525.Az

IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası yekunlaşdı


 

IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası yekunlaşdı<b style="color:red"></b>

Ötən gün IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən ALISA (Automated Library System of Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana sisteminin təqdimat mərasimi olub.

Təqdimat mərasiminə “Ultra” şirkətinin biznes xidmətləri qrupunun proqram təminatı komandasının rəhbəri Anar Məmmədov ALISA layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, bu proqram Azərbaycan kitabxanalarını vahid bir məkanda birləşdirən - mərkəzləşdirilmiş elektron kitabxana sistemidir.  Anar Məmmədov qeyd edib ki, sistemin onlayn rejimdə çalışması, bura dünyanın istənilən nöqtəsindən daxil olmaq imkanı yaradır. Sistemdə kitabxananın bütün fəaliyyəti nəzərə alınıb və kataloq düzəltmə, komplektləşdirmə, kitab sifarişi, kitabların verilməsi, oxucuların qeydiyyatı və əməkdaşlar haqqında məlumatları bura aid etmək mümkündür. Sistem həmçinin, unikal axtarış sistemi və müxtəlif çeşidli hesabatlara malikdir. ALISA çoxsəviyyəli hüquqlar sisteminə malikdir. İstənilən istifadəçiyə proqramdan istifadə üçün məhdud, yaxud tam hüquqlar vermək olar. Həmçinin, bunu həm bir kitabxana, həm də nazirlik səviyyəsində həyata keçirmək mümkündür.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində müxtəlif nəşrlərin təqdimatları da keçirilib. TÜRKSOY-un stendində gerçəkləşən tədbirdə təşkilatın ənənəvi layihələrindən olan “Türk dünyası fotoqrafların görüşü” çərçivəsində “TÜRKSOY obyektivindən Azərbaycan” adlı fotoalbomun təqdimatı olub.

Təqdimat mərasimində çıxış edən Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bildirib ki, layihədə 20 fotoqraf iştirak edib: “Fotolarda Bakının memarlıq abidələri, insanların sosial həyatı, binalar və s. əks olunub. Fotoqraflar 3 gün Bakıda çalışdıqdan sonra onları 4 qrupa bölünərək müxtəlif bölgələrə gediblər. Sonra bütün çəkilən şəkillər Bakıda sərgidə nümayiş etdirilib. Hər fotoqrafın 15 şəkli seçilərək “TÜRKSOY obyektivindən Azərbaycan” adlı kitaba daxil edilib”.  E.Qafarlı həmçinin albomun ərsəyə gəlməsinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli TÜRKSOY-un layihəsinin əhəmiyyətindən danışıb və bildirib ki, bu həm də türkdilli ölkələrin nümayəndələrinin bir araya gəlməsi üçün böyük imkandır. Layihə çərçivəsində Azərbaycanın görməli, tarixi və mədəni məkanları dünyaya çatdırılır.

IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində keçirilən daha bir tədbir “Hədəf” nəşriyyat evinin Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi olan “Yazıçılarımızı dünyaya tanıdaq” kitab dəstinin təqdimatı idi. Layihə çərçivəsində “Yazıçılarımızı dünyaya tanıdaq” nəşrlərində Azərbaycanın 20-dək tanınmış yazıçısının həyat və yaradıcılığı haqqında məlumat verilməklə yanaşı, onların əsərlərindən müəyyən nümunələr təqdim edilib.

Sərgi yarmarka çərçivəsində yazıçı və şairlərin imza günləri, Qızıl kəlmə mükafatçıları ilə görüş də keçirilib.

Ötən gün axşam saatlarında IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası işini yekunlaşdırıb.

S.ABDULLAYEVA

 





19.09.2015    çap et  çap et