Azərbaycan Kiberidman Federasiyası WarGaming şirkəti ilə birgə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yerli oyunçular arasında World of Tanks oyunu üzrə turnirin başlandığını elan edir.
Sizi qarşıda olduqca maraqlı mübarizə gözləyir. Oyunun sonunda iştirakçılar mükafatlandırılacaqlar. Seçim turları on-line keçiriləcək. Tank döyüşləri üzrə final mərhələsi isə LAN formatında Bakı da Marriott otelində təşkil olunacaq.
Tədbirə qeydiyyat sentyabrın 7-də başlayacaq və 13-dək davam edəcək. Növbəti gün, yəni sentyabrın 14-də on-line seçim oyunları start götürəcək. Off-line oyunları isə sentyabrın 26-da saat 12:00-da Marriot Absheron Baku Hoteldə başlayacaq.
Kiberidman Federasiyasının verdiyi məlumata görə, iştirakçı komandaların sayı ilə bağlı heç bir məhdudiyyət mövcud deyil. Bir və ya bir neçə komandanın iştirakdan imtinası zamanı təşkilatçının turnirin əvvəlki raundlarından komanda dəvət etmək hüququ vardır.
Komanda hesabında I yer üçün mükafat fondu hər komandaya 200 000 qızıl + 3000 manat; II yer üçün - hər komandaya 150 000 qızıl + 1500 manat; III yer üçün - hər komandaya 100 000 + 500 manat; IV yer üçün hər komandaya 50 000 qızıl təşkil edir.
Şəxsi hesabda mükafat fondu bu cürdür: I yer - 40 000 qızıl + Apple iPhone 6 (64Gb); II yer - 30 000 qızıl + Microsoft Xbox One; III yer - 20 000 qızıl + Apple iPad mini 3 16GB.
Azərbaycan Kiberidman Federasiyasının prezidenti Ramil Əliyevin sözlərinə görə, turnir iki formatda keçiriləcək: komanda yarışları (3X3) və şəxsi görüşlər.
"Şəxsi görüşlər ilkin qeydiyyat olmadan təşkil olunur. Bu yarışlarda istənilən şəxs ödənişsiz əsaslarla iştirak edə bilər. Yarışlarla yanaşı, tədbirdə iştirak edənlər arasında Wargaming-dən mükafatlar oynalıcaq. Turnirin aparıcısı TNT kanalının tanınmış siması Andrey Rodnoydur (Comedy Radio). Mən əminəm ki, tədbir olduqca maraqlı keçəcək. Ümidvaram ki, kiberidmanla maraqlanan hər kəs yarışlara qatılacaq", - deyə Ramil Əliyev qeyd edib.
Turnir "Qarşılıqlı döyüş" formatında bir məğlubiyyətdən sonra turnirdən kənarlaşdırılmaq şərti ilə Single Eliminatioan play-off sistemi üzrə keçirilir. Play-off raundlarında matçın qalibi maksimum dörd döyüş seriyasında ilk iki qələbəni qazanan hesab olunur. Döyüşün qalibi bazanı işğal edən və ya rəqibin bütün tanklarını məhv edən komanda olur.
"Komandanın əsas heyətində ən azı iki Azərbaycan vətəndaşı olmalıdır. Komanda əsas heyətin minimum üç oyunçusundan altı maksimum bir ehtiyat oyunçudan ibarət olmalıdır. Bununla yanaşı, əsas və ehtiyat heyətin oyunçularının ümumi sayı dörd nəfərdən çox olmamalıdır. Üçdən az oyunçudan ibarət komandanın turnirdə iştirakına icazə verilmir", - deyə R. Əliyev əlavə edib.
Onu da qeyd edək ki, yol, yerləşmə və qidalanma xərcləri on-line seçim turunu keçmiş komandalar tərəfindən ödənilir. İştirakla bağlı müraciət etmiş komandalar off-line mərhələsini keçdiyi halda turnirin təşkil olunduğu Bakı şəhərinə səfərə hazır olmalıdırlar.
Bütün bunlarla yanaşı, turnirin gedişatı zamanı sosial şəbəkələrdə xüsusi müsabiqələr keçiriləcək. www.worldoftanks.ru linkinə daxil olaraq qeydiyyatdan keçə və əlavə məlumat əldə edə bilərsiniz.
İsgəndər QULİYEV
çap et