525.Az

Dəyərli alim, fədakar tədqiqatçı, örnək ziyalı


 

PROFESSOR ƏRTEGİN SALAMZADƏNİN 50 İLLİK YUBİLEYİNƏ

Dəyərli alim, fədakar tədqiqatçı, örnək ziyalı<b style="color:red"></b>

Belə bir fikir var: elmdə öz sözünü demək, bir alim kimi nüfuz sahibi olmaq üçün uzun illər tələb olunur. Həm də bu illər elə-belə ötmür, çarpışmalarla, elmi hökm və dəyərləndirmələrin həqiqiliyini bitməz-tükənməz diskussiyalarda isbat etməklə gəlib keçir. Bəlkə də bu, belədir.

Uzun illər boyu elmin uca zirvələrinə yol alıb bu işə on illər vaxt sərf edən, sonunda məqsədinə nail olan, ağsaqqallıq adına əsl alimlik şöhrəti əlavə edilən qocaman söz sahiblərimiz, aydınlarımız yetərincədir. Lakin bəzən belə də olur ki, ali məktəbi başa vurub elmin geniş qapılarından tərəddüdsüz içəri varan gənclər qətiyyətlə, inadla irəliyə doğru addımlayır, vaxt itkisinə yol vermədən, lüzumsuz söhbətlərə, dedi-qodulara, intriqalara baş qoşmadan özünü büsbütün məşğul olduğu sahəyə həsr edir, illərlə yox, günlərlə yüksəlir, otuzuna çatmamış sayılıb-seçilən, mürəkkəb elmi mülahizələrdə rəyi nəzərə alınan gənc nüfuz sahibinə çevrilir. Belələrinin ömür yolu kimlərəsə rəvan, hətta qibtəediləsi görünsə də, əslində onlar bu yolu öz zəhmətləri, çalışqanlıqları, tanrı payı olan istedadları sayəsində sürətlə keçməyə müvəffəq olurlar.

Gəncliyindən seçilən, elmdə öz sözünü demiş, şəxsiyyətini təsdiqləmiş belə ziyalılardan biri də tanınmış tədqiqatçı-alim, sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadədir.

Ərtegin Salamzadə yeni Azərbaycan sənətşünaslığının özülünü qoyanlardan, onu ucaldanlardan, ərsəyə gətirənlərdən biridir. Görkəmli alimin bütün həyat yolu sənətşünaslıq elminin dövrün tələbləri səviyyəsində inkişaf etdirilməsinə həsr olunub.

Ərtegin Salamzadə 1982-ci ildə o zamankı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun yeni yaradılmış sənətşünaslıq bölməsində təhsil alıb. Onun həyat tarixçəsi elə əvvəldən sövqi-təbii ilə birinciliyə doğru meyllənib, taleyin özü buna şərait yaradıb: birinci qəbul, birinci buraxılış, birinci qırmızı diplom, birinci ciddi elmi-tədqiqatçılıq nümunəsi, birinci dissertasiya müdafiəsi... bu siyahını uzatmaq olar, ancaq buna lüzum görmürəm. Bundan daha vacib olanı bütün bunların milli elmimizin inkişafına yönəlməsidir, ona xidmət etməsidir.

Azərbaycanda elmi sənətşünaslıq ötən əsrin 20-30-cu illərində yaransa da, uzun müddət respublikada sənətşünaslıq təhsili olmayıb. Sayı o qədər də çox olmayan Azərbaycan sənətşünasları əsasən Sənaye İnstitutunda, Moskva və Leninqraddakı ali məktəblərin aspiranturasında təhsil alıblar. 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyası və onun tərkibində İncəsənət Tarixi İnstitutu (hazırda Memarlıq və İncəsənət İnstitutu) yaradılarkən onu ixtisaslı gənc kadrlarla təmin etmək məsələsi gündəmə gəldi. Bu məqsədlə elə həmin il Azərbaycan Dövlət Universitetində (hazırda Bakı Dövlət Universiteti) sənətşünaslıq bölməsi açıldı. Azərbaycanın "ikinci nəsil" sənətşünaslarından bir çoxu, o cümlədən, müxbir üzv K.Kərimov, sənətşünaslıq doktoru N.Həbibov və başqaları burada təhsil aldılar. Lakin sonralar həmin bölmə bağlandı, bir də təxminən otuz illik fasilədən sonra, 1982-ci ildə İncəsənət İnstitutunda təşkil edildi. Ərtegin Salamzadə məhz həmin bölməni başa vurmuş və tezliklə yeni nəsli təmsil edən sənətşünaslar içərisində aparıcı mütəxəssisə çevrilmişdir.

Aradan 30 ildən artıq vaxt keçsə də, mən o günləri, 1982-ci ilin isti iyul günlərini yaxşı xatırlayıram. Həmin il respublikada sənətşünaslıq ixtisasının açılması elm, təhsil və mədəni dairələrdə əsl hadisəyə çevrilmişdi. Hətta bir çoxları yarızarafat, yarıgerçək deyirdilər ki, bu gün respublikada ən çox mütəxəssis çatışmayan ixtisas elə sənətşünaslıqdır. Bəlkə də bu sözlərdə müəyyən bir həqiqət var idi. Biz abituriyentlər öz ixtisasımızı yaxşı təsəvvür etməsək də, ona elə imtahanların gedişində bağlanmışdıq və bu sənətə hörmətlə yanaşırdıq. Yadımdadır ki, ilk qəbul üçün cəmi səkkiz yer ayrılmışdı. Aramızda 17 yaşı tamam olmamış təvazökar, təmkinli bir gənc də vardı - Ərtegin Salamzadə. Cəmi bir neçə gün öncə orta məktəbin birinci buraxılış imtahanından - kimya fənnindən "beş" qiymət alıb o biri imtahanları vermədən qızıl medalla məktəbdən ayrılmışdı. Burada isə ilk ixtisas imtahanından daha bir "beş" alıb digərlərindən azad olundu və hamıdan əvvəl sənətşünaslar üçün ayrılmış 8 yerdən birini (sonralar göründüyü kimi elə birincisini) götürdü.  

