525.Az

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi


 

Oğuztoğrul TAHİRLİ

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

İslam bəy Qəbulovun yazdıqlarına Qax məktəbinin naziri təkrarən bu cavabı göndərmişdir:

"Qax məktəbinin müsəlman şagirdlərinin cümə günləri bayram etməyə Sizin heç bir əsaslı və qanuna müvafiq haqqınız olmadığı barəsində Sizə bəyanat verdikdən sonra təvəqqe edirəm mənə həmin kağızda yazasınız ki, Siz genəmi müsəlman şagirdlərini məscidə aparmaqda davam edəcəksiniz?".

Qəbulovun cavabı:

"30 oktyabr tarixli 164 nömrəli təkliflərə kəmali-ehtiram ilə cavab verirəm ki, bizim şəriətin tələbinə görə biz şagirdləri məscidə aparacağıq".

Sonra müsəlman şagirdlərinin ata-anaları da məktəb naziri Popandopuloya bu məzmunda bir ərizə yazmışlar:

"Hörmətli Qax məktəbinin nazirinə! Qax məktəbində təhsil edən müsəlman şagirdlərinin valideynləri və ümum Qax camaatı Sizin məscid həyətində etdiyiniz söhbətdən anlamışlar ki, cümə günləri müsəlman şagirdlərinin məscidə namaz qılmağa getmələrinə mane olmağa mailsiniz. Məktəblər tənha (yalnız) şagirdlərə dərs vermək deyil, şagirdlərin dini hissiyyatlarını da möhkəmləşdirməlidir. Məzhəbsiz camaat heyvandır. Siz bizim müsəlman şagirdlərinin hissiyati-diniyyələrini zəifləndirərək heç bir şeyə yaramayan üzvlər yaratmaq istəyirsiniz. Bizim yeganə arzumuz dəsturi-hərəkət və şüarımız budur: "Allahdan qorx, padşaha məhəbbət et". Təvəqqe edirik, Sizdən bizim uşaqlara bu sözün təhtində (altında) bu dəstur (qayda) ilə tərbiyə verəsiniz və Sizdən rica edirik bizim bu ərizəmizi ali hökumət məmuruna yetirəsiniz". Həmin ərizədə həştad imza var.

Həzərat Duma üzvləri! Budur haman sənədlər ki, müəllimlərin əhali ilə müstəbidanə əlaqələrini və bizim müsəlmanların dini bu dairədə okumak xahişində olmaqlarını isbat ediyor.

Həzərat! Qafqazda camaat arzu edən məktəblər olmadığına görə aşağı sinif əhali arasında əxlaq pozğunluğu müşahidə olunur. Bu xüsusda biz özümüz bu Dumanın minbərindən məlumat veririk".

İbrahim bəyin bu çıxışı çar dönəmində müsəlman müəllimlərin İslam bəy Qəbulovun nümunəsində necə ağır psixoloji-mənəvi basqılar altında çalışdığını əyani şəkildə göstərir.

BAKI 5-ci RUS-TÜRK MƏKTƏBİNİN MÜƏLLİMİ

AR Tarix Arxivində müəllim İslam bəy Qəbulovun 1910-cu ildən başlanmış xidməti qovluğu saxlanılır. Buradakı sənədlərdə qeyd olunub ki, Bakı şəhərindəki 5-ci rus-türk məktəbinin müəllimi İslam bəy Hacı Pirməhəmməd bəy oğlu Qəbulov 15 oktyabr 1879-cu ildə doğulub, subaydır, təhsilini Zaqatala şəhər məktəbində alıb. 1 sentyabr 1905-ci ildən 1 iyul 1910-cu ilədək Zaqatala dairəsinin Qax normal məktəbində, 28 sentyabr 1910-cu ildən Bakı şəhər 5-ci rus-türk məktəbində müəllim əvəzi  işləyib. İllik maaşı 360 manatdır.

