525.Az

Yaradıcılıq Fondu Sim-sim.az portalını təqdim edib


 

Yaradıcılıq Fondu Sim-sim.az portalını təqdim edib<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun (AYF) Sim-sim.az mədəniyyət portalının təqdimat mərasimi keçirilib.

Mərasimdə AYF-nin Aparat rəhbəri Qismət Rüstəmov çıxış edərək Fondun fəaliyyəti haqqında danışıb: "Fondun yaradılmasında əsas məqsəd yaradıcı şəxslərə, diqqətdən kənardan qalan elm və mədəniyyət xadimlərinə dəstək göstərməkdir. Fondun fəaliyyətə başlayan sim-sim.az saytında multikulturalizm ideyasına töhfə vermiş elm və incəsənət xadimlərinin fəaliyyəti işıqlandırılacaq. Portal gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eyni zamanda kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid maraqlı materiallar təqdim edəcək. Portalda Azərbaycanda və xaricdə nəşr olunan kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləri ilə müsahibələr, müzakirələr və debatlar, dünya mədəniyyət irsi ilə bağlı tərcümə materialları dərc olunacaq".

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev isə çıxışında qeyd edib ki, ölkədə son zamanlar tolerantlıq, multikulturalist ideyalar həyatın bütün sahələrində özünü göstərir: "Bu, ölkə başçısının ideoloji hədəflərindən biridir və biz bu hədəflərə doğru getməliyik. Bu istiqamətdə çox ciddi işlər görülür. Biz saytın fəaliyyəti ilə multikulturalizm sahəsində olan boşluğu doldurmaq niyyətindəyik. Ədəbiyyatdan, rəssamlıqdan uzaq düşmüş insanlar var. Biz həmin insanlara diqqət və qayğı göstərəcək, onları bir daha öz işlərinə qaytaracağıq. Mükafatlar təsis etmək, müsabiqələr keçirmək niyyətindəyik. Vəzifəmlə bağlı Azərbaycanın bölgələrində olarkən çoxlu bekar gənclər gördüm. Biz bu gənclərə də sahib çıxmalıyıq. Bu gənclərin maariflənməsi üçün bölgələrdə mərkəzlər yaratmağı nəzərdə tuturuq. Həmin gənclər mərkəzlərdə təhsil alacaq və onları marağını artırmaq üçün müəyyən sertifikatlar, hətta təqaüdlər də veriləcək. Qoy, universitetə qəbul ola bilməyən gənclər, burada özlərini universitetdəki kimi hiss etsinlər. Yəni, öz bacarıqlarını kəşf etsinlər".

K. Abdullayev multikulturalizmlə bağlı 3 kitabın və jurnalın nəşrə hazırlandığını söyləyib.

Sonra Fondun mətbuat xidmətinin rəhbəri Ömər Xəyyam sim-sim.az-da dərc olunan yazılar haqqında məlumat verib. Təqdimatdan sonra müzakirələr aparılıb.

S.MÜRVƏTQIZI

 





10.09.2015    çap et  çap et