Pazırık xalçası kimi onu da öz adlarına çıxarırlar. Yəqin imkanları olsa bu Altay heykəllərini də erməniləşdirərlər... Muzeyin maraqlı tərəflərindən biri də burda yaxın dövrlərə aid olan eksponatlardır. Məsələn, müharibə dövrünün məktubları... Bizdə kəndlərimizdə nə qədər belə əhəmiyyətli və millətin ruhuna, taleyinə işıq salan yazılar gərəksiz bir şey kimi atılıb gedib...

Muzeydən sonra Altay Respublikasının turistləri ən çox cəlb edən tarixi guşələrindən birinə - Denisov mağarasına gedirik. Dünənki istidən sonra hava birdən-birə sərinləşib, yağış çiləyir. Yol Dağlıq Altayda gördüyüm ən geniş çöllükdən, seyrək ağaclı, parkabənzər meşələrdən, Altay, rus, qazax kəndlərindən keçir. Altay dağlarına gələn yolun biri də budur. Vaxtilə N.K. Rerixin Altayı öyrənən ekspedisiyası da bu yoldan keçib. Həmin ekspedisiyanın üzvlərindən biri qeydlərində yazırdı ki, yol və mənzərə heyranedicidir, Rerixinin xanımı mavi, çəhrayı, sarı, al çiçəklərin xalısını görəndə ağlamaq dərəcəsinə gəlmişdi.

Altayların Ayu Daş dedikləri rəsmi yazılarda Denisov mağarası olub və yerlilərin də təəccübləndiyi bir şəkildə Altay sərhəddinin içindən çölünə adladılıb.  Bələdçimizə bir rus xanım da qoşulur. Dik pillələrlə mağaraya qalxırıq. Mağaranın girişi nəhəng bir ayı ağzına bənzəyir. Cəmi iki salondan ibarətdir. Mağara deyiləndə mənim yadıma sonuncu dəfə Türkiyədə, Tokatda gördüyüm mağara düşür. Dar girişdən sonra bir tunellər labirintinə düşürsən. Hələ çoxunun sonunadək gedə bilməyiblər. Sonradan özəl tikilmiş daş pillələr sanki yerin mərkəzinə endirir. Ən dibdə də yeraltı bir göl. Yerin üstündəkindən solğun olmayan yeraltı aləm, qeyri-adi rənglər dünyası xatirənə əbədilik həkk olunur. Onunla müqayisədə Denisov mağarası adi bir kahadır. Ancaq buranın dəyəri elmi bilgilərindədir. Burda üst-üstə neçə mədəniyyət qatı, ən azı 300 min ilin insan izləri var. Halbuki bu araşdırmalara qədər bu izlərin yaşı cəmi 50 min il sayılırdı. Altaylılara görə nə vaxtsa bu mağarada nəhəng bir  Qara Şaman yaşayıb və o istədiyi zaman ayıya çevrilə və bütün ətraf əhalini qorxu altında saxlaya bilirmiş...

lll

Geri dönərkən Turattı adlı qazax kəndində dayanırıq. Kənd icra nümayəndəsi Tamara bacarıqlı bir qadındır. İkinci Dünya müharibəsində bu kəndin yetişdirdiyi dörd gənc Sovet İttifaqı Qəhrəmanı olub. Kəndin içində qoyulan abidələrini ziyarət edirik. Şəhid məzarı, düşmənlə savaşda həyatını qurban vermiş hər bir gəncin xatirəsi hörmətəlayiqdir...

 Abidənin yanında məscid tikilib. Ancaq görünür qapısı çoxdan açılmayıb və yolunu ot basıb. Yerlilərdən kimsə deyir ki, bu kənddə bir azərbaycanlı da yaşayır. İcra nümayəndəsi öyrənir. Evi kəndin aşağı başındadır. Bir qazax qızıyla evlənib, Novosibirskdən gəlib, burda ev alıb. Ancaq görüşə bilmədik. Harasa gediblər.

Vidalaşıb aymağ mərkəzinə qayıdırıq.

lll

Yenə bir dağ ətəyindəki istirahət və ya turist mərkəzində qalır  və gecəyarısına kimi icra başçısı Pilkinlə söhbət edirik.

Bu aymağın geniş otlaqları var. Əsasən heyvandarlıqla məşğuldurlar.

İcra başçısı yerli adət-ənənələrdən danışır. "Məsələn, toyda burnu soyuq olan heyvan kəsmirlər. Qoyun olmaz. At, cöngə kəsilər. Gəlin bəy evinə bir hörüklə gəlir. Bəy evində hörüyünü ikiyə ayırırlar.

