525.Az

"Həsrət, Eşq və Sükut" təqdim olundu - Fotoreportaj


 

"Həsrət, Eşq və Sükut" təqdim olundu - <b style="color:red">Fotoreportaj</b>

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin sədri, şair Mehmet Nuri Parmaksızın "Həsrət, Eşq və Sükut" kitabının təqdimatı keçirilib.

"Aybkitab" layihəsi çərçivəsində işıq üzü görən kitabın redaktoru Ələmdar Cabbarlıdır, mətnləri dilimizə Gülnar Səma uyğunlaşdırıb.

Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq bu ilin əvvəlində Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) rəhbəri Mehmet Nuri Parmaksızla Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın imzaladıqları müqaviləni xatırladıb: "Həmin müqavilədə Türkiyə ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının Türkiyədə təbliği də nəzərdə tutulmuşdu. Eyni zamanda il ərzində iki kitabın çapı planlaşdırılıb.  Mehmet Nuri Parmaksızın "aybkitab" layihəsi çərçivəsində nəşr edilən "Həsrət, Eşq və Sükut" kitabını sözügedən müqavilənin bəhrəsi hesab etmək olar. Kitabın bu gün açılışı keçirilən IV Beynəlxalq Bakı kitab sərgi-yarmarkasında da imza mərasimi olacaq. Mehmet Nuri Parmaksız gözəl şairdir, onun rəhbərlik etdiyi qurum ədəbiyyatın tanıdılması, təbliği istiqamətində böyük işlər həyata keçirir. Kitab çapa hazırlanarkən Mehmet Nuri bəy xahiş elədi ki, şeirlər tərcümə edilməsin, yalnız əlifba dəyişdirilsin. Bu kitabda müəllifin sevgi mövzusunda şeirləri və buna yazdığı esselər öz əksini tapıb".

Gülnar Səma kitabı dilimizə uyğunlaşdıran zaman böyük zövq aldığını vurğulayıb: "Əsəri dilimizə çevirdikcə mətnlərin dərinliyinə varmamaq mümkün deyildi. Mahiyyət oxucunu özünə cəlb edir və belə desək, kitabın təsirinə düşməmək olmur. Tərcümə zamanı orijinala daha çox yaxınlığı diqqətimdə saxladım, inversiyanı qorumağa çalışdım. Kitabın ümumi mahiyyətinə gəlincə, onu deyə bilərəm ki, mütaliə etdikcə buradakı mətnlər mənə sufi-panteist eşq haqqında mühazirələri xatırlatdı. Kitabdakı şeirlərlə esselər bir-birini tamamlayır. Şeirləri, təbii ki, tərcümə etmədik, sadəcə əlifbasını dəyişdik. Belə məsuliyyətli və önəmli bir işi mənə həvalə olunduğuna görə təşkilatçılara minnətdaram".

"Aybkitab" layihəsinin rəhbəri Xəyal Rza adıçəkilən layihə çərçivəsində indiyədək 20 kitabın nəşr olunduğunu bildirib: "Bu layihə qısa zaman ərzində populyarlıq qazanıb. Yazıçılar Birliyinin rəhbərliyi Mehmet Nuri Parmaksızın kitabının çapı təşəbbüsü ilə layihəmizə müraciət etdikdə sevindik ki, layihəmizdə Türkiyədən də çox tanınmış bir imza təmsil olunacaq. İnanırıq ki, oxucularımız bu kitabı da layihəmizin digər nəşrləri kimi maraqla qarşılayacaqlar".

