525.Az

Məlum və Naməlum Üzeyir Hacıbəyov


 

Məlum və Naməlum Üzeyir Hacıbəyov<b style="color:red"></b>

(63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb və yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb)

(Əvvəli ötən sayımızda) 

1905-ci il Bakının qaynar ictimai-siyasi və mədəni həyatı böyük istedadlar və cəsarətli  arzular üçün böyük də imkanlar açırdı. Həmin dövr Rusiya inqilabının təsiri  ilə imperiyanın ucqarlarında da yaranmış nisbi azadlıqlar şəraitində  Azərbaycan milli mətbuatının təşəkkülü fonunda  Azərbaycan milli şüurunun formalaşması prosesi sürətlə güc toplamağa başlayır. Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni fikrinin tanınmış nümayəndələri Əli bəy Hüseynzadə, Əhməd Ağayev, Əlimərdan bəy Topçubaşov, Cəlil Məmmədquluzadə, Ö.F.Nemanzadə və d. səyləri ilə bir-birinin ardınca yeni qəzet və jurnallar nəşrə başlayır, ilk müsəlman xeyriyyə cəmiyyətlərinin əsası qoyulur, gənc M.Ə.Rəsulzadə özünün  ilk siyasi yönlü təşkilatını yaradırdı. Böyük istedad və fəaliyyət  üçün son dərəcə münbit sayıla biləcək məhz bu mühitdə Üzeyir Hacıbəyovun güclü publisistik və satirik qələmə malik olduğu üzə çıxır. 1905-1916-cı illərdə  qısa fasilələrlə  (Moskva və Peterburqda təhsil aldığı illər) Ü.Hacıbəyov dövrün ən ciddi və sanballı mətbuat orqanlarında - “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Həqiqət”, “İqbal” və s.-  ən müxtəlif mövzularda  və ən müxtəlif janrlarda 700-dən artıq  məqalə və felyeton yazmış,  “İrşad” və “Tərəqqi” qəzetləri redaksiyalarında  mütərcim və felyetonçu işləmiş,  müxtəlif illərdə “Tərəqqi”, “Yeni İqbal” və “Həqiqət” qəzetlərinin mühərriri və redaktoru olmuşdur.

Elə həmin dövr Üzeyir bəy özünün professional  musiqi sahəsində ilk addımını atmış,  1908-ci ilin yanvarında  “Leyli və Məcnun” operası ilə yalnız  Azərbaycanda deyil,   bütün müsəlman Şərqində operanın əsasını qoymuş,  1915-ci ilə qədər daha 5 opera və 3 operetta yazmaqla və onlara səhnə həyatı verməklə  özünün bu sahədə də böyük istedad və təşkilatçılıq qabiliyyətini tam şəkildə təsdiq etmişdir. 

Lakin bütün bu uğurlar heç də asan başa gəlmirdi. Rusiya imperiyasının idarə  aparatı, Dövlət Dumasının fəaliyyəti, qeyri-rus xalqlara və millətlərə münasibət, və s. kimi siyasi-ictimai mövzularda ciddi tənqidi mövqedən yazılmış məqalə və çıxışlara görə  çar hökumətinin senzura orqanları qarşısında cavab verməli olduğu halda,  bəzi yerli mətbuatın açıq-aydın qərəzli,  böhtan və təhqir dolu hücumları  gənc mühərrir, jurnalist və bəstəkarı yalnız özünü deyil, həyatını həsr etdiyi işin  və  amalının  müdafiəsinə qalxmağa  vadar edirdi. Üzeyir bəyin ümummilli, xalq mənafeyini  şəxsi maraqlarından üstün tutması kimi keyfiyyəti özünü  hələ 1909-cu ildə “Zənbur” jurnalının ona və redaktoru olduğu “Tərəqqi” qəzetinə  hücum kampaniyası zamanı büruzə verir.    

“1908-ci ildə “Tərəqqi” qəzetinin təsisçisi və redaktoru Əhməd bəy Ağayev İstanbula uzunmüddətli səfəri ilə əlaqədar qəzetin müvəqqəti mühərrirliyini  redaksiyanın gənc əməkdaşı Üzeyir Hacıbəyova tapşırır. Bu qəzetin Azərbaycan cəmiyyətində  nüfuzu, onun iti qələmli redaktorunun isə üstəlik bəstəkar şöhrəti  görünür ki, satirik “Zənbur” jurnalının rəhbərliyini narahat edir və onu  hörmətdən salmaq, həm də öz adlarını qaldırmaq  niyyəti ilə jurnalda  bir neçə qərəzli, açıq-aydın fitnəkar məzmunlu yazılarla bərabər   Ü.Hacıbəyovun  qarabağlılara məxsus geyimdə karikaturası çap edilir.

