525.Az

Forbes 2013-də təqdim olunacaq texnologiyaları açıqladı


 

Forbes 2013-də təqdim olunacaq texnologiyaları açıqladı<b style="color:red"></b>

Nüfuzlu Forbes jurnalı 2012-ci ildə bazara çıxarılan və ya 2013-cü ildə təqdim olunacaq maraqlı qurğu və texnologiyaları seçərək adlarını açıqlayıb.   

 

525.az-ın RİTN-nin saytına istinadən verdiyi məlumata görə, siyahıda sehrli eynək, fikri oxumaq üçün çənbər, 1 giqabitlik internet, postfaktum çəkilişi üçün kamera, supertelevizorlar, rəngli elektron mürəkkəblər, elastik ekranlı telefonlar sadalanıb.

 

2012-ci ilin iyun ayında təqdim edilən Google artırılmış reallıq sehrli eynəklərinin şüşəsi olmasa da, sağ göz ətrafında virtual informasiya görüntülərini real dünyaya ötürən şəffaf ekrana malikdir. İnsan ekrana baxarkən havanın hərarətini, bina üzərində Vikipediyadan onun barəsində məlumatı, bu gün üçün görüləcək işlərin siyahısını, telefonla danışdığı şəxsi və s. görə bilər.  Eynək səsli komandaları başa düşür və Android əməliyyat sistemin idarəetməsi ilə işləyir.


InteraXon sirkəti tərəfindən hazırlanan Muse fikri oxuyan çənbər beyin fəaliyyəti haqqında informasiyanı hesablayan və emal edən cihazdır. Xüsusi proqramlar bu məlumatlardan yalnız fikrin gücü ilə elektron qurğuları idarə etmək üçün yararlanmağa imkan verir.

 

Son bir neçə ildə adiləşən sensor interfeyslər hazırda tərəqqi hesab olunmur. Hətta Siri elektron qurğularla səsli ünsiyyət sisteminin getdikcə daha da “ağıllaşması”, 2012-ci ilin fevralında Kinect əl hərəkətləri ilə müxtəlif qurğuları uzaqdan idarəetmə sisteminin Windows əməliyyat sistemində yer alması heyranlıq doğurmur. Muse bu qurğuların hamısını birlikdə əvəz etmək iqtidarında olmaqla insan və maşın arasında ünsiyyəti yeni qarşılıqlı anlaşma səviyyəsinə qaldırır.

 

Google-un Kanzas-siti aqlomerasiyasında çəkdiyi Google Fiber yüksəksürətli, 1 giqabitlik internet. İstifadəçilər nisbətən ucuz və çox sürətli internetlə yanaşı, “bulud saxlancı” nda bir neçə terabayt və HD televiziyaya çıxış imkanı əldə edirlər. Sınaq uğurlu hesab edilsə, uzaq serverlə ağlasığmaz sürətdə rabitə imkanı praktiki olaraq fərdi kompüterləri lazımsız edəcək. Çünki bütün tələb olunan hesablamaları “bulud”da aparmaq mümkün olacaq və bu halda kompüterin rolu müvafiq sorğuların göndərilməsi ilə məhdudlaşacaq, elektron texnikanın həcmi kiçiləcək, dəyəri isə xeyli ucuzlaşacaq.

 

Lytro postfaktum çəkilişi kamerası 2012-ci ilin əsas qurğularından biri hesab olunur. Faktiki olaraq hər bir kadr çoxlu sayda şəkil deməkdir ki, bunun da sayəsində istifadəçi artıq çəkilişdən sonra təsvirin harada aydın olmasını və baxış bucağını müəyyənləşdirərək öz kadrını yaradacaq. Bu, qiyməti nisbətən ucuz olan (ABŞ bazarında təxminən 400 dollar) və adi istifadəçilər üçün nəzərdə tutulan ilk kameradır.

 

Çox böyük və yüksək təsvir ölçüsünə malik supertelevizorlar. Cari ilin payızında Sony, Toshiba, LG və Sharp şirkətləri eyni vaxtda yeni 4K təsvir ölçüsü standartına malik iri televizorlar təqdim ediblər. Ekranın təsvir ölçüsü diaqonal uzunluğu 2 metrdən çox olmaqla 3840x2160 piksel təşkil edir. Yeni qurğular IFA-2012 sərgisində nümayiş olunub.

 

Rəngli “elektron mürəkkəb”. e-ink ekranları rahatlıqla “kağızdakı” kimi oxumağa imkan verməklə enerjiyə qənaət etsə də, bir sıra çatışmazlıqları var. Sözügedən ekranlar ağ-qara rənglidir, ləng yenilənir (videoya baxmaq mümkün deyil) və bu yaxınlaradək işıqlandırması (kənardan işıq düşməsə oxumaq mümkün deyil) olmayıb. Son problemi nəhəng istehsalçılar 2012-ci ildə aradan qaldıraraq Kindle Paperwhite və Nook with Glowlight modellərini təqdim ediblər. İndi isə növbə işıq və sürətli yenilənmənindir. Bu cür displeylərin istehsalı ilə Mirasol və Pixel Qi şirkətləri məşğul olur və bəzi qiymətləndirmələrə görə, 2013-cü ildə bu növ qurğuların kütləvi istehsalına başlanıla bilər.

 

Elastik ekranlı telefon. 2013-cü ilin əvvəlində Samsung şirkəti CES sərgisində smartfonlar üçün 5,5 düymlü elastik ekran təqdim edəcək. Yaxın gələcəkdə biz qurğuları qatlaya (digər komponentlər hələ ki əyilə bilmir, həmçinin ekranın özü də məhdud həddə qatlanır) bilməsək də, smartfonlar ən azından bir qədər davamlı olacaq.

 





27.12.2012    çap et  çap et