525.Az

Bizimlə rahat nəfəs alın!


 

GÖZƏLLİYİNİZİ VƏ SAĞLAMLIĞINIZI LOR HOSPİTALA ETİBAR EDİN

Bizimlə rahat nəfəs alın!<b style="color:red"></b>

Son illər Azərbaycanda burun estetik əməliyyatına maraq xeyli artıb. Burada əsas məqamlardan biri doğru cərraha müraciət etməkdir. Çünki burunda estetik əməliyyat etdirən pasientlər bir çox hallarda nəfəsalmada çətinlik çəkir, estetik görünüşün qənaətbəxş olmamasından şikayətlənir. Ona görə də, suallarımıza cavab tapmaq üçün LOR Hospitalın Baş həkimi LOR-estetik cərrahiyyə üzrə mütəxəssis Op.Dr. Pərviz Aslanova müraciət etdik.

Məlumat üçün qeyd edək ki, Pərviz Aslanov 2005-ci ildə  Azərbaycan Tibb Universitetini bitirib. 2006-2014-cü illərdə Respublika Klinik Xəstəxanasında LOR şöbəsində LOR cərrah kimi fəaliyyət göstərib. 2011-2013-cü illərdə Medical Plaza klinikasında LOR-estetik cərrah, 2013-2014-cü illərdə City Hospitalda Baş həkimin müavini işləyib. 2014-cü ildən LOR Hospitalda Baş həkim, eyni zamanda LOR-estetik cərrah kimi çalışır. P.Aslanov işlədiyi müddətdə Türkiyə, Almaniya, İtaliya, Amerika və digər ölkələrdə rinoplastika əməliyyatı ilə bağlı təcrübə keçib. Bu illər ərzində 30-dan çox kurs və konfranslarda məruzəçi  və iştirakçı olub, elmi jurnallarda “burun estetikası”na dair elmi məqalələri dərc olunub.

Tibbin bu sahəsinə oxucu auditoriyasının yüksək marağını nəzərə alaraq LOR Hospitalın Baş həkimi Pərviz Aslanovla müsahibəni təqdim edirik. 

- Plastik əməliyyatlara marağın artması nə ilə bağlıdır?

- Plastik cərrahiyyə 3 bölməyə ayrılır. Birinci rekonstruktiv cərrahiyyə, ikinci mikrocərrahiyyə, üçüncü estetik əməliyyatlardır. Estetik cərrahiyyə ümumi plastik əməliyyatların 50 faizini özündə birləşdirir. Bura burun, qulaq estetik əməliyyatları da daxildir. İnsanların maddi rifahının artması, müasir dövrdə müasir iş həyatında baxımlı insanlara daha çox önəm verilməsi, insanların üz nahiyələrində olan qüsurlardan azad olma istəyi bu əməliyyatların sayının artmasına səbəb olur.

- Burun estetikasını qulaq, burun, boğaz cərrahları, yoxsa plastik cərrahlar etməlidir?

- Rinoplastikanı həm LOR, həm də plastik cərrahlar icra edə bilər. Əsas tələb olunan amil bu əməliyyatı icra edəcək cərrahın burundaxili orqanlara və onların patalogiyalarına (burun çəpər əyriliyi, haymorit, konxa patalogiyaları) lazımi qədər hakim olması və ehtiyac yarandığında bu əməliyyatları eyni anda icra etməsidir. Bizə estetik əməliyyat üçün  müraciət edən pasientlərin böyük əksəriyyətində nəfəsalma, haymorit, burun axıntısı  problemləri də olduğu üçün düşünürəm ki, burunun estetik əməliyyatlarını LOR cərrahların icra etməsi daha məqsədəuyğundur.

- Rinoplastika əməliyyatı neçə yaşından icra olunmalıdır?

- Rinoplastika əməliyyatı insan yetkinlik yaşına çatdıqdan sonra tətbiq olunmalıdır. Əgər burunun daxilində və xaricində problem varsa, qızlarda ən tez 15-16, oğlanlarda isə 17-18 yaşdan etibarən əməliyyat aparıla bilər. Yuxarı yaş həddi isə yoxdur. Təbii ki əgər pasientin ümumi vəziyyəti uyğundursa. Mənim rinoplastika əməliyyatı icra etdiyim ən yaşlı xəstəmin 68 yaşı olub. Ədəbiyyatda 85-90 yaşlı xəstələrdə belə rinoplastika əməliyyatının icra olunduğu barədə məlumatlar var.

- Rinoplastika əməliyyatı üçün mövsüm fərqi varmı ?

- Rinoplastika istənilən mövsümdə icra oluna bilər. Sadəcə hər mövsümə uyğun olaraq həkimin spesifik məsləhətlərinə əməl edilməlidir. Məsələn, pasient yay aylarında günəşin altında gəzməməli, qışda isə özünü soyuqdan gözləməlidir. Ümumiyyətlə isə hansı dövrdə aparılmağından asılı olmayaraq əməliyyatdan sonrakı bir ay ərzində pasient özünü günəşdən qorumalıdır. Çünki günəş şüaları burun dərisində rəng fərqləri yarada bilər.

- Rinoplastika əməliyyatını  icra etməzdən əvvəl və pasient əməliyyata hazırlanarkən daha çox nələrə diqqət yetirilməlidir?

