525.Az

“Ulduz”un sentyabr sayı


 

“Ulduz”un sentyabr sayı<b style="color:red"></b>

Bugünlərdə “Ulduz” jurnalının sentyabr buraxılışı işıq üzü görüb.
 
Dərgi professor Nəsir Əhmədlinin “Ulduz”umuzun səkkizinci güşəsi” adlı avqust sayındakı materiallar əsasında yazlımış ekspert yazısı ilə açılır. Professor “tələbəliyimin yaşıdı” adlandırdığı jurnalla nəşr tarixi ilə bağlı xatirələrini oxucularla bölüşüb. “Ulduz”un avqust sayı haqqında qeydlərində N. Əhmədli “Özüylə söhbət...” rubrikasını maraqlı tapıntı hesab etdiyini vurğulayıb və digər rubrikaların da maraqlı olduğunu qeyd edib.

N. Əhmədli jurnalla bağlı maraqlı təkliflər irəli sürüb: “Jurnalın titul vərəqində Şıxəli Qurbanovun adı xatırladılmalı, nömrələrin cari və ümumi sayı göstərilməli; bölgələrdə yaşayıb yaradan şairlərə, nasirlərə, publisistlərə daha geniş yer verilməli; xüsusi rubrikada jurnalın keçmiş redaktorları barədə xatirə-oçerklər dərc edilməli, Yazıçılar Birliyi, Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Mətbuat Şurasının və başqa müvafiq təşkilatların birgə səyi ilə jurnalın reklamı genişləndirilməli, tirajı və həcmi artırılmalıdır. “Ulduz”u gələcəyin ən populyar dərgisinə çevirək. Hamımız birlikdə!”.

Ekspert yazısını Mina Rəşidin “Özüylə söhbəti... və şeirləri” izləyir. Burada şairin “Ürəyim üşüyür, Allah”, “Bazarda yazılan şeir”,  “Nə yaxşı gün dayanmır”, “Sakit adam”, “Yasəmən açanda”, “Bu işıqsız qadınlar”,  “Hamı sevmir uşaqları”, “Adam hərdən sevinmək istəyir”, “Allahım, işığına qərq et könlümü” şeirləri verilib.

Qulu Ağsəsin “Dörd sim” essesi yazısı mərhum sənətkar, Xalq artisti Habil Əliyevə həsr olunub: “12 gün dalbadal konsert verdiyim vaxtlar olub. Filarmoniyanın müdiri Niyaziydi onda. İndi mənim dinləyicim yoxdu. Adamlar sintezator istəyir. Adamlar dərdlərini azdırmaq istəyir. Sintezatorda dərd azır, kamançada yox. Kamança dərdin vətənidi. O gün “Segah”da Xocalı faciəsini çaldım. Xocalıda itkin düşənləri, qəbirsiz kəfənsiz, qibləsiz ölənləri yudum, kəfənlədim, el adətiylə yasların verdim, Quran səsiylə torpağa tapşırdım. Qoymadım şəhidlərimizi qurd-quş yeyə, düşmən təhqir eləyə. Mən eləmədim ey, kamança elədi...”

Jurnalın “Tərcümə saatı”nda Həyat Şəminin tərcüməsində Afanasi Fetin şeirləri təqdim edilib.

“Ulduz”un “Nəsr” bölümündə Vaqif Aslanın “Üç adamın qonur günü”, Kamran Nəzirlinin “Başımın altına yastıq qoy” hekayələri yer alıb.

Jurnalın “Debüt” rubrikasında gənc qələm sahibləri Nurlan Səlimin “Hüseyn günəşi”, Arzu Muradın “Keçmişə məktub”, Ziya Aların “Oyuncaq” yazıları öz əksini tapıb.

Poeziyasevərlər bu sayda Arzu Rüstəmov, Namiq Dəlidağlı, Adilə Nəzər, Nazir Rüstəm, Mənsurə Qaçayqızı, Səyyarə Məmmədli və Valeh Bahaduroğlunun şeirləri ilə tanış ola bilərlər.

“Ulduz”un “Ustad” rubrikasında Xalq şairi Fikrət Qocanın 80 illik yubileyi münasibətilə Vüsal Nuru “Sərbəst yaşayar heca ömrünü”, Fərqanə Mehdiyeva “Vərəqlərə bağışlanan ömür” yazıları dərc edilib.

Günel Natiqin esseləri də bu sayda çap edilib.

Ziyadxan Əliyev “İpəkdə yaşayan izlər” yazısında gənc rəssam Tünzalə Məmmədzadədən söz açıb: “Gənc rəssamın yaratdığı əsərləri məlum tətbiqi və təsviri sənətin bədii-texniki ənənələrinə yeni və özünəməxsus bədii münasibət hesab etmək olar”.

Professor Aydın Dadaşovun  “İri planların dialoji montajı” yazısında dünya kinosunun 120 illiyi ilə bağlı düşüncələrini qələm alıb.

Jurnalın “Hücrə”sində Qəşəm Nəcəfzadə “Sənin üçün mötərizə açanda ağladım” yazısında Sərdar Aminin şeirləri haqqında yazıb.

“Ulduz”un ənənəvi “Dərgidə kitab” layihəsində Mirmehdi Ağaoğlu “Çərçivə”, “Fasilə”, “Nisyə”, “Mərəz” hekayələri ilə çıxış edir.

“Ulduz”un sentyabr sayını alan oxucular Xalq yazıçısı Elçinin “Kaşeyin taleyi” kitabını hədiyyə olaraq əldə edəcəklər.

Qeyd edək ki, sentyabr sayı jurnalın ümumilikdə 556-cı sayıdır.

 





03.10.2015    çap et  çap et