525.Az

Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası


 

Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası<b style="color:red"></b>

(Əvvəli 4 sentyabr sayımızda) 

Akademik Eyyub Bəşirovun "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" adlı kitabında toplanmış elmi məruzələr, arayışlar onilliklər ərzində aparılan araşdırmaların, tədqiqatların nəticələri, məhsuludur. Kitabdakı "Mal-qaranın məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması yolları", "Azərbaycanda camışların doğub-törəmə qabiliyyətinin yaxşılaşdırılması yolları", "Yemləmə və bəsləmə şəraitinin heyvanların doğub-törəmə (çoxalma) fəaliyyətinə təsiri", "Kənd təsərrüfatı heyvanlarının törədicilərinin tənasül fəaliyyətinə və verdikləri toxumun kəmiyyət və keyfiyyətinə təsir edən amillər", "Qaramal və camışların məhsuldarlığının yüksəldilməsi və sayının artırılması tədbirləri", "Ekstremal iqlim şəraitində mal-qaranın məhsuldarlığının artırılmasında əsas şərtlər", "Süni mayalamanın camışçılıqda tətbiqinin elmi əsasları", "Camışların çoxalmasının biologiyası və süni mayalandırılmasının metod və texnologiyalarının işlənib hazırlanması", "Azərbaycanın heyvandarlığında süni mayalamanın geniş tətbiqi ən vacib dövlət tədbirləridir", "Azərbaycanda ətlik maldarlığın inkişaf etdirilməsi tədbirləri", "Respublikanın təsərrüfatlarında, damazlıq işlərinin vəziyyəti haqqında", "Azərbaycanda seleksiya damazlıq işlərində intensiv texnologiyaların tətbiqi", "Azərbaycanda camışçılığın inkişafı və onun müalicəvi-dietik qida məhsullarının istehsalının əhəmiyyəti", "Azərbaycanda damazlıq camışçılığın elmi əsasda inkişaf tarixindən" kimi onlarla məruzələrdə heyvandarlıqda süni mayalama kimi mütərəqqi, qabaqcıl metod və texnologiyaların geniş tətbiqi, damazlıq heyvandarlığın inkişaf problemləri, məhsul istehsalının artırılması, heyvanların çoxalma biologiyasının öyrənilməsi, yemləmə, bəsləmə kimi bir çox şəraitlərin çoxalmaya təsiri kimi problemlərin elmi həlli və təcrübədə tətbiqi, istehsalatda həyata keçirilməsi yolları da göstərilir.

Elmi mahiyyətinə, respublika heyvandarlığının o dövrdəki inkişaf potensialına, bu potensialın düzgün istiqamətləndirilməsinə, istifadə edilməsinə ayrılıqda götürdükdə bölgələrdə, bütövlükdə isə respublika üzrə sahənin inkişaf səviyyəsinə, mövcud imkanlara, yerli şəraitə qiymət verilməsi, araşdırılması baxımından kitabın ikinci hissəsində toplanmış arayışlar və təkliflər mühüm əhəmiyyətə malikdir.

Məruzələrdə və arayışlarda aydın görünən bir fikir var. Bu həm müəllifin Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru, "Azərdamazlıq" Elmi-İstehsalat Birliyinin rəisi, Dövlət Üzümçülük Komitəsinin sədr müavini və s. məsul vəzifələrdə çalışarkən özünün, həm də bütövlükdə aqrar sektorun fəaliyyət istiqamətləri, bu istiqamətlərin yönəldiyi məqsədlər və elm xadiminin çatdığı, gerçəkləşdirdiyi məqsədlərdən əldə olunan nəticələrdir. Bu nəticələr insan ömrünün, insan zəkasının, xalqı, milləti qarşısındakı göstərdiyi xidmətlərinin, çəkdiyi zəhmətlərin barıdı, bəhəridi.

Eyyub Bəşirov yaradıcılığının bir səhifəsi olan "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" kitabı heyvandarlıq elmi tariximizin, onun bəlli bir mərhələsinin salnaməsidir.

