525.Az

Dağlıq Qarabağla bağlı informasiya portalı fəaliyyətə başladı


 

"DAILYKARABAKH" BEŞ DİLDƏ - AZƏRBAYCAN, RUS, İNGİLİS, FRANSIZ, VƏ ALMAN DİLİNDƏ FƏALİYYƏT GÖSTƏRİR

Dağlıq Qarabağla bağlı informasiya portalı fəaliyyətə başladı<b style="color:red"></b>

Dünən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə fəaliyyətə başlayan "www.dailykarabakh.com" informasiya portalının təqdimat mərasimi keçirilib.

Tədbir iştirakçılarına sayt haqqında video çarxa nümayiş etdirilib.

Şura sədri Azay Quliyev qeyd edib ki, rəhbərlik etdiyi qurum Dağlıq Qarbağ münaqişəsi ilə bağlı məsələlərə həssaslıqla yanaşır: "Azərbaycan son illər Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xeyli işlər görüb. Xüsusilə, ölkə rəhbəri İlham Əliyevin 2004-cü ildən bu yana həyata keçirdiyi hücum diplomatiyası öz müsbət nəticələrini verir. O cümlədən, Heydər Əliyev Fondunun, xüsusilə də qurumun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan "Xocalıya ədalət" kampaniyası bu gün dünyada böyük dəstək qazanmaqdadır. Təsadüfi deyil ki, məhz bu kampaniyanın nəticəsində təxminən beşdən çox ölkə Xocalı hadisələrini rəsmi olaraq soyqırım aktı kimi tanıyıb. Bu o deməkdir ki, informasiya müharibəsi şəraitində Azərbaycan öz üzərinə düşən işi bundan sonra daha geniş şəkildə davam etdirməlidir. Əminəm ki, bu gün beş dildə - Azərbaycan, ingilis, fransız, alman və rus dilində yayımlanan "Dailykarabakh" informasiya portalı haqq işimizdə bizə faydalı olacaq. Gələcəkdə isə ərəb və digər dillərdə də fəaliyyət göstərməsi haqq səsimizin daha böyük auditoriyaları əhatə etməsinə imkan verəcək".

"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov yeni yaradılan "Dailykarabakh" informasiya portalının fəaliyyətinin münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli rol oynayacağını deyib.

B.Səfərov Ermənistanda baş verən özbaşınalıqlar haqqında danışaraq qeyd edib ki, işğalçı ölkənin "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyanın siyasi sığınacaq üçün Azərbaycana müraciət etməsi xalqımızın, dövlətimizin humanizmindən xəbər verir: "Yəqin ki, erməni müxalifətçi haqqında biz ətraflı məlumat toplayacaq və onun Dağlıq Qarbağ müharibəsində iştirak edib-etmədiyini aydınlaşdıracağıq. Ümumilikdə isə Martirosyanın Azərbaycana üz tutması dünyaya bir mesajdır. Xüsusilə bu hadisə son dövrlər Avropa Parlamentinin Azərbaycana qarşı hazırladığı qərəzli qətnamələrə tutarlı cavabdır".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev qeyd edib ki, 6-7 ay bundan əvvəl Qarabağ haqqında saytların monitorinqini apararkən məlum olub ki, bu saytlar müəyyən dövrdən sonra fəaliyyətini dayandırıb. Onun sözlərinə görə, buna səbəb maliyyə mənbəyinin zəif olmasıdır: "İndiyədək Qarabağla bağlı informasiyalar yalnız ayrı-ayrı saytların tərkibində yaradılıb. İndi isə Qarabağ haqqında ayrıca bir saytın yaradılması çox sevindirici haldır. Burada yerləşdirilən materialların təsirli olması, xarici ekspertlərin məqalələrinin yer alması vacibdir".

