525.Az

İTV-nin "Ozan məclisi"nə diqqət və rəğbət artır


 

İTV-nin "Ozan məclisi"nə diqqət və rəğbət artır<b style="color:red"></b>

"Bu yaxınlarda 10 illiyini hədsiz sevinc və qürur hissi ilə qeyd etdiyimiz İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir-proqram siyasəti milli mənəvi və mədəni dəyərlərin təbliğinə yönəlib. Təsadüfi deyil ki, milli ozan-aşıq sənətimiz, saz-söz dünyamız da İctimai Teleradioda geniş şəkildə təbliğ edilir. "Ozan məclisi" verilişində bu misilsiz dəyərə malik sənətimizi layiqincə təbliğ etmək üçün hamılıqla əlimizdən gələni etməyə, saz-söz xəzinəmizi ən yüksək səviyyədə tanıtmağa çalışırıq".

Bu sözləri əməkdaşımızla söhbətində İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı, "Ozan məclisi" verilişinin aparıcısı, saz-söz bilicisi Qorxmaz Tofiqoğlu dilə gətirib.

Onun sözlərinə görə, həm tamaşaçı və dinləyicilər, həm də aşıq mühitinin nümayəndələri məmnunluqla bildirirlər ki, İctimai Televiziya və Radio Şirkətinin rəhbərliyi ozan irsinə, aşıq yaradıcılığına böyük dəyər verir və layiqincə diqqət göstərir: "Aldığımız rəylərdən belə nəticəyə gəlirik ki, mədəniyyətimizin digər sahələri kimi, aşıq sənətinin də təbliğinə böyük önəm verən İctimai teleradio bu baxımdan örnək qurumdur. Əlbəttə, digər teleradio kanallarında, mətbuatda da aşıq sənətinin təbliğinə yer ayrılır, buna cəhd göstərilir. Amma görünür, kadr və yaxud başqa səbəblər üzündən orada bu iş İTV-dəki qədər baxımlı, əhatəli təsir bağışlamır. Ancaq əldə etdiyimiz nailiyyətlər, qazandığımız tamaşaçı və dinləyici auditoriyası bizi arxayın salmır. Əksinə, məsuliyyətimizi artırır. Bundan əlavə, İTV rəhbərliyinin göstərdiyi diqqət və qayğı da bizi yeni axtarışlara, daha ürəkdən çalışmağa həvəsləndirir. Odur ki, İctimai Teleradioda aşıq yaradıcılığının, sazın-sözün təbliği ilə bağlı görüləcək işlərimizin hələ çox olduğunu düşünürük".

Qeyd edək ki, İTV-də aşıq sənəti ilə bağlı proqramlar peşəkarların da diqqətindən yayınmır, yeri gəldikcə təqdir olunur, alqışlanır. Tanınmış tədqiqatçı və publisist Şəfəq Nasirin İTV-nin 10 yaşı ilə bağlı qələmə aldığı məqaləsində "Ozan məclisi", onun aparıcısı Qorxmaz Tofiqoğlunun fəaliyyəti barədə də müsbət fikirlər, xoş sözlər öz əksini tapmışdı: "İctimai Televiziyada maraqla izlədiyim proqramlardan biri də "Ozan məclisi"dir. Verilişin aparıcısı Qorxmaz Tofiqoğlunun el sənətinə, folklorumuza dərindən bələdliliyi, tədqiqat xarakterli çıxışları, hər mövzunu dərindən təhlil etməsi, onun mahiyyətini, xarakterini açması, aşıq sənətinə sevgisi, bu sahədə fəaliyyət göstərən bütün sənətkarların yaradıcılığına ustadcasına bələd olması, düzü, məni həmişə heyrətləndirir. İnsanın peşəsinə necə böyük sevgisi olmalıdır ki, belə bir geniş diapazona malik olan mövzunu bütün ruhuyla mənimsəyə, xalqına çatdıra bilsin".

Qeyd olunan fikirlər bir daha isbatlayır ki, İTV-nin milli mənəvi və mədəni dəyərlərin təbliğinə yönəlik efir-proqram siyasəti ictimaiyyət tərəfindən təqdirlə qarşılanır, tamaşaçıların, dinləyicilərin halal rəğbətini qazanır.    

S.ABDULLAYEVA

 





11.09.2015    çap et  çap et