525.Az

Uilyam Folkner və gizli psixologizmlər


 

Uilyam Folkner və gizli psixologizmlər<b style="color:red"></b>

Psixologizm açıq  və dolayı, gizli olur. Açıq psixologizm qəhrəmanın və ya obrazın daxili nitqində, təsəvvüründə, yaddaşında canlandırılır.

Gizli və ya dolayı psixologizmdə isə yazıçı qəhrəmanın yalnız nitqi, mimikası, xarici görkəminin xüsusiyyətlərini təsvir edir. Gizli psixologizm əsərdə mətnaltı mənada saxlanılır. Burada personajın daxili aləmi nitq xüsusiyyətləri, mimikası, diqqət çəkən jestlərlə, yəni psixikanın müxtəlif zahiri əlamətləri ilə ifadə olunur. Belə ki, qəhrəmanın daxili aləmi onun zahiri simptomlarının köməyi ilə göstərilir. Zahiri xüsusiyyətlər də hər zaman eyni mənanı ifadə etmir.

Dolayı psixologizmə portretin, peyzajın, interyerin və  başqa müxtəlif detalları aiddir. Uilyam Folkner də öz qəhrəmanının psixoloji xüsusiyyətlərini açmaq üçün onun mənsub olduğu nəsli, yaşadığı şəhəri, evi, adət-ənələri, eyni zamanda çoxlu sayda hiss, əhval ruhiyyə, həssaslığın yaranmasını təsvir etməklə baş obrazın daxili aləminin mürəkkəb şəklini canlandırır. Biz burada elə hadisə ilə rastlaşırıq ki, qəhrəmanın hərəkətləri ilə onun şərtləri bədii psixologizmin subyektinə çevrilir və müəllifin hər hansı bir izahına ehtiyac duyulur.

U.Folkner "Emili üçün qızılgül" hekayəsində tənha insanların uğursuzluqlarını, xəyal qırıqlıqlarını qələmə alıb. Doğrudur, yazıçı və tənqid əsasən "yazıq Emili"ni diqqətdə saxlayıb, onun zənci qulluqçusunun taleyinə biganə qalıb. Bəlkə də bu yazıçının qadın yalnızlığını daha faciəli görməsindən irəli gəlib. Folkner özü hekayənin adıyla bağlı açıqlama verəndə bunun simvolik niyyətdən irəli gəldiyini bildirmişdi: "Burda söhbət bir qadın faciəsindən gedir; faciənin qarşısını almaq, qadının taleyini dəyişmək mümkünsüzdür. Mən həmin qadının halına yanıram, taleyinə acıyıram və hekayənin adıyla onu salamlayır, uzaqdan-uzağa ona öz ehtiramımı və önündə hörmətlə təzim etdiyimi bildirirəm; adətən belə hallarda kişinin şərəfinə badə qaldırarlar, qadın üçünsə qızılgül hədiyyə edərlər".

Yazıçı "Emili üçün qızılgül" hekayəsində daim göz önündə olan əsil-nəcabətli insanların azad, rahat həyat yaşamadığını göstərməyə çalışmışdır. Hekayədə mühafizəkar və xudpəsənd atasına gözə öz səadətindən məhrum edilmiş bir qadının - miss Emilinin faciəsindən bəhs edilir. Atası öləndə bütün şəhər Emilinin müflis və köməksiz qalıb onlardan biri kimi olacağına ümid edirdi. Lakin Qrirsonlar nəslinin nümayəndəsi olan miss Emili öz patoloji təkəbbürü ilə onların fərziyələrini puç edir: "...Elə ona görə yaşı otuzu haqlayan qızın hələ də evin bir küncündə qarıdığını görəndə ürəyindən tikan çıxan şəhər əhli nəinki buna sevinir, həm də özünü qisası alınmış sayırdı..."

