525.Az

Məlahət İbrahimqızı: "Qadınlarımız özlərində güc tapmağı bacardılar..."


 

“ONLAR AZƏRBAYCANIN İNKİŞAFI VƏ MÜSTƏQİLLİYİNİN GÜCLƏNDİRİLMƏSİ PROSESİNDƏ AKTİV İŞTİRAK ETMƏYƏ BAŞLADILAR"

Məlahət İbrahimqızı: "Qadınlarımız özlərində güc tapmağı bacardılar..."<b style="color:red"></b>

Müsahibimiz YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır 

- Məlahət xanım, bugünlərdə Bakıda YAP-ın ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun III iclası keçirilib. Bu, tədbirin əhəmiyyəti nədən ibarət idi?

- YAP geniş beynəlxalq əlaqələrə malikdir və bir çox dövlətlərin nüfuzlu partiyaları ilə sıx münasibətləri mövcuddur. Eyni zamanda, YAP siyasi partiyaların birləşdiyi beynəlxalq təşkilatların həm üzvüdür, həm də bu qurumlarla fəal əməkdaşlıq edir. Bu mənada Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində fəaliyyəti xüsusilə vurğulamaq istəyirəm. Bu təşkilatda təxminən 70 ölkənin 300-dən çox  siyasi partiyası təmsil olunur. Təşkilata Daimi Komitə rəhbərlik edir və bu komitəyə 20-ə qədər  siyasi partiya üzvdür. YAP da Daimi Komitənin üzvüdür ki, bu qurumun rəhbər orqanında təmsil olunur.

İCAPP-ın Qadınlar Qolunun III iclasının Bakı şəhərində keçirilməsi çox önəmlidir. Bu cür konfranslar quruma üzv olan dövlətlərdə qadınların inkişafına, qarşıda duran problemlərin həllinə mühüm töhfə verir. Qeyd etdiyim kimi, YAP İCAPP-ın aparıcı üzvlərindən biridir. İCAPP-ın bir neçə mötəbər iclasları YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilib. Üçüncü ildir ki, İCAPP-ın Qadınlar Qolu mövcuddur. İnanırıq ki, Bakı toplantısında aparılan müzakirələr, qəbul olunan qərarlar təşkilatın işinə böyük töhfələr verəcək. Keçirilən bu tədbir də qadınlar hərəkatında yeni səhifə açacaq. Asiya qadınlarının böyük potensialı olsa da, onların dövlət qurumlarında təmsil olunması kifayət qədər deyil və buna böyük zərurət var. Biz istərdik ki, bu istiqamətdə qazandığımız təcrübəni bir-birimizlə paylaşaq. Əminəm ki, İCAPP-ın Qadınlar Qolu özünün xoş məramı ilə Asiyanın bütün siyasi qadınlarını qanadı altına alacaq. Bu tədbirimiz qadınlar hərəkatında yeni tarix olmaqla yanaşı, dünyada dostluq və əməkdaşlıq, sülh və bərabərlik, təhlükəsizlik və davamlı inkişaf üçün əsas rol oynayacaq.

Bilirsiniz ki, Asiya regionu həm insan, həm də təbii resurslar baxımından dünyanın ən zəngin regionudur. Doğrudur, son illər bu bölgənin dövlətləri və xalqları inkişaflarını sürətləndiriblər, amma yenə də müəyyən problemlər qalmaqdadır. Təəssüf ki, bəzi dövlətlərə kənar təsirlər də güclüdür. Bu problemlərin həlli üçün bir araya gələrək müzakirələr aparmaq, çıxış yolları tapmaq baxımından belə toplantılar əhəmiyyətlidir. Onu da qeyd edim ki, bizi Asiya xalqları ilə oxşar dəyərlər birləşdirir. Bu amil də əməkdaşlığımızın gücləndirilməsi üçün vacibdir.

 - İCAPP-ın  Qadınlar Qolunun toplantısındakı məsələlər və müzakirələr hansı müsbət nəticələr verə bilər? 