Onun məruzələri elmi yaradıcılığının ilkin təməl daşlarıdır. O, hələ Gəncə Kənd Təsərrüfatı İnstitutunda, akademik K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasında, ÜHİ-nun aspiranturasında təhsil aldığı illərdə tələbə elmi cəmiyyətlərində, müxtəlif elmi dərnəklərdə tez-tez elmi məruzələrlə çıxış edirdi. Moskva elmi mühiti tərəfindən təqdir edilən həmin elmi məruzələr alimin yaradıcılığının bir istiqaməti, xətti kimi formalaşmağa, möhkəmlənməyə, araşdırdığı mövzuların, problemlərin elmi həlli, həmin mövzuların aktuallığı baxımından daha da böyük məna kəsb etməyə, bitkinləşməyə başladı. Təbii ki, bunun da məntiqi nəticəsi olmalı idi. Həmin məntiqi nəticə isə elmi məruzələrin beynəlxalq elmi arenada, beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilməsi, bəyənilməsi, yüksək qiymətləndirilməsi idi.

1964-cü ilin sentyabrın 6-dan 13-ə kimi İtaliyanın Trento şəhərində V Beynəlxalq Elmi Konqres keçirildi. Bu böyük elmi məclisdə 64 ölkədən 1200 nəfər alim iştirak edirdi. Həmin elmi məclisdə Eyyub Bəşirov "Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması" mövzusunda elmi məruzə etdi. Böyük maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutdu və qızıl medala layiq görüldü. Roma Papası VI Pavel şəxsən özü alimimizi böyük uğur münasibətilə təbrik etdi və öz portretini hədiyyə verdi. Bu uğur təkcə Eyyub Bəşirovun deyildi, bu həm də Azərbaycan aqrar elminin uğuru, ona verilən yüksək qiymət idi.

Eyyub Bəşirovun məruzələri daşıdığı elmi yükü, mahiyyəti, əhəmiyyətindən savayı, yazıçıların, ədəbiyyatşünas alimlərin təbirincə desək, sənətkarlıq baxımından da güclüdür. Məruzələrin dili çox rəvan, axıcı, lakonik, ifadələr isə sərrast və dəqiqdir. Fikirlər aydın, konkret ifadə olunur. Bütün bunlar da istər oxucunu, istərsə də dinləyicini yorulmağa qoymur, mövzuya olan marağı və diqqəti artırır.

Eyyub Bəşirov keçən əsrin 70-ci illərində BDU-nun nəzdində ali məktəb müəllimlərinin ixtisasartırma fakültəsində təbiətin və ekologiyanın mühafizəsi mövzusunda çox əhəmiyyətli mühazirələr oxumuşdur. Keçmiş İttifaqın, o cümlədən, Azərbaycan ali məktəblərinin müəllimlərinin də dinlədiyi bu mühazirələr böyük maraqla qarşılanırdı.

O, ötən əsrin 50-60-cı illərində Qarşılıqlı İqtisadi Yardım Şurasının təşkil etdiyi konqreslərdə, elmi simpoziumlarda daim iştirak edir, heyvandarlığın müxtəlif sahələrinə, problemlərinə aid mühazirələr, məruzələrlə çıxış edirdi. 1954-1964-cü illərdə Zaqafqaziya respublikaları arasında yeganə alim, mütəxəssis idi ki, QİYŞ-nin biologiya və heyvandarlıq bölməsinə üzv seçilmişdi. Alimimiz bu beynəlxalq qurumdakı müntəzəm fəaliyyəti, elmi tədbirlərdəki məruzələri, çıxışları, tövsiyələri ilə böyük nüfuz qazandı.

Eyyub Bəşirov 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində "Azərdamazlıq" Elmi-İstehsalat Birliyinin rəis müavini Tağı İsmayılovla birlikdə BDU-nun nəzdində respublikamızda ilk dəfə, analoqu olmayan məktəb-Ali Genetika Məktəbi yaratdı. Yüksək səviyyəli seleksioner-genetiklərin hazırlanmasında bu məktəbin müstəsna əhəmiyyəti oldu.

