525.Az

Qafqaz kərkəsi Əmbərçaya enib


 

Qafqaz kərkəsi Əmbərçaya enib<b style="color:red"></b> Qaxda Böyük Qafqaz sıra dağlarının zirvələrində yaşayan Qafqaz kərkəsi dağlardan kəndə enib.

Qaxın Əmbərçay kəndinin sakini "Report"a bildirib ki, səhər saatlarında kəndə gələrkən qarşısına kərkəs quşu çıxıb:
 
"Həmişə şəkillərdən gördüyüm yırtıcı quşu canlı görəndə özümü itirmədim və kənddən kömək çağıraraq nəhəng quşu tutduq".

Kənd sakini quşu bir gün həyətində saxlayıb və onun insanlara hücum etdiyini görəndə ərazi ekologiya şöbəsinə xəbər verib.

9 saylı Zaqatala Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin baş məsləhətçisi Söhrab Babayev "Report"a bildirib ki, onlar da belə hadisə ilə ilk dəfədir rastlaşırlar:
 
"Qafqaz kərkəsinin adı qırmızı kitabdadır və o, yalnız insan ayağı dəyməyən qayalıqlarda yaşayır. Hazırda onların sayı barmaqla sayıla biləcək qədər azdır. Buna görə də nəhəng quş elə gəldiyi təbiətə buraxılıb".

Qeyd edək ki, Qafqaz kərkəsinin qanadları açıldığı halda eni 2 metr 60 santimetr, çəkisi isə təqribən 10 kiloqrama yaxındır. Bu yırtıcı quş təkcə hündür dağların zirvələrində, qayalıq ərazilərdə yaşayır. Əsasən leş yeyən yırtıcı orta çəkili qoyunu qaldırmaq gücünə malikdir.
 





03.10.2015    çap et  çap et