- Burun üzün tən orta hissəsində yerləşdiyi üçün bu orqana edilən ən kiçik müdaxilə ilk baxışda hiss olunur. Bu əməliyyatı icra etməzdən öncə pasientin istəkləri, həkimin ona edə biləcəkləri və cərrahiyyənin imkanları üst-üstə düşməlidir. Hesab edirəm ki, ən uğurlu əməliyyat təbii, gözəl və üz ilə tamlıq təşkil edən burunlardır.  Biz əməliyyat öncəsi xəstənin ümumi sağlıq durumunu diqqətlə dəyərləndiririk. Əməliyyatdan öncə anestezioloqun baxışı, laborator və instrumental müayinələrin nəticələrini diqqətlə araşdırıb sonra əməliyyat qərarı veririk. Əməliyyat həm ümumi, həm də yerli anesteziya ilə aparıla bilər. Lakin qadın və kişi burunları ayrıca dəyərləndirilməlidir. Çünki kişi burunları çox kiçik, burun arxası maili olmamalı, burun ucu çox qalxmamalıdır. Qadınlarda isə tam tərsi burun incə olmalı, burun arxası bir qədər maili və üz ilə ahəng içində olmalıdır. Bu mənada, pasientlərin istəklərini nəzərə alaraq əməliyyatdan qabaq xüsusi kompyuter proqramı vasitəsilə təxmini burun forması hazırlanıb göstərilir.

- Burun əməliyyatı bir neçə üsulla aparılır. Siz daha çox hansı üsuldan istifadə edirsiz?

- Rinoplastika əməliyyatı açıq və qapalı olmaqla 2 üsulla həyata keçirilə bilər. Qapalı üsulda nisbətən az problemi olan burunları əməliyyat etmək daha məqsədəuyğundur. Biz öz praktikamızda açıq üsulla əməliyyata daha çox üstünlük veririk. Bunun üstünlüyü ondan ibarətdir ki, burunda olan ən kiçik qüsurları belə gözlə görüb aradan qaldırmaq mümkündür.

- Pasientləri narahat edən məsələlərdən biri əməliyyatdan sonra üzdə göyərmə və şişkinliyin əmələ gəlməsidir. Bu sahədə hansısa yeniliklər var?

- Artıq bir neçə ildir ki  rinoplastika əməliyyatı zamanı buruna tampon qoymuruq.  Hətta bu tamponun ciddi əks göstərişləri olduğu barədə məlumatlar var. Bunun əvəzinə ölçüsü 1 milli metr qalınlığında silikon borulardan istifadə edirik ki, pasient əməliyyatdan dərhal sonra rahat nəfəs ala bilsin. Eyni zamanda ənənəvi gipslər əvəzinə hazır termosplintlərdən istifadə edirik. Əməliyyat uyğun prinsiplərə görə icra edildiyindən ağrı demək olar ki, olmur. Bir çox hallarda osteotomiyaya ehtiyac qalmır və ehtiyac olsa belə osteotomiya üsulları daha da təkmilləşdiyi üçün əməliyyat sonrası şişkinlik və qançırlara rast gəlinmir, olsa belə bir-iki gün ərzində tamamilə azalıb yox olur. Burundaxili problemləri  endoskopik üsulla əməliyyat etdiyimiz üçün pasient az travma alır. 7-10 gün sonra bütün pasientlər öz əvvəlki iş fəaliyyətinə başlaya bilir.

- Digər klinikalarda uğursuz əməliyyat keçirən, burunun estetik görünüşündən razı qalmayan pasientlərdən sizə müraciət edən olurmu?

- Pasientlər həkim axtarışına kifayət qədər vaxt ayırmalıdır. Çünki həkim seçimi olduqca məsuliyyətli bir prosesdir. Bu zaman ən doğru seçimlərdən biri həmin həkimin əvvəllər əməliyyat olunmuş pasientlərindən rəy öyrənməkdir. Həmçinin,  cərrahın təcrübəsini, əvvəllər icra etdiyi əməliyyatların sayını öyrənmək də pasientə köməklik edəcək. Bizim sahədə təkrar əməliyyatlar revizyon əməliyyat adlanır. Revizyon əməliyyatı icra edən həkim həm burundaxili strukturlara, həm də estetik üz analizinə kifayət qədər hakim olmalıdır. Ona görə də pasientlər  elə ilk əməliyyatını bizə etibar etsələr daha doğru qərar vermiş olarlar. Çünki təkrar əməliyyatlar zamanı  bir sıra çətinliklərlə rastlaşırıq. Əvvəlki əməliyyatdan sonra əmələ gələn çapıq toxumalar, burunda yeni bir görüntünü əldə etmək üçün istifadə etdiyimiz qığırdağın olmaması və bu qığırdağı əldə etmək üçün qulaq və ya qabırğadan qığırdaq parçasının alınmasına ehtiyacın olması xəstə üçün əlavə çətinliklər yaradır. Nəfəsalmada yaradılan çətinlikləri də bura əlavə etsək bizim işimizin nə qədər məsuliyyətli olduğunu dərk edəcəksiniz. Bütün peşə fəaliyyətimi rinoplastika əməliyyatına həsr etdiyim və bu işdə dünyanın ən nüfuzlu rinoplastika ustaları Dean Toriumi, Tom Uang  və digərlərinin təcrübələrindən yararlanmağım bu işi ən incəliklərinə qədər öyrənməyimə səbəb olub. Ona görə də burun estetikası əməliyyatının  bu sahədə kifayət qədər təcrübəsi olan cərrahlar tərəfindən icra olunması məqsədə uyğundur.

Aristotelə görə gözəllik bir ahəng, mütənasiblik və düzəndir. Bu mənada, bizim bir məqsədimiz var: pasient özünü sağlam və gözəl hiss etməlidir ki, güzgü qarşısına güvən hissi ilə çıxa bilsin. İnsanın gözəlliyi onun gücünün göstəricisidir. Gözəlliyinizi və sağlamlığınızı bizə etibar edin!

Gülşən RÜSTƏMLİ
Xəyalə HÜSEYNOVA

 





03.10.2015    çap et  çap et