Homer Berron miss Emiliyə bir ümid çırağı göstərsə də sonradan baş qəhrəman bunun boş xülya olduğunun fərqinə varır. İnsanları yaxşı tanımayan və bəlkə də özü ilə bu şəkildə kiminsə davranacağını güman etməyən miss Emili bir müddət çıxan söz-söhbətlərə məhəl qoymadan öz xoşbəxtliyini əldə tutmağa çalışır. Homer Berron isə miss Emili ilə ailə qurmaq yox, yalnız vaxt keçirmək niyyətində olur. Bu isə Homer Berronun faciəli şəkildə, zəhərlənərək öldürülməsinə səbəb olur. Maraqlısı budur ki, miss Emilinin Homer Berronu öldürməsinə oxucu qəzəblənə bilmir. Ona haqq qazandırmasa da, oxucu miss Emilinin bu addımını başa düşür, ürəyi yanır. Çünki miss Emili bu qətli təkəbbüründən, qisas almaqdan ötrü etmir. Onun məqsədi nəyin bahasına olur-olsun tənha qalmamaqdır. Miss Emilinin atası ictimai adam olmasaydı onun da ölümünü bəlkə də heç kəs bilməyəcəkdi və qızı öz atasının nəşini də ömür boyu evində saxlayacaqdı. İlk baxışda insan düşünə bilər ki, Homer Berrondan sonra da miss Emili başqa biri ilə tanış olub ailə qura bilərdi. Lakin unutmaq olmaz ki, miss Emili mühafizəkar, əsilli ailənin nümayəndəsidir. Həmin dövrün görüşlərinə görə isə 30 yaşını keçmiş bir qızla heç kəs ailə qurmazdı. İkincisi isə, miss Emili gününü əyləncələrdə keçirən yüngül təbiətli bir xanım da deyildi. Homer Berron miss Emilinin xoşbəxt olmaq üçün yeganə şansı idi və o, onu nəyin bahasına olur-olsun itirmədi. Yazıçının hekayənin əvvəlində: "Sağlığında miss Emili şəhərin mənəvi məsuliyyət daşıdığı  mühafizəkar əski adətlərin və əxlaqi borcun bir növ mücəssəməsi hesab olunurdu..." deməsi də bu fikirlərə sübutdur. Lakin Folkner burada "sağlığında" sözünü də təsadüfən işlətməmişdir. Çünki miss Emilinin dəfnindən sonra oxucu onun öz xoşbəxtliyi uğrunda törətdiyi cinayəti, qazandığı günahı görür.

Psixologizm priyomlarından biri də susmaqdır. Personajın hərəkətlərini analiz edən yazıçı müəyyən vaxt ümumiyyətlə qəhrəmanın həyəcanlarından bəhs etmir ki, oxucu özü burada psixoloji analizi aparsın. Folkner miss Emilini atası öləndə də, Homer Berronla şəhərdə gəzəndə də, əczaçıdan zəhər alanda və vergi ödəmədiyi üçün məmurların evinə gəldiyində də eyni psixoloji görkəmdə təsəvvür edir. Bütün əsər boyu "miss Emili yenə əvvəlki qaydada başını dik tutub şax gəzir, özünü qabaqkından da təşəxxüslü aparmaqla sanki Qrirsonlar nəslinin son nümayəndəsinin ləyaqətini nəyin bahasına olur-olsun isbatlamağa çalışırdı". Hekayədə miss Emilinin ömrü boyu sadiq qaldığı, pəncərədə öz kölgəsini salan yeganə oturma şəkli də vardı. " Lal-dinməzcə, tam hərəkətsiz oturan miss Emili daşdan yonulma bütü andırırdı".

Yazıçı, miss Emilinin gənclik çağlarından ahıl yaşlarına qədər keçən ömrünü bir bu cümlə ilə xarakterizə etmişdir: "Bax, o elə bu cür - dərkolunmaz və inkaredilməz bir büt kimi - hamımızın öyrəşib isinişdiyimiz, hamımıza məhrəm olan heyrətamiz görkəmindəcə bir nəsildən o birinə adlayırdı".

Beləliklə də U.Folkner "Emili üçün qızılgül" əsərində hadisələrin bir-birini dəqiq izləməsi, bəzən hər hansı bir hərəkətsizlik, demək olar ki, dialoqlardan heç istifadə etməməsi, impressionistik üslubda nəqletmə və "axıcı" musiqili nəsri ilə dünya şöhrəti tapıb.

 





10.09.2015    çap et  çap et