Azərbaycanda dini qurumlarla məşğul olan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri artırılır.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunun 29-cu maddəsinə (Müvafiq icra hakimiyyəti) qurumun səlahiyyətləri sırasına on ikinci və on üçüncü abzaslar əlavə edilir.
On ikinci abzasa görə, qurum həmçinin “nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq yoxlamalar aparır”.
On üçüncü abzasa görə isə, qurum “din sahəsində mütəxəssislərin hazırlanması və ixtisasların artırılması üçün tədbirlər görür, ixtisas artırma kurslarını təşkil edir”.
Qeyd edək ki, Azərbaycanda dini qurumlarla işi aparan icra hakimiyyəti qurumu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir.
Layihə Milli Məclisin oktyabrın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
çap et