Qapılar bağlanmır. Yolla keçən ac olsa evə dönüb bir şey yeyib gedə bilər. Sonra ev sahibindən üzr istəmir, əksinə ev sahibi üzr istəyir ki, bağışla evdə olub sənə qulluq edə bilməmişəm. Ovçular haqqında maraqlı əhvalatlar danışır.

Rusiyadan ovçular gəlir. Yerlilərdən ovlamağa nə var deyə soruşurlar. "Fildən, dovşandan başqa hər şey"deyə cavab verirlər. Ovçular meşəyə girən kimi qarşılarına Altay öküzü, sonra at çıxır. Ov heyvanı sayıb vururlar. Camaat yığışır ki, siz belə ovçuluğu elə evinizdə də eləyə bilərdiniz..."

Gecə yayın ortası üçün gözlənilməz bir leysan yağış yağır. Yaz yağışına bənzər bir yağış.

Ertəsi gün, ayın 23-də saat 11-də aymağın Mərkəzi Kitabxanasında mədəniyyət işçiləri, kitabxanaçılar və müəllimlərlə görüşümüz var. Brontaya bir saata yekunlaşdıraq deyirəm. İnanma, deyir, gündə əllərinə belə fürsət düşmür. Görüşü icra başçısı Pilkin açdı, çox səmimi bir çıxış elədi. Onun və sonrakı danışanların çıxışlarında diqqətimi çəkən və xoş təsir bağışlayan boş, gəlişigözəl söz deməmələriydi. Bəlli oldu ki, internetə girib mənimlə bağlı nə varsa gözdən keçiriblər.  Bəzi kitablarımın ruscaya tərcümələrini də oxumuşdular. Buna görə suallar da yerli-yataqlıydı, maraqlıydı. Məsələn, kitabxananın müdiri yarızarafat, yarıciddi soruşdu: "Siz kitabınızda yazırsınız ki, Şimali Azərbaycan bir qartala bənzəyir, Bakı onun başıdır. Bəs ürəyi haradır. Ürəyimdən keçdi ki, ürək Qarabağdır. Ancaq bu sual daha lakonik və şux cavab tələb edirdi. Dedim: Azərbaycanın ürəyi mənəm. Sizin qarşınızda oturmuşam... Hər bir şair vətəninin canlı ruhu olmalıdır.

Çox maraqlı və səmimi görüş oldu. Sonra yerli musiqiçilərin yığcam konsertini dinlədik. Nə qədər tələssək də kitabxanaçı qızlar, bu yeməkləri evdə bişirib gətirmişik deyə, bizi qonaq eləmədən buraxmadılar.

Hara gediriksə Sergeyin ustalığı yolları qısaldır. Axşamüstü Tursibdəydik. "Gedənədək sizə ehtiyacım olmayacaq,"- deyə onlarla vidalaşıram.

lll

Əlimdəki yazıya o qədər bağlanmışdım ki, hətta Katun çayının sahilindəki narın qumlu çimərliyə, velosiped, at kirayə verilən yerlərə getmək həvəsimi boğur, səhər otaqda Altay balıyla çay içir, gün ərzində cəmi bir dəfə, axşam saat 5-də eyvanı çaya açılan restoranda, bu restoranı tikənlərin ağacla işləmək məharətinə və ağcaqayınların zərif qız saçları kimi eyvana və çayın üstünə sallanan saçaqlı budaqlarına tamaşa edə-edə çol heyvanlarının ətindən hazırlanmış yüngül bir yemək yeyir, üstündən bir bardaq soyuq kefir içib yenidən otağıma, daha doğrusu açıq eyvana qayıdıram. Katun çayının səsində bir dinclik və uşaqlıq xatirəsi var. Yel əsəndə bu səsə şam ağaclarının kədərli xışıltısı da qoşulur. Bu yay isti keçdiyindən meşələrdə kəpənəklər və pərvanələr artıb. Gecələr eyvanın işığına uçuşur, sanki işığa pərdə çəkir və məni bilgisayarımı da götürüb otağa keçməyə məcbur edirlər. Hava tez işıqlanır, saat 4-5 arasında bu mələk cildli yarpaq qatilləri yoxa çıxır və mən də qayıdıram açıq havaya..

lll

Altaya gəlib Marallıqlara getməmək, şıtğa maral buynuzunun vannasına girməmək günahdır. Yolun yorğunluğunu çıxarmaq üçün elə həmin axşam yaxın Marallıqların birinə getdim.  İki qadın işləyir: Avqusta, Asta. Azərbaycandan xeyli adam tanıyırlar. Avqusta "Azərbaycandan bir deputat gəlmişdi bura, deyir,- hər dəfə onu görəndə ağlayırdım, elə bil atamı görürdüm. Yüzdəyüz atamın sifətiydi sifəti. Bu da doğmalığın bir əlamətidir...

