525.Az

KİV-in fəaliyyəti yeni araşdırma formatında


 

KİV-in fəaliyyəti yeni araşdırma formatında<b style="color:red"></b>

Müasir dünyamızda kütləvi informasiya vasitələrinin ictimai həyatın bütün sahələri ilə əlaqəli olması, medianın ictimai institut, IV hakimiyyət və s. funksiyaları ona getdikcə daha çox diqqətin- həm də beynəlxalq diqqətin ayrılmasına təbii şərait yaratmaqdadır.

Diqqət etsək görəcəyik ki, beynəlxalq demokratiya institutları öz fəaliyyətlərində media faktoruna, xüsusilə onun demokratik istiqamət almasına ayrıca qayğı göstərməkdədir. Müstəqil Azərbaycan dövləti  formalaşmağa başladığı lap ilk günlərdən ölkədə demokratik kütləvi informasiya vasitələrinin yaranmasına və inkişafına ciddi dəstək vermiş və verməkdədir. Çünki müasir dünyada və o cümlədən, hüquqi dövlət quruculuğu prosesinə mühüm diqqət yetirən Azərbaycan cəmiyyətində media demokratik dəyərləri formalaşdıran ən mühüm vasitə kimi qiymətləndirilir. Mətbuatın-medianın-kütləvi informasiya vasitələri sisteminin çoxspektrli fəaliyyət istiqamətlərində millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşməsi də mühüm yer tutur.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində fəaliyyət göstərən Beynəlxalq jurnalistika kafedrasının əməkdaşları - kafedra müdiri, bu sahədə çoxistiqamətli araşdırmalar müəllifi, professor Həmid Vəliyev, Azərbaycan jurnalistikasının elmi-nəzəri sahələrinin inkişafında əvəzsiz xidmətləri olan professor Nəsir Əhmədli, müasir beynəlxalq jurnalistikanın kanonları ətrafında maraqlı tədqiqatlar, monoqrafiyalar sahibi Sabir Məmmədov, gənc olmasına baxmayaraq artıq bu sahədə maraqlı tədqiqatları ilə diqqəti çəkən dosent Vüqar Əliyev, elmi, həm də praktik fəaliyyəti ilə respublika jurnalistlərinin çox yaxından tanıdıqları Pərvanə İbrahimova, gənc alim və həm də fakültə dekanının müavini Aytəkin Zeynalova və digərlərinin bu sahədəki əsərləri istər tələbələrə, istərsə də jurnalistlərə xeyli səmərə verməkdədir. Sadaladığım bu sırada kafedranın dosenti İlham Mazanlının da adı xüsusi çəkilməkdədir. İlham Mazanlının Bakı Dövlət Universitetində aldığı jurnalistika təhsili və üstəgəl Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının kütləvi informasiya vasitələri kafedrasının aspiranturasını bitirməsi, elə oradaca fəlsəfə doktoru alimlik dərəcəsi alması, indiyədək dünyanın Vaşinqton, London, Moskva, Cenevrə, Kopenhagen, Bonn, Küveyt və digər bu kimi sayılıb-seçilən şəhərlərində öz ixtisasına dair elmi-praktik konfranslarda iştirakı kimi faktorlar alimin KİV sahəsində önəmli tədqiqatlarını meydana qoymasına şərait yaratmışdır.

Onun Jurnalistika fakültəsində oxuduğu  kursların adlarını qeyd etmək kifayətdir ki, alimin elmi yaradıcılıq istiqaməti haqqında təsəvvür yaransın: "Jurnalistika və müasir dövrün qlobal problemləri", "Jurnalistika və beynəlxalq humanitar hüquq", "Xarici ölkələrin müasir KİV sistemləri", "Beynəlxalq həyat məsələlərinin KİV-də işıqlandırılması" və s. Bu sahələrin hamısına dair İ.Mazanlının maraqlı proqramları, dərs vəsaitləri və monoqrafiyaları var.

