525.Az

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi


 

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Qaxdan söz açan Hacı Səlim yazır: "İslam bəy əslən buralıdır. Bu münasibətlə beş gün burada dayandıq. İslam bəyin burada bir nəfər qardaşı vardır, adı Hacı Mahmuddur. Çox dindar və əhli-mərifət adamlardandır.

Sonra buranın raportlarını imza edib, camaatın tövsiyənaməsini alıb, dübarə Cara tərəf hərəkət elədik. Carda yenə də ermənilər kilsəsinə İslam bəy ilə bərabər gedib bütün Zaqatalanın ermənilərini cəm və onların asayişini dürüst edib, Tiflisə müraciət etməyə (qayıtmağa) hazırlaşdıq.

Bu zamanlarda xəbər yetişdi ki, Türkdən gələn əsgər və Nuru paşa ilə gürcü hökumətinin araları bərk pozğunlaşıb, hətta Seymdə böyük danışıqlara bais olub və hər tərəfdə gürcülər müsəlmanları görürlərsə dərhal həbsə alırlar. Bu xəbərlər məni bərk vəhşətə salıb, Siqnaqzeno tərəfindən Tiflisə getməyi özüm üçün məsləhət bilməyib, İslam bəydən ayrılmaq məcburiyyətində qaldım. İslam bəyə izhar elədim: sənin libasın tamamən xristian libası və özün də rus dilini məndən yaxşı danışırsan, ona binaən sən gedə bilərsən. Amma məni gürcülər bu halda görsələr dərhal tutub həbsə alarlar. Buna binaən İslam bəy razı olub, mən Şəkiyə getməyə hazırlaşdım. İslam bəy dürüşkəyə (faytona) minib məndən xudafizləşdi və Tiflis tərəfinə yollandı".

"10 gündən sonra İslam bəydən cavab allam bu cür ki, mən Zinov stansiyasına varid [olub], oradan vaqona minib üç stansiya hərəkət etmişdik. Gürcü hökumətinin ajanı (polisi) məni tövqif edib (tutub) məhəlli hökumət idarəsinə apardılar. Məndən başqa 2 nəfər oranın müsəlman rəislərindən mənlə bərabər var idilər. O məhəllin naçalniki mənə xitabən deyir ki, Siz müsəlman tərəfindən Seymdə vəkillərsiniz. Bu ətrafda gürcüləri soyub qarət ediblər. Qəti surətdə lazımdır ki, mənlə bərabər qarət olan yerlərə hazır olub axirül-əmr cavabdəhəndə olasan. ...4 nəfər dürüşkəyə süvar olub cəngə və dərənin bir tərəfinə hərəkət elədik. Birdən nagəhani olaraq 4 nəfər süvari zahir olub dürüşkəni dayanmağa məcbur edib, sonra bir ayrı dərəyə aparıb bütün paltar, saatlarımızı və pullarımızı alıb, var yüklərimizi qarət edib, hər kəsə bir dənə köynək və tuman verdilər. Bizə söylədilər ki, sabahacan buradan hərəkət etməyəsiniz. Sabah gəlib sizi başqa yerə aparacağıq. Nədənsə, gecə olduğundan və qorxudan hərəkət mümkün olmayıb, gecənin ayaz soyuğu bizim üryan bədənimizə dəyib, sübh vaxtı hamımız qulunc dərdinə mübtəla olduq. Faytonçu qorxusundan dayanmaq istədisə bizlər onu məcbur elədik ki, müraciət elədi (geri qayıtdı). Həmin hərəkət etdiyimiz stansiyada dübarə vaqona minib naçalnikdən müstəhzanə xudahafiz etdik.

İndi bir həftədir Carda zatülcəm (sətəlcəm) və qulunca mübtəla [olaraq] kəndimə müalicə edirəm. Xoşa sənin səadət  və ağlına ki, bu xüsusda mənlə yoldaşlıq etməyib bu nagəhani bəladan xilas oldun. Bütün raportları Tiflisə göndərmişəm. Sənin xüsusunda təmam-kəmal məlumat vermişəm. Para gələrsə sizə təqdim edərəm, vəssalam".