Bakı 5-ci rus-türk məktəbinin müdiri kökcə Şamaxı bəylərindən olan görkəmli müəllim Baba bəy Səfərəlibəyovdu.

Qafqaz Tədris Dairəsi Bakı-Dağıstan Xalq Məktəbləri Müdiriyyəti 2-ci rayonunun müfəttişi Sultanməcid Qənizadə 21 aprel 1911-ci ildə Bakı Şəhər Duması Məktəblər Komissiyasının sədrinə 1498 saylı məktub göndərərək bildirib ki, bu ilin 1 aprelindən mən İslam bəy Qəbulovu 5-ci rus-türk məktəbinə müəllim vəzifəsinə təsdiq etmişəm.

Məktəblər Komissiyasının sədri 10 avqust 1912-ci ildə Bakı Dağıstan Xalq Məktəbəri Müdiriyyətinin direktoruna 1124 saylı məktub göndərərək bildirib ki, Bakı Şəhər Dumasının Məktəblər Komissiyası bu ilin 26 iyunundakı iclasında 33 yaşlı, Zaqatala şəhər məktəbində oxumuş, 1-ci Bakı kişi gimnaziyasında ibtidai məktəblərdə türk dili müəllimi rütbəsi üçün imtahan vermiş, Suraxana küçəsi 267-ci evdə yaşayan İslam bəy (mətndə yanlışlıqla: İsmayıl bəy - O.T.) Qəbulovu rus-türk məktəbində müəllim vəzifəsinə təsdiq edib.

Tarix Arxivindəki həmin qovluqda İ.b.Qəbulzadənin 3 il sonra - 15 dekabr 1913-cü ildə tərtib edilmiş əmək dəftəri indicə oxuduqlarımızı təsdiqləməklə yanaşı, bizə əlavə bilgilər də verir. Həmin əmək dəftərində Bakı 5-ci rus-türk məktəbinin müəllimi İslam bəyin 3 may 1879-cu ildə doğulduğu, islam dininin sünni məzhəbində olduğu, ildə 900 manat maaş aldığı qeyd edildikdən sonra göstərilib ki, o, Zaqatala dairəsinin zadəganlarındandır; 5 desyatin (1 desyatin təxminən bir hektara yaxındır) dədə-baba mülkü var; arvadının mülkü yoxdur. 31 may 1897-ci ildə Zaqatala 4-sinifli şəhər məktəbini bitirib. Tiflis valiliyi xalq məktəbləri müfəttişinin 10 avqust 1905-ci il tarixli 300 saylı əmri ilə Qax 2-sinifli normal məktəbində (bu məktəbi İslam bəyin özü açmışdı - O.T.) türk bölməsinin müəllimi təyin edilib. Bakı Şəhər Duması Məktəblər Komissiyasının seçimi ilə 27 sentyabr 1910-cu ildən Bakı və Dağıstan Xalq Məktəbləri Müdiriyyəti müfəttişi ona Bakı şəhər 5-ci rus-türk məktəbinə müəllim vəzifəsini icra etməyə icazə verib, 1 aprel 1911-ci il tarixli 3609 saylı əmri ilə isə onu həmin məktəbə müəllim təsdiq edib.

"MƏKTƏB" DƏRGİSİNİN YAZARI 

5-ci rus-türk məktəbinin müəllimi İslam bəy Qəbulzadə şagirdlərini yalnız sinif divarları arasında öyrətməklə kifayətlənmirdi. O, dönəminin azsaylı milli maarif nəşrlərindən olan "Məktəb" dərgisi vasitəsilə də şagirdlərini tərbiyələndirməyə can atırdı. Onun "Müəllim İslam bəy Qəbulov" imzası ilə çıxan iki hekayəsi əlimizdədir.