O dövrdə FAO, YUNESKO kimi beynəlxalq təşkilatların dərgilərində elmi məqalələrlə çıxış edən alimimiz elə indi də onlarla əməkdaşlığını davam etdirir. FAO dünyada camışçılığın inkişaf etdirilməsi, camışçılığın potensial imkanlarının öyrənilməsi, araşdırılması, məhsul istehsalının artırılması kimi bir çox məsələlərin həllində Eyyub Bəşirovla məsləhətləşmələr, fikir mübadilələri aparır.

Hörmətli alimimiz FAO kimi mötəbər bir beynəlxalq təşkilatla əlaqə yaratmaq, qurulmuş əlaqələri möhkəmlətmək, qurumun diqqətini, gücünü, potensial imkanlarını ölkəmizdə heyvandarlığın inkişafına yönəltmək, heyvandarlarımızın, fermerlərimizin təşkilatlanmasını sürətləndirmək məqsədilə tanınmış mütəxəssis, elm və təsərrüfat təşkilatçısı Beynəlxalq Camışçılar Federasiyasının Daimi Komitəsinin üzvü, doktor İmran Əbilovla birlikdə FAO-nun rəhbəri Çiançarlo Rossiyə məktub yazdılar.

2000-ci il yanvar ayının 10-da yazılmış bu məktubda Azərbaycanda heyvandarlığın ümumi vəziyyəti, onun inkişaf perspektivləri xüsusən də camışçılığın elmi əsasda inkişaf etdirilməsi, Azərbaycan camışçılıq elminin tarixi, onun qazanmış olduğu nailiyyətlər barədə məlumat verildi.

Məktubu yazmaqda məqsəd FAO-nun diqqətini Azərbaycana, ölkəmizdə heyvandarlığın inkişafına yönəltmək idi.

Tezliklə həmin məktubun nəticəsi özünü göstərdi. Bu gün FAO ilə əlaqədar müntəzəm xarakter alıb.

Bu qurumun Avropa və Asiya ölkələri üzrə koordinatoru, Hindistanın dünya şöhrətli alimi doktor-professor Tanejanın 2005-ci ildə Bakıya üç günlük səfəri birgə əməkdaşlığın daha da sürətlənməsinə, inkişaf etməsinə səbəb oldu.

Doktor Tanejanın akademik Eyyub Bəşirovla olan söhbətlərində Azərbaycanda və dünyada camışçılığın inkişafı, damazlıq, süni mayalandırma, qiymətli heyvan genefondlarının qorunub saxlanılması və səmərəli istifadə olunaraq inkişaf etdirilməsi, heyvandarlıq, xüsusən də camışçılıq məhsullarının istehsalı və s. kimi məsələlər barədə geniş müzakirələr, məsləhətləşmələr, fikir mübadilələri aparıldı.

Doktor Taneja qayıdandan sonra alimimizə göndərdiyi təşəkkür məktubunda yazırdı ki, Azərbaycanda və dünyada camışçılığın inkişaf etdirilməsi siyasətini Sizin verdiyiniz məsləhətlər və tövsiyələr əsasında yenidən qurduq.

Bir elm adamı kimi akademik Eyyub Bəşirovun verdiyi tövsiyələrin, məsləhətlərin FAO-nun fəaliyyət proqramında, inkişaf siyasətinin müəyyənləşdirilməsində, qurulmasında istifadəsi elə Azərbaycan aqrar elminin dünya miqyasındakı nüfuzundan xəbər verir.

Alimimizin FAO ilə əlaqələri bu gün də davam edir. Bu təşkilatın ayrı-ayrı dərgilərində elmi məqalələrlə çıxış edir.

Rusiya elmi dairələri, elmi qurumları Eyyub Bəşirovla sıx əməkdaşlıq edir, mütəmadi olaraq onu öz elmi məclislərinə dəvət edirlər.

2004-cü il mart ayının 22-24-də Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasında akademik V.K.Milovanov və professor İ.İ.Sokolovskayanın 100 illik yubileyləri münasibətilə keçirilən Beynəlxalq Elmi Konfransda Eyyub Bəşirov "Süni mayalanmanın metod və texnologiyaları və Azərbaycanda heyvandarlığın tərəqqisi" mövzusunda elmi məruzə ilə çıxış etdi. Konqresdə birinci yeri tutan bu məruzəyə görə Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyası alimimizi özünün həqiqi üzvü seçdi, həm də Rusiya Kənd Təsərrüfatı Akademiyasının və ÜHİ.-nin fəxri fərmanına layiq görüldü. Bu, Eyyub Bəşirov yaradıcılığının, Azərbaycan aqrar elminin nüfuzunun beynəlxalq səviyyədə etiraf olunması, təsdiqi idi.

