Dünən Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Açılışda iştirak edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyası 1983-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.
Əsaslı təmirdən sonra qalereyanın ən müasir təlim avadanlıqları ilə təchiz edildiyini nəzərə çatdıran nazir burada şagirdlərin təsviri sənətin sirlərinə yiyənlənməsi üçün lazımi şəraitin yaradıldığını qeyd edib. Yeni üslubda ümumi bir mərkəz funksiyasını yerinə yetirəcək qalereya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların müasir rəssamlıq ənənələri arasında inkişafı baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Sarayın Təsviri Sənət qalereyasının rəhbəri Kəmalə Cəfərzadə çıxışında bildirib ki, qalereyada şagirdlərin yaradıcılıq məşğələləri və sərgilərin keçirilməsi üçün 7 salon mövcuddur. Həmçinin qalereyada "Qrafika və rəngkarlıq", " Rəqəmsal təsvir" dərnəkləri fəaliyyət göstərəcək. Yeni yaradılan " Rəqəmsal təsvir" dərnəyinin məqsədi təsviri sənət ənənələrini qoruyub saxlamaqla kompüter vasitəsilə təsvirlərin yaradılmasını öyrətməkdir. Bu dərnəklər 5-16 yaşlı məktəblilərin qrafika və rəngkarlıqla məşğul olması üçün nəzərdə tutulub. Eyni zamanda qalereya respublika əhəmiyyətli müxtəlif sərgi, müsabiqə və ustad dərsləri də təşkil olunacaq.
Tədbirdə qalereyanın açılışı münasibətilə Bakı şəhərində fəaliyyət göstərən ümümtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi nümayiş olunub. Sərgidə 6-18 yaşarası uşaq və gənclər iştirak edib.
Vəfa MƏMMƏDLİ
çap et