"Qarışqanın qeyrəti, yaxud onun məktəb çocuğu ilə olan bəhsi" adlı ilk hekayəsində müəllif şagirdləri oxumağa həvəsləndirməkçün maraqlı bir üsula əl atıb. O, qarışqa ilə məktəbli uşağı qarşılaşdırır. Qarışqa məktəbliyə öyüd-nəsihət verərək bildirir ki, biz qarışqalar nə qədər kiçik olsaq da ağır zəhmətə və əziyyətə dözür, ruzimizi əməyimizlə qazanır, heç bir zəhmətdən çəkinmirik. Bəzən iri heyvanlar və insanlar bizi tapdalayıb məhv etsə də yenə çalışmaqdan əl çəkmirik. Ancaq siz çocuqlar tənbəllik edir, dərsinizi oxumaq istəmirsiniz. Sizin bütün qayğılarınızı atalarınız çəkir. Onların qabarlı əllərindən qan damır. Atalarınız gecə-gündüz yorulmadan işləyir və onların sayəsində siz heç bir zəhmət və dərd-sər çəkrmirsiniz. Atalarınızı babalarınız vaxtilə oxutmayıblar və buna görə də onlar indi əziyyət çəkirlər. Gərək siz oxuyasınız ki, gələcəkdə bir mənsəb tutaraq çörək qazanasınız və atalarınızı zəhmətdən qurtarasınız.

Məktəbdə oxuyan şagirdlər üçün gerçəkdən dəyərli öyüdlərdən ibarət bu yazıda müəllif qarışqanın dili ilə deyir:

"Körpə vəqtinizdə gecələr sübhə kimi yuxlamayıb sizi qucağına alan və azacıq naxoş olduğunuz zaman gözlərindən qanlı yaş tökən sizin mehriban ananız gözləyir ki, sabah-birigün bənim oğlum məktəb qurtaracaqdır. Və kəsb etdiyi elm sayəsində bir parça rahat çörək qazanıb bizi zəhmət və əziyyətdən qurtaracaqdır...

Ey çocuqlar! Axşamlar atanız evə gəldikdə heç olmazsa bircə dəfə də olsa diqqət ilə o fəqir atanızın qabarmış və çatlamış əllərinə bakınız, görünüz ki, siz yediyiniz çörəyin bir lokması atanızın əllərində olan cadarın hər birindən bir damcı qan akmasıyla əmələ gəlmişdir. İmdi siz bir ibrət alın. Oxumağa səy və məhəbbət etməyib cahil qalsanız sizin də aqibətiniz böylə olacaq. Siz də böylə zillətlə bir parça çörək qazanmağa məcbur olacaqsınız. Atanızın elmi, qələmi olsa idi, əlbəttə, o biçarələr bu hal ilə yaşamazdılar. Onlar da qeyri mərifət əhlləri kibi ayda filan qədər məvacib alıb rahat ömr edər idilər. Əfsus ki, atanızın böylə alçaq (aşağı səviyyədə, yoxsul) yaşamalarına bais sizin babanızdır. Onlar vəqtində atanızı oxutmayıb onlara xəyanət etmişdir. Buna görə atanızın fəhləliyinə heç kimin töhməti ola bilməz, çünki günah onlarda olmayıbdır. İmdi deyiniz görüm okumağa qeyrət etməyib tənbəllik sayəsində sabah-birigün fəhlə, ya hammal olmağa nə haqqınız vardır?" [26, 11].

İslam bəyin "Məktəb"dəki ikinci bədii yazısı "Qoca baba ilə məktəb uşağının söhbəti" adlanır. Bu həcmcə kiçik yazısında müəllif qoca babanın dilindən məktəbliyə əxlaqın nə olduğunu və niyə əhəmiyyətli olduğunu başa salmağa çalışır. Qoca baba məktəb uşağına deyir: "Əzizim! Əxlaq insanda bir sifətdir ki, onun yanında dövlət, hünər, hətta elm özü də bir şey hesab olunmaz. Gözəl əxlaqlı bir adam nə qədər avam da olsa yenə ona hörmət edərlər, amma əxlaqsız adamın nə qədər dövləti, hünəri, elmi də olsa heç kim ona yakın durmaz və hər yerdə gözdən düşər. Buna görə əqilli adamlar bir adamı özünə təzə yoldaş və ya təzə qulluğa götürəndə əvvəlcə onun nə əxlaqda olduğunu öyrənərlər, sonra onu qulluğa və ya yoldaşlığa götürərlər".