Ayrılanda zarafat edirəm: "Mən yazıçıyam. Qayıdanda yazacağam. Dağlıq Altayda Marallığa getdim, cəmi iki maral gördüm".  Gülüşürlər. "Minə yaxın maralımız var. İndi, yuxarıda, yaylaqdadır" deyirlər. Bu zarafat bəs edir ki, hər axşam orda məni növbədənkənar, gülərüzlə, xüsusi qayğıyla qəbul eləsinlər...

Nə qədər arzulasan da, təkbaşına qalmaq o qədər də asan deyil. Vaxtilə Bakıda qonağımız olmuş Altayın tanınmış ifaçısı İrina Kenzina zəng vurur. "Eşitmişəm, Altaydasınız!-sonra dəqiqləşdirir,-daha doğrusu feysdən oxumuşam. Mənə niyə zəng vurmursunuz?" Bəhanəm var. "Bilirəm, sən buralardan uzaqda yaşayırsan!" "Yox, indi yaxındayam, Çemalda, qardaşlarımın yanına gəlmişəm". " Mən də Çemalda, Tursibdəyəm, -deyirəm. Axşam gözlənilmədən bu dağların iki gözəl ifaçısı və müğənnisi İrina və Jıldız eyvana qalxırlar. Jıldız milliyyətcə şordur. O da Bakıda türkçülük bayramında qonağımız olub. İrina mənim şeirlərimi altaycaya çevirib. İndi də bərabər yeni konsertə hazırlaşırlar.

lll

Altay bir təbiət möcüzəsidir; insanın ağlına gələn bütün doğal gözəlliklərin toplandığı bir yerdir. Sibirin ən uca nöqtəsi olan Üç Sumerdə Kadın-bacı zirvəsindən (hündürlüyü 4506 m) düzənliklərə qovuşan dağ ətəklərinədək, tayqadan tutmuş gül-çiçəyi göz oxşayan yaşıl çöllərədək çeşidli ilğım qurşaqları, dərin dərələrin, bərəkətli vadilərin, şırım-şırım doğradığı saysız dağ silsilələri, meşələr, sıldırım qayalar, tarix sirlərini qoruyan mağaralar, buzlaqlar və buzlaqlardan başlanan möhtəşəm Katun çayı, Baykaldan sonra ən böyük və ən dərin içməli su hövzəsi olan Teles gölü (Altun göl), Çuy, Çuluşman, Arqum, Kökçə, Yaloman, Ursul, Qaraqudur, Karagöl, Kızıltoprak, Aylaquş, Akkaya, Akkeve, Altınkayak, Arça, Batıqran, Balıkça, Barda, Bayak-Çaqan, Balanık, Karabulak, Karaqan, Karasu, Karaözək, Çöksu, Kuba, Komurlu, Kızılkaya, Ortolik, Sarıaçık, Sarıözək, Sıqara, Solvayrı, Sınırlı, Toşta, Tozak, Uzun oyuk, Ulusu, Çapış, Çeliktaş, Ucal, Uçurqa, Cumalı və s. Hər biri bir təbiət abidəsidir. Bu cür tanış, qədim türk adları daşıyan bol sulu, çoşğun dağ çayları Dağlıq Altayın ən böyük sərvətlərindən biridir. Burdakı irili -xırdalı çayların sayı təxminən 20.000-dir. Çaylar boyu gözəl istirahət düşərgələri salınıb; turist axını ildən-ilə artsa da təbiətin ilkin gözəlliyi pozulmazdır.

lll

Altay miflər, nağıllar ölkəsidir; az qala hər dağın, hə gölün, hər çayın, hər bölgənin, hər yolun öz əfsanəsi var. Məsələn, Katun çayının əmələ gəlməsi bir məhəbbət əfsanəsi ilə bağlıdır. Çayın altayca adı "Kadın- Su"dur. Kadın- Su Biy-su ilə, yən Bəy çay ilə qovuşub dünyanın ən böyük çaylarından bir olan Obu əmələ gətirir. Sibirdəki müxtəlif türk ləhcələrində Obun fərqli adları var: Umar, Omar, Amar, Akuar, Ana çay, İlahə çay və s. Bunun bir səbəbi Katunun qədim adının Humay- Böyük ana və ya göylər ilahəsidir.

