525.Az

Azərbaycanlı alimin məruzəsi İtaliyada maraqla qarşılanıb


 

Azərbaycanlı alimin məruzəsi İtaliyada maraqla qarşılanıb<b style="color:red"></b>

Bugünlərdə İtaliyanın Verona Universiteti, Türkiyənin Səlcuq Universiteti və Azərbaycanın MİRAS İctimai Birliyinin təşkilatçılığı ilə Verona şəhərində Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq simpoziumu keçirilib.
 
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq simpoziumda "Türk hökmdarlarının sözü və qılıncı" mövzusunda məruzə ilə çıxış edib. Alim məruzədə bildirib ki, Tanrı haqq və ədalətin bərpası üçün insana iki böyük silah vermişdi - Söz və qılınc: "Amma insan sözün dəstəyindən tutub onu yüksəklərə qaldırıb, şərin başını kəsə bilmədiyi təqdirdə daha asanını seçib - silahı əlinə alıb və qan töküb. Min illərdir ki, Tanrının sirrinin sözdə olduğunu dərk edənlər onun yarandığı mücərrəd elementləri araşdırıb, bunu əldə etmək üçün institutlar, akademiyalar yaradıblar. Həqiqətin başının zorla kəsilə bilməyəcəyini müəyyənləşdirən əsilsizlər isə qılıncı kənara qoyub, söz oyununa girişib, onun sehri ilə bükülməyən dizləri büküb, qırılmayan iradələri qırıb, kəsilməyən başları kəsib.

Sözün isə ən təsirlisi haqdan gələn şeirdir. Qədim mifologiyalara, əfsanələrə baxıldığında şeirlə-nəzmlə yazıldığını, yəni ritmik, ahəngdar olmasının şahidi oluruq. Şeir isə haqqın səsi kimi qəbul edilir Şərq ədəbiyyatında. Heç təsadüfi deyil ki, xalq arasında haqq aşığı kimi tanınan ozanlar qeybdən xəbərlər verər, insanlara öyüd və nəsihətləri ilə yol göstərərdilər".

XI əsrin əvvəllərində türk mədəniyyətində və dünya hökmranlığında bir intibah yaşandığını qeyd edən məruzəçi diqqətə çatdırıb ki, bu intibahın əsas səbəbi türk təfəkkürünün Bilgə Kağandan sonrakı məişət səviyyəsindən mərifət səviyyəsinə yüksəlişi idi: "Səlcuqlar imperiyasının varisi olan Azərbaycan Atabəylər dövlətinin (XI-XII əsr) qısa müddətdə böyük uğur qazanmasının, heç şübhəsiz, əsas fiquru Şeyx rütbəsi qazanmış dövr şairi olan böyük mütəfəkkir, filosof Nizami Gəncəvi idi. Hökmdarın şairə verdiyi dəyər onu bir gücə çevirmişdi. Çünki şair haqqı söyləyər, haqdan çəkinməz heç vaxt. Əlbəttə ki, günümüzün məddah şairlərini nəzərdə tutmuruq bu anlamda. Nizami bu gün şifrələrini itirdiyimiz elmin hökmdarı idi. Əxilik sistemi ilə idarə edilən türk dövlətləri bu gün həmin dünyəvi şifrələri itirmişlər".

Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" əsərinə istinad edən məruzəçinin qənaətinə görə, "Şah İsmayıl fenomeninin ən mühüm əlaməti ondan ibarətdir ki, poeziya, yaradıcılıq onun üçün əyləncə, ikinci dərəcəli məşğuliyyət deyildi, əksinə, siyasi ideyaları daha təsirli, inandırıcı şəkildə təbliğ etmək, öz ideallarını, məqsəd və vəzifələrini yaymaq üsulu idi". 

Məruzə simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.

S.MÜRVƏTQIZI

 





02.10.2015    çap et  çap et