Bundan sonra qoca baba şagirdə əxlaqlı olmağı öyrədir: "Özünü çok bilən və öz sözünü doğru hesab etmə. Çok acıqlı olub hər şeydən ötrü qeyli-qal etmə. Doğru sözü həmişə artıq tut. Lovğa olmayıb böyüyə-balacaya bacaran qədər hörmət elə. Heç kimə paxıllıq etmə! Pis işlərdən və yoldaşlardan uzaq ol. Vəqtini boş keçirməyib faydalı kitablar okumakla keçir. Müxtəsər, hər yerdə ədəb-əxlaq lazımdır. Hətta məşhur əsər də var: "Ədəb olmayan yerdə bərəkət də olmaz!". Ədəbin böyük şərtlərindən biri də budur ki, həmişə ata-ananın sözlərinə baxıb onlara ağ olmamaq, sənə dərs verən müəllimin və bütün müəllimlərin hörmətini saxlamaq, camaat arasında hörmətli hesab olunan böyük adamlara ehtiram etmək...".

Bunlardan başqa, İslam bəy Qəbulzadə dövri mətbuatla da yaxınlıq edib. Onun özəlliklə "İqbal" qəzetindəki iki məqaləsi bizə bəllidir.

Onun "Hər kənddə bir dil, yaxud Dağıstanın inqirazı" məqaləsində çoxdilliliyin Dağıstan üçün bir bəla olduğu göstərilir və müəllif orada dövlət və xalq həyatında türk dilinin ümumünsiyyət dilinə çevrilməsini önəmli sayır.

"Aşna-aşna, gəldi ocaq başına" məqaləsini isə İslam bəy özəlliklə Zaqatala bölgəsində ləzgi məsələsi ilə bağlı qələmə alıb.

Yeri gəlmişkən, qohumu Mustafa bəy Qəbulovun "İqbal" qəzetinə Qaxdan göndərdiyi bir xəbərdə də İslam bəyin faydalı müəllimlik işindən danışılır.

Müəllim İslam bəy Qəbulzadə 1917-ci ilin 30 dekabrından 1918-ci ilin 31 yanvarınadək və 1918-ci ilin 1-28 fevralında məzuniyyətə çıxıb və onu həmin məktəbin müəllimi, B.b.Səfərəlibəyovun bacısı oğlu Məhəmməd bəy Xələf bəy oğlu [Xələfbəyov, sonradan: Mahmudov] əvəz edib. (Ancaq həmin məzuniyyətlər dönəmində İslam bəy Zaqatalada dairə komissarı vəzifəsində çalışırdı və təbii ki, Bakıda müəllimlik edə bilməzdi. Bizcə, burada aydınlaşdırılmasına ehtiyac duyulan qaranlıq bir məqam var).

İ.Qəbulzadə Bakının ictimai həyatında da fəal iştirak edirdi. "Baku" qəzetinin yanvar 1914-cü il tarixli 5-ci sayında oxuyuruq ki, Məhəmmədhəsən Həsənovun sədrliyi altında "Səfa" müsəlman maarif cəmiyyətinin ləğv olunaraq onun yerinə yeni (qeyri-maarifçi) "Səfa" cəmiyyətinin yaradılması məqsədiylə yığıncaq keçirilib. Yeni cəmiyyətin sədri Tağı Nağıyev, onun müavini S.M.Kazımov, katib İslam bəy Qəbulzadə, xəzinədar Kərbəlayı Abdulla Zərbəliyev seçiliblər.

