525.Az

"Görülən tədbirlər inflyasiyanın səngiməsində ciddi rol oynayır"


 

"Görülən tədbirlər inflyasiyanın səngiməsində ciddi rol oynayır"<b style="color:red"></b>

"Beynəlxalq Valyuta Fondunun (BVF ) qlobal iqtisadiyyata dair proqnozlarını pisləşdirdiyi halda Azərbaycana dair proqnozlarını nəzərəçarpan dərəcədə yaxşılaşdırması təqdirəlayiq haldır". 

Belə bir açıqlama ilə İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli çıxış edib.

Onun sözlərinə görə, hazırda dünya düzəni çox qarışıb: "Faşizm, ilhaqlar, çevrilişlər, rəngli inqilablar, lokal müharibələr, qaçqın və köçkün problemləri bir-birinə qarışıb. Bu da dünyanı çox təhlükəli bir perspektivə doğru sürükləməkdədir. Bütünlükdə isə proseslər xeyli dərəcədə iqtisadiyyata da təsirsiz ötüşmür. Belə bir şəraitdə həm də qlobal iqtisadiyyatda gedən proseslərin görünməyən tərəfləri görünən tərəflərindən qat-qat böyük olduğundan Beynəlxalq Valyuta Fondu (BVF ) və digər bu kimi beynəlxalq iqtisadi qurumlar həmin prosesləri məqbul sayıla biləcək səviyyədə proqnozlaşdırmaqda çətinlik çəkir, hadisə və proseslərin gedişindən asılı olaraq vaxtaşırı öz proqnozlarına korrektlər etməli olurlar. Bu, həm qlobal iqtisadiyyata, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatına dair proqnozlara da təsir edir. Dünyada iqtisadi böhran qlobal şəkildə özünü dünyanın bütün coğrafi məkanlarında tam göstərməsə də, dünya iqtisadiyyatındakı sabitsizliklər, xüsusilə Avrasiya məkanında böhran getdikcə ciddiləşir. Çində iqtisadi artım templərinin aşağı düşməsi və birja təlatümləri qlobal iqtisadiyyata da mənfi təsir göstərməyə başlayıb".

İqtisadçı ekspert onu da qeyd edib ki, Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0,2 bənd aşağı salaraq 3,1 faizə, 2016-cı il üzrə artım gözləntisini isə 0,2 bənd salaraq 3,6 faizə endirib: "Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində ötən ilin ikinci yarısından başlanan şok olaylar bu il də davam edir. Bu isə neft hasil edən ölkələrin iqtisadiyyatlarına, onun həm real, həm maliyyə və həm də sosial sektoruna mənfi təsir göstərir. Amma son vaxtlar neftin qiymətindəki dəyişikliklər BVF-in neftə dair pessimist proqnozlarının da dəyişməsinə səbəb olur. Proqnozlar verilərkən dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmalarının Azərbaycana təsiri də qiymətləndirilir. Digər tərəfdən isə Azərbaycan hökuməti də qlobal iqtisadiyyatda gedən mənfi proseslərin təsirini minimuma endirməkdən ötrü tədbirlər görür.Təhlillər göstərir ki, neft ölkələrinin xeyli hissəsi ilə müqayisədə neftin qiymətinin kəskin sürətdə aşağı düşməsi Azərbaycan iqtisadiyyatının real, maliyyə və sosial sektorlarına az təsir edir. Ona görə də BVF "Dünya İqtisadi Proqnozları" adlı hesabatının oktyabr sayını aprel ayında Azərbaycana dair verdiyi proqnozlara dəyişikliklər edərək yeni ölçülər və proqnozlar irəli sürüb".

Millət vəkilinin sözlərinə görə, BVF Azərbaycan iqtisadiyyatının bu il ərzində əvvəllər proqnozlaşdırdığı kimi 0,6 faiz yox, bundan 3,4 faiz bənd çox,yəni  dörd faiz artacağını gözləyir. BVF gələn ildə Azərbaycanda ümumi daxili məhsulun 2,5 faiz artacağını proqnozlaşdırır. Müqayisə üçün qeyd edək ki, Azərbaycan hökumətinin rəsmi proqnozlarında bu il 3,3 faiz, gələn il isə 1,8 faiz artım proqnozlaşdırılıb. Bu fərq xeyli dərəcədə Azərbaycan hökumətinin proqnozlarının ilin əvvəllərində və həm də neftin bir barrelinin qiymətinin 50 dollardan, BVF-in proqnozlarının isə ilin ortalarndan sonrakı meylləri də nəzərə almaqla həm də neftin qiymətinin 60 dollardan yuxarı götürülməsi əsasında qurulması və son aylar Azərbaycan hökumətinin həyata keçirməyə başladığı tədbirlərin effektlərinin BVF-nun proqnozlarda nəzərə alınması ilə əlaqədardır".

Ə.Məsimli onu da vurğulayıb ki, manatın bu ilin fevral ayında devalvasiyasından sonra  Azərbaycanda on  faizin ətrafında inflyasiya gözlənilirdi. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın səkkiz  faizə yaxın olacağını proqnozlaşdırmışdı. Azərbaycan hökumətinin süni qiymət artımına qarşı gördüyü tədbirlər, eləcə də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi istiqamətində atılan addımlar inflyasiyanın səngiməsində ciddi rol oynayır. Ona görə də BVF bu il Azərbaycanda əvvəllər proqnozlaşdırdığından üç  faiz bəndi az- beş  faiz inflyasiya proqnozlaşdırır. Millət vəkili bunun yaxşı hal olduğunu deyib, əlavə edib ki, BVF kimi nüfuzlu bir qurum dünya düzənindəki kataklizmlərin güclənməsi ilə əlaqədar qlobal iqtisadiyyata dair proqnozlarını pisləşdirdiyi halda Azərbaycana dair proqnozlarında müsbətə doğru dəyişikliklər edib.

PƏRVANƏ

 





09.10.2015    çap et  çap et