525.Az

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi


 

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi<b style="color:red"></b>

Azərbaycan tarixində indiyədək layiqli dəyəri verilməmiş görkəmli şəxsiyyətlərimizdən biri də həyatını millətimizin maariflənməsinə fəda etmiş, Azərbaycanın azadlığı və xoşbəxtliyi yolunda şəhid olmuş İslam bəy Hacı Pirməhəmməd bəy oğlu Qəbulzadədir. Başlıca olaraq AR Dövlət və Tarix Arxivlərinin, AR Prezidenti yanında Siyasi Sənədlər Arxivinin və Gürcüstan Mərkəzi Tarix Arxivinin sənədlərindən yararlanaraq hazırladığımız bu məqalə İslam bəyin bütün həyatını sənədlərlə işıqlandıran ilk ən geniş yazıdır. Təəssüf ki, qəzetin texniki imkanları məhdud olduğuna görə burada qaynaqları dəqiq qeyd edə bilmədik, ancaq maraqlanan şəxslərə istənilən cümlənin qaynağını göstərə bilərik. 

ÖYRƏNİLMƏSİ TARİXİ 

Milli aydınlarımıza qənim kəsilmiş kommunist rejiminin 41 yaşında amansızlıqla məhv etdiyi İslam bəyin həyat və fəaliyyəti, çox təəssüf ki, bugünədək ayrıca elmi araşdırma mövzusu olmayıb. Bu haqda indiyədək yalnız dörd gözəçarpan yazı və qeyd ortaya qoyulub. Onlardan birincisi hələ 1923-cü ildə qardaş Türkiyədə nəşr olunan "Yeni Kafkasya"nın 5-ci sayında "Azərbaycanlı Gültəkin" imzası altında "İstiqlal şəhidləri" rubrikasında verilmiş "Müəllim Qəbulzadə İslam bəy" adlı məqalədir. Yazının müəllifinin görkəmli ədəbiyyatşünas Əmin Abid olduğunu düşünürük. Orada İslam bəyin həyatı və fəaliyyəti haqqında maraqlı faktlar əksini tapıb. Məqalədə oxuyuruq:

"Qızıl rus istilası üzərinə cami-şəhadəti (şəhidlik camını) içən Azərbaycan istiqlal qurbanlarından birisi də müəllim Qəbulzadə İslam bəydir.

Qətl və edam üçün intixab elədikləri münəvvəran (aydınlar, ziyalılar) qismindən bolşeviklər bilxassə milliyyətpərvər müəllimlər içərisindən pək mühüm və qiymətdar zəvatı (şəxsləri) öldürmüşlərdir. Böyük müəllim Köçərlidən sonra bu milliyyət düşməni zülmkar qüvvət İslam bəyi də edam eləmişdir.

Mərhum İslam bəy rus məktəblərinin əksi-təsiri altında yetişmiş bir münəvvərdi. Qüvvətli rus tərbiyəsinin dar çərçivəsi içində boğulan ruhu ta kiçikliyindən bəri ufaq bir qıvılcım daşıyordu. Yaşı ilərilədikcə böyüyən bu "qıvılcım", nəhayət, kəndisini Qori darülmüəlliminini (müəllimlər seminariyasını) bitirdikdən sonra türk diyarını dolaşmağa sövq etdi. Bir aralıq İstanbula qədər səyahət yapdı. Gəncliyinin hərarətli zamanı Bakı və Azərbaycanın sair nöqtələrində ibtidai məktəblərində azəri övladlarına qüvvətli təlqinlər verməklə keçirən bu qəyyur (qeyrətli) müəllim heç bir ictimai hərəkətdən geri qalmadı. İqtidarı fövqündə (bacardığından artıq) çalışdı və çabaladı.

Bir tərəfdən müəllimlik kibi ağır bir vəzifəyi müvəffəqiyyətlə ifa edərkən digər tərəfdən türk çocuqlarına məxsus hekayələr yazmaqdan, məqalələr nəşr etməkdən çəkinməmişdir. Mumileyh (adı çəkilən) Azərbaycanda ilk dəfə olaraq türkcə mükəmməl bir hesab dərsliyi vücuda gətirmişdir.

O, çok fəal bir zəka idi. Çalışmağı etiyad (vərdiş, alışqanlıq) sananlardandı. Müxtəlif cəmiyyətlərin işlərinə də qarışırdı. "Səfa" kibi maarif cəmiyyətlərində katibi-ümumilik vəzifələrində dəxi bulunmuşdur.