Bu hücumlara cavab vermək qərarına gələn Üzeyir bəy öz yazısını belə başlayır: “Ümum millətimizin asayiş və səlamətini gözləyən “Tərəqqi” kimi bir qəzetin mühərriri olduğum üçün “zənburçulara” ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə həzyənat söyləyəcəklərsə söyləsinlər. Lakin məni bəhanə edib də yekdil və yekvücud olması lazım gələn millətimizin içinə “qarabağlı”, “bakılı” kimi fitnəəngiz məsələlər salmasınlar...”   

“Tərəqqi” qəzetində dərc olunmuş və bir qədər emosional ruhda yazılmış bu cavabı  İstanbulda oxuyan Əhməd bəy Ağayev özünün 24 yaşlı gənc həmkarına göndərdiyi  məktubda qəzeti və şəxsən Əhməd bəyi  müdafiə etdiyi üçün təşəkkürünü bildirməklə yanaşı sakit olmağı, bir daha belə şeylərə cavab verməməyi tövsiyə edir: “Sən öz işinlə məşğul ol, bacardıqca millətinə xidmət et... Əmin ol ki, əhali nə qədər avam olsa da, hər kəsi gözəlcə bilir, tanıyır. Ona görə də hər kəsi qədrincə təqdir edir!”

Bu tövsiyə Üzeyir bəyin qarşıdakı geniş siyasi və ictimai  publisistik fəaliyyətinin  hər hansı şəxsi inciklik və emosiyalardan uzaq,  təmkin və soyuqqanlılıq, eyni zamanda güclü məntiq, əsaslandırılmış təhlil və tənqid, inandırmaq məharəti  kimi xüsusiyyətlərə malik olmaqla tamamilə yeni bir mükalimə aparmaq səviyyəsinə qalxmasında mühüm rol oynayır.

Məşğul olduğu bütün sahələrdə nümayiş etdirdiyi danılmaz istedadla yanaşı  ictimai fəallığı, iti müşahidə, nəticə almaq və qərar vermək qabiliyyəti, ən nəhayət, bütün qanına və canına hopmuş yüksək vətənpərvərlik və millətsevərlik hissləri Üzeyiri vətən və millətin taleyində daha yaxından iştirak etmək qənaətinə gətirir.

1915-ci ilin sonlarından  başlayaraq Üzeyir bəyin imzası dövrün ən görkəmli ictimai xadim və ədibləri  Ə.b.Ağayev, Ə.Haqverdiyev, H.Cavid, Ə.Cavad, T.Şahbazi, Y.V.Çəmənzəminli, N.Vəzirov,  Ə.Əzimzadə və d.  ilə birlikdə   “Türkləşmək, Modernləşmək, İslamlaşmaq” şüarı altında çıxan  “Açıq söz” qəzetinin fəal yazarlarının sırasında görünür.  Başda  qəzetin  redaktoru  M.Ə.Rəsulzadə olmaqda  Azərbaycan milli ideologiyasının formalaşmasında müstəsna xidmətləri olan  bu mətbuat orqanının səhifələrində  Ü.Hacıbəyov artıq sırf milli məfkurənin daşıyıcısı,  yetkin bir siyasi publisist və ictimai xadim kimi  geniş türk-azərbaycanlı kütlələrin milli şüurunun oyanması prosesində iştirak edir. Rusiyada 1917-ci il Fevral inqilabı, daha sonra Oktyabr çevrilişi Azərbaycan milli qüvvələrini, və sözsüz bu sıraya daxil olan Üzeyir Hacıbəyovu da Azərbaycan xalqının  gələcək müqəddəratı ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirmək zərurəti ilə üzləşdirir. Məhz bu dövrdən başlayaraq  Üzeyir bəy, özünün  gələcəkdə müsavatçılar barəsində dediyi kimi, “heç bir “sağ”  ya “sol”  cərəyanlara  meyl etmədən” sırf milli-istiqlal tərəfdarı kimi çıxış edir.

