525.Az

"Qız qalası" kitabı - Azərbaycan tarixi və mədəniyyəti üçün əlamətdar hadisə


 

TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM HƏSƏN HƏSƏNOVUN MÜƏLLİFİ OLDUĞU BU ƏSƏR ÖLKƏ KİTABXANALARINA HƏDİYYƏ EDİLİR

"Qız qalası" kitabı - Azərbaycan tarixi və mədəniyyəti üçün əlamətdar hadisə <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyində (AYB) ölkəmizin Polşadakı səfiri, diplomat, alim Həsən Həsənovun rus dilində çap olunan "Qız qalası" kitabının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki kitabxanalara hədiyyə edilməsilə bağlı mərasim keçirilib.

Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq "Qız qalası" kitabının çapını Azərbaycan tarixi və mədəniyyəti üçün əlamətdar hadisə kimi dəyərləndirib: "Həsən Həsənov həm Sovet dövründə, həm müstəqillik dönəmində çox mühüm dövlət vəzifələrində çalışıb, həmişə sənətin, ədəbiyyatın, mədəniyyətin dostu olub. Yazıçı kimi də onun bir çox dram əsərləri var, kitabları çıxıb. Biz Həsən müəllimə Qız qalası ilə bağlı çox ciddi araşdırmalar apardığına və bu sanballı kitabı ərsəyə gətirdiyinə görə təşəkkür edirik".

Həsən Həsənov tədbirin təşkilinə görə Yazıçılar Birliyinin rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Müəllif kitab haqqında ətraflı məlumat verib: "Kitabın adı "Qız qalası" olsa da, nəşrdə həm də Bakının yaranma şəraiti barədə fikirlər öz əksini tapıb. Bu kitabda Qız qalası ilə bağlı formalaşan təxminən 8 stereotipi aradan götürülməsi də yer alıb. O stereotiplərin hamısını səhv hesab edirəm. Kitabda sübut eləmişəm ki, Qız qalası XII əsrin abidəsi deyil. Abidənin üzərində olan lövhənin və lövhədə yazılanın Qız qalasına heç bir aidiyyəti yoxdur. Deyilənə görə, Qız qalası sığınacaq olub. Bunun da əksi kitabda sübut olunub. Əlbəttə, sonralar sığınacaq kimi istifadə edilə bilərdi, amma məhz o məqsədlə tikilməyib. Qız qalasının mayak məqsədilə tikildiyini iddia edənlərə qarşı arqumentlər də kitabda təqdim olunub. Bəziləri Qız qalasının yuxarıdan görünüşünün doqquz rəqəminə oxşadığını, bəziləri ana bətnində uşağın 9 aylıq müddəti nəzərdə tutduğunu deyirlər.
 
Nəzərinizə çatdırım ki, Qız qalası tikilən dövrdə 9 rəqəmi indiki şəkildə yazılmırdı. 9 rəqəminin indiki şəkildə yazılması islam dünyasına yalnız IX-X əsrlərdə yayılıb. Bəziləri iddia edir ki, Qız qalasının yuxarıdan görünüşü çinlilərin İn-Yan simvoluna bənzəyir.
 
Mənim fikrimcə, görünüşün həmin simvolla yerli-dibli əlaqəsi yoxdur. Çünki əgər iddia olunduğu kimi bu, islam dövründə tikilmiş abidə olsaydı, müsəlmanlar bu işarəni qətiyyən götürməzdilər. Mən hesab edirəm ki, abidə eradan əvvəl VIII əsrdə tikilib. Həmin vaxt isə İn-Yan simvolu yox idi. Adıçəkilən simvol XIV-XVIII əsrlərdə yaranıb və yayılıb. Bəzi alimlər Qız qalasının Zərdüştilik məbədi olduğunu deyirlər. Bunu səhv hesab edirəm.

Yeri gəlmişkən deyim ki, ümumiyyətlə Zərdüştiliyin azərbaycanlılara yerli-dibli aidiyyəti yoxdur. Kitabda bu mövzuya ayrıca fəsil həsr eləmişəm. Hətta belə bir formul irəli sürürəm: kim özünü türk əsilli sayırsa, onun babaları heç vaxt Zərdüşti ola bilməzdi, əcdadını Zərdüşti hesab eləyənlər türkəsilli deyil. Bu haqda təkidlə yazmışam. Qız qalası ilə bağlı atanın öz qızına evlənməsi haqqında məşhur bir əfsanə var. Bu əfsanəni araşdırmışam. Mahiyyəti düzgündü, yozumu isə səhvdi. Yayılmış 8 stereotipə qarşı yeni bir konsepsiya irəli sürməyə çalışmışam. Qız qalasının tarixini abidənin üzərində axtarma yolunu seçdim: bu tarix qalanın xaricində, daxilində və adında yazı şəklində həkk olunub. Amma fonetik yazı deyil, simvolik yazı şəklində.