Yazıçı Pərvin çıxışında Mehmet Nuri Parmaksızla tanışlığının tarixçəsinə nəzər salıb: "Mehmet Nuri bəylə ilk tanışlığımızda o mənə bir az soyuq, bir az uzaq təsir bağışlamışdı. O baxımdan ki, mənim "Balerin" kitabımın çapı bir il uzandı. Düşünürdük ki, artıq kitab heç çap olunmayacaq. Çünki Azərbaycanda bir iş çox uzanarsa, insan əlini o işdən üzər. O kitaba ön sözü Anar müəllim yazmışdı, ona görə həyəcanla gözləyirdik. Ancaq Mehmet bəyin söz verdiyi kimi, Əskişəhərdə keçirilən böyük kitab sərgisinə qədər o kitabın çapı reallaşdı. Və bu Mehmet Nuri bəyin mənim həyatımda, yaradıcılığımda gördüyü böyük işlərdən birincisi idi ki, ilk kitabım "Akçağ" nəşriyyatında işıq üzü gördü. Mənim sonrakı kitablarımın Türkiyədəki yayım hüququ da sözügedən nəşriyyata aiddir. Bu mənada Mehmet Nuri bəy mənim üçün sözünün ağası olan adam kimi yaddaşımda qaldı. Ötən il o Bakıya gələndə biz Seyit Əhməd Arslanın təşkilatçılığı ilə keçirilən tədbirdə görüşdük və orada mənim "Yüz gözəl sevgi şeiri" kitabımın yayımlanması ilə bağlı eşidəndə rahat oldum. Anar müəllimin "Yaşamaq haqqı" traktatını bir neçə dəfə oxumuş redaktoru kimi əsər haqqında isə onu deyə bilərəm ki, bu, türk dünyasında bir hadisədir və İLESAM-ın bu traktatı nəşr etməyi planlaşdırmasını türk dünyasının da çox böyük hadisə kimi dəyərləndirəcəyinə inanıram. "Həsrət, Eşq və Sükut" kitabını vərəqləyəndə başa düşdüm ki, Mehmet Nuri bəy bütün bu işgüzarlığı, ciddiliyi ilə həm də sevgidən, ovqatdan tutub yaşayan bir ruh insanıdır. Buradakı yazıların hər biri bir şeir ovqatının nəsr dilində, esse dilində çatdırılmasıdır".

AYB-nin katibi İlqar Fəhmi türk dünyası yazıçı və şairlərinin yaradıcılığının təbliğ olunmasının əhəmiyyətindən bəhs edib.

Ələmdar Cabbarlı təqdim olunan kitabın mətninin sadəcə oxumaq üçün yox, həm də dərindən düşünmək üçün yazıldığını deyib: "Bu kitabın hər cümləsi düşündürücüdür. Təxminən iki ay kitabın redaktəsi üzərində çalışdıq, hansısa qüsurumuz varsa, üzrlü sayın. Kitabdan hər gün bir sitat götürüb sosial şəbəkədə paylaşıram. İndi də çıxışımı həmin sitatlardan biri ilə yekunlaşdırmaq istərdim: "İnsanı yandıran atəşin hərarəti, odu deyil, o atəşin nə zaman bitəcəyini bilməməsidir".

Xalq yazıçısı Anar qeyd edib ki, təxminən 9 ay bundan qabaq işbirliyi haqqında müqaviləyə imza atılıb: "O müqavilənin  bəhrələrindən də Mehmet Nuri bəyin bu kitabıdır. Gülnar Səmaya, Ələmdar Cabbarlıya və Xəyal Rzaya təşəkkürümü bildirirəm ki, belə bir kitabı ərsəyə gətiriblər". Xalq yazıçısı tədbirdə müəllifin bir şeirini oxuyub. 

Sonda çıxış edən Mehmet Nuri Parmaksız kitabın nəşrində əməyi olan hər kəsə minnətdarlığını bildirib: "Pərvin xanım söylədi - mən zahirən soyuq görünürəm. Amma hər kəs bir aysberqdir. Hər kəs bilir ki, suyun üstündə görünən kiçik bir qismidir. Əsl hissə suyun altında yerləşir. Mən suyun üzərindəki qismiyəm, suyun altındakı hissə bu kitabda yerləşir. Bu kitabdakı mətnlər şeirlə nəsr arasında bir üslubda yazılıb".

M. N. Parmaksız oktyabrın 16-da Bakıda keçiriləcək bir tədbirdə Türkiyə səfirliyinin mədəniyyət və tanıtma üzrə keçmiş müşaviri Seyit Əhməd Arslanın da iştirak edəcəyini vurğulayıb: "Seyit Əhməd Arslanın da hamıya salamı var. O da buranı unutmayıb. Sevilmək önəmli bir məsələdir. Seyit Əhməd Arslan da sevilən bir insandır və özündən sonra yaxşı iz qoyub gedib. Belə dəyərli insanları isə unutmurlar".

Müəllif Xalq yazıçısı Anarın "Yaşamaq haqqı" kitabının Türkiyədə təqdimatının və imza gününün keçiriləcəyini bildirib, İLESAM-la AYB arasında əməkdaşlığını gələcəkdə daha da dərinləşəcəyini vurğulayıb.

Tədbirdən sonra elə bu gün açılışı olan IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında sözügedən kitabın imza günü keçirilib. 

Müəllif Bakı İdman Oyunları Sarayında baş tutan böyük kitab bayramında oxucularla görüşüb, onları maraqlandıran sualları cavablandırıb, kitab imzalayıb.
 
Sevinc MÜRVƏTQIZI

 





16.09.2015    çap et  çap et