525.Az

“Yada düşdü”nün yeni sayı


 

“Yada düşdü”nün yeni sayı<b style="color:red"></b>

Bugünlərdə “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalın növbəti buraxılışı işıq üzü görüb.
 
Dərgi Zöhrə Fərəcovanın “Dünya Azərbaycanı alqışladı” yazısı ilə açılır: “12 iyun, 2015-ci il... O gün dünyanın diqqəti ölkəmizin paytaxtına yönəldi. 30-dan çox dövlət və hökumət başçısı 68 min tamaşaçı ilə birlikdə Bakı Olimpiya Stadionunda ilk Avropa Olimpiya Oyunlarının əsrarəngiz açılış mərasimini izlədi. Həmin gün dünya ölkələri Azərbaycanın qısa müddətdə belə nüfuzlu bir tədbirə yüksək səviyyədə hazırlaşmasına şahid oldu”.

Millət vəkili, Əməkdar jurnalist Elmira Axundova “Bu insan hər bir yenilik üçün açıq idi” yazısında Ümummilli Lider Heydər Əliyevin xarakterinin xüsusiyyətlərindən bəhs edib.

Musa Yaqubun unudulmaz “Öyrətmə özünə, öyrətmə məni” şeiri jurnalın “Qəlbimizə yazılan şeirlər” rubrikasında təqdim edilib.

Z.Fərəcova “Səsi zamanın yaddaşındadır” məqaləsində görkəmli xanəndə Cabbar Qaryağdıoğlu haqqında yazıb.

Xalq şairi Zəlimxan Yaqub Mirzə İbrahimovun foto-albomundan aldığı təəssüratları “Böyüklüyün işığında” qeyd edib.

Şəfəq Nasirin “Qatarından ayrılan durna” yazısında mərhum jurnalist Vəsilə Usubova haqqında xatirələr qələmə alınıb.

Yazıçı-publisist Camal Zeynaloğlunun “Ölüm düşərgəsindən qaçış” sənədli hekayəsi dərginin bu buraxılışında yer alıb.

Jurnalın “Gözlədiyimiz kitablar” rubrikasında yeni nəşrlər haqqında annotasiyalar öz əksini tapıb.

“Uşaqlar, ay uşaqlar” ənənəvi bölümündə bu dəfə də kiçik oxucular üçün materiallar təqdim edilib.

Salatın Əhmədlinin Tailandda gördükləri “Səfər təəssüratları”nda əks olunub.

Şah Qəbələlinin jurnalın poçtuna göndərdiyi şeirləri “Bizə yazırlar” rubrikasında verilib.

Professor Qəzənfər Paşayevin “Ayrılığa dözmək olmur” yazısı şair Rasim Kərimlinin xatirəsinə həsr olunub.

Əbülfət Mədətoğlunun “Həyatın hər üzünü tanıyan adam” yazısında Nəbi Muxtarovun insani keyfiyyətlərindən, onunla bağlı xatirələrdən söz açılıb.

İradə Sarıyevanın “30 il əvvəl-avqustun 27-də doğmaları onu itirdi...”yazısında istedadlı kənd təsərrüfatı mütəxxəsisi Məmməd Cəfərov yad edilib.

Dərginin “Proza” bölümündə Əli bəy Azərinin “Qarpız dilimi”, Nüşabə Əsəd Məmmədlinin hekayələri, “Poeziya” rubrikasında Əkbər Qoşalının şeirləri dərc olunub.

Sahibə Sədnikqızı Qərbi Azərbaycan ədəbi mühitinin tanınmış ziyalısı Hüseynqulu Məmmədlidən “Xalq yaradıcılığının vurğunu” yazısında söhbət açıb.

Professor Əsədulla Qurbanov “Portret cizgilər”də Tofiq Rəsulovu xatırlayıb.

Mahmud Mahmudov “Satirik publisistikanın tədqiqatçısı” Ceyran Əbdürrəhimova haqqında jurnalın bu sayında çıxış edib.

Dərgidə rəssam Kamil Kamalın “İstəyirəm ki, incəsənət yaxşı olan hər şeyi uzunömürlü etsin...” müsahibəsi də çap olunub.

S.MÜRVƏTQIZI

 





19.09.2015    çap et  çap et