Dünən IX Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisinin açılışı olub.
Nazirlikdən verilən məlumata görə, açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb, bu sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. Digər çıxış edənlər də müasir dünyada təhsilin mühüm rolunu vurğulayıb, təhsil və karyera sərgisinin əhəmiyyətindən bəhs ediblər. Sonra beynəlxalq təhsil və karyera sərgisi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin və digər qurumların dəstəyi ilə keçirilən sərgidə dünyanın 16 ölkəsindən 124 müəssisə iştirak edir. Bu il sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Polşa, ABŞ, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil təşkilatları iştirak ediblər.
Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, “MBA” proqramı, o cümlədən, işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunub. Burada “Lukas-Nuelle”, “Sinam” şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlığı, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunub.
Bu il “Azercell”, “Azersu”, “Azersun Holdinq”, “Gilan Holding”, Bakı Metropoliteni, “Halliburton” və digər şirkətlər neft-qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif ediblər.
Beynəlxalq təhsil və karyera sərgisi oktyabrın 11-dək davam edəcək.
Vəfa MƏMMƏDLİ
çap et