Qədim türklərdə Kan- Xan erkək hakimdirsə, Nan qadındır və görünür nənə sözü də burdan gəlir.

Sütun kimi yüksələn qayalar, yazılı daşlar, qədim suvarma sisteminin nişanəsi olan arxlar, kurqanlar haqqında da çoxlu əfsanələr var.

Altaylılar elə hesab edirlər ki, uşağı olmayan bir qadın yazılı Kalpak daşda niyyət eləsə, Göy Tanrıdan uşaq diləsə hökmən arzusuna çatacaq.

Şumerin mədəniyyətinin Şərq kökənli olduğunu nəzərə alsaq qədim Mesapatomiyadakı İnanna adlı ilahə də Altay mifologiyası ilə bağlanır, bəlkə Şumer adını da Üç Sumerdən aparmışdılar.

Altay sözünün ilkin variantı Altun Aydır, yəni Qızın Al. Qədim Altaylılar Aya tapınır, Ay təqvimini kullanır, Yeri Ayın övladı sayırdılar. Altaylılar öz ulu atalarına Altay- Kuday ( Xuda) deyirdilər.

Altay sözü burda yaşayan xalq üçün çox geniş və qutsal anlam daşıyır və bu sözü hətta ölkə mənasında işlədirlər. Birinin hardan olduğu ilə maraqlananda "sən Qazax Altaydansan?" , "Sən Qırğız Altaydansan?"deyə soruşurlar. "Altayca danış" yerinə-altayla deyirlər...

Qeyd etdiyim kimi, Altayda toponimlərin böyük əksəriyyəti qədim türkcədir. Altay dili ərəbcənin, farscanın əli yetişməyən bir uzaqlıqda, öz ilkin saflığını qoruyub saxlamışdır. Altay şeirində alletrasiya və bizim folklorumuzda az-az da olsa rastlaşdığımız kimi, misraların ilk sözlərinin qafiyələnməsi geniş yayılmışdır.

Ünsiyyət zamanı düşünürsən ki, bu sözlərin bəzilərini niyə yenidən dilimizə gətirməyək. Məsələn, altaylılar eynilə Türkiyədə olduğu kimi, "hakim" əvəzinə "yarqıc" deyirlər- məhkəmə yarqıcı, idman yarqıcı və s. Dil kimliyini  və gözəlliyini qorumuş onlarla bu cür söz var. Məsələn: alanzı (şübhələnmək), albatı (xalq), andış (zarafat), arbutken (təbiət), acın (hirslənmək), baylık (zənginlik), başkar (rəhbərlik), bilgir (elm), bile (ailə), biçik (kitab), işyal (əməkhaqqı), yayınış (sirr), yakşılaş (salamlaşmaq), yarqanat (sahil), yebren (qədim), yürükçü (ressam), kaykal (təəccüb), qoşançı (müğənni), ün (səs), komusla (komuz çal), çaqış (ağıl), tura və ya dura (ev), uçarsu (şəlalə), ırıs (xoşbəxtlik), əmiçi (həkim) və s...

Altay eposu dünyada məşhurdur. "Maday-Kara" dünya folklorunun şah əsərləriylə bir sırada dayanır...

lll

Yollar boyu Brontay Bedyurovla- Er-Tadruşla- tarixdən, dünya siyasətindən başlamış, etimalogiyaya qədər-dağı arana, aranı dağa daşıyırıq. Şair, publisist, tərcüməçi, ictimai xadim, səmimi insan olan Brontay Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu qurtarıb.  Çox gəzib, çox görüb.  Kitablarında milli ruh güclüdür, xalq həyatı, adət-ənənələr, Altay tarixi haqqında çox yazır və Oyrot dövrü Altay əfsanələrini, Altay xalqının milli azadlıq mübarizəsi ilə bağlı rəvayətləri ilk dəfə o qələmə alıb. Ekzüperini və yapon lirikasından nümunələri altaycaya çevirib. Rusiya Dillər Akademiyasının akademikidir.

