525.Az

“Jurnalistlərin saxlanılmasını söz azadlığına müdaxilə hesab etmirəm”


 

“Jurnalistlərin saxlanılmasını söz azadlığına müdaxilə hesab etmirəm”<b style="color:red"></b>

“Jurnalistlərin saxlanılmasını söz azadlığına müdaxilə hesab etmirəm.”

Bunu Qaynar.info-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov Meydan.tv-nin əməkdaşları Aytac Əhmədova və Şirin Abbasov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını şərh edərkən deyib.

Əflatun Amaşovun sözlərinə görə, bu hadisədə ictimaiyyətin bilmədiyi məqamlar var: “Bu cür saxlamalar dünyanın bütün ölkələrində var. Özü də bunu saxlanma kimi qiymətləndirmək olmaz. Jurnalist müəyyən müddətdə müvafiq qurumlara dəvət olunur və bu məsələlər də protokollaşdırılır. Ona görə də düşünürəm ki, bu məsələni söz və mətbuat azadlığı müstəvisində qaldırmaq lazım deyil”.

Mətbuat Şurasının sədri bildirib ki, hansı media qurumunda işləməsindən asılı olmayaraq Mətbuat Şurası müvafiq qurumlarla əlaqə saxlayır və məsələni nəzarətdə saxlayır: “Məsələ ilə bağlı bizə də məlumat vermirlər. Dünən Meydan.tv-nin bir əməkdaşı sərbəst buraxılıb. Güman ki, bu gün Şirin Abbasov da azadlığa buraxılacaq”.

Xatırladaq ki, dünən Meydan.Tv-nin əməkdaşı Aytac Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən 5 saata yaxın saxlanılmışdı. Daha sonra o sərbəst buraxılıb. Meydan.tv-nin digər əməkdaşı Şirin Abbasovdan isə xəbər yoxdur. Onun harda saxlanıldığı barədə dəqiq informasiya verilmir. Meydan.tv isə əməkdaşının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin tərəfindən saxlanıldığını bildirir.

 





17.09.2015    çap et  çap et