525.Az

Millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu mövzusunda forum keçirilib


 

Millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu mövzusunda forum keçirilib<b style="color:red"></b>

Bakıda Beynəlxalq  Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə"Dini və Milli Tolerantlıq - Millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" mövzusunda forum keçirilib.

Tədbirdə ölkənin rəsmi şəxsləri, dini icmaların sədrləri, media nümayəndələri, xarici ölkələrin dini ekspertləri iştirak ediblər.

Forumu qısa salamlama ilə BAMF-ın sədri Umud Mirzəyev açıq elan edib. Umud Mirzəyev Azərbaycandakı dini və milli tolerantlığın ənənələrindən söz açıb. U.Mirzəyev belə tədbirlərin keçirilməsinin sülhün, tolerantlığın, azad, bərabər və birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından çox önəmli olduğunu deyib. Bildirib ki, bu gün sadə insanların milli, dini heysiyyatı, azad və sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilib. "Millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bugünkü kimi aktual olmayıb. Məlumdur ki, medianın cəmiyyətimizə təsiri güclüdür. Media bizim fikirlərimizin və davranışlarımızın aynasıdır. Bəzən cəmiyyətdəki ziddiyyətləri kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq, medianın mövcud problemlərin həll edilməsi üçün töhfə vermək potensialı da çoxdur".

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkə olduğunu xatırladıb. Bildirib ki, burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür."Yay təlimlərində iştirakım zamanı Azərbaycanın məntəqələrinin birində sinaqoqa daxil oldum. Sinaqonun ravvini ilə görüşdükdən sonra müxtəlif məsələlər üzərində danışmağa başladıq. 8 il öncə Azərbaycanda işləməyə gəlib. Rəhbərlik onu Azərbaycana göndərəndə ravvin bura gəlmək istəməyib. Azərbaycanda İslam şəriətinin hökm sürdüyünü, yəhudilərə qarşı sərt münasibətin olduğunu zənn etdiyinə görə etiraz edib. Lakin ravvinin etirazlarına baxmayaraq məcburi şəkildə Azərbaycana gələn ravvin indi buranın vətəndaşı olmaq üçün ərizəylə müraciət edib. Budur Azərbaycan multikulturalizmi. Sizi bu multikulturalizmə dəstək olmağa çağırırıq. Azərbaycan bütün təzyiqlərə baxmayaraq, bunu qorumaq üçün çalışır".

Millət vəkili Bahar Muradova insan azadlığının vacibliyindən, qanunların aliliyindən, milli adət-ənənələrə hörmətin vacibliyindən danışıb. Çıxışında o deyib ki, Azadlıq mücərrəd məfhumdur. Azadlığın haradan başlanacağı, harada bitəcəyi müzakirə olunası məsələdir. Məlum məsələdir ki, bir insanın azadlığı digərinin azadlığına mane olmamalıdır. Əsas qanunların aliliyidir. Bəzi yerlərdə əvvəlcə qanunlar yaradılır daha sonra mili-mənəvi dəyərləri qanunlara uyğunlaşdırırlar. Azərbaycanda isə qanunlar milli-mənəvi dəyərlər əsasında yaradılıb. Azərbaycan bütün millətlərə və dinlərə açıq bir ölkədir. Burada heç bir ayrı seçkilik edilmir. Azərbaycan digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırdır.

Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Biz digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırıq. Biz öyrənməyə və öyrətməyə çalışırıq. Biz cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik və bunun üçün əlimizdən nə gəlirsə etməyə çalışırıq. Bahar Muradova vurğulayıb ki, hazırda Qərbdəki dəyərlərlə mövcud reallıq fərqlənir. Dəyərlərin reallığa çevirməsi sahəsində medianın ciddi fəaliyyətinə ehtiyac var. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub.

Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılmasının tarixi hadisə olduğunu söyləyib. O vurğulayıb ki, Azərbaycana ilk dəfə gələn insan buranı görəndən sonra onda ölkəmiz haqqında yüksək fikirlər yaranır. Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Burada yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb.

Mübariz Qurbanlı öz çıxışında Azərbaycanın tarixən bütün dinlərə dözümlü yanaşdığını bildirib. M.Qurbanlı Avropada son günlər davam edən miqrant axını məsələsinə də toxunub: "42 ölkədə bu gün məzhəblərarası, millətlərarası savaşlar gedir. Hər il ən az 200 min insan bu savaşlarda həyatını itirir. Şəhərlər məhv edilir. İndi Avropaya 1 milyon miqrantın axını gözlənilir. Bu böyük bir iqtisadi problem yaradacaq. Son 14 ildə 2,5 milyon insan etnik və dini zəmində gedən müharibələrin qurbanı olub. Dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar".

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı deyib ki, Azərbaycan mediasında hər zaman dini və mənəvi dəyərlərlə bağlı mövzular ön planda olub. Hazırda milli tolerantlıq mövzusunda mediada saysız-hesabsız informasiyalar var. Mediada dini daha düzgün işıqlandırmaq üçün Jurnalistika fakültəsində də dini biliklər verilə bilər.

Sonra Forumun işi panellərdə davam etdirilib. "Qloballaşma dövründə tolerantlıq. Mədəni müxtəlifliyi olan cəmiyyətlərdə dini və qeyri-dini inanclara tolerant yanaşmada medianın rolu", "Multikulturalizmin, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi və bu proseslərdə Azərbaycan modeli", "Ayrı-seçkilik, dözülməzlik və zorakılığın bütün formaları ilə mübarizədə dini və qeyri-dini inancların töhfəsi" mövzularında müzakirələr aparılıb.

 





18.09.2015    çap et  çap et