525.Az

Dəyərli alim, fədakar tədqiqatçı, örnək ziyalı


 

PROFESSOR ƏRTEGİN SALAMZADƏNİN 50 İLLİK YUBİLEYİNƏ

Dəyərli alim, fədakar tədqiqatçı, örnək ziyalı<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Gənc ikən Ərtegin Salamzadə həm memarlığı, həm də sənətşünaslığı özündə əks etdirən elmi problem üzərində çalışmaq istəyirdi. Elə bu məqsədlə də metropoliten stansiyaları tərtibatında bədii üslub mövzusunu seçmişdi. Bu mövzu onun ailədə görüb sevdiyi memarlığı və ixtisası olan sənətşünaslığı eyni dərəcədə əhatə edirdi. Ərtegin müəllim bu maraqlı mövzu üzərində böyük həvəslə işlədi və tezliklə 175 səhifəlik namizədlik işini tamamladı. 1992-ci ildə o, uğurla müdafiə edərək o zamankı adla desək, elmlər namizədi adını aldı. Həmin dövrdə o, elmi ada malik ən gənc sənətşünas-alim idi.

Çalışqanlığı, səmimiliyi, məsuliyyəti, başlıcası isə elmi prinsipiallığı və obyektivliyi hər şeydən uca tutması onu çalışdığı Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyi və kollektivinin nəzərində ucaltmış, cavan olmasına baxmayaraq nüfuz sahibi etmişdi. 90-cı illərdə İnstituta rəhbərlik edən müxbir üzv K.Kərimov, daha sonra akademik R.Əfəndiyev bu gənc alimin hərtərəfli istedadını, o cümlədən, idarəçilik və təşkilatçılıq məharətini layiqincə qiymətləndirdilər. 1995-ci ildə o, İnstitutun elmi katibi təyin olundu, üstündən bir il keçəndən sonra, 1996-cı ildə elmi işlər üzrə direktor müavini vəzifəsinə yüksəldi. Həmin illərdə o, əvvəlcə dosent, sonra isə professor elmi dərəcələrini aldı, kadr hazırlığı işində yüksək nəticələr əldə etdi. 14 ilə yaxın bir müddətdə İnstitutun direktor müavini vəzifəsində məsuliyyətlə çalışan Ərtegin Salamzadə 2010-cu ildə AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru təyin edildi. 2014-cü ilin iyununda o, AMEA-nın müxbir üzvü seçildi. Ərtegin Salamzadə həmçinin İnstitutdakı "Təsviri və dekorativ-tətbiqi sənətlər" şöbəsinin müdiridir. O, İnstitutun nəzdində fəaliyyət göstərən memarlıq və incəsənət üzrə Problem şurasının sədridir. İstedadlı alim Azərbaycan Dizaynerlər İttifaqının və Azərbaycan Memarlar İttifaqının üzvüdür.

Ərtegin müəllimin hansı vəzifədə işləməsindən asılı olmayaraq o, özünün iki ən uca amalını - vətəndaşlıq borcunu və alimlik şərəfini heç zaman unutmamış, həyatında və işində hər zaman onlara istinad etmişdir. Elmin uca zirvələrinə gedən yol müstəqilliyini yenicə əldə etmiş respublikamız üçün çətin dövrlərə təsadüf etsə də, Ərtegin müəllim heç zaman ruhdan düşməmiş, əksinə, yeni şəraitdə Azərbaycan humanitar elminin, o cümlədən, sənətşünaslığın ümumi inkişaf konsepsiyası üzərində düşünməyə başlamışdı. İstedadlı tədqiqatçının ötən əsrin 90-cı illərindəki ən böyük elmi xidməti izahedici sənətşünaslığı inkişaf etdirmək, nəzəri fikri formalaşdırmaq və bir elm sahəsi kimi sənətşünaslığın tarixini tədqiq etmək idi. Azərbaycan sənətşünaslığının nə erkən mərhələsi olan ötən əsrin 30-50-ci illərində, nə də onun klassik inkişaf dövrü sayılan 60-80-ci illərdə bu problemlərlə demək olar ki, məşğul olunmurdu. 90-cı illərdə gənc olmasına baxmayaraq Ərtegin müəllim başa düşürdü ki, göstərilən sahələri inkişaf etdirmədən sənətşünaslığın müasir konsepsiyasını qurmaq mümkünsüzdür. Ona görə də elmi fəaliyyətini məhz bu sahəyə - izahedici sənətşünaslığa yönəltdi. Gənc tədqiqatçının həmin mürəkkəb sahədəki araşdırmalarının ilk nəticələri 1997-ci ildə işıq üzü görmüş "Müasir sənətşünaslıq: köklər, problemlər, metodlar" adlı əsərində ümumiləşdirildi. Tanınmış nəzəriyyəçi-alim, sənətşünaslıq doktoru Rəna Abdullayeva ilə həmmüəllif qismində qələmə alınmış bu əsərdə ilk dəfə olaraq Azərbaycan sənətşünaslığının mühüm nəzəri və metodoloji xüsusiyyətləri əhatəli tədqiqat formasında öz əksini tapdı. Bu tədqiqat əsərində Azərbaycan sənətşünaslığında o zamanadək öyrənilməmiş olan sənətşünaslığın konseptual məsələləri, digər elmlərlə əlaqələri, onun humanitar elmlər şəbəkəsində mövqeyi, nizami statusu və başqa vacib məsələləri nəzərdən keçirilirdi.

