525.Az

IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası açılıb


 

IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası açılıb<b style="color:red"></b>

Bu gün IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası öz işinə başlayıb.
 

Sərgi-yarmarkanın iştirakçıları Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Sərgi-yarmarka yerli və xarici nəşriyyatlar arasında sıx əlaqələrin qurulması, insanların kitaba marağının artması, yeni imzaların və müəlliflərin tanınması, mövcud sahədə gedən proseslərin öyrənilməsi baxımından geniş imkanlar açması məqsədilə həyata keçirilir.

Sərgi-yarmarkanın işi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev və şöbənin baş məsləhətçisi Elbəy Əli media nümayəndələrinin suallarını cavablandırıblar.

V. Quliyev qeyd edib ki, sərgidə nazirliyin dəstəyi ilə nəşr olunan lüğətlər, ensiklopediyalar, yeni nəşrlər sərgilənəcək. Şöbə müdirinin sözlərinə görə, şəhərin müxtəlif yerlərində daimi yarmarkaların keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə yeni layihə və təkliflər irəli sürülüb: "İki ildən bir təşkil olunan sərginin coğrafiyası daha da genişlənib. "Artıq dördüncü dəfədir keçirilən bu kitab sərgi-yarmarkasına ildən-ilə maraq artmaqdadır. Əvvəlki illərdən fərqli olaraq iştirakçıların sayında da çoxalma var. Belə ki, iki il bundan əvvəl sərgidə 60 yerli, 15 xarici təşkilat iştirak edirsə, bu il 100 yerli, 30 xarici təşkilat iştirak edir. Həmçinin sərgi - yarmarkada kitabların nümayişi ilə yanaşı, satışı da təşkil ediləcək. Qiymətlər də adi vaxtlarda olduğundan xeyli ucuz olacaq. Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə kitabxanaları arasında əməkdaşlıq sazişinin imzalanması, musiqili təqdimatlar, ALISA proqramının nümayişi nəzərdə tutulub".

Elbəy Əli sərginin Azərbaycanda keçirilməsini kitaba və kitab nəşriyyatına dövlətin göstərdiyinin nəticəsi kimi qiymətləndirib: "Dünyanın ən zəngin və ən böyük kitabxanalarının iştirak edəcəyi sərgidə bir sıra böyük kitab nəşriyyatları da təmsil olunacaq. Sərgidə istənilən qurum öz məhsullarının yayımını sərbəst şəkildə təşkil edə bilər. Əvvəlki sərgilərdən fərqli olaraq, bu dəfə iştirak edən bütün nəşriyyatlara tam sərbəst proqramlarla çıxış etmək imkanı verilib. Belə ki, bütün sərgi-yarmarkanın iştirakçıları istədikləri vaxt imza mərasimləri, yazıçılarla görüş təşkil edə bilərlər.

Bakı İdman Sarayında təşkil olunmuş sərgi-yarmarkada Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edir. 100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçiblər. Ötən gün sərgi-yarmarka çərçivəsində Vaqif Bəhmənlinin "Belə yaxşıdı", Rəşad Məcidin "Çiyələk qadın", Çingiz Əlioğlunun "Qonşunun iti", Elçin İsgəndərzadənin "Sevənlərə", Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" və Mehmet Nuri Parmaksızın "Həsrət, eşq və sükut" kitabının imza günü keçirilib. Sərgi-yarmarka üç gün davam edəcək.

S.ABDULLAYEVA

 





16.09.2015    çap et  çap et