Mən Qız qalasının üzərində 20 simvol müəyyənləşdirdim. Və o 20 simvolu bir-bir araşdıraraq Qız qalasının bir bütpərəstlik məbədi olduğu nəticəsinə gəldim. Həmin iyirmiliyi təqdim etmək istəyirəm: Simvolları niyə sualları ilə təqdim edəcəm. Çünki kimsə desə ki, Həsən Həsənov bunları düz yozmur, əksini iddia edən adam da mənim cavab verdiyim qaydada bu iyirmi suala öz versiyasını irəli sürməlidir: Niyə Qız qalası ada üzərində tikilib? Niyə o ada mütləq üçbucaqlı olmalıydı? Niyə bu üçbucağın şiş tərəfi şərqə yönəlməliydi? Niyə Qız qalası səkkizmərtəbəlidir? Niyə Qız qalasının 7 tavanı var? Niyə qalanın tavanları arasında boşluq var? Niyə birinci mərtəbədən ikinci mərtəbəyə pilləkən yoxdu? Niyə birinci mərtəbədə pəncərə yoxdu, o biri mərtəbələrdə var? Niyə soba ikinci mərtəbədə yerləşir? Niyə su quyusu üçüncü mərtəbədədir? Niyə 4-cü mərtəbənin pəncərəsi qapı ölçüsündədir?

Niyə Qız qalasının divarları 5 metr qalınlığındadır? Niyə bu divarlar yuxarı qalxdıqca daralırlar? Niyə Qız qalasının daxilində divarların daralması hesabına konusvari bir siluet yaranıb? Niyə Qız qalasının fasadında çıxıntı və girinti var? Niyə bu girintilər əhəng məhlulu ilə doldurulub? Niyə Qız qalasının xarici görünüşü 3 hissədən ibarətdir? Niyə Qız qalasının şərq hissəsində əlavə bir qurğu tikilib? Niyə abidə Qız qalası adını daşıyır? Bu "niyə"lərə kitabda cavab vermişəm. Məni tənqid etmək istəyən gərək bu "niyə"lərə öz cavabını versin. Amma Qız qalasını indiyə qədər nə heç kim bu şəkildə sistemləşdirib təhlil edib, nə də bu suallara cavab axtarıb. Sadəcə hərə öz yozumunu verib. Bu araşdırmalardan sonra bu nəticəyə gəldim ki, Qız qalası immer və skif sivilizasiyasının məhsuludur. Eradan əvvəl səkkizinci əsrdə tikilən qalanın əsl adı belədir: Bakı Qız qala. Bu adı polisemantik yolla izah eləmişəm. Yəni, Bakı adıyla bağlı 20 versiyanın hamısını düzgün hesab eləmişəm. Ayrı-ayrılıqda Bakı, Qız və Qala sözünün 10-15 mənasını toplayıb onları müəyyən bir məntiqə əsasən düzdüm və Qız qalası haqqında tam bir əfsanə yarandı... O əfsanəyə uyğun olaraq müəyyənləşdirdim ki, Qız qalasını işğalçılara qarşı qələbə çalandan sonra inşa ediblər. Eradan əvvəl 714-cü ildə Urartu çarı I Rusa Azərbaycana yürüş edib. Həmin dövrdə Azərbaycanda kimmerlər yaşayırdılar və Qamer dövləti var idi. Əfsuslar olsun ki, tariximizdə bu dövlətin adı az-az işlənir. Onlar işğalçıları qovduqdan sonra bu qalanı tikiblər. Kitabı oxuyanda daha dəqiq məlumat ala bilərsiniz. Beləlilkə, Qız qalası kimmerlərin və skiflərin bütpərəstlik məbədidir. Mərtəbələrin sayının səkkiz olması da onunla bağlıdır ki, skiflər 8 Tanrıya inanırdılar. Bunu mən yox, Herodot deyir. Məbədin adı ilə bağlı onu deyə bilərik ki, bu abidə Od tanrısına-yaxud Ana tanrıya ucaldılıb. İnanca görə, bu ana bakirə idi, ona görə də abidə Qız qalası adlandırılıb. Bütpərəstlik dövründə ana tanrıların əksəriyyəti bakirə hesab olunub".