90-cı illərdə Ərtegin Salamzadə Azərbaycan sənətşünaslığının inkişaf modelini qurmağı düşünürdü. Lakin bunun üçün sənətşünaslığın tarixi və metodologiyası araşdırılmalı idi. İzahedici sənətşünaslığın əsas prioritetlərindən olan bu mühüm problemlə o zamanadək Azərbaycan alimlərindən heç kəs ciddi şəkildə məşğul olmamışdı. Halbuki digər sahələrdə, misal üçün, filologiyada ədəbiyyat nəzəriyyəsi ilə yanaşı, ədəbiyyatşünaslıq tarixi də hərtərəfli öyrənilərək nəşr edilmişdi. Ərtegin müəllim tanınmış filoloq-alimlərimizdən F.Qasımzadə, M.Quluzadə, Ə.Mirəhmədov, Y.Qarayev və başqalarının ədəbiyyatşünaslıq məsələlərinə həsr edilmiş əsərləri ilə tanış idi. AMEA-nın müxbir üzvü, professor K.Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslığı tarixi mövzusundakı fundamental araşdırması onun şüurunda dərin iz buraxmışdı. Ərtegin Salamzadə özünün doktorluq işini məhz Azərbaycan sənətşünaslığının tarixinə, nəzəri və metodoloji məsələlərinin öyrənilməsinə həsr etdi. Böyük tədqiqatçılıq həvəsi ilə Ərtegin müəllim bu mürəkkəb, çoxcəhətli mövzunun tədqiqinə başladı, görkəmli alimlərin elmi metodlarını müqayisə və təhlil etdi. Nəticədə miqyaslı, sanballı iş ərsəyə gətirdi, milli elm tariximizdə ilk dəfə olaraq sənətşünaslığın tarixi mənzərəsini yaratdı. 2002-ci ildə həmin mövzuda Moskvada müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edən gənc alim bu çətin işin öhdəsindən bacarıqla gəldi. Ərtegin Salamzadənin doktorluq işinin əsas müddəalarını əks etdirən monoqrafiyası bundan bir il öncə, 2001-ci ildə nəşr edilmişdi. "Azərbaycan sənətşünaslığı. XX əsr" adlanan bu monoqrafiyada milli sənətşünaslıq məktəbinin keçdiyi uzun yol işıqlandırılmış, mərhələlərə bölünmüş, həmçinin təsviri, dekorativ-tətbiqi sənətlərin, memarlığın bir sıra nəzəri və metodoloji problemləri əhatəli şəkildə nəzərdən keçirilmişdir. Tədqiqatçı Azərbaycan sənətşünaslığının inkişafında qlobal, regional və lokal amillərin rolunu əsaslandırmışdır. O, göstərmişdir ki, sənətşünaslıq tarixi öz inkişafının müxtəlif mərhələlərində mövcud ictimai-siyasi şəraitə və nəzəri-metodoloji imkanlara istinad etmişdir. Tədqiqat işində müəllif Azərbaycanın bir çox tanınmış sənətşünas-aliminin elmi metodunun müqayisəli təhlilini aparmış, nəticədə sənətşünaslığın metodologiyasının xarakterik, ümumiləşdirilmiş strukturunu müəyyən etmişdir.