lll

Altayda olduğum sonuncu günlərdə dağların daha bir möcüzəsinin şahidi oldum. Hava birdə-birə soyudu, yağış gəldi və ilk baharda olduğu kimi göy gurultusu dağları silkələməyə başladı. Bu şişirtmə deyil, onu bilirəm ki göy gurultusu və ildırım çaxması haqqında da çoxlu araşdırmalar aparılıb, hətta ildırımın daha güclü olduğu yerlərin xəritəsi də var. Məncə, Altay o xəritədə ön yerlərdən birində dayanmır, ancaq burdakı kimi göyün parçalanıb yerə töküləcəyi təsəvvürü yaradan güclü şimşək çaxışına heç yerdə rast gəlməmişdim. Uzun müddət eyvanda oturub yayın ortasında bu təbiət möcüzəsinə tamaşa edirəm...Yola düşməzdən əvvəlki gün Diman Belekov nəvəsi ilə birgə vidalaşmağa gəldi. Tursibin həyətində, köşkdə oturub söhbət edirdik. Məni dilə tutub yeməyə aparmaq istəyirdi, ancaq mən neçə gündən bəri davam etdirdiyim rejimi pozmaq niyyətində deyildim. Altay haqqında təəssüratlarımı bölə-bölə, orda olduğum günlərdə eşitdiyim arzu və təklifləri çatdırırdım. Əslində, doğrudan da, Altay Türk dünyasının bir görüş yerinə çevrilə bilər. İlk Türk Xaqanatının 545-ci ildə yarandığı rəsmiləşdirilsə də, Altayda da gözəl bilirlər ondan öncəki Hun, Skif-Sak imperatorluqları da türklərə məxsus idi. Bunların hamısı Altayla bağlıdır. Yəni hardan başlayırsan başla, tarixin hansı yolundan keçirsənsə keç, Altayın qızıl dağlarından yan keçə bilməzsən. İldən-ilə böyüyən turist axınında Altay təbiətini qorumaq indi əsas qayğılardan birinə çevrilib.

lll

Ertəsi gün tezdən hazırlaşıb Ejerlə Sergeyi gözləyirdim, ancaq qəfildən Brontay döydü qapımı. "Niyə əziyyət çəkmisən" sualıma "Şukşinin ev muzeyinə baxmaq istəyirdin, ora kimi bərabər gedək!"- dedi, -həm də səni "Sibirski Oqni" jurnalının əməkdaşı Yeqor  Plitçenko ilə tanış etmək istəyirəm, dostumuzdur..." Mən Yeqora son vaxtlarda "Literaturnaya qəzeta"nın Moskvada yaşayan Azərbaycan şairlərinin şeirlərinə və Azərbaycan folkloruna geniş yer ayrılan layihələrini örnək gətirərək Sibirdə yaşayan azərbaycanlılara diqqəti artırmalarını xahiş etdim.

lll

Tarixi şəxsiyyətlərin heykəlləri, rəssam əliylə yaradılan portretləri, fotoları zamanın axarından qoparılan anların ifadəsidir, ömür okeanından damladır, illər boyu yaşananların xırdaca bir həniri, əsintisidir. İnsanın həyatı boyu keçdiyi yolların, çəkdiyi əzabların, duyduğu sevincin və kədərin bütün mürəkkəb mənzərəsini hansısa donuq şəkil və ya qranit əks etdirə bilər. Buna görə də hər hansı heykəldə yaradılan xarakterin ən ümumi cəhəti ifadə olunur; kimsə orda axtardığını tapır, kimsə tapmır.

   Böyük rus yazıçısı Vasili Şukşinin doğma kəndi Srostkada qoyulmuş heykəli də onun ömrünün qısa bir parçasını, bu kəndlə bağlı günlərinin bir görüntüsünü əks etdirir, lakin heykəltaraş onun xarakterini o qədər dəqiqliklə duymuş, təbiətlə, bu yerlərlə bağlılığını, burda keçirdiyi yaşantıları-abidənin ümumi fəlsəfəsi, seçildiyi yer və forması ilə o qədər ustalıqla ifadə etmişdir ki, bu möhtəşəm abidəyə həyəcansız, ürəyin titrəmədən baxa bilmirsən.

Şukşinin anası üçün aldığı, özünün çox az yaşadığı evin yanından ötüb kəndin üstünə, Piket dağına qalxdıq. Maşınları saxlamağa ayrılan meydançada yol bitir, sonra məxmər kimi bir çəmənlik başlayır. Yenicə yağmış yağış çəmənliyə milyonlarla göz bağışlayıb. Elə bilirsən bu gözlərin hamısı sənə baxır. Qotaz bağlamış iri yarpaqlı maral yoncasının tünd qoxusu vurur adamı. Ancaq göz önündə açılan mənzərə fikrini yerdən ayırır, diqqətini -uzaq üfüqlərə doğru çəkir. Birdən elə bilirəm çəmənliyin o başında iri gövdəli bir adam oturub, bu mənzərəyə tamaşa edir. Heykəlin gözəlliyi də elə bundadır. Məşhur yazıçı, kinorejissor, aktyor, Rusiyanın əməkdar incəsənət xadimi, Dövlət və Lenin mükafatı laureatı- yazdığını və çəkdiyini bürokratiya maneələrindən keçirənəcən əldən düşmüş halda doğma kəndə qayıdıb, anasıyla qucaqlaşıb, göz yaşını onun göz yaşına qatdıqdan, qohumlarına baş çəkdikdən sonra dəlicəsinə sevdiyi doğma mənzərəni seyr etmək, saf havadan doyunca udmaq, yaşıllıq dənizində gözlərini dincəltmək üçün kəndin üstündəki dağa qalxıb. Ayaqyalın, baş açıq... bir daşın üstündə oturub. Üzünü çöllərə, göz önündə sonsuz genişlik və yaşıl bir dəniz kimi dalğalanan meşələrə tutub; Dağlıq Altaydan enib Sibirə, ordan böyük dünyaya uzanan Çuy şossesi görünür.

