525.Az

Azərbaycan ziyalıları Şəhriyar medalı ilə təltif olunub


 

Azərbaycan ziyalıları Şəhriyar medalı ilə təltif olunub<b style="color:red"></b>

İranda hər il sentyabr ayında ənənəvi olaraq Şəhriyar günləri keçirilir. Bu tədbirlərdə ustad Şəhriyarın yaradıcılığına müraciət edilir, bu sahədəki araşdırmalara yekun vurulur,gələcək vəzifələr müəyyənləşdirilir.

Bu il sentyabrın 15-də də qocaman Təbriz şəhərində Şəhriyar festivalı çərçivəsində Təbriz universiteti  elmi şurasının təsis etdiyi  "Şəhriyar  medalı"nin təqdimat mərasimi keçirilib.

Beynəlxalq tədbirdə İran, Türkiyə və Azərbaycandan olan Şəhriyarsevərlər, ədəbiyyatçılar, ustad şairin irsini tədqiq edən alimlər iştirak ediblər.

Açılış mərasimində Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi çıxış edib.  Qeyd olunub ki, Şəhriyarın yaradıcılığı nəinki İranda, onun hüdudlarından kənarda da dərin izlər buraxıb. Xalqın milli özünəməxsusluğunu poetik dildə geniş kütlələrə çatdıran şairin xatirəsi daim xatırlanacaq və hörmətlə anılacaq.

Sonra şairin yaradıcılığını araşdıran görkəmli alimlərə  Şəhriyar medalı təqdim edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyliyə və AMEA-nın müxbir üzvü, Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru professor Əbülfəz Quliyevə elmi xidmətlərinə görə  Şəhriyar medalı təqdim edilib.

Bu yüksək mükafata görə təşəkkürünü bildirən İsa Həbibbəyli  və Əbülfəz Quliyev qeyd ediblər ki, M. Şəhriyar öz yaradıcılığı ilə ayrı-ayrı fərdlərin deyil, bütün xalqların qəlbində yer tapıb. Onun poetik dilini təkrar edə biləcək şair yoxdur.

Təqdimat mərasimindən sonra tədbir mədəni proqramla davam edib.

Tədbirdə Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əli Əlizadə və İranın Azərbaycandakı səfiri Möhsün Pakayin və Naxçıvandakı baş konsulu Mənsur Ayrom da iştirak ediblər.

 





23.09.2015    çap et  çap et