Alim elmi yaradıcılığını, eləcə də ictimai fəaliyyətini bu gün də uğurla davam etdirir. Onun yeni kitabları nəşr edilib, bir neçəsi də çapa hazırlanır. 2011-ci ildə alimin " Azərbaycanda heyvandarlığın elmi əsasları" adlı yeni kitabı işıq üzü gördü. Alim öz yaradıcılığında heyvandarlıq elminin bütün sahələrini dərindən araşdırıb, öyrənmişdir. Bu kitabda da heyvandarlığın bütün problemləri, ən başlıcası, qabaqcıl metod kimi süni mayalanmanın geniş tətbiqi vasitəsilə genefondların cins tərkibinin, heyvanların balavermə, alınan balaların yaşama qabiliyyətinin yaxşılaşdırılması, yeni cinslərin, heyvandarlıqda əsas sahə olan yem bazasının yaradılması, möhkəmləndirilməsi, məhsuldarlığın artırılması, insanların yüksək keyfiyyətli, ekoloji təmiz, bioloji qiymətli, yüksək qidalılığa, müalicəvi əhəmiyyətə malik dietik, camış, arı və digər heyvandarlıq məhsulları ilə təmin edilməsi məsələləri araşdırılır və mövcud problemlərin həlli yolları göstərilir.

Akademik Eyyub Bəşirovun elmi yaradıcılığı özünəməxsusluğu ilə seçilir. Bu baxımdan alimimizin ötən əsrin əllinci illərinin əvvəllərindən bu günümüzə qədər müxtəlif müəlliflərin elmi əsərlərinə, dissertasiyalarına, ayrı-ayrı kitablarına yazmış olduğu elmi rəylər, eləcə də onun öz əsərləri haqqında rəylər böyük maraq doğurur. Bu rəylər ötən əsrin ikinci yarısında heyvandarlıq elmində aparılan tədqiqatların, araşdırılan elmi problemlərin, aqrar sahə ilə bağlı bir çox məsələlərin, tam dolğun, aydın bir mənzərəsini yaradır.

Bu mühüm, xüsusi əhəmiyyət kəsb edən elmi sənədlərin aktuallığını  nəzərə alaraq müəllif həmin rəylərin müəyyən hissəsini toplayıb "Elmi iş"jurnalının 2011-ci il, 3-4 saylarında dərc etdirdi.

Rəylərin toplu halında çap edilməsi öz-özlüyündə çox nadir, həm də çox yerinə düşən bir hadisə idi ki, bu da elmi təcrübədə mütəxəssislərə, araşdırmaçılara elmi tədqiqat işlərində geniş imkanlar yaradır.

Eyyub Bəşirov Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidentidir. O, bu ictimai quruma rəhbərlik etməklə yanaşı, Azərbaycan Camışçılar Assosiasiyası, Azərbaycan Arıçılar İttifaqının fəaliyyətinin istiqamətləndirilməsində fəal iştirak edir. O, səkkiz dildə yazır, oxuyur və danışır.

Ümidvarıq ki, söhbətimizi işığı fonunda qurduğumuz biologiya və heyvandarlıq elmləri tarixinin yeni səhifəsi olan "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" kitabı da hörmətli alimimizin digər əsərləri kimi oxucuların, mütəxəssislərin, tədqiqatçıların, elmi ictimaiyyətimizin böyük marağına səbəb olacaq.

Eyyub Bəşirovun elmi yaradıcılığı böyük, həm də zəngin bir irs kimi gələcək nəsillərə töhfədir, əmanətdir. Əsrlər ötəcək, nəsillər dəyişəcək, xalqımız bu irsi qoruya-qoruya ondan bəhrələnəcək.

Əfqan MƏMMƏDOV

 





08.09.2015    çap et  çap et