Bu, Şukşindir. Onun öz yazdıqları vurğunu olduğu yurduna- kiçik vətəninə bağlılığının ən gözəl ifadəsidir. "...Və olduqca gözəldir mənim vətənim- Altay: elə ki orda oluram, sanki göylərə yüksəlirəm. Dağlar, dağlar və elə bir genişlik ki, adamın ürəyi sızıldayır. Çox nadir, bənzəri olmayan bir gözəllikdir. Onu təsəvvür etmək imkansızdır. Onunla köksünü doldurmaq da olmur, nə qədər istəsən yenə azdır, ancaq baxasan və bu genişliyin havasını udasan".

"Vətən ...De nədən ürəyimdə bir fikir yaşayır ki, nə vaxtsa mən həmişəlik orda qalacağam. Hə vaxt?"

Yəqin indi oturduğu bu yamacda dəfələrlə buna bənzər düşüncələr keçib ürəyindən.

Bütün ömrü boyu bura can atmışdı, rejissorluqdan, aktyorluqdan əl çəkib, doğma Altaya qayıtmaq, anasının yanında ancaq yazıçılıqla məşğul olmaq istəmişdi.

Ömrünün sonuna yaxın əcnəbi jurnalistə verdiyi müsahibəni oxumuşdum. "Bu yaşımda anladım ki, hər yerə çatmaq olmaz, anladım ki, mənim yerim yazı masasının arxasıdır".

Bu arzusunu məktubla anasına da bildirir:

"Ana, bir xahişim var, mən gəlməmiş, evlə bağlı heç nə düşünməyin, yəni evi (sənin evini nəzərdə tuturam) satmayın. Gələrəm, nə etməli olduğumuzu düşünərik… Bu böyük filmdən sonra kino ilə az məşğul olmağı düşünürəm, lap az, ən yaxşısı yazmaq və evdə olmaqdır... Öz doğma yurdumda yaşayıb işləmək arzusundayam".

Söz yox ki, o öz qonorarıyla, anasına hədiyyə kimi aldığı evə qayıtmağı nəzərdə tuturdu.

Heykəltəraş böyük yazıçının ürəyinin yurd sevgisiylə, Altay dağlarının qutsal ruhu ilə, insanı təmizləyən, ucaldan saf havayla dolduğu yeri seçib.

Elə bilirəm Şukşin deyil, özüməm, kəndin qırağındakı təpədə oturmuşam. Dünyanın bütün alçaqlıqlarının, riyakarlıqlarının, ədalətsizliklərinin içində sıxılan, xıncım-xıncım olan bədənim, haqsızlıqlara üsyan eləyən ürəyim burda yavaş-yavaş dincəlir, torpaq ağrıların ağrısını sorur, hava düşüncələrimi nizama salır. Adətən heykəllər kəndin içində, həyətdə, məktəb önündə, yol qırağında qoyulur… Yox, heç yerdə bu rahatlıq yoxdur. Yazıçının sevdiyi yer buradır. Çünki şəhərlərin biganəlik və qeybət zəhəri yavaş-yavaş kəndin damarlarına da yol tapır, doğmalıq və təmənnasız sevgilər azalır. Öz-özüylə və təbiətlə baş-başa qalmaqdan başqa çarə yoxdur.

Tanış olsaq onu nə qədər dərindən duyduğumu bilərdi. Biz, kənd uşaqları bir-birimizə bənzəyirik. Arada minlərlə kilometr məsafə olsa da! O ana sevgisi də, təbiətə, gözəlliyə, düzlüyə, ədalətə, halal zəhmətə bağlılıq da insanlığın şərtlərindəndir. Burda məsafə və millət, dil fərqi unudulur! Ana sevgisinin, təbiətin və dərdin dili birdir!

