525.Az

Yazıçılar Birliyində Əlibala Hacızadənin 80 illiyi qeyd olundu


 

Yazıçılar Birliyində Əlibala Hacızadənin 80 illiyi qeyd olundu<b style="color:red"></b>

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda mərhum ədibimiz Əlibala Hacızadənin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Yazıçının həyat və fəaliyyəti barədə geniş danışılan tədbirdə bildirilib ki, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində dünyaya göz açmış Ə.Hacızadə ədəbiyyata 1956-cı ildə gəlib.

Həmin vaxt Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən 20 yaşı olub. O il gənc yazıçı böyük məhəbbət bəslədiyi Səməd Vurğunun ölümünü ağır kədər hissi ilə qarşılayıb. Şairin ölümündən doğan kədərini “Yadıma düşdü...” adlı hekayəsində ifadə edib və həmin hekayə universitet qəzetində dərc olunub.
 
Bundan sonra yazıçının “Mənim müəlliməm” adlı ilk povesti işıq üzü görüb. Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, həyatı sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır. Əfqanıstana ezam edildiyi illərdə Əlibala Hacızadənin “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə bu ölkədəki hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb, yazıçıya geniş şöhrət gətirib. Görkəmli ədibin “İtkin gəlin” romanı üzrə 12 seriyalı bədii televiziya filmi çəkilib.

AYB sədri, Xalq yazıçısı Anar öz nəsildaşı kimi səciyyələndirdiyi Əlibala Hacızadənin o dövrdəki şöhrətindən, silsilə əsərləri ilə qazandığı hədsiz populyarlığından söz açıb, hər zaman ehtiramla anılmağa layiq ədib olduğunu bildirib.

Tədbirin aparıcısı -  AYB katibi Rəşad Məcid Əlibala Hacızadənin həyat və fəaliyyətindən danışaraq, onu 70-80-ci illər Azərbaycan ədəbiyyatının oxucu auditoriyası baxımından əfsanəvi yazıçısı olduğunu vurğulayıb: “70-80-ci illərdə Əlibala Hacızadə çox məşhur idi. Əsərləri, məsələn, məşhur “Əfsanəsiz illər”i yüz min tirajla çap olunurdu. Bu, Azərbaycanda, indiki ifadəylə desək, bestseller idi”. R.Məcid unudulmaz yazıçının yaradıcılığının ədəbiyyatımızda özünəməxsus yer tutduğunu və müəllifinə unudulmazlıq qazandırdığını qeyd edib. 

Xalq şairi Söhrab Tahir Ə.Hacızadənin yaradıcılığında Əfqanıstan mövzusunun xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Əlibala müəllimin Əfqanıstandakı fəaliyyəti onun yaradıcılığında böyük yer tutur.

Onun yaradıcılığında ən vacib nüanslardan biri də Azərbaycanın və Şərqin mədəniyyətini, ənənələrini, islami dəyərləri parlaq əks etdirməsidir”. Yubiley mərasimində Xalq şairi, AYB katibi Fikrət Qoca, Xalq şairi Sabir Rüstəmxanlı, tənqidçi Vaqif Yusifli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, publisist Əlövsət Bəşirli, ədəbiyyatşünas Qurban Bayramov, tədqiqatçı Mahmud Mahmudov, şairə Gülarə Munis, pedaqoqlar Təranə Rzayeva, Aygün Quliyeva, “Milli dəyərlərin qorunması” təşkilatının sədri Dilarə Nağıyeva, pedaqogika üzrə fəlsəfə doktoru Qənirə Əmircanova da çıxış ediblər. Xalq artisti Məleykə Əsədova görkəmli yazıçı haqqında xatirələrini bölüşüb və Əlibala Hacızadənin şeirlərini söyləyib.

Çıxışlarda Ə.Hacızadənin Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya elmləri namizədi kimi, bir çox elmi tədqiqat əsərlərinin müəllifi olduğu vurğulanıb.
 
Qeyd edilib ki, onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası”, “İran romanının tarixi” və başqa mövzularda elmi əsərləri, fars dilindən bir sıra elmi və bədii tərcümələri də  mühitdə maraqla qarşılanıb.

Sonda yazıçının qızı Asya Hacızadə söz alaraq, atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Müşfiq ŞÜKÜRLÜ

 





03.10.2015    çap et  çap et