525.Az

"Gəncə" jurnalının 10 yaşı tamam olub


 

BÖLGƏLƏRİMİZDƏ JURNAL NƏŞRİNİN İLK QARANQUŞU OLAN BU JURNAL ÖLKƏNİN İQTİSADİ VƏ MƏDƏNİ HƏYATINDA YENİ SƏHİFƏ AÇAN "REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI"NIN MÜDDƏALARINDAN RUHLANARAQ YARADILIB

"Gəncə" jurnalının 10 yaşı tamam olub<b style="color:red"></b>

Ölkəmizdə, o cümlədən, onun bölgələrində çıxan qəzetlərin sayı kifayət qədərdir. Amma  qəzetdən fərqli olaraq,  hər nömrəsi yadigar kimi qala bilən jurnal nəşri xüsusən bölgələrdə asan iş deyil. Axı bunun üçün  həm yerli materialların bolluğu, həm də naşirlərin peşəkarlığı şərtdir.
 
Regionlarımızda, o cümlədən, ikinci şəhərimizdə məlum dövlət proqramları sayəsində son onillikdə müşahidə olunan yüksəliş təzahürləri bu sahəyə də öz müsbət təsirini göstərib. Elə düz 10 il əvvəl iki gəncəli jurnalistin təşəbbüsü ilə nəşrinə başlanılan "Gəncə" jurnalı da bu yüksəlişin ilk qaranquşlarından olub. İlk sayı 2005-ci ilin sentyabrında  "Gəncə-böyük hərflə" adı altında çıxan jurnal öz qarşısına milli-mənəvi dəyərlərimizin təbliği, şəhərin iqtisadi və mədəni inkişafının işıqlandırılması məqsədlərini qoyub.

"Gəncə ikinci şəhərimiz olmaqla yanaşı, Azərbaycan milli ruhunun aynası sayılan bir məkandır. Uzun illər ərzində bu şəhərdə dövri jurnal nəşrinin olmaması əlbəttə, qəbahətdoğurucu bir hal idi. Odur ki, 2004-cü ildə regionların sosial-iqtisadi  inkişafı üzrə ilk Dövlət Proqramının qəbul olunması və onun bölgələrimizin mədəni səviyyəsinin yüksəldilməsinə aid müddəaları bu sahədəki boşluğun doldurulması üçün fəaliyyətə keçmək üçün bizə bir növ,  çağırış oldu.  Və dostum-həmkarım Zakir Muradovla birgə  "Gəncənin jurnalı olmalıdır!" fikri ilə işə girişdik, tezliklə təşəbbüsümüz öz bəhrəsini verdi. Əsas məqsədimiz milli-mənəvi dəyərlərimizi, şəhərin mədəni mühitini işıqlandırmaq, Gəncəyə başucalığı gətirən adamları oxuculara, xüsusən gənc nəslə tanıtmaq olub"-deyə, jurnalın təsisçisi Elcan Oruclu bildirir.

Jurnalın indiyədək  40 nömrəsi işıq üzü görüb. Nəşr öz amalına sadiqlik nümayiş etdirərək, xalqımıza xas olan yüksək mənəvi keyfiyyətlərin təbliğatçısı olub və geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Zakir Muradov
Gəncə

 





01.10.2015    çap et  çap et