Bakının yaranması ilə bağlı alim müxtəlif mənbələrdən şəhərin 6 adını müəyyənləşdirdiyini bildirib: "Bakının ilk adı Baru olub. Eradan əvvəl 24-cü əsrdə bu haqda Misir heroqliflərində məlumat öz əksini tapıb. Bunu həmin heroqlifləri təhlil edən alimlər tapıb. Təhlil nəticəsində bu qənaətə gəldim ki, "baru" hasarlanmış məskənlərə deyilib. Bakı əvvəllər ətrafı hasarlanmış məbəd olub. Alimlərin əksəriyyəti təsdiqləyir ki, Ptolomeyin əsərlərində adı "Baruka" kimi keçən şəhər əslində Baru şəhəri ilə eynidir. Daha çox ideyanın genezisi ilə məşğul olaraq həmin tapıntıları sistemləşdirmişəm. Sonrakı dövr Misir heroqliflərində də Bakının adı "Bakhau" yazılıb. Tədqiq edən alimlər bildirir ki, bu, "Şərqdə doğan günəşin məbədi" mənasını daşıyır. Şəhərin adı Bakı formasında ilk dəfə Bizans mənbələrində VI əsrdə, ərəb mənbələrində isə X əsrdə işlənib. X əsrdən sonra şəhərin adı Bakı olaraq qeyd edilməyə başlanıb. Şəhər olaraq həqiqətən də Bakı X əsrdə yaranıb, amma məbəd olaraq eradan əvvəl 24-cü əsrdən islam Azərbaycana yol tapana qədər -VII əsrədək tam funksiyalı məbəd kimi fəaliyyət göstərib. İslam gələndə abidənin məbəd funksiyası dayanıb. 300 il bura istifadəsiz bir yer kimi qalıb və hasara alınmış bu yerdə şəhər salmaq qərarına gəliblər. Konkret olaraq orada olan 8 bütpərəstlik məbədinin yerində 8 məscid tikiblər. Alimlər müəyyənləşdiriblər ki, hansı məscidin yerində hansı məbəd olub. Beləliklə, Bakı X əsrdə məbəd statusundan şəhər statusuna keçib. Bu haqda ilk dəfə ərəb səyyahı İstəxri məlumat verib. Sonrakı dövrlərdə Bakının adı sikkələrin üzərində Badku kimi gedir. Bu isə "paytaxt şəhər" deməkdir. Orada bəzilərinin dediyi kimi "Badikubə" yazılmayıb. Bu tamamilə uydurmadır. Məqsəd isə tariximizi hərləyib-fırlayıb farsların tarixində yamaq şəklində qələmə verməkdir".

 

H.Həsənov çıxışında Prezident Kitabxanasının və Akademiyanın kitab mağazasının nəşrə böyük maraq göstərdiyini vurğulayıb. Yaxın gələcəkdə kitabın YUNESKO-nun təşəbbüsü ilə ingilis dilinə tərcümə ediləcəyini, sonra isə Azərbaycan dilində nəşr olunacağını bildirib. 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev müəllifin yüzlərlə mənbəyə əsaslanaraq yalnız özünə aid olan mülahizələri topladığı bu kitabın əhəmiyyətindən danışıb: "Həsən müəllim müxtəlif mənbələrə istinad edərək, o biliklərin məcmusuna söykənərək öz versiyasını ortaya qoyub. Hesab edirəm ki, bu nəşr bu gün üçün mövcud olan ən mükəmməl variantdır. Həsən müəllim kitabın bir qismini bir çox kitabxanalara hədiyyə etmək istəyi ilə çıxış etdi. Biz də nazirlik olaraq bunu alqışladıq. Çünki kitabxanalarımızın Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, xüsusilə onun qədim köklərə, ənənələrə söykəndiyini sübut edən bu tipli kitablara çox böyük ehtiyacı var. Biz bu kitabdan şəhər və mərkəzi rayon kitabxanalarına göndərəcəyik. Ümidvaram ki, Həsən müəllim daha sonra Azərbaycan dilində çap ediləcək nəşrdən bizə daha çox hədiyyə edəcək və bundan sonra nəinki mərkəzi kitabxanalara, həm də respublikanın bütün kitabxana şəbəkəsinə göndərmək imkanına malik olacağıq. Həsən müəllimə bu zəhmətinə və kitabını Azərbaycan kitabxanalarına təmənnasız hədiyyə etdiyi üçün çox minnətdaram. İnanıram ki, kitab geniş oxucu kütləsi tərəfindən seviləcək".

Xalq şairi Fikrət Qoca tarixilik baxımından kitabın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Həsən Həsənovu "zamanın içində bişən canlı abidə" kimi xarakterizə edib. 

M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirli Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq salan belə kitabların nəşrinin və yayılmasının vacibliyindən söz açıb.

AYB-nin katibi Rəşad Məcid böyük əmək sərf edərək belə dəyərli bir nəşri ərsəyə gətirdiyinə görə müəllifə təşəkkürünü bildirib və kitabın kitabxanalara paylanmasının təqdirəlayiq olduğunu vurğulayıb.

Əlövsət Ağalarov, Maşallah Məftun, Əsəd Cahangir, Əhməd Qəşəmoğlu da sözügedən sanballı nəşr haqqında fikir və düşüncələrini bölüşüblər.

Sevinc MÜRVƏTQIZI

 





30.09.2015    çap et  çap et