525.Az

Azərbaycanın alternativ enerji mənbələri


 

Azərbaycanın alternativ enerji mənbələri<b style="color:red"></b>

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, həmçinin, onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ (bərpaolunan) enerji növlərindən (günəş və külək enerjisi, kiçik SES-lər, termalsular, biokütlə enerjisi) istifadə zərurətini yaradır.

Statistik məlumatlara görə, inkişaf etmiş ölkələrdə ümumi istehsal olunan enerjinin təqribən 15 faizi suelektrikstansiyaları da daxil olmaqla məhz alternative enerji mənbələrinin payına düşür. Ölkəmizdə isə hələ ötən əsrin ortalarından etibarən Elmlər Akademiyasının Fizika, Radiasiya Problemləri, eləcə də Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutlarında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində məqsədyönlü işlər aparılmağa başlanılıb.

Azərbaycanın bərpa olunan enerji mənbələri 

Mütəxəssislərin proqnozlarına görə, ənənəvi enerji mənbələri sayılan neft, qaz, torf və kömür ehtiyatlarının 60-100 ilə tükənmə ehtimalı alternativ enerji mənbələrindən istifadə zərurətini yaradır.

Ekologiya və energetika üzrə ekspert Şamil Mövsümov deyir ki, əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik Azərbaycan ekoloji cəhətdən təmiz olan alternativ enerji mənbələri ilə də zəngindir. Onun sözlərinə görə, Abşeron yarımadası, Xəzər dənizinin sahilyanı zolağı və dəniz akvatoriyasının şimal-qərb hissəsi, həmçinin Gəncə-Daşkəsən bölgəsi və Naxçıvanın Şərur-Culfa ərazisi külək enerjisi istehsal edən qurğuların quraşdırılması üçün son dərəcə əlverişlidir: "Bütövlükdə isə Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu isə ildə 1 milyon ton şərti yanacağa, 3.7 mln. ton karbon qazına qənaət deməkdir".

Mütəxəssislərin hesablamalarına əsasən, Azərbaycanda illik günəşli vaxtın miqdarı 2400-3200 saat təşkil edir. Günəş enerjisindən istifadə sahəsində 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferdə karbon qazını 23 min ton azaltmaq olar. Bundan əlavə respublikamız bioqaz, termal sular və dəniz dalğası kimi digər qeyri-ənənəvi enerji ehtiyatlarına malikdir.

Azərbaycanda xüsusi çəkiyə malik su elektrik stansiyaları hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 12,5 faizini təmin edir.

Ş.Mövsümovun dediyinə görə, bununla belə ölkəmizin hidroenergetika ehtiyatları daha zəngindir: "Bu istiqamətdə aparılan tədqiqat nəticəsində məlum olub ki, hazırda Azərbaycandakı çayların tam hidroenerji potensialı 40 milyard kilovat-saata yaxındır ki, bunun da 16 milyard kilovat-saatı texniki cəhətdən əlverişlidir. Ölkəmizdəki çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarca kiçik su elektrik stansiyaları quraşdırmaq mümkündür ki, bu da ildə 3,2 milyard kilovat-saat elektrik enerjisi istehsalına imkan yaradır. Habelə Azərbaycan ərazisi termal sularla zəngindir. Məhz sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən, eləcə də ölkədə mövcud termal sumənbələrindən istifadə etməklə məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın müəyyən bir hissəsini ödəmək mümkündür".

Azərbaycanda hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır ki, Bakı və ölkənin iri sənaye şəhərlərində ictimai binaların qızdırılmasındakı çətinlikləri aradan qaldırmaqda bərk məişət və istehsalat tullantılarının utilizasiya olunması (emal edilməsi) həmin problemlərin qismən aradan qaldırılmasını təmin etmək olar.Artıq bir çox Avropa ölkələrində zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir.

