525.Az

“Dağlıq Qarabağ "dondurulmuş" münaqişə deyil”


 

“Dağlıq Qarabağ "dondurulmuş" münaqişə deyil”<b style="color:red"></b> “Dağlıq Qarabağ problemi "dondurulmuş" münaqişə deyil”.
 
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik BBC-nin Azərbaycan bölməsinə müsahibəsində deyib. O bildirib ki, təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca gərginlik çox yüksəkdir: “Biz atəşkəsin pozulması hallarından və tərəflərin artilleriya da daxil olmaqla, ağır silahlardan istifadə etməsinə dair xəbərlərdən narahatıq. Toplardan və ağır silahlardan istifadə yolverilməzdir. Biz xüsusilə də dinc əhali arasında itkilərdən narahatıq və tərəfləri belə zorakılıqların qarşısının alınması üçün bütün mümkün addımların atılmasına çağırmışıq. Biz situasiyanın sabitləşdirilməsi naminə tərəflər arasında etimadın və danışıqlar üçün daha konstruktiv atmosferin yaradılması üçün tədbirlərimizin müzakirəsini davam etdiririk. Mən inanıram ki, tərəflər həmsədrlərin münaqişənin dinc və danışıqlar yolu ilə həlli məqsədinə tərəfdardırlar. Biz hərtərəfli sazişin elementləri üzərində işləmək məqsədilə region liderləri ilə görüşürük. Gələn həftə keçiriləcək BMT Baş Assambleyasında xarici işlər nazirləri ilə görüşərkən gərginliyin azaldılması və atəşkəsə ciddi riayət edilməsi əsas məsələ olacaq”.
 
Səfir ötən il atəşkəsin 20 illiyi ilə bağlı Karnegi Fondundakı çıxşına toxunub. O qeyd edib ki, münaqişənin həlli ilə bağlı orada səsləndirdiyi elementləri və prinsipləri tərəflər tanıyır: “Çatışmayan Ermənistan və Azərbaycanda sazişin əldə olunması üçün siyasi iradədir. Mən bir neçə yerdə dəfələrlə demişəm ki, prezidentlər müharibə ritorikasından əl çəkməli və ictimaiyyətlərini sülhə hazırlamalıdırlar. Həmsədrlər tərəflərlə birlikdə sazişin detalları üzərində işi davam etdirirlər, lakin sazişin yekunlaşdırılması ilk növbədə prezidentlərin siyasi iradəsindən asılıdır”.
 
C. Uorlikin fikrincə, xalq diplomatiyası Ermənistan və Azərbaycan xalqları arasında etimad yaradılması üçün çox vacibdir. Onun sözlərinə görə, bütün dünyada sülh proseslərində siyasi danışıqlar aşağıdan gələn səylərlə tamamlanır: “Belə səylər müharibədən əzab çəkmiş adamlar arasında münasibətlərin yaxşılaşmasına və onların sülhdən faydalanmasına imkan yaradır. Ermənistan və Azərbaycan arasında gərginlik çox yüksək olsa da, həmsədrlər iki ölkənin insanlarını bir araya gətirməyə çalışırlar. Bu mənada Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları da istisna təşkil etmirlər. Mən dəfələrlə demişəm ki, bütün tərəflər həmsədrlərlə bir araya gəlib münaqişədən zərər çəkmiş insanların maraqları naminə müzakirələr aparmalıdırlar. Su problemi bu təşəbbüslərdən ən göz qabağında olanıdır. Ümid edirəm ki, tərəflər su ehtiyatlarının bölüşdürülməsi sahəsində əməkdaşlığın müzakirəsi üçün masa arxasında otura bilərlər. Həmsədrlər bu məsələdə onlara köməklik göstərməyə hazırdır”.
 
Xatırladaq ki, səfir C.Uorlik bir müddət əvvəl Dağlıq Qarabağdakı Sərsəng su anbarının fotosunu sosial şəbəkədə paylaşaraq bütün tərəflərin bu məsələdə əməkdaşlıq edə biləcəyini yazıb.
 





23.09.2015    çap et  çap et