525.Az

Kamil Muradov - 60


 

Kamil Muradov - 60<b style="color:red"></b>

"İllərə nə var ki, illər tələsmir,
İllər nə bilir ki, ürək nə çəkir?!.."
 

Aylar keçdi, illər dolandı, nəhayət, gəlib ömrünün altmış ilinə çatdın, əziz dostumuz! Dostun, yoldaşın, yaxınların, uzaqların sevincinə sevinməyin, kədərinə üzülməyin də ürəyinin təmizliyindən, xoşniyyətli olmağındandır.. - Üzün həmişə gülür, təbəssümün əskik olmur-özündən böyüklər də, kiçiklər də səninlə rastlaşanda..Əhvalı yüksəlir, təəssüratı yaxşılaşır, xoş ovqatı olur  adamın,səninlə danışanda...

Altmış yaşın tamam olur... Yadındamı, valideynlərimizin himayəsi, qayğısı altında olduğumuz, dünyanı yalnız al-əlvan boyalarla gördüyümüz, işimizin-gücümüzün az olduğu günlər..?! Bizə elə gəlirdi ki, illər, aylar, günlər çox ləng gedir. Tez böyümək, yekə kişi olmaq, ali təhsili başa vurmaq, işləmək,bir vəzifə və ailə sahibi olmaq. İllər isə sanki yerində sayırdı... Bəli, bu hissləri sən də keçirmisən, Kamil müəllim!

İndiki kimi xatırlayıram, günlərin birində çalışdığımız İctimai Televiziyanın çayxanasında necə çözələndi xatirələrin, verdiyim bircə sualla... Keçdiyin ömür yolundan,keçmiş xatirələrindən elə danışdın ki,sanki  canlı olaraq özüm yaşamışdım o günləri. İndi sənin həyat yolun olduğu kimi gözlərim önündə canlanır. Ömrünün bu gözəl kamillik dövründə, sənin kövrək xatirələrinə söykənərək, keçdiyin həyat yoluna indi mən nəzər salıram, əziz dost!

- Qəbələ rayonunun Qəmərvan kənd məktəbini bitirib, Bakıya ali təhsil almağa gələndə arzuların aşıb-daşırdı.1973-cü ildə Bakı Dövlət Universitetinn jurnalistika fakültəsinə daxil oldun. 1978-ci ildə universiteti bitirib,elə həmin ildə də "Azərbaycan gəncləri" qəzetində müxbir kimi fəaliyyətə  başladın. Hələ gənc ikən bu qəzetdə şöbə müdiri vəzifəsinə qədər yüksəldin.

Seçdiyin peşənin vurğunu oldun, əziz qardaş! 1997-ci ildə Azərbaycan Televiziyasında Şəki- Zaqatala bölgəsi üzrə zona müxbiri kimi çalışdın. Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, peşəkar qələm sahibi kimi neçə-neçə verilişlərə, sənədli filmlərə imza atdın. "Əbədi izlər", "Qədim şəhərlərimiz" və sair televiziya verilişlərinin ssenarisi məhz sənin qələminin məhsulu oldu.

İctimai Televiziyanın yarandığı 2005-ci ildən bugünə kimi, vətənə,xalqa olan xidmətini sən də öz sahəndə, öz qələminlə göstərdin xalqın sevimli kanalında və bu gün də televiziyanın "Carçıfilm Yaradıcılıq Birliyi"ndə aparıcı simalardansan... Bütün səni tanıyanlar adından əminliklə deyirəm ki, - sən gözəl əməllərinlə,çoxşaxəli yaradıcılığınla və ən əsası insani keyfiyyətlərinlə bir nümunəsən işlədiyin kollektivə, gözəl insan!..

İndi biz dostların sənə deyirik:

- Bir dön geri bax! Bəzən gecələr evə də getmədin,işin nə vaxtı başlayıb nə vaxtı qurtardığını da bilmədiyin günlər oldu..Çalışdın halal əməyinlə. Səndən öyrəndi çoxları, əsl məsuliyyətin nə olduğunu.. İctimai Televiziyanın efirində əməyin keçən yüzlərlə verilişlərin,neçə-neçə sənədli filmlərin tamaşaçı rəğbətini qazanması,məhz öz peşənə sevə-sevə yanaşmağının, işinə can yandırmağının nəticəsi deyilmi?!

Əzizimiz Kamil müəllim, bilirik, illər keçir. Bizim kimi, başqaları kimi sən də daha "İllərə nə var ki, illər tələsmir" deyə bilmirsən. İş-güc o qədər çoxalır ki, çatdıra bilmirsən..Bilirik,fikirləşirsən ki, "Bu illər niyə belə tələsir?!..Gözünü açıb-yumursan, növbəti il gəlir..."

Xalq şairi Bəxtiyar Vahabzadənın yazdığı kimi sən də: "Bircə ondan razısan ki, özündən narazısan".

İndi cəmi 60 yaşın olur! Hərdən fikirləşirəm ki, bu qədər işləri necə çatdırırsan?! Axı,illər uşaqlıq və gənclik dövrümüzdə olduğu kimi "tisbağa yerişi" ilə getmir. Əksinə elə sürətlə ötüb-keçir ki, gecəmizi gündüzümüzə qatmağımızın da xeyiri olmur.

Əziz Kamil müəllim!

Peşəkar jurnalist, gözəl qələm sahibi, gözəl insan, gözəl dost! Bu sıralamanı çox uzatmaq olar.Çünki sən,ürəyimdən gələn bu səmimi sözlərə layiqsən. Bu gün sən dönüb yaşadığın illərə baxanda sevinə, öyünə bilərsən. Çox böyük işlər görmüsən. Sən, kamil şəxsiyyətə xas ola biləcək bütün müsbət keyfiyyətlərə yiyələnə bilmisən. Biz səni çox sevirik,yaradıcı insan və gözəl bir dost kimi..

Hələ vur-tut 60 yaşın oldu, əziz dost. Qabaqda görüləsi nə qədər işlər gözləyir səni. Bundan sonra daha 60 il ömür arzulayırıq sənə, biz dostların. Və sağlam, gümrah, nikbin bir ömür. Elə bir ömür ki, dönüb geri baxanda özün deyəsən, yaşamağa dəyərmiş..

Var ol, Kamil Muradov!!!

Lütfi NƏZƏROĞLU

 





11.09.2015    çap et  çap et