525.Az

Xəlil İnalcık: “Həyatda insanı yaşadan bir hədəf, məqsəd olmalıdır”


 

“MƏNİM HƏDƏFİM BU İDİ: TÜRKLƏRİN TARİXİNİ BİR YABANÇININ DEYİL, BİR TÜRKÜN GÖZÜ İLƏ YAZMAQ”

Xəlil İnalcık: “Həyatda insanı yaşadan bir hədəf, məqsəd olmalıdır”<b style="color:red"></b>

Dünyanın tanınmış tarixçilərindən olan professor Xəlil İnalcık 100 yaşını tamamlayıb. Bir çox dillərə çevrilən 60-dan çox kitabın müəllifidir, tədqiqatlarının böyük qismi Osmanlı tarixi ilə bağlıdır. Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən adı dünyada sosial elmlər sahəsində öndə gedən 2000 alim arasında göstərilib. Həyat və fəaliyyətindən bəhs edən “Tarixçilərin qütbü Xəlil İnalcık” adlı kitab 2005-ci ildə çap olunub. Əslən Krım tatarlarından olan məşhur tarixçi ilə qısa müsahibəni təqdim edirik.

- Yəqin ilk sualımız sizin üçün ənənəvi olacaq. 100 il ömür sürmək hər kəsə nəsib olmur axı. Bu necə oldu?

- Təbii, bu sual mənim üçün adiləşib. Digər tərəfdən isə bu sualı verərkən insanların marağını başa düşürəm. Bilirsiniz, bu qədər yaşamağımın səbəbini sağlam həyat tərzi sürməyimlə əlaqələndirirəm. Bu doğrudan da belədir. Əgər kimsə sağlam həyat tərzi sürməyin insan ömrünü uzatması, sağlamlığa təsiri barədə oxuyub, lakin buna əməl etməyibsə, mən məsləhət görürəm ki, etsinlər.  Sağlam həyat tərzi deyəndə nəyi nəzərdə tuturam? Öz təcrübəmdən çıxış edərək demək istəyirəm ki, hər gün yarım saat gəzirəm, klassik musiqi dinləyirəm, təbii ki, qidalara da diqqət edilməlidir. Ən mühümü isə, həyatda bir hədəf, məqsəd olmalıdır ki, insanı yaşatsın. Mənim hədəfim bu idi: türklərin tarixini bir yabançı deyil, bir türk gözü ilə yazmaq. Əslən Krım türküyəm. Uzun illər Ankara Universiteti dil, tarix və coğrafiya fakültəsində Osmanlı və Avropa tarixindən dərs verdikdən sonra 1972-ci ildə Çikaqo Universiteti tarix bölməsinə Osmanlı tarixi üzrə professor olaraq dəvət edilmişəm. Ölkə daxilində və xaricində çoxlu universitetlərin fəxri doktoru diplomlarına layiq görülmüşəm. 1993-cü ildə Bilkənd Universitetinə dəvət edildim və burada tarix bölməsini qurdum.

- Yazdığınız onlarla kitab, yüzlərcə məqalə ilə türk dünyasına və türk tarixinə böyük töhfələr vermisiniz. Demək olar ki, məqsədinizə çatmısınız?

- Ömrümü bayaq qeyd etdiyim kimi bu məqsədə həsr etdim. Əsas mənbə kimi arxiv sənədlərindən istifadə etdim. Bunun sayəsində obyektiv bir tarix yazdığıma inanıram. Bu silsilədən yazdığım 5 cildlik kitab nəşr edilib. Əsərlərim dünya dillərinə tərcümə olunur. Sonuncu dəfə Çin nəşriyyat evi “Klassik əsr” (Classical age) kitabımı Çin dilinə tərcümə edib. Əsərlərimin önəmli olanları Qərb, Balkan ölkələri, ərəb və fars dillərinə çevrilib. Bununla böyük qayələrin, məqsədlərin gerçəkləşdiyinə inanıram. Artıq obyektiv bir Osmanlı tarixi olaraq mənim əsərlərim oxunmaqdadır. Bütün Balkan universitetlərində “Klassik əsr” dərs kitabı kimi tədris olunur. UNESCO-nun dəstəyi ilə nəşr edilən 6 cildlik “Dünya tarixi”ndə XVI-XIX əsrləri əhatə edən beşinci cildin redaktorluğu mənə həvalə olunmuşdu. Mən məqsədimə nail olmaq üçün bunları etdim.

- Osmanlının dünya tarixində yerini necə görürsünüz?

- Osmanlılarda bir hökmdar üçün ən böyük xüsusiyyət, prinsip ədalətli olmaq idi. Bu dövlət nəzəriyyəsi İran hökmdarı Ənuşirəvandan Osmanlılara qədər gəlmişdi. Osmanlıdan öncə, Səlcuq dövlətində dövlət bürokratiyası İran hakimiyyəti idi, əsgərlər isə türk idi. Sonra yavaş-yavaş dövlət başına türklər gəldi, İslam dünyasını İran da daxil olmaqla türklər idarə etdi. Türklər dövlət idarəetməsinə qanunun üstünlüyünü, qanunnamələr gətirdi. Bu o zamana qədər heç bir dövlətdə olmamışdı və dövlət idarəetmə mədəniyyətinə yeni bir töhfə idi.

- Türkiyənin Sənəd və Kadastr Baş Direktorluğunda Xəlil İnalcık adına araşdırma salonu açılıb. Bunu necə qarşıladınız?

- Həmin salonun açılış mərasimi və bu məkana adımın verilməsi doğumumun 100-cü ilinin tamamlandığı gün oldu. Əlbəttə ki, bu xoş bir addım idi. Yəni mənə bir doğum günü hədiyyəsi idi. Həm də adımın, fəaliyyətimin gələcək nəsillərə ötürülməsinə bir vasitə olacaq. Salonun elm adamlarına da xeyirli olmasını arzu edirəm. Əlbəttə, bu da məni sevindirir. Osmanlı dövlətindən qalan minlərlə sənəd, bir çox kitab və toplu burada mühafizə ediləcək. Tarixçilər, akademiklər və tələbələr də yeni salonda işləməkdən məmnundurlar. Hətta bura əcnəbi tələbələrin də diqqətini çəkir.

PƏRVANƏ

 





04.10.2015    çap et  çap et