Hacı Səlimin bu dəyərli xatirələri İslam bəy Qəbulzadənin Seym üzvü kimi fəaliyyətinə yetərincə işıq salır. Özəlliklə onun deputatlıqdan istefa verməsinin gerçək səbəbini də buradan öyrənirik.

İslam bəy 8 aprel 1918-ci ildə Zaqafqaziya Seyminin sədri N.Çxeidzeyə bu məzmunda bir ərizə göndərib: "Dairədə əhali qrupları arasında yaranmış anlaşılmazlıqları aradan qaldırmaqdan ötrü Zaqafqaziya hökuməti hakimiyyətinin təsdiqi ilə (Müsəlman fraksiyası və daxili işlər naziri vət. Ramişvilinin 21/III 918 tarixli 5334 saylı ezamiyyəsi üzrə) Seym üzvü Axundzadə ilə birgə Zaqatala Dairəsinə göndərilmişəm. Yoldaş Axundzadə bərk xəstələnib və mənim də Seymə gəlmək imkanım yoxdur. Buna görə də Seym üzvü kimi səlahiyyətlərimi üzərimdən götürürəm". Doğrudur, burada İslam bəy istefasının əsl səbəbini açmayıb, ancaq biz həmin səbəbi artıq bilirik.

Bu sənəd Seymin iclasında səsləndirilib və Qəbulzadə 10 aprel 1918-ci ildən Seymi tərk etmiş sayılıb.

MART QIRĞININDAN O DA ZƏRƏR ÇƏKMİŞDİ 

Bakı valiliyində (quberniyasında) hakimiyyəti tam ələ keçirmək üçün Moskvadan Leninin qısqırtdığı ermənilər ruslarla birləşərək 1918-ci ilin martında bu geniş ərazidə yerli müsəlman əhalini ucdantutma qırmağa başladı. Mərkəz Bakıda da minlərcə dinc müsəlman əhali qoca, körpə, qadın demədən güllələndi, qılıncdan keçirildi, evləri yandırıldı və tayı-bərabəri görünməmiş bir qətliam baş verdi. Ermənilərin törətdiyi vəhşilik heç bir ölçüyə sığmırdı. Bu vaxt Zaqatalada olan müəllim İslam bəy Qəbulzadə erməni təcavüzünə şəxsən tuş gəlməsə də maddi və mənəvi zərər çəkmişdi.

Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası 3 dekabr 1918-ci ildə onu da zərərçəkən kimi dindirib. Dindirmə protokolunda (214 saylı sənəd) oxuyuruq: "İslam bəy Qəbulov, 38 yaş, Zaqatala şəhərində yaşayıram. Ermənilərin törətdiyi mart talanları zamanı mən Zaqatalada olarkən Bakıda Suraxana küçəsindəki (indi bu küçə Dilarə Əliyeva və Çingiz Mustafayev adına 2 küçədən ibarətdir) 189 saylı evdəki mənzilimə erməni əsgərləri girərək sahibəni ölümlə hədələyib, ondan müsəlman mənzillərini göstərməyi tələb ediblər. Onun göstərməsi ilə mənzilimin qapısından asılmış 2 qıfılı sındıraraq içəri girib mənim əşyalarımı qarət ediblər. Mənim 12.976 manat 85 qəpiklik əşyalarım itib. Əşyaların siyahısını təqdim edirəm. Siyahıda sadalanan əşyaların bir qismi qardaşım oğlu Həsən bəy Qəbulovun idi. Evimizə soxulan ermənilər guya sahibənin gizlətdiyi müsəlmanları da onlara göstərməyi tələb ediblər".

CÜMHURİYYƏT DÖNƏMİNİN MÜƏLLİMİ 

İslam bəy, artıq bəlli olduğu kimi, 10 aprel 1918-ci ildən Seym üzvlüyündən çıxdıqdan sonra əslində rəsmi dövlət vəzifəsində deyildi. Bu tarixdən sonra onu Zaqatalada müəllim (məktəblər müfəttişi) işləyən görürük.