E.İbrahimova İslam bəyin "Molla Nəsrəddin" məcmuəsində "Poçt işi haqqında" və "Sofru zənbil" yazılarının çıxdığını göstərir.

EVLƏNMƏ 

1910-cu ildən Bakıda yaşamağa başlayan İslam bəy təbii olaraq ailə qayğısına möhtac idi. Əzizləri Qaxda qaldığına görə burada ona qulluq edəcək bir yaxın adamı yoxdu. Həm də evlənəcək vaxtı da xeyli ötürdü - yaşı artıq 35-ə adlamışdı. (Ümumən götürdükdə Qəbulzadələrin çoxunun gec evləndiyini görürük). Bu üzdən də 1913-cü ildə o, ailə qurmağa qərar verdi. Özünə həyat yoldaşı olaraq yaxın qohumlarından 15 oktyabr 1896-cı il doğumlu Firuzə xanım Qəbulzadəni seçdi.  25 avqust 1913-cü ildə onların nikahı kəsildi. Bir neçə il xoşbəxt yaşadılar, ancaq sonra Firuzə xanımda ciddi xəstəlik üzə çıxdı.

5-ci rus-türk məktəbinin müəllimi İslam bəy 25 yanvar 1916-cı ildə Bakı-Dağıstan Xalq Məktəbləri Müdiriyyəti 2-ci rayonunun müfəttişinə raport yazaraq bildirib ki, Sizin 25 noyabr 1915-ci il tarixli 3066 saylı təklifinizə əsasən xəbər verirəm ki, arvadımın sürəkli xəstəliyi üzündən ailəmi Müdiriyyətin göstərdiyi yerə köçürə bilməmişəm, həkim Dıxno-Leybzonun məsləhəti ilə may ayında ata yurdumuz Zaqatala dairəsinə aparmışam. Beləliklə, mən arvadımın müalicəsindən ötrü dövlətdən aldığım 106 manatlıq yolpulundan əlavə 200 manatdan artıq da borc etməli olmuşam. Bu dediklərimin təsdiqi olaraq yuxarıda adı keçən həkimin 5 dekabr 1915-ci il tarixli tibbi arayışını təqdim edir və məni yolpulunu qaytarmaqdan azad etməyinizi xahiş edirəm.

Həkim R.A.Dıxno-Leybzonun 5 dekabr 1915-ci ildə Bakıda verdiyi arayışa görə, 5 aylıq hamilə olan Firuzə xanım Qəbulovanı o, mart-aprel aylarında ciyərlərinin sətəlcəmindən və kəskin qan azlığından müalicə edib [7, 9]. Müfəttiş Sultanməcid Qənizadə isə 29 yanvar 1916-cı ildə Bakı-Dağıstan Xalq Məktəbləri Müdiriyyəti direktoruna yazdığı 217 saylı məktubda həkimin İslam bəyin arvadına verdiyi arayışı nəzərə almaqla yolpulunu qaytarmaqdan onun azad edilməsini xahiş edib.

İslam bəyin ailə həyatı uğurlu alınmayıb. Doğrudur, Firuzə xanımın sonrakı taleyi bizə bəlli deyil, ancaq bilirik ki, İslam bəy sonra əmisi qızı Qəntilə xanım Qəbulzadə ilə evlənib. Bu isə Firuzə xanımın dünyadan köçdüyünü düşünməyə ciddi əsas verir. İslam bəyin Qəntilə xanımdan Rüfət adlı oğlu və bir qızı doğulub. Qız tez ölüb, Rüfət bəy isə Zaqatala məktəbini bitirib . O, 1935-ci ildə Zərnə kəndində müəllimliyə başlayıb. Rüfət bəy əmisi qızı Əzizə ilə evlənib. Onların oğlu Şahid İslamov indi BDU-nun kimya fakültəsinin dosentidir.

(Ardı var)

Oğuztoğrul TAHİRLİ

 





17.09.2015    çap et  çap et