Mərhum müəllim Rusiya inqilabına qədər (1917-ci ilin Fevral burjua inqilabı nəzərdə tutulur - O.T.) Bakıda 5-ci müsəlman və rus ibtidai məktəbində türkcə müəllimi idi. Bu vəzifəyi həqqən parlaq bir surətdə yaparaq bütün arkadaşlarının hüsni-təvəccöhünü qazanmışdı. Müstəqil Azərbaycan hökumətinin təşəkkülünü mütəaqib (yaranışından sonra) doğduğu yerə - Zaqatalaya gedərək orasını tənvir etməyə (nurlandırmağa, işıqlatmağa) çalışmışdır. Bu nahiyədə rəsmən maarif müfəttişi idi. Fəqət o, bu məmuriyyətiylə iktifa etməmiş (kifayətlənməmiş), pək qaranlıqda qalan mühitinin ictimai, tərbiyəvi nöqsanlarını gedərməyə, milli və elmi ehtiyaclarını tətmin etməyə sərfi-həyat etmişdir. Bilxassə nahiyənin məktəblərində təqib edilən əski üsulları böyük mücahidələrdən sonra yıkıb atmış və yerində yeni təşkilat vücuda gətirmişdir.

Bununla qalmamış, əhalinin hər işinə qarışmışdır. Onların ehtiyaclarını tədqiq etməyi sevmişdir. Hətta Zaqatalanın müntəzəm ehsaiyyatını (statistikalarını) da tərtib etməyə müvəffəq olmuşdur ki,  bu xidməti də mövqeyinə görə çox əhəmiyyəti haizdir.

Müəllim Köçərli kibi İslam bəy də milliyyətpərvər və demokrat bir cərəyana mənsub olub Müsavat firqəsinin fəal əzasından idi. Ümumi konqrelərdə daima katiblik vəzifəsini ifa edərdi.

İslam bəyi bir çok fəal bir türk tələqqi ediyoruz. Daha gənc yaşında ikən həyatına vəhşicəsinə nəhayət verilməsi türk münəvvərliyinin qəlbini acıtdı. Məmafih onun Azərbaycan istiqlalının qafileyi-şühədasına iltihaqı (şəhidlər cərgəsinə qoşulması) bütün vətənpərvər azəri xalqının xatiratına gömülməyi təmin etdi ki, kəndisini böyük və müqəddəs məfkurənin qurbanı görməklə bəxtiyar ədd eləriz. Sırf elm və maarifə xidmət edən bu türk müəllimini parçalamaqdan çəkinməyən alçaqları bizimlə bərabər, heç şübhəsiz, bütün cahan mədəniyyəti də təlin edəcəkdir (lənətləyəcəkdir)".

"Azərbaycan qadını" jurnalında Elvira İbrahimovanın "Nurlu ömür" məqaləsi yer alıb. Daha çox şifahi qaynaqlardan yararlanılmış bu yazı, bizcə, jurnalın redaktoru, damarlarında Qəbulzadələrin qanı axan Xalidə xanım Hasilovanın verdiyi bilgi və bəlgələrlə zənginləşib. Bir çox yanlışlarına baxmayaraq, həmin məqaləni İslam bəyin ömür yolundan söz açan ciddi qaynaq saymaq olar.

Müəllif yazır: "İslam bəy Zaqatala dairisinin Qax kəndində dünyaya göz açmışdır. [...] O, Qazan darülfünununda oxumuş, sonra İstanbula gedib təhsilini davam etdirmişdir". İş burasındadır ki, İslam bəyin Qazanda oxuması haqqında onun sənədlərində heç bir qeyd yoxdur. Türkiyədə oxumasını isə Hacı Səlim Axundzadə təsdiqləyib. 

"525-ci qəzet"də Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Abdulla əfəndi Qəbulzadəyə (1853-1943) həsr etdiyi məqaləsində İslam bəydən də söz açan professor Ədalət Tahirzadə İslam bəy Qəbulzadədən də söz açaraq yazır: "Azərbaycanın ən qabaqcıl maarif işçilərindən və ictimai-siyasi xadimlərindən biridir.

Tərcümeyi-halıyla bağlı müxtəlif əfsanələr dolaşmaqdadır. Biz onun Azərbaycan Tarix Arxivindəki (ARTA) şəxsi işində saxlanan, 15 dekabr 1913-də tərtib edilmiş qulluq siyahısına əsasən ömür yolu haqqında qısa, ancaq ən düzgün bilgini veririk".

Adını çəkdiyi sənədə söykənən alim qeyd edir ki, "İslam bəy 3 may 1879-da Zaqatala Dairəsinin Qax kəndində doğulub. Zaqatala 4-sinifli şəhər məktəbini bitirib (31.5.1897). İbtidai məktəb müəllimi və türk dili müəllimi adı almaqçün Bakı şəhər birinci gimnaziyasında imtahan verib. Hacı Səlim Axundzadənin (1872-1930) bildirdiyinə görə, o, "İstanbulda Rüşdiyyə məktəbində türk dili oxuyub" (ancaq Rusiyada həmin təhsil nəzərə alınmadığına görə sənədlərində bunu göstərməyib). 10 avqust 1905-də Qax normal məktəbinə türk dili müəllimi təyin edilib. 27 sentyabr 1910-da Bakı şəhər 5 saylı rus-türk məktəbinə müəllim əvəzi, 1 aprel 1911-də isə müəllim təyin edilib.

İslam bəy 25 avqust 1913-də yaxın qohumu Firuzə xanım Qəbulova (d. 15.10.1896) ilə ailə qurub. Firuzə xanım 1916-da hamiləykən ağır xəstələnib. Onun sonrakı taleyi bizə bəlli deyil...

İslam bəy XX yüzilin başlanğıcındakı ən fəal milli aydınlarımızdandır. O, Azərbaycanda qabaqcıl maarifçi kimi tanınmışdı. Onun "Qəvaidi-lisani-türki" (1902) adlı dərsliyindən Azərbaycan məktəblərində türk dili müəllimləri, "Rəhbəri-hesab" (1910) dərsliyindən isə riyaziyyat müəllimləri uzun illər yararlanıb.

Hələ Qaxda dərs deyərkən mətbuatda çoxlu dəyərli yazılarla çıxış edib. Bakıya gəldikdən sonrasa fəaliyyəti daha da genişlənib. 1914-də "Səfa" cəmiyyətinin katibi seçilib.

1917-nin fevralında çarizm devrildikdən sonra Qafqaz qaynar qazana çevrilib. Bu ağır dönəmdə İslam bəy Bakı 5-ci rus-türk məktəbini tərk edərək ata yurduna gəlib və 1917-də müvəqqəti Zaqafqaziya hökuməti (Zaqafqaziya Komissarlığı) onu Zaqatala Dairəsinin komissarı təyin edib. Xatırladım ki, o zaman "komissar" ərazini idarə edən qurumun başçısı deməkdi. Gürcüstan Tarix Arxivindən üzə çıxardığımız bir çox sənədlər İslam bəyin komissar kimi fəaliyyətini, hədsiz mürəkkəb bir dönəmdə Zaqatala bölgəsi əhalisinin mənafeyini bacarıqla qorumasını əks etdirir. 1918-in başlanğıcında Tiflisdə Zaqafqaziya parlamenti - Seym yaradılarkən o, Zaqatala Dairəsindən bir müsavatçı kimi buraya deputat seçilib (28.2.1918). Seym öz üzvlərindən onu və Hacı Səlim Axundzadəni Şəki-Zaqatala bölgəsindəki milli münaqişələri öyrənməyə göndərib. Bu zaman gürcü quldurları onu tutaraq işgəncə veriblər. Bundan sonra İslam bəy bir daha Tiflisə dönməyərək Seym üzvlüyündən çıxıb (8.4.1918) və yenə Qaxda müəllimlik edib.
Azərbaycan müstəqil olduqdan sonra isə Bakıya gələrək istiqlalımızı möhkəmlətmək yolunda çarpışıb.

Maarif Nazirliyi xəttiylə çoxlu faydalı işlər görüb. 2.12.1919-da Müsavat partiyasının 2-ci qurultayı keçirilərkən o, qurultayın katibi seçilib. Bu qurultayda Zaqatala müsavatçılarının nümayəndəsi kimi təbrik çıxışı söylərkən deyib ki, partiyanın 1-ci qurultayının materialları ermənilər "İsmailiyyə"ni yandıran zamanı məhv olsa da o, katib kimi qərarın mətnini qoruyub saxlayıb. Bu məlumatı qurultay alqışlarla qarşılayıb.

Cümhuriyyətimiz rus süngüləriylə devrildikdən sonra azadlığımızı qorumaq üçün sinəsini qalxan edən İslam bəyi kommunistlər məhv etdilər. Məhəmmədəmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında "istiqlal şəhidləri" adlandırdığı adamlar içərisində onun da adını ayrıca çəkib.

Qaniçən kommunistlər təkcə İslam bəyi deyil, onun bütün soyunu amansızcasına məhv etməyə çalışdılar və bunu xeyli bacardılar".

Göründüyü kimi, Ə.Tahirzadənin bu qısa qeydləri İslam bəyin ömür yolunun ana xətləri haqqında təsəvvür yarada bilir.

(Ardı var)

Oğuztoğrul TAHİRLİ

 





15.09.2015    çap et  çap et