Əli bəy Məhəmmədov "Azərbaycan" qəzetində 1919-cu ilin avqustunda dərc etdirdiyi yazısında Zaqatala vilayətində maarifin durumunu təsvir edir: "Əski hökumətdən qalmış beş-altı mövqedə ibtidai məktəblərimiz var idisə də, məəttəəssüf, məzkur məktəblərdə dərs verəcək müəllimlərimiz yok idi. Keçən sənədə Zaqatalamızda işbu ehtiyac nöqteyi-nəzərindən Müəllimlər kursu açılaraq igirmi beş-otuz qədər ibtidai məktəblər üçün müəllim hazırlanmış oldu. Nəticəsində Zaqatalamızda igirmi beşə qədər ibtidai məktəbin küşad edildiyini biz böyük feyz və fərəh ilə gördük. Keçən sənənin sentyabrından etibarən əhalimizə maarif işığı tülu etdi. Məzkur vəqtə qədər çöllərdə, meşələrdə qalan məsum çocuqlarımız məktəbə doğru yönələrək artıq cəhalətə dal çevirməyə başladılar. Umudvaram ki, bir neçə sənədən sonra münbit və son dərəcə məhsuldar vilayətimizdə bir çok ziyalı adamlarımız vücud bulacaqdır.

Bu sənə dəxi yenə vilayətimizdə Müəllimlər kursu açılaraq əlli nəfərə qədər müəllimlər müştərəkən dərsə davam etməkdədirlər. Vilayətimiz xeylicə vase (geniş) olub, 150.000 nəfərə qədər əhalisi olduğundan, müəllimlərə olan ehtiyacımız bir qədər rəf olunsa da yenə bir çok ərbabi-kəmala lüzum görüləcəkdir. Bir neçə vəqt şöylə gedər isə bütün ehtiyacatımız tədricən yoluna düşər. Çalışan əfəndilər 1320-dən (miladi tarixlə 1902/03-cü ildən) hal-hazıra kibi şunlardır: İslam bəy Qəbulov, Nurullah əfəndi Əfəndiyev (bizcə, yanlışdır - "Nurullah əfəndi Qazızadə" olmalıdır), Rəcəb əfəndi Əfəndiyev, Bayram əfəndi Kiçi[k]xanov və Baba əfəndi Əfəndiyev (bizcə, sonuncu şəxs "Baba əfəndi Qəbulzadə" olmalıdır. O, Zaqatala məktəbində tarixdən dərs deyirdi). Bu əfəndilər şimdi də Zaqatalada açılmış kurs tələbələrinə dərs okutmakdadırlar. Bu əfəndilər Zaqatala islam qardaşlarımızın həyatına gecələr və gündüzlər uyumayıb çalışmaqdadırlar".

Yeri gəlmişkən, bu yazıda adı keçən Nurullah əfəndinin "Əfəndiyev" deyil, "Qazızadə" olduğunu, birinci soyadın yanlış yazıldığını düşünürük, çünki Zaqatala məktəbində dərs deyən tanınmış Nurullah əfəndi məhz Qazızadədir. Bunu "Zaqatala vilayətinin maarif müfəttişi hüzuri-alilərinə Zaqatala məktəbi-rüşdiyyəsi türk ədəbiyyatı və şəriət müəllimi Nurullah Qazızadə tərəfindən rapor" da təsdiqləyir. 3 fevral 1919-cu il tarixli həmin sənəddə Nurullah əfəndi 13 il sevə-sevə çalışdığı müəllimlik vəzifəsindən xəstələndiyinə görə istefa verdiyini təəssüflə bildirir. Zaqatala vilayətinin maarif müfəttişi İslam bəy Qəbulzadə 6 noyabr 1919-cu ildə Xalq Maarif Nəzarətinə 518 saylı məktub göndərərək N.Qazızadənin Zaqatala ali ibtidai (rüşdiyyə) məktəbində qulluqdan istefasına etiraz etmədiyini bildirib. Həmin sənədin üstündə qoyulmuş dərkənarda Qazızadənin işdən 15 noyabr 1919-cu ildən çıxarılması haqqında göstəriş var.

(Ardı var)

Oğuztoğrul TAHİRLİ

 





22.09.2015    çap et  çap et