Bəlkə elə bu birlik duyğusudur adamları uzaq məsafələrin üstündən bir-birinə bağlayan, məni bura gətirən də qəribə bir "yazıçı həmrəyliyidir".  Dağlıq Altayı görmək və köhnə yazıçı dostlarımla görüşmək istəmişdim.  Çünki zaman keçir, dünyada xalqları üz-üzə qoyan, insanın həyatını zindana çevirən gərginliklər artır və bəlli olur ki, bu xaosun içində öz mövqeyini dəyişməyən, görülməz sülh elçisi olan, heç bir düşmənçilik siyasətinin sındıra bilmədiyi bir qüvvə var: O da ədəbiyyatdır, qələm sahibləridir.

Şukşinlə görüşə bizi çəkən bu mənəvi qardaşlıq duyğusu idi!

Onun rus ədəbiyyatındakı yerini, Sibirin yetirməsi olan başqa bir məşhur rus yazıçısı Valentin Rasputin dəqiq ifadə etmişdir. "Bu gün həyatımızda namuslu, heç bir havada sınmayan, dəyişilməyən, sənətkar səsi -başdan ayağa yalnız ağrılardan, sevgi qanadlanmalarından və istedadından yoğrulmuş, öz taleyində Rusiyanın bütün iztirablarını daşıyan, onun üçün nəyin gərəkli, nəyin məhvedici olduğunu bilən rus insanı -Vasili Şukşin çatışmır".

Havanın tutqun olmasına baxmayaraq heykəli ziyarətə gələnlər, burdan onun baxmaqdan yorulmadığı genişliklərə baxan, yanında şəkil çəkdirənlər çoxdur.

Adamların əli yalnız ayaq barmaqlarına çatır, şəkil çəkdirəndə bu barmaqlardan o qədər tutublar ki, tuncun rəngi gedib, sanki ayaqlardan uzun yolların tozu təmizlənib.

Mən bilmirəm sağlığında Şukşini bu kənddə nə qədər anlayıblar, nə qədər seviblər, bu kənddə çəkdiyi filmlərə nə qədər yardım ediblər. Ancaq o indi bu kəndin şöhrətinə çevrilib. Ona görə kənd abadlaşdırılır, gəlib-gedənin ayağı kəsilmir. Şukşinin balaca vətəninin adı dillərdə dolaşır. Hər il burda Şukşin bayramı keçirilib.

Yazıçı taleyi belədir. Müqayisə eləmək və bu kövrək mövzuya acılıq qatmaq istəmirəm; əlbəttə böyük ölkənin yazıçısı olmağın üstünlüyünü də bilirəm, lakin bir anlığa onu da düşünürəm ki, görəsən bizdə əsl ədəbiyyata, doğru sözə, xalq ideallarına xidmətdə Şukşinin mənəvi bənzərləri, tale ortaqları olan yazıçılarımızdan, məsələn, İsmayıl Şıxlıya, İsa Muğannaya, Ənvər Məmmədxanlıya, İsi Məlikzadəyə, Sabir Əhmədliyə nə vaxt buna bənzər, daha doğrusu onların öz taleyinə bənzər heykəllər qoyulacaq, ev muzeyləri yaradılacaq. Bir çox heykəllərin, məzarların üstündən doğma yurdumuzun çeşidli qəsəbələrinə, Kür qırağına, dağ-aran torpaqlarımıza addımlamasını görmək istərdik.

Şukşin 1933-cü ildə atası güllələnəndən sonra anasıyla birgə qalmışdı, anasının söhbətləri ilə böyümüşdü. Öz dediyi kimi əsl kəndçi idi, Rusiyada kənd nəsrinin ən görkəmli nümayəndələrindən biri idi. Əsərlərinə də əyalət danışığının bütün kaloritini gətirmişdi. Eyni dil novatorluğunu biz Sabir Əhmədlinin əsərlərində də görürük. İsa Muğannanın da əsərlərinə Şukşində olduğu kimi bir çox filmlər çəkilib. Sabir Əhmədlinin Cəbrayılı düşmən işğalındadır, amma İsmayıl Şıxlı, İsa Muğanna, İsi Məlikzadə kimi yazıçılarımızın kəndlərində onların belə canlı heykəlləri qoyulmalı, muzeyləri yaradılmalıdır. Onların da xatirə günləri keçirilməlidir. Bizdə yazıçıların cəmi üç-dörd ev muzeyi var, halbuki, çağdaş ədəbiyyatımız Səməd Vurğun və Rəsul Rza ilə bitmir.