1987-ci ildə təhsilini başa vuran gənc mütəxəssis Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutuna işə qəbul olundu və aradan keçən az qala otuz il müddətində taleyini bu möhtəşəm elm məbədinə bağladı. Ərtegin Salamzadənin elmin böyük pillələrinə qədəm qoyduğu 80-ci illərin ikinci yarısı o zamankı cəmiyyətdə fırtınadan öncə sakitlik, durğunluq dövrü idi. Lakin bir çox təəssübkeş ziyalılar kimi, o zaman çox gənc olan Ərtegin Salamzadə də ictimai həyatda və elmdə prinsipial dəyişikliklərin qaçılmaz olduğunu başa düşürdü.

Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlləri Azərbaycan sənətşünaslığının bir növ keçid mərhələsi idi. Ənənəvi təsviredici metodologiya əsasında inkişaf edən sənətşünaslıq özünün əsas tarixi potensialını sərf edib qurtarmışdı. O zamana qədər sənətşünaslıqda daha çox iki sahə - incəsənət tarixi və bədii tənqid inkişaf etdirilirdi. Tarixi kontekstdə alimlərimiz hələ 30-40-cı illərdən etibarən Azərbaycan incəsənəti və memarlığının mükəmməl ardıcıl mənzərəsini yaratmış, ayrı-ayrı əsərləri, bədii üslub və məktəbləri təsvir etmişdilər. Görkəmli Azərbaycan alimləri M.Hüseynov, Ə.R.Salamzadə, L.S.Bretanitski, A.Qazıyev, N.M.Miklaşevskaya, K.Kərimov, N.Rzayev, R.Əfəndiyev və başqalarının tədqiqləri həm ümumən incəsənət tarixini, həm də onun ayrı-ayrı məqamlarını yetərincə işıqlandırmışdı. Bədii tənqidə gəlincə M.Nəcəfov, P.Hacıyev, N.Həbibov, N.Cavanşir kimi müəlliflər rəssamların yaradıcılığını təhlil edir, bu barədə mətbuat səhifələrində mütəmadi olaraq elmi-populyar yönümlü məqalələr, oçerk və esselər dərc etdirirdilər.

Lakin Qərb, həmçinin rus fəlsəfi-estetik və bədii fikrində nisbətən geniş təmsil olunan izahedici mövqe və onunla metodoloji vasitə qismində uzlaşan kulturololoji yanaşma tərzi diqqətdən kənarda qalmışdı. Sənətşünaslığın nəzəriyyəsi də kifayət qədər öyrənilməmişdi və təsnifatı dəqiq deyildi. Nəhayət, Azərbaycan sənətşünaslığının özü tədqiqatdan kənarda qalmışdı.

Yeni nəsil Azərbaycan sənətşünasları ali təhsili tamamlayıb elmə gələrkən vəziyyət təxminən belə idi. Sovetlər ölkəsinin çöküşü, iqtisadi və mənəvi tənəzzül, Qarabağ münaqişəsi o dövrdə elmi fəaliyyətin əhəmiyyətini, yumşaq desək, çox aşağı səviyyəyə salmışdı. O zaman bir çoxları elmdən uzaqlaşmış, hərə bir vasitə ilə başını dolandırmağa çalışırdı. Hətta akademiyanın bağlanacağını iddia edənlər də tapılırdı. Ulularımız "qızıl atəşdə, insan möhnətdə" tanınar deyiblər. Ərtegin müəllimin elmi dəyərlərə ürəkdən bağlılığı, sevdiyi işin dalında sonadək durmaq əzmi o çətin illərdə özünü çox parlaq şəkildə büruzə verdi. O, heç yerə getmədi, əlavə qazanc dalınca düşmədi, iqtisadi və mənəvi durumun ən çöküşlü anlarında namizədlik dissertasiyasını yazıb başa çatdırdı.

Onun namizədlik dissertasiyası metro stansiyalarının estetik tərtibatı problemlərini əhatə edirdi və məzmun etibarilə memarlıqla sənətşünaslığın qovuşacağında qərarlaşmışdı. Bu, təsadüfün yox, zərurətin nəticəsi idi. İxtisasca sənətşünas olan Ərtegin müəllim görkəmli alimimiz, Azərbaycan memarlıq sənətinin banilərindən biri olan, incəsənət tariximizdə Naxçıvan, Arran kimi memarlıq məktəblərinin vaxtilə var olduğunu ilk dəfə elmi şəkildə əsaslandıran akademik Əbdülvahab Salamzadənin ocağında dünyaya göz açmışdı. Memarlığa, incəsənətə olan marağı övladının qəlbində Əbdülvahab müəllim oyatmışdı.

(Ardı var)

Xəzər ZEYNALOV
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 





09.09.2015    çap et  çap et