Alimin bu yaxınlarda nəşr etdirdiyi "KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi" monoqrafiyası da öz elmi-nəzəri konsepsiyası və problemə Azərbaycandan baxışı ilə diqqəti xüsusi cəlb edir. Əvvəlcədən qeyd edək ki, problem o qədər də sadə deyildir və onun nəzəri aspektlərini yaratmaq, lap elə olanları ümumiləşdirib təhlil etmək xüsusi elmi bacarıq tələb edir. Azərbaycan humanitar elmi mühitində bu problemlə bağlı professor Əli Həsənovdan xüsusi bəhrələndiyini elə əsərin əvvəlindəcə müəllif belə deyir: "Professor Ə.M.Həsənovun müasir beynəlxalq münasibətlər sistemi, Azərbaycanın bu sistemə qatılması, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qurduğu münasibətlər, xarici siyasətinin prioritetləri, təhlükəsizlik məsələləri və bütün bunların fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli problemləri ilə bağlı apardığı tədqiqatlar KİV-in millətlərarası və dövlətlərarası münasibətlərinin təkmilləşdirilməsi amili kimi xarakteristikasının açılması yönündə mənim üçün "yol xəritəsi" olub". Və İlham Mazanlının haqqında söhbət açdığımız monoqrafiyasını oxuduqca hiss edirsən ki, bu "yol xəritəsi"nin elmi konsepsiyası həqiqətən, müəllifə özünün elmi hədəflərini müəyyən etməyə çox kömək etmişdir. Lakin bununla belə İlham Mazanlı özünün də bu sahəylə bağlı orijinal və gərəkli konsepsiyasını ortaya qoyulmuşdur.

Müəllifin belə bir qənaətinə biz də tam şərik oluruq ki, "tədqiqat işinin (C.M., Z.B.) nəzəri nəticələri və konkret elmi axtarışın sistemləşdirilmiş  məlumatları milli universitetlərin Jurnalistika fakültə və şöbələrinin, politoloji institutların  müəllimləri, həmçinin ideoloji kadr korpusu üçün müəyyən nəzəri-elmi və praktik əhəmiyyət kəsb edə bilər. Ona görə də bu əsərin əsas qayəsində belə müddəalar durur:

"a)hakimiyyət orqanlarının və ictimai qurumların milli inkişaf siyasətinin hazırlanması və həyata keçirilməsi, milli proseslərin konstruktiv idarə olunması, millətlərarası münasibətlər sistemində yaranan ziddiyyətlərin, problem və münaqişə situasiyalarının kütləvi informasiya vasitələrinin iştirakı ilə həlli yollarının müəyyən edilməsi və həll olunması;

b)millətlərarası və dövlətlərarası münasibətlərdə konkret situasiyaların işıqlandırılması zamanı mətbuatın fəaliyyətində rast gəlinən nöqsan və çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması;

c) problemin işıqlandırılmasının keyfiyyət baxımından müasir səviyyəyə qaldırılması;

d)millətlərarası və dövlətlərarası münasibətlərin harmoniyası;

e) milli problematika mövzusunu işıqlandıran jurnalist kadrlarının hazırlanması sisteminin təkmilləşdirilməsi və redaksiya kollektivinin işinin təşkil edilməsi".

Nəyə görə müəllifin bu müddəalarına biz də şərik oluruq? Ona görə ki, monoqrafiyada kütləvi informasiya vasitələri və milli inkişaf siyasəti KİV-də həm tarixən, həm də bu gün beynəlxalq münasibətlərin işıqlandırılması təcrübəsi, millətlərarası münasibətlərin kəskinləşdirilməsi şəraitində mətbuatın fəaliyyəti, millətlərarası və dövlətlərarası münasibətlərin tənzimlənməsində KİV-in rolu, bütün bunların fonunda Dağlıq Qarabağ hadisələri və KİV kimi fundamentel məsələlər öz təhlilini tapmışdır.

Müəllifin belə bir nəzəri müddəası müasir jurnalistikamız üçün xüsusi maraq doğurmalıdır ki, kütləvi informasiya vasitələri bütövlükdə cəmiyyətin həyatına böyük təsir göstərir. " Böhran dövlətlərində, xüsusilə də millətlərarası və dövlətlərarası münasibətlərin gərginləşməsi, sosial narahatlıq şəraitində insanlar təlqinə və təsirə tez məruz qalır, müxtəlif yeni ideya və stimula əks-səda verir, "informasiya hücumuna" daha tez təslim olurlar ". Azərbaycan bütün bunları yaxın keçmişdə yaşamış, erməni təbliğatının yalanları ölkəmizi sevməyən dairələrin əlində dəstək olmuşdur. Lakin müəllif belə bir optimist faktı da qiymətləndirir: "Təcrübə göstərir ki,... kütləvi informasiya vasitələri insanları birləşdirir, milli səviyyədə vahid dəyər və rəmzlərin hazırlanmasını və  onlara inamın artmasını tezləşdirir və ümumi axına yönəldir". Azərbaycan yaxın tarixi keçmişində bu təcrübələrdən də keçmişdir. Təkcə 1990-cı illərdə Azərbaycanda yenicə yaranmış müstəqilliyimizə xəyanət faktı kimi özünü göstərən dövlət çevrilişinə neçə-neçə cəhdlər və bu cəhdlər anında Ümummilli liderimiz Heydər Əliyevin həmin qüvvələrə qarşı çağırışlarında media sisteminin təşkilati köməyi kimi faktları xatırlamaq kifayətdir.