Bu düşüncələrlə Şukşinin heykəlinə yaxınlaşır, üzündəki qeyri-adi narahatçılığa baxa- baxa, xəyalən əsərləri ilə göz önündə açılan mənzərələrin ruhunu tutuşdurmağa çalışıram. Yadıma düşür ki, Şukşini mənə onun kəndin mənəvi və maddi dəyərlərinə amansız hücumların ağrıları ilə yazılmış hekayələri və əlbəttə, "Qırmızı Başınağacı" ("Krasnaya Kalina") filmi sevdirmişdi. Həmin filmə ilk dəfə 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq Kino Festivalında baxmışdım. Film festivalın baş mükafatını almışdı və haqlı olaraq kinematoqrafiyada yeni bir mərhələ sayılırdı.

Yağış gurlaşır və heykəllə vidalaşıb Şukşinin evinə, anası üçün aldığı və anasının tək yaşadığı həmən evə doğru endik. İndi ev səliqəlidir. Pəncərələrin yaşmaqları və taxta qapaqları ağappaq rənglənib. Asfalt yol düz qapıya kimi uzanır. Sağlığında necə olub, bilmirəm. Balaca otaqlar, sadə, kasıbyana mebellər, özünün və anasının otaqları əbədi bir ana-bala mehri içindədir. Bu mehrə bir də rus sobasının bərəkəti qatılıb. Yəqin yazıçı öz halal puluyla kəndin gözəl yerində, seçilən evlərdən birini alanda çox xoşbəxt imiş. Amma bura qayıtmaq ona qismət olmadı. İş-güc anasına tez-tez baş çəkməsinə imkan verməyəndə, həyət-bacaya, saraya, təsərrüfat tikililərinə baxmaq, evi yığışdırmaq yaşlı qadın üçün artıq əziyyətə çevriləndə, anasını şəhərdəki kooperativ evə köçürmək məcburiyyətində qalıb. Evin qabağındakı alma ağacı cırdır, amma arxadakı alma ağacları yaxşı bar gətirib və yağışda yuyulan almaların qızaran yanaqları uzaqdan diqqəti çəkir. Zarafata "Şukşin sağ olsa, bizi meyvəyə qonaq edərdi"- deyirəm.  Ejer sözümə bənd imiş kimi, hasarın üstündən uzanıb iki alma qoparır.

V.M. Şukşin bu kəndin kolxozçu gənclər məktəbində oxuyub.1989-cu ildə məktəb yenidən qurularaq Şukşin muzeyinə çevrilmişdir. Təəssüf  ki, biz gedəndə bağlı idi və muzeyə baxmaq qismət olmadı. Ancaq o möhtəşəm abidəni, evini və bütün ömrü boyu can atdığı və nə vaxtsa qayıdacağına ümid bəslədiyi yerləri görəndən sonra muzeyə baxmağa ehtiyac da qalmadı.

Altay diyarı ucsuz-bucaqsızdır, zəngindir, gözəllikləri göz oxşayır, amma yamacda oturub bu genişliyə tamaşa edən Şukşin olmasa buralar çox kasıb görünərdi.

 Bir azdan, Şukşinlə, Brontayla, bu günlərdə əziyyətimi çəkmiş Ejer və Sergeylə və nəhayət, ən çətini dağlarla vidalaşıb, Novosibirskdən gələn maşına oturub yola düzəldim.

lll

Axşam Elçinin oğlunun kiçik toyu Novosibirskdə yaşayan yerlilərimizlə görüşməyə bir bəhanə olacaqdı, ora tələsirdim... Doğrudan da çox səmimi, gur, səviyyəli bir toy oldu. Düşündüm ki, kim deyir biz Quzey Azərbaycanda on milyonuq. Uzaq Sibirdə də bir uşaq toyunda iki yüzə yaxın həmyerlimiz iştirak edirsə və bu mənzərə getdiyim yerlərin çoxunda təkrar olunursa onda sayımızı dəqiq bilmirik...

 Ertəsi gün Novosibirskdə Rus-Azərbaycan Evinə getdik, evin fəalları ilə tanış olduq, gördüyü işlər barədə Novosibirsk vilayət dumasının üzvü, bacarıqlı təşkilatçı, gözəl insan kimi bölgədə böyük hörmət qazanmış Musa Məmmədovun məlumatlarını dinlədik, Dünya Azərbaycanlıları Konqresinin Sibir təmsilçiliyini yaratdıq...

Səfər başa çatdı. Ancaq Altaydan başlanan yollar uzandıqca və yaşadıqca bu səfərlər başa çatmayacaq...

İyul
Dağlıq Altay-Bakı

 





08.09.2015    çap et  çap et