Hələ məktəb illərindən dəqiq elmlərə maraq göstərən Ərtegin müəllim ayrı-ayrı elm sahələrinin, o cümlədən, humanitar elm şəbəkəsinin riyazi modellərini qurmaq üzərində düşünürdü. Azərbaycan mühitində bu, kifayət qədər yeni hadisə idi. Bununla belə, unutmaq olmaz ki, riyaziyyat, astronomiya, cəbr, məntiq kimi elmlərin hələ çox qədimdən intişar tapdığı Azərbaycanda bu elm sahələrinin və onların təmsilçilərinin poeziya, musiqi, rəssamlıq sənəti ilə çox sıx əlaqələri olub. Lakin zaman keçdikcə bu əlaqələr unudulub, yeni dövrdə onları bərpa etməyə cəhd göstərilsə də bu, ciddi nəticələrə gətirib çıxarmayıb. Hələ 1979-cu ildə istedadlı tədqiqatçı Ə.Elbrus "Poetika və riyaziyyat" adlı əsər çap etdirmişdi və burada hürufizmin şərq poeziyasındakı rolundan, məna, məzmun və kompozisiyanın qurulmasında riyazi simvollardan istifadə edilməsindən danışılırdı. Lakin bütün bunlar orta əsrlər dövrünə aid idi. Ərtegin müəllim öz doktorluq işində məhz dəqiq elmlərə xas olan tədqiq metodlarından istifadə etməyi qərara aldı. Bu, tamamilə yeni hadisə idi, çünki onun nəzəri cəhətdən faydalandığı filologiyada da buna bənzər ciddi iş təcrübəsi əldə edilməmışdi. Qəti hərəkət etməyi sevən müəllif sənətşünaslığın metodologiyasının əsaslandırılmasında sistemli üçlüklər metodu tətbiq etdi. Bu riyazi metoda istinad etməklə Ərtegin Salamzadə tezliklə incəsənətin öyrənilməsinin yeni, tamamilə orijinal olan mədəni-tarixi modelini hazırladı. Həmin model izahedici sənətşünaslığın inkişafına şərait yaratdı, incəsənət tariximizdə fakt və hadisələrin izahında yeni mərhələnin başlanğıcını qoydu.

Monoqrafiyanın əsas cəhətlərindən biri burada sənətşünaslığın tarixi inkişafının müəllif tərəfindən mərhələlərə bölünməsi və hər bir mərhələnin nəticələrinin sənətşünaslığın ümumi inkişafı müstəvisində ümumiləşdirilməsidir. Tədqiqatçı qeyd edir ki, erkən mərhələdə Azərbaycan şəhər və qalalarının, həmçinin maddi mədəniyyət nümunələrinin, incəsənətinin öyrənilməsində Qərbi Avropa və rus tədqiqatçılarının müəyyən əməyi olmuşdur. Belə ki, Bakı qalasının, eləcə də Gəncənin, Naxçıvanın və digər şəhərlərin dövrümüzədək hifz olunmuş sxem və çertyojları XVIII əsrin sonu - XIX əsrin əvvəllərində rus hərbi mühəndisləri tərəfindən hazırlanmışdır. Sonralar, artıq XX əsrin 20-30-cu illərində sənətşünaslığın müstəqil sahə kimi inkişafa qədəm qoyduğu mərhələni tədqiq edən müəllif həmin vaxt Azərbaycanda İ.Meşşaninov, V.Zummer, P.Fridolin kimi tədqiqatçıların fəaliyyətini göz önünə gətirmiş, milli məktəbin formalaşmasında bu alimlərin rolunu vurğulamışdır. Eyni səpkidə müəllif sənətşünaslığın inkişafının digər dövrlərinə də nəzər salmış, həmin dövrlərdə fəaliyyət göstərmiş alimlərimizin elmi-yaradıcılıq metodlarını müqayisəli təhlilə cəlb etmişdir. Əsərdə M.Hüseynov, Ə.R.Salamzadə, L.Bretanitski, həmçinin K.Kərimov, R.Əfəndiyev, N.Rzayev və başqa alimlərin elmi irsi sistemli şəkildə araşdırılıb. 

Demək mümkündür ki, "Azərbaycan sənətşünaslığı. XX əsr" monoqrafiyası XXI əsr Azərbaycan sənətşünaslığının təməlini qoymuşdur.