Millət vəkili Bəxtiyar Əliyev bu tədbirin keçirilməsinin ictimai-siyasi həyatımız, Azərbaycanın apardığı haqq işi üçün böyük əhəmiyyətə malik olduğunu bildirib. O deyib ki, informasiya müharibəsi çox ciddi məsələdir: "Azərbaycan bu müharibənin acı nəticələrini görüb. Avropa Parlamentinin ölkəmiz əleyhinə qəbul etdiyi qərəzli qətnamə onu göstərir ki, düşmənlərimizin fəal şəkildə informasiya müharibəsini bizə qarşı davam etdirirlər. Ona görə də hazırda dünya ictimaiyyətində Dağlıq Qarbağ münaqişəsi haqqında birmənalı fikir formalaşmayıb. Çünki bəzən şahidi oluruq ki, işğalçı ilə işğala məruz qalan tərəf müəyyən səbəblərdən dəyişik salınır. Bu mənada, biz daha da aktiv fəaliyyət göstərməli, dünya ictimaiyyətinə Dağlıq Qarabağ həqiqətlərini daha dolğun çatdırmağa müvəffəq olmalıyıq".

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində beynəlxalq təşkilatların qeyri-obyektiv fəaliyyəti, münaqişəyə təsir edə bilməmələri haqqında danışaraq bildirib ki, ATƏT vasitəçilik missiyasını yerinə yetirə bilməz: "ATƏT ölü təşkilatdır. Bu qurum Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz. Çünki ATƏT-də qərarlar konsensus formatında qəbul olunur. Yəni, qərarın qəbul olunması üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Ermənistan da bu qurumda təmsil olunduğu üçün Azərbaycanın lehinə heç bir qərarın qəbul olunmayacağını əvvəlcədən söyləmək olar. Ona görə də, biz daha yuxarı instansiyalara müraciət etməli, xüsusilə BMT-dən tələb etməliyik ki, Dağlıq Qarabağın işğalı, Ermənistan qoşunlarının işğal olunan torpaqlardan çıxarılmasıyla bağlı qəbul etdiyi dörd qətnamənin icrasını həyata keçirsin. Əks halda, çıxış yolu müharibədir. Azərbaycan Silahlı Qüvvələrinin hazırkı vəziyyəti deməyə əsas verir ki, ordumuz hər an Dağlıq Qarabağı Ermənistanın işğalından azad etməyə qadirdir".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu qeyd edib ki, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan mətbuatı üzərinə düşən vəzifəni yerinə yetirir. Onun sözlərinə görə, lakin bu kifayət etmir: "Biz çalışmalıyıq ki, beynəlxalq auditoriyanın diqqətini daha çox bu məsələlərə yönəldək. Ona görə də, xarici media nümayəndələrinin də bizimlə əməkdaşlıq etməsi, müvafiq araşdırmalardan sonra gəldiyi həqiqi qənaəti hazırladığı yazılarla dünya oxucularına təqdim etməlidir. Xüsusilə dil məsələsi burada önəmli rol oynayır. Ona görə də dünya oxucularına onların başa düşdüyü dillərdə informasiyalar çatdırmalıyıq. Bu baxımdan "Dailykarabakh" informasiya portalının gələcək fəaliyyəti müstəsna əhəmiyyət daşıyır".

"Düşüncə" İctimai Birliyinin sədri, saytın rəhbəri Emil Hüseynli bildirib ki, saytın yaranmasının əsas məqsədi Qarabağ həqiqətlərinin xarici ölkə vətəndaşlarının başa düşəcəyi dillərdə onlara çatdırılmasıdır: "Saytın fəaliyyəti zamanı dünyanın bir çox ölkələrindən olan siyasi ekspertlər, analitiklərlə əlaqə yaradacağıq. Bu işin məsuliyyətini dərk edirik və çalışacağıq ki, sayt vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdıraq".

Tədbirin əhəmiyyətli məsələyə həsr olunduğunu xatırladan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, dünya reallıqları dəyişsə də Azərbaycan həqiqətləri sabit olaraq qalır: "Bizim Dağlıq Qarabağla bağlı mövqeyimiz eynidir: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz geri qaytarmalıdır. Biz öz həqiqətlərimizi dəyişən dünyanın reallıqlarına uyğunlaşdırmalıyıq".

Ceyhun ABASOV

 





23.09.2015    çap et  çap et