Maraqlıdır ki, elə Üzeyir bəyin ictimai-siyasi fəaliyyəti ilə bəstəkarlıq fəaliyyətini  birləşdirmək cəhdi ilk dəfə məhz bu dövrdən başlayır. 1917-ci ilin sonlarında   Y.V.Çəmənzəminlinin “Açıq söz” qəzetində Üzeyir bəyə ünvanlanan  “hər millətin, xalqın öz milli marşı  var, bizimki niyə olmasın” təklifini  qəbul edən publisist-bəstəkar az sonra elə  “Açıq söz” qəzetinin səhifələrində artıq belə bir “milli himn” yazdığını bildirir və bu musiqi növünün  əhəmiyyətini izah etməklə  marşın 1918-ci ilin ilk günlərində “O olmasın, bu olsun” tamaşasından qabaq çalınıb oxunacağını xəbər verir. Həmin  yazıda  Üzeyir bəyin  ilk himn bəstələmək  təcrübəsi sayıla biləcək bu milli marşın  tam mətni də  dərc olunur. Məşhur türk hökmdarlarının adları çəkilən,  türkün qüdrətindən bəhs olunan həmin  mətndən bu ilk  milli marş- himnin tam türkçülük ruhu daşıdığı bəlli olur.

Lakin 1918-ci ilin əvvəllərində  Bakının son dərəcə gərgin siyasi abu-havası   Üzeyir bəy də daxil olmaqla,  Azərbaycan milli qüvvələrinin istiqlal arzusunun asanlıqla reallaşacağından xəbər vermirdi. Yaranmış  vəziyyəti  real qiymətləndirən “Açıq söz”  dönə-dönə şəhərin müsəlman əhalisini mümkün qədər ayıq olmağa, təxribatlara uymamağa çağırırdı. 1918-ci il mart hadisələri bu çağırışların nə qədər əsaslı olduğunu göstərdi.  Qanlı mart  faciələrini bütün Bakı əhalisi ilə birlikdə yaşayan Üzeyir bəy, erməni silahlı dəstələrinin öldürmək, həbs və talan məqsədilə əllərindəki hazır siyahılarla tanınmış müsəlman xadimlərinin və zənginlərinin  evlərini gəzdikləri həmin günlərdə,  kifayət qədər tanınmış şəxs olmasına və yaşadığı evin  hücuma məruz qalmasına baxmayaraq,  nəinki gizlənmir, əksinə  Əli Mərdan bəy Topçubaşovun qırğınları dayandırmaq məqsədilə danışıqlar aparmaq üçün yaratdığı ziyalılar  dəstəsinə daxil olur.

Lakin “Bakını xarabazara döndərməyi vəd edən” bolşevik-daşnak qüvvələrinin öz məqsədlərinə çatdıqdan sonra Ə.M.Topçubaşov daxil olmaqla başladıqları  kütləvi həbslər qarşısında Üzeyir bəy yaxın qohumu bolşevik Hənifə Terequlovun vasitəsilə  Bakı Soveti İcraiyyə Komitəsinin sədri G.Caparidzedən  “vətəndaş müharibəsi” dövründə şəhərdə tamaşa vermək imkanından məhrum olan  “Hacıbəyov qardaşlarının teatr truppasının”  İrana qastrola getməsi üçün icazə ala bilir. 

20 ildən sonra, Stalin repressiyaları dövründə bu faktı “Sovet hakimiyyətindən qaçmaq” kimi qiymətləndirərək Üzeyir bəyə  xatırladacaqlar. Lakin 1918-ci ilin yazında ailəsi, anası və teatr truppası ilə İranın Gilan vilayətinə gedən Üzeyir bəy, bununla, mümkündür ki, özünün və bir çox yaxınlarının həyatını təhlükədən xilas edir. “Mart qırğınları” nümunəsində  Sovet hakimiyyəti ilə  bu ilk tanışlıq  Üzeyir bəyin siyasi görüşlərində  kəskin anti-bolşevik bir mövqenin formalaşmasına gətirib çıxarır ki, bu mövqeyini o, az sonra “Azərbaycan” qəzetindəki yazılarında tam çılpaqlığı ilə ortaya qoyacaq. 

(Ardı var)

 





03.10.2015    çap et  çap et