525.Az

“BlackBerry” “Android” platformasında ilk smartfonunu buraxmağa hazırlaşır


 

“BlackBerry” “Android” platformasında ilk smartfonunu buraxmağa hazırlaşır<b style="color:red"></b> Kanadanın “BlackBerry” şirkəti özünün “Android” platformasında ilk smartfonunu buraxmağa hazırlaşdığını rəsmən elan edib.
 

İKT.lent.az-ın xəbərinə görə, “Priv” adı verilən smartfonun bu ilin sonlarında satışa çıxarılacağı açıqlanıb. “Priv” sözü “privilege” (imtiyaz, üstünlük) və privacy (gizlilik) kəlmələrinin qısaldılmış variantıdır.
 
“Yəqin ki, bizim Android-smartfon buraxacağımız haqda çox eşitmisiniz. Artıq bunun vaxtı çatdı. BlackBerry” yeni şirkətdir və yeni həyatı var. Biz sizləri - müştərilərimizi və bazarı təəccübləndirməyə davam etməyi planlaşdırırıq. Bu, yeni yolumuzda yalnız növbəti addımlardan biridir”, - deyə şirkətin bloqunda baş direktor Con Çen (John Chen) bildirib.
 
“BlackBerry Priv” smartfonunun xüsusiyyətləri barədə istehsalçının saytında hələlik heç nə yazılmayıb və C. Çen bu haqda nəsə deməyib. Qeyri-rəsmi mənbələrə görə, cihaz “Android 5.1.1 Lollilop” bazasında çalışır, 2560x1440 piksel həllə, 3 GB operativ, 32 GB daimi yaddaşa malikdir və “Qualcomm Snapdragon 808” prosessoru ilə təchiz edilib. Frontal kamera 5 meqapiksel, arxa kamera 18 meqapikseldir. Arxa kamera təsvirin optik sabitləşdiricisi, təkmilləşdirilmiş fokus sistemi ilə təchiz edilib və 4K formatında çəkiliş edə bilir.
 
C. Çen qeyd edib ki, “BlackBerry Priv” “Android” platformasını şirkətin özü tərəfindən hazırlanan, informasiyanın müdafiəsi texnologiyası ilə birləşdirib. Model mexaniki klaviaturaya malikdir ki, bu, “BlackBerry”nin vizit kartıdır. Cihaz “Google”un iştirakı ilə hazırlanıb.
 
C. Çen smartfonun istehsalının onlar üçün tam yeni perspektivlər açdığını vurğulayaraq “BlackBerry 10” əməliyyat sisteminin istifadəçilərinin narahatlığına əsas olmadığını və il ərzində şirkətin yeni proqram yenilənməsini istifadəyə verəcəyini söyləyib.
 





26.09.2015    çap et  çap et