525.Az

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına böyük maraq var - Fotoreportaj


 

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına böyük maraq var - <b style="color:red">Fotoreportaj</b>

Sentyabrın 16-da açılan IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına 22 ölkədən 120 nəşriyyat, o cümlədən, 100-dən artıq yerli nəşr qurumu qatılıb.

Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar, Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, AYB katibi Rəşad Məcid və başqaları iştirak ediblər.

Nazir Əbülfəs Qarayev bildirib ki, artıq ənənə halını alan Kitab Sərgi-Yarmarkasına maraq hər il daha da artır, Azərbaycanda poliqrafiya işi genişlənməkdə davam edir: "Kitab Sərgi-Yarmarkasına əvvəllər 30 nəşriyyat qatılırdısa, indi nəşriyyatların sayı 120-yə çatıb. Sərgi-yarmarkada Türkiyə, Rusiya, Özbəkistan, Misir, İran, Bosniya və Herseqovina, Nigeriya, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, eləcə də digər müvafiq qurumlar iştirak edir".

Üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, müzakirələrin aparılacağını söyləyən Ə.Qarayev son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü də diqqətə çatdırıb.

Nazir nəşriyyat sahəsinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu qeyd edib: "Əsas məqsədimiz kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir".

Açılış mərasimi başa çatdıqdan sonra kitab sərgisinə baxış keçirən nazir ümumilikdə sərgidən və təşkilati məsələlərdən məmnunluğunu ifadə edib.

Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib: "Bu kitab sərgisi bizim mədəni həyatımızda çox böyük hadisədir. Məndə həmişə belə bir təəssürat olub ki, bəşəriyyətin ən böyük kəşflərindən biri kitabdır. Bugünkü həqiqətsə ondan ibarətdir ki, kitaba maraq xeyli azalıb. Bunun xeyli obyektiv və subyektiv səbəbləri var. Amma istisnasız olaraq kitab bəşəriyyətin inkişafında mənəvi bir dəyər kimi böyük rol oynayır və inanıram ki, bundan sonra da belə olacaq".

Xalq yazıçısı sərgidə nümayiş olunan kitabların, demək olar ki, bütün sahələri əhatə etdiyini də diqqətə çatdırıb.

Baş nazirin müavini sərgidə xoş sürprizlə qarşılaşdığını dilə gətirib: "Türkiyə köşkündə türkcəyə tərcümə olunmuş öz kitabımı gördüm. Belə bir kitabın olduğunu bilmirdim, maraqlı sürpriz oldu".

Elçin Əfəndiyev bildirib ki, bu kitab bayramı ölkəmizin dünyada tanınmasında əhəmiyyətli addımdır: "Eyni zamanda iştirakçılar yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər".

Sərgidə Türkiyənin "İleri Yayınları" stendinə nəzər salanda Elçin Hüseynbəylinin, Yunus Oğuzun kitabları diqqəti çəkir. Nəşriyyatın direktoru Murad Küçük ölkəmizə gəlişindən və sərgidə iştirakdan məmnunluğunu ifadə edir: "Sərgidə hər şey çox gözəl təşkil edilib. Türkiyə olaraq bu sərgidə iştirakımızı vacib hesab edirəm. Çünki türk xalqları dünyada böyük bir əraziyə səpələniblər. Fikrimcə, bu xalqlar və dövlətlər mədəni-mənəvi cəhətdən də yaxınlaşmalı, yumruq kimi bir olmalıdırlar. Bu yolda mühüm addım kimi ədəbiyyatımızın, mədəniyyət və tariximizin qarşılıqlı öyrənilməsi vacibdir. "İleri Yayınları" olaraq bu yolda əlimizdən gələni etməyə çalışırıq. Sərgiyə təxminən 300 kitabla qatılmışıq. Əksəri də türkçülük, dövlətçiliklə bağlı olan nəşrlərdir".

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu da sərgi haqqında təəssüratlarını bölüşüb: "Avrasiya Yazarlar Birliyindən əlavə "Bengü" nəşriyyatı və "Kardeş kalemler" jurnalı olaraq sərgiyə qatılırıq. Bəzi kitablarımız hətta ilk dəfə bu sərgidə təqdim olunur. Buna misal olaraq Rəşad Məcidin "Bir də gəlməyəcək" kitabının türkcə variantını göstərə bilərəm. Bundan əvvəlki sərgiyə də qatılmışdıq. Əminliklə demək olar ki, hər il təşkilati məsələlər daha irəli səviyyədə olur. Bundan əlavə builki yarmarka daha geniş tərkibdədir. Ölkələrin və nəşriyyatların sayı daha çoxdur. Düşünürəm ki, bu tip ədəbi-mədəni tədbirlərin keçirilməsi çox vacibdir. Həm ədəbiyyatı dünyaya tanıtmaq, həm də ortaq türk ədəbiyyatını formalaşdırmaq baxımından böyük addımdır".

Sərgiyə Türkiyədən qatılan şair Mehmet Nuri Parmaksız da tədbir haqqında yüksək fikirdə olduğunu dilə gətirib.

Daha sonra sərgi-yarmarka çərçivəsində Rəşad Məcidin "Çiyələk qadın", Vaqif Bəhmənlinin "Belə yaxşıdı", Mehmet Nuri Parmaksızın "Həsrət, eşq və sükut", Çingiz Əlioğlunun "Qonşunun iti", Elçin İsgəndərzadənin "Sevənlərə" və Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" kitablarının imza mərasimi keçirilib.

Cavid QƏDİR

 





18.09.2015    çap et  çap et