- İCAPP Qadınlar Qolunun III iclasında aparılan müzakirələr böyük ictimai-siyasi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, iclasda "Qadınlar arasında yoxsulluğun aradan qaldırılması", "Qadınların sağlamlığı və təhsili" və "Qadınların siyasi iştirakçılığı üzrə plenar sessiyalar keçirilib. Bu mövzular bu gün bütün dünya üçün aktualdır. Ona görə də, Asiya qadınları bu məsələləri diqqət mərkəzində saxladılar. Çıxışlar zamanı belə bir format çərçivəsində müzakirələrin aparılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ayrı-ayrı ölkələrin nümayəndələri müxtəlif məsələlər, eləcə də, qadınların üzləşdiyi problemlərinin həlli ilə əlaqədr təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. İclasın sonunda isə "Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi" qəbul olunub.

Ümumiyyətlə,  Asiya ölkələrinin aparıcı siyasi partiyalarının qadın təmsilçilərinin Azərbaycanda toplanması regional və qlobal miqyasda mesajların verilməsinə əsaslar  yaratdı. İlk olaraq, deyim ki, ümumiyyətlə, İCAPP-ın mühüm iclaslarının Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanda keçirilməsi həm ölkəmizin siyasi-iqtisadi qüdrətini nümayiş etdirir, həm də ölkəmizin iqtidar partiyasının dünya miqyasında nüfuzundan xəbər verir. Asiyanın 20-dək aparıcı ölkəsinin qadın nümayəndələrinin Bakıya gəlmələri, Azərbaycanın sürətli inkişafını əyani şəkildə görmələri və bunu dilə gətirərək səmimi etiraflar etmələri də təbii ki, ölkəmizin uğuru sayılır. Bu cür tədbirlərin keçirilməsilə bir daha isbatlanır ki, Azərbaycanda siyasi-iqtisadi inkişafla yanaşı, demokratik proseslər yüksək səviyyədə həyata keçirilir, insan hüquq və azadlıqları təmin edilir, qadınlar sosial-ictimai sektorda olduğu kimi siyasi və idarəetmə sahəsində də irəli çəkilir, onlara yüksək etimad göstərilir.

Bu iclasla regionlarda baş verən müharibələrin ağır nəticələrinə, qadınlar və uşaqlarla bağlı problemlərə və onların həll yollarına da diqqət çəkilib. Hesab edirəm ki, Azərbaycan bu cür beynəlxalq tədbirlər keçirməklə ümumdünya qadınlarının dialoq platformasını formalaşdırır. Həmin tədbirdə, Afrika Siyasi Partiyalarının Təşkilatı (CAPP) və Latın Amerikası Siyasi Partiyaları Təşkilatının (COPPPAL) nümayəndələrinin də iştirak etməsi həm iclasın, həm də müzakirə olunan məsələlərin aktuallığını təsdiqləyir. 

- Məlahət xanım, sizcə, Azərbaycan qadınlarının cəmiyyətdəki yeri və rolu hansı səviyyədədir?

- Bilirsiniz ki, XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin zəbt olunması, ölkədə bir milyon Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaratmışdı. Onların 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edirdi. Bütün bu çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində aktiv iştirak etməyə başladılar. Hazırda bu qadınlar arasında millət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar var. Ölkəmizin sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin olunması Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də, ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır.

Bu isə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət qadın  siyasətinin  məntiqi nəticəsidir. Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların əldə etdikləri ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrində əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Hazırda qadınlarımız həm idarəetmə, həm də qərarqəbuletmə sahəsində təmsil olunurlar.  Azərbaycan Respublikası 85 rayon üzrə  İcra Hakimiyyəti başçısının  qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən  artaraq 35 faizə qalxıb. Milli Məclisdə qadınlar ümumi deputatların 16 faizini təşkil edir. Hüquq-mühafizə orqanlarında, elm, mədəniyyət, idman və digər sahələrdə də qadınlarımızın sayı ildən-ilə yüksəlir. Məlumat üçün bildirim ki, hazırda sahibkar qadınların xüsusi çəkisi 19,4 faizdir. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Bütün bu göstəricilər qadınlarımızın  fəallığının artmasının bariz nümunəsidir.

Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir. Əgər 1990-cı illərin əvvəlində  bir neçə qadın təşkilatı var idisə, sonralar həm qadın QHT-lərin, həm də rəhbəri qadın olan QHT-lərin sayı artdı. Hazırda, ölkədə  təkcə 200 qadın təşkilatı var. Eyni zamanda, qadınların siyasi fəallığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların  sıravi və ya  rəhbər orqanlarının  üzvü kimi fəaliyyət göstərirlər.

Kamil HƏMİDOV

 





08.09.2015    çap et  çap et