525.Az

Beynəlxalq audit şirkəti KİV nümayəndələrini təlimatlandırıb


 

Beynəlxalq audit şirkəti KİV nümayəndələrini təlimatlandırıb<b style="color:red"></b> Sentyabrın 22-də Beynəlxalq “Deloitte” audit şirkəti KİV nümayəndələri üçün təlim təşkil edib.

Bu barədə 525.az-a şirkətin mətbuat xidmətindən məlumat verilib.

Təlimdən əvvəl şirkətin icraedici baş direktoru Nuran Kərimov təmsil etdiyi qurum haqqında və indiyədək həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, təlim hazırda müasir dövrümüzün çox aktual mövzusuna çevrilən maliyyə hesabatlarının təhlilinə və analizinə həsr olunub.

Şirkətin audit üzrə baş meneceri Nərgiz Mustafayeva təlim iştirakçılarına qurumun fəaliyyətinin nəticələrini və maliyyə hesabatlarını düzgün təhlil edərək, ictimaiyyətə obyektiv şəkildə çatdırılmasının vacibliyindən danışıb.

Vurğulanıb ki, təlimdə əsas məqsədlərdən biri də iqtisadiyyatda baş verən trendləri və bunun şirkətin fəaliyyətində necə əks olunmasını daha yaxşı anlamaqdır. Təlim media nümayəndələrinə şirkətlərin fasiləsizlik prinsipinə əsasən fəaliyyətlərini davam etdirə bilmək imkanlarını təhlil etməkdə, həmçinin şirkətlərin maliyyə sağlamlığı barədə daha tutarlı tədqiqatlar aparmaqda kömək edəcək.

Təlim zamanı “Maliyyə hesabatlarının düzgün təhlilinin media üçün əhəmiyyəti”, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) və tətbiqi”, “Maliyyə hesabatlarının növləri və əldə olunan məlumatların istifadəsi” və digər mövzulara toxunulub.

Qeyd olunub ki, “Deloitte" seçilmiş müştərilərə audit, konsaltinq, maliyyə məsləhəti, risklərin idarə edilməsi, vergi üzrə və digər əlaqədar xidmətlər göstərən on minlərlə peşəkarın əməkdaşlıq etdiyi bir brenddir. Şirkətin 150-dən çox ölkədə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri üzrə fəaliyyət göstərən üzv şirkətlərində 200 mindən artıq əməkdaşı çalışır.
 





23.09.2015    çap et  çap et