Əsərdə medianın digər bir tərəfi - belə demək mümkünsə - əks-bəşəri istiqamətindəki "fəaliyyəti" də qabardılmış və bununla da müəllif cəmiyyətə medianın haram fəaliyyətinə uymamaq mesajını vermişdir: "Beynəlxalq təcrübə, xüsusilə də XX əsrin sonlarından postsovet və Şərqi Avropa regionunda baş vermiş məlum hadisələr göstərmişdir ki, bu prosesi KİV özü yaradır və özləri də onu qlobal səviyyəyə qaldırırlar". Müəllif problemə bu aspektdən ciddi yanaşaraq müasir dövrdə bəzi media qüvvələrinin dünyada süni şəkildə  yaratdığı kataklizmləri misal gətirir və bizi öz müddəalarına inandıra bilir.

Maraqlı bir də orasıdır ki, əsərdə bütün problemlərə dair təhlillərdə Azərbaycanın mübarizələrlə dolu yaxın keçmişindən gətirilən üllüstrativ faktlar böyük rol oynayır. Bu faktlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin tarixi köklərinə - repressiya dövrünə, XX əsrin ortalarına və ikinci yarısına, yeni müstəqillik dövründə qazanılan demokratik dəyərlərə, bu dəyərlərdən ölkəmizdə yaşayan bütün insanların - dinindən, millətindən asılı olmayaraq hər kəsin bəhrələnməsindən qaynaqlanır. Müəllif Azərbaycanın millətlərarası və dövlətlərarası müasir münasibətlərinin arxitektoru H.Əliyev məktəbi və bu məktəbin müasir davamçısı Prezident İlham Əliyevin dövlət siyasətini xüsusi təhlillərlə oxucuya çatdırır.

Kitabda qarşıya qoyulan tədqiqat mövzusuna uyğun olaraq beynəlxalq münasibətlər sisteminə xüsusi diqqət yetirilir. Müəllifin bu münasibətlərin KİV-də işıqlandırılmasının Sovet jurnalistikası təcrübəsini ümumiləşdirməsi və bununla müqayisədə müasir dünya düzəninə yeni medianın baxışı ilə bağlı nəzəri fikirləri yeni və maraqlı faktların ortaya çıxmasına şərait yaradır. Çoxtərəfli və çoxsahəli tədqiqatın sonunda araşdırmaçı müasir jurnalistikamızın millətlərarası və dövlətlərarası münasibətlərə dair fəaliyyətində diqqət etməli olduqları bir sıra məsələlərə ayrıca yer verir.

Əsərdə qoyulan məsələlərin həm də geniş oxucu kütləsi üçün maraqlı və aydın olmasını təmin etmək üçün müəllif sərfəli bir üsula əl atmışdır. Belə ki, mürəkkəb problemlərin elmi şərhini verən hər fəslin sonuna xüsusi əlavələr daxil edilib. Bu əlavələr pritçalar şəklində olub fəsillərdə qoyulan problemlərin aydınlaşmasına xidmət edir. Həmin əlavələrin bəzilərinin sərlövhəsinə diqqət etmək onların əsərdəki missiyasını aydınlaşdırardı: "Desəm öldürərlər, deməsəm ölləm", "Adını "Qarabağ dərdi" qoydum", "Bağbanla pinəçinin rəvayəti", "Rusiyanı parçalamaq Z.Bzejinskinin hobbisidirmi", "Fikrin müəllifi  çox vaxt onu ilk dəfə deyən yox, daha gözəl deyən sayılır" və s. Kitaba əlavə edilən diaqram və qrafik materiallar, dövrü mətbut orqanları, tarixi hadisələrin, xüsusilə Dağlıq Qarabağ hadisələrinin xronologiyası, NATO və Rusiya problemləri ətrafında xəritələr, ölkəmizdə millətlərarası və ölkələrarası münasibətlərin inkişafına dair Prezident fərmanları, digər sənədlər əsərin qiymətini artırır. Sonda onu demək istərdik ki, bu əsər öz problematikası və bu problematikanın uğurlu həlli ilə Azərbaycan KİV sisteminin sözügedən sahəsi ətrafında sanballı və dəyərli bir monoqrafiya kimi qiymətləndirilməlidir.

Cahangir Məmmədli, professor
Zaur Babayev, dosent

 





01.10.2015    çap et  çap et