Ərtegin Salamzadənin elmi maraq dairəsi əhatəli və çoxşaxəli olması ilə seçilir. Əsasını izahedici sənətşünaslığın ümumi konseptual paradiqmaları təşkil edən bu sahənin ayrı-ayrı problemlərinə dair tədqiqatçı bir çox elmi əsərlər yazmış və nəşr etdirmişdir. Bu sırada Azərbaycan incəsənəti tarixinə yeni baxış konsepsiyasının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Belə ki, ötən əsrin 70-80-ci illərinədək nəşr edilmiş incəsənət tarixi həmin dövrün ideoloji tələbləri nəzərə alınmaqla yazılmışdı. Ona görə də burada bir çox boşluqlara, bəzi məsələlərin təfsirində dövrümüzlə müqayisədə uyğunsuzluqlara rast gəlinir. Azərbaycan incəsənətinin, xüsusilə XX əsrin əvvəllərində milli-demokratik ideyaların cəmiyyətdə geniş təcəssüm olunduğu dövrdə mövcud olmuş bədii mədəniyyətin müasirlik müstəvisində yenidən mənalandırılması çağdaş dövr tarixi sənətşünaslığının öhdəsinə düşür. Bu vəzifəni zamanında düzgün qiymətləndirən Ərtegin Salamzadə təkcə izahedici sənətşünaslığın baza modelini qurmaqla kifayətlənmir, eyni zamanda keçmiş mədəni irsimizin və müasir dövr incəsənətinin prinsipial məsələlərini də tədqiqata cəlb edirdi. Ümumiyyətlə, elmin müasir durumu və inkişaf konsepsiyaları onu həmişə düşündürmüşdür. Azərbaycan sənətşünaslığının tarixi-nəzəri inkişaf yollarını tədqiq etdikdən sonra Ərtegin Salamzadənin qarşısında keçmişi müasirliklə əlaqələndirmək vəzifəsi dayandı. Çünki müasir elm tamamilə fərqli şəraitdə inkişaf yolu tutmuşdu və dövrün tələblərinə uyğun strategiya tələb edirdi. Bu sırada onun "Azərbaycan sənətşünaslığı müstəqillik illərində" (2012) kitabını xüsusi qeyd etmək lazımdır. Bu kitab müəyyən mənada "Azərbaycan sənətşünaslığı. XX əsr" monoqrafiyasının davamı olub sənətşünaslığın müasir mərhələdəki inkişaf yollarına işıq salır. Əgər "Azərbaycan sənətşünaslığı. XX əsr" monoqrafiyasında milli sənətşünaslıq məktəbinin ötən əsrin 90-cı illərinə qədər olan inkişaf mənzərəsi öz əksini tapırsa, yeni kitabda müasir, qüdrətli Azərbaycanın dövlətçilik və elmin inkişafı konsepsiyalarına istinad edən sənətşünaslığın prioritet istiqamətləri, qarşıda duran vəzifələr və onların həlli yolları öz əksini tapır. Buna əmin olmaq üçün kitabın birinci fəslinin materiallarına nəzər salmaq yetərlidir. Nəşrdəki birinci yazı kitabın adını əks etdirib müstəqillik dövrü sənətşünaslığını AMEA Memarlıq və İncəsənət İnstitutunun struktural və idarəçilik-təşkilati baxımdan yenidən qurulması kontekstində nəzərdən keçirir. Burada qaldırılan və sənətşünaslığı dövrün tələblərinə uyğun surətdə inkişaf etdirəcək prinsipial məsələlərin şərhi "Sənətşünaslıqda islahat" məqaləsində daha əhatəli müstəvidə davam etdirilir. Mən bu məqalə barədə bir qədər geniş söz açmaq istərdim. Çünki həmin yazı əslində sənətşünaslığın inkişaf strategiyasını müəyyənləşdirən proqram xarakteri daşıyır. Məqalə dövlət siyasətini əks etdirən ciddi faktlarla başlayır: "2008-ci il aprelin 10-da Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamı qüvvəyə mindi. Baş nazir A.Rəsulzadənin sədrliyi altında olan komissiyaya altı ay müddətində 2009-2015-ci illər ərzində ölkədə elmin inkişafının milli strategiyasını və bu strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramının layihəsini işləyib hazırlamaq tapşırıldı" (göstərilən əsəri, s. 15). Yazıda milli elm strategiyasının bir hissəsi olan sənətşünaslıq elminin inkişaf etdirilməsi prinsipləri məhz həmin vəzifələr prizmasında müəllif tərəfindən izah edilərək işıqlandırılır. Kitabdakı digər yazılar da müstəqillik dövrü sənətşünaslığının prioritet inkişaf istiqamətlərinə - Azərbaycan sənətşünaslığının xarici ölkələrin humanitar elmlər şəbəkəsi ilə əlaqələrinin genişləndirilməsinə, milli dövlətçiliyimizin tarixi-nəzəri və bədii-estetik qaynaqlarından olan dövlət rəmzlərinə (təkcə Azərbaycanın yox, bütün türk dünyasının!), həmçinin milli sənət sahələrimizin dövlət tərəfindən inkişaf etdirilməsi siyasətinə, bəzi başqa problemlərə həsr edilmişdir.

Kitabın ikinci fəslində ötən və müasir mərhələdə sənətşünaslığın inkişafında mühüm xidmətləri olmuş görkəmli alimlərin elmi-metodoloji görüşləri təhlil edilir. Burada M.Hüseynov, Ö.Eldarov, R.Əfəndiyev, K.Kərimov, R.Məmmədova, C.Novruzova və başqa alimlərimizin zəngin bədii və elmi irsi müasirlik müstəvisində öz əhatəli təhlilini tapır.

(Ardı var)

Xəzər ZEYNALOV
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 





10.09.2015    çap et  çap et