Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr Bilik Günü münasibətilə ölkəmizin bütün bölgələrində Azərbaycan multikulturalizminə həsr olunmuş mühazirələr təşkil edib.
Fondun "İlboyu Bilik" proqramı çərçivəsində Bakıda və Azərbaycanın bütün rayonlarında ali və orta məktəblərdə "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda dərslər keçib və mühazirələr deyilib. Ümumilikdə 158 yerdə - 142 orta məktəbdə, 16 ali məktəbdə tanınmış ziyalılar - akademiklər, professorlar, diplomatik korpus nümayəndələri, media mənsubları məktəblilər, tələbələr və yerli sakinlərlə görüşüblər, onlara Azərbaycanda multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.
Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, qaçqın və məcburi köçkün, eləcə də sərhədyanı bölgələrin məktəblərində şagirdlərə maraqlı mühazirələr deyiblər.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Şamaxı rayonundakı Sabir qəsəbə tam orta məktəbində, Millət vəkili Aydın Mirzəzadə Mingəçevirdə, Əməkdar müəllim Əjdər Ağayev Neftçalada, Alban-udi xristian icmasının sədri Robert Mobilim Qəbələdə, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Bərdədə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Şuşa və Qubadlının qaçqın məktəblərində mühazirələr deyiblər. Digər məktəblərdə də nüfuzlu mühazirəçilər çıxış ediblər.
çap et