Alternativ enerji növlərindən istifadə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi 

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dünyada baş verən yeniliklərə, ən son texnologiyalara açıq olan ölkə kimi özünün müasir simasını formalaşdırmaqdadır. Ölkəmizin müasir siması yalnız qlobal risklərə möhkəm dayanıqlılıq üçün etibarlı zəmin yaradan dinamik sosial-iqtisadi inkişafla səciyyələnmir. Azərbaycan eyni zamanda, dünya miqyasında yaranan yeni çağırışlara da məmnuniyyətlə qoşularaq öz gələcək inkişaf paradiqmalarını məhz bu çağırışlara uyğun müəyyənləşdirir. Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə də dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi, habelə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsini təmin edib. Prezident müxtəlif tədbirlərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin zəruriliyini dəfələrlə vurğulayıb. Paralel surətdə son illərdə ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb və etibarlı infrastruktur qurulub. 2004-cü ildən bəri Azərbaycanda ümumi generasiya gücü 2300 meqavata çatan 17 elektrik stansiyası istifadəyə verilib, 10 min kilometrdən çox elektrik xətti və 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Beləliklə, yeni istifadəyə verilən elektrik güclərinin sayəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib, hətta təxminən 600-700 meqavat həcmində ixrac potensialı yaranıb. Prezident Azərbaycanın müasir sənaye ölkəsinə çevrilməsi ilə bağlı strategiyaya uyğun olaraq ölkənin enerji təminatı ilə bağlı qarşıya yeni hədəflər qoyub. Bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq da bu məqsədlərdəndir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, Azərbaycanda yaradılan yeni generasiya gücləri hesabına elektrik enerjisi istehsalının getdikcə artmasına baxmayaraq, alternativ enerji mənbələrinin işlənməsi üzərində ciddi iş aparılması qarşıda duran mühüm vəzifələrdəndir. Dövlət Agentliyinin "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter almasını bir daha sübut edir. Dövlət başçısının iştirakı ilə 2014-cü ilin iyulunda istifadəyə verilən və altı hektar sahədə yaradılan bu stansiyada 8 min günəş paneli quraşdırılıb.Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb.

Stansiyanın idarəetmə mərkəzindən Qobustan Hibrid Elektrik Stansiyası, Suraxanı Günəş Elektrik Stansiyası, Biləsuvar qaçqın şəhərciyi, Masallı İdman Kompleksi, həmçinin, Bakı şəhərində 5 məktəb və 2 poliklinikanın üzərində quraşdırılan günəş panellərinin fəaliyyətinə nəzarət etmək mümkündür. Yaxın gələcəkdə Sumqayıt, Samux, Səngəçal və Pirallahıda günəş elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur. Mövcud stansiyaların fəaliyyəti nəticəsində 4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub, 1 milyon 300 min kubmetrə yaxın təbii qaza qənaət edilib. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan Suraxanı Günəş Elektrik Stansiyasının layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.

Agentlik hidrogen generatoru da istehsal edir. Bu qurğu ilə yüksək temperatur əldə etmək və qaz-qaynaq işləri aparmaq olur. Generatoru digərlərindən fərqləndirən onun ekoloji cəhətdən təmiz olmasıdır. Bu cihaz qaynaq işləri zamanı 3500 selsi temperaturla işləyir.

2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulub. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar 7-8 il ərzində geri qayıdır.

Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi isə 38 hektar ərazidə inşa olunmaqla külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılıb. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir neçə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər.

Bütün bunlar ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir. Alternativ enerji mənbələrinin təsərrüfat dövriyyəsinə qatılması üzvi (neft - qaz, torf, daş kömür, odun və s.) yanacaqların istifadəsini azaltmaqla yanaşı, enerjiyə qənaət edir, eyni zamanda ekoloji şəraiti yaxşılaşdırır. Dünya gec-tez bu problemlə - bərpa olunmayan enerji mənbələri olan neft, qaz, daş kömürün tükənməsi problemi ilə üz-üzə dayanacaq. Hesablamalara görə, hələ bugünkü istismar tempi ilə daş kömür 400-500, neft və qaz isə maksimum 100 ilə tükənəcək. Digər tərəfdən, Yer təkinin istismarı və yanacağın yandırılması planeti eybəcərləşdirir, onun ekologiyasını getdikcə pisləşdirir. Başqa sözlə, bəşəriyyət qarşısında ekoloji təmiz, bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi getdikcə aktuallaşır. Bunların içərisində yalnız günəş və külək enerjisi, bioloji resurslar tükənməz və təbiətə tam təsirsizdir. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Dövlət başçısının alternativ enerji mənbələrindən istifadə olunması ilə bağlı planların böyük olduğunu dəfələrlə qeyd edərək Agentliyin işinin uğurlu olduğunu bildirməsi ölkəmizdə bu sahədə böyük irəliləyişlərin olacağına işarədir.

İsgəndər HƏSƏNOV
